"Dünya çempionu olmaq çoxdankı arzum idi"
Oxucularımızla
tanış etmək istədiyimiz dünya
çempionu İlqar
Hüseynzadə 1998-ci ildə Bakı şəhərində dünyaya göz
açıb. Altı yaşında Bakının Xətai
rayonundakı Ayaz Məhərrəmov
adına 95 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib. Hazırda da həmin
məktəbin IX sinfində oxuyur. İlqar 5 yaşından rayonda
fəaliyyət göstərən "Ruslan"
İdman Sağlamlıq Mərkəzində
idmanın karate növü
ilə məşğul olur. Ona burada Qara
kəmər ustası olan məşqçi-müəllim
Vüqar Kərimov karatenin
sirlərini öyrədir. O, hazırda mərkəzdə məşqlərini
davam etdirməklə yanaşı, Azərbaycan
Karate Yığma Komandasında da məşğul olur.
Komandanın baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi
altında bu oyunun bütün incəliklərinə yiyələnir.
Hər
qələbə bir sevincdir
İlqarla təhsil
aldığı orta məktəbdə görüşdük. Qazandığı idman uğurları ilə maraqlandıq. Hələ kiçik
yaşlarından idmanın karate
növünə olan marağından
söhbət açdı. Çəkdiyi zəhmətin itmədiyini,
hər yarışda qələbə
qazandığını bir-bir
sadaladı. Bildirdi ki,
2008-ci ildə ulu öndər Heydər Əliyevin
anadan olmasının 85 illik
yubileyinə həsr olunmuş respublika karate yarışında I yeri, 2011-ci
ildə Azərbaycan Liqa turnirində 12-13
yaşadək olan idmançılar
arasında keçirilən turnirdə I yeri,
elə həmin il Gürcüstanın Batumi şəhərində prezident
kuboku uğrunda
keçirilən çempionatda II yeri, "Baku
Open-2011" karate
yarışında I yeri tutaraq
medallar, diplomlar
qazanıb. Bu qələbələrin
hər biri ona sonsuz fərəh və sevinc
bəxş edib. Eyni zamanda bu uğurlar
ona gələcək yarışlarda da qələbə qazanmaq
üçün böyük
ruh və qüvvə verib.
"Erməni
idmançısını 3:0 hesabı ilə uddum"
2011-ci ildə Rostov
şəhərində 12-13 yaşlı, 45 kiloqram
çəki dərəcəsində oğlanlar
arasında keçirilən Rusiyanın ordu
generalı, iki dəfə Sovet
İttifaqı Qəhrəmanı D.D.Levyuşenkonun
xatirəsinə həsr olunmuş
regionlararası "Ümid" çempionatı mənim üçün daha gərgin
və uğurlu bir
yarış olub. Ona görə ki, final yarışında rəqibim erməni döyüşçüsü Armen Sarkisyan idi. Sözün doğrusu, yarışa başlayanda
çox həyəcanlı idim. Zaldakı erməni
tamaşaçılarının çoxluğu,
oyun zamanı ona səs-küylə
dəstək vermələri məni bir qədər
qıcıqlandırırdı. Bütün
bunlara baxmayaraq, var qüvvəmi səfərbər etmişdim. Armenə ilk zərbələrimi
vurandan sonra bütün gərginliyim keçdi.
Artıq mən 2:0 hesabı ilə irəlidə idim. Fasilə
zamanı Armen mənim ayağıma bərk
bir zərbə vurdu.
Mən də ona möhkəm bir zərbə vurandan sonra hər ikimizə xəbərdarlıq
etdilər. Mən başa düşdüm
ki, Armen uduzduğu üçün
yarışı pozmaq istəyir. Amma onun murdar
niyyəti baş tutmadı. Yarış davam etdi. Erməni döyüşçüsünü 3:0
hesabı ilə uddum. Birinci
yerə çıxdım. Qızıl medala
layiq görüldüm.
Mən erməni idmançısına qalib
gəldiyim üçün daha çox qürur hissi keçirirdim. Bu qələbəmə
görə yaxın dostlarım, qohumlarım, məktəbimizin
şagird və müəllim kollektivi də məni təbrik edib alqışladı.
Türkiyədə
dünya çempionu
adını qazanıb
Bu il
martın 23-25-i tarixlərində Türkiyənin İstanbul şəhərində 44 ölkənin
iştirak etdiyi karate üzrə keçirilən dünya çempionatında Azərbaycandan 120-ə yaxın idmançı iştirak edib.
Bu yarışda məşqçi-müəllim
Vüqar Kərimovun da
15-ə yaxın şagirdi iştirak
edib. Onların arasında İlqar
Hüseynzadə də var idi.
İlqar bu
yarışa çox ciddi
hazırlaşmışdı. Yarışlar martın 23-də
başlasa da, İlqar bir gün sonra, martın 24-də
4 oyun keçirib. O bu döyüşdə əvvəlcə iki türkiyəli, bir misirli idmançını məğlub edərək
finala çıxıb. Elə həmin gün final
yarışında türkmənistanlı oyunçu
ilə döyüşüb. Son dərəcə gərgin keçən döyüş 0:0 hesabı ilə nəticələnib.
Amma bu
yarışın nəticəsi qaydaya
görə bayraq qaldırmaqla müəyyən
edilib. Yarışı idarə edən beş hakimin hamısı
İlqarın yüksək texnika ilə
döyüşdüyünə görə yekdilliklə onun qalib olduğunu
təsdiqləmək üçün
bayraqlarını qaldırıblar. Beləliklə də İlqar Hüseynzadə 14-15 yaş
qrupu arasında karate
üzrə I yeri tutaraq
dünya çempionu olub. O, Türkiyədən doğma
Azərbaycana dünya çempionu
kimi, qızıl medalla
qayıdıb. Onun bu
fərdi qələbəsi münasibəti ilə məktəblərinin
həyətində təmtəraqlı bir
tədbir keçiriblər. Məktəbin direktoru Tahir Süleymanov, fiziki tərbiyə
müəllimləri Rasim Nəsibov, Kamil Mehdiyev və
başqaları çıxış edərək bu yüksək qələbə münasibəti
ilə onu səmimi-qəlbdən təbrik
edib, doğma müəllimlərinin,
məktəblərinin, məşqçilərinin
başını uca etdiyinə
görə ona təşəkkürlərini
bildiriblər. Sonra İlqara
məktəbin fəxri fərmanı və hədiyyələr
təqdim olunub.
"İlqar Azərbaycan bayrağını daha da yüksəklərə
qaldıracaq"
İlqar
Hüseynzadənin məşqçisi III-dan
qara kəmər ustası, beynəlxalq dərəcəli
hakim Vüqar Kərimovun
dediklərindən:
-
İlqar 5 yaşından mənim
yanımda məşqə başlayıb. Hələ ilk vaxtlar mən onda olan
istedadı hiss etmişdim.
Öz bacarığı ilə seçilən İlqar tez bir zamanda
karatenin incəliklərinə
yiyələnə bildi.
Artıq
8-9 yaşlarında Azərbaycanda
karate üzrə keçirilən
müxtəlif yarışlarda
iştirak etməyə
başlayıb. O, 10-11 yaşlarında isə artıq ilk uğurlu nəticələr əldə
edib.
İndi İlqarın 14 yaşı var. Azərbaycanın
karate üzrə yığma
komandasının üzvüdür. O, Türkiyənin İstanbul şəhərində
keçirilən dünya
çempionatının qalibi
olub.
Mən bir məşqçi
kimi inanıram ki, İlqar böyüklər arasında
keçirilən Avropa
və dünya çempionatlarında Azərbaycan
bayrağını yüksəklərə
qaldıran idmançılar
sırasında olacaqdır.
İlqar bir an
belə məşqlərindən
qalmır, öz üzərində son dərəcə
məsuliyyətlə çalışır.
Valideynləri də bu işdə ona mənəvi dəstək
olurlar.
İlqar hazırda daha bir beynəlxalq
yarışa hazırlaşır. Həmin yarış bu il noyabrın
8-9-u tarixlərində Gürcüstanın
Tbilisi şəhərində keçiriləcək "Tbilisi Open-2012" beynəlxalq turniridir. O,
14-15 yaşlı oğlanlar
arasında keçiriləcək
bu karate yarışından
da qələbə ilə qayıtmaq arzusundadır. Bu çətin
yarışda biz də
ona uğurlar diləyir, arzuların çin olsun, deyirik!
Azərbaycan müəllimi.- 2012.- 2 noyabr.- S.10.