"Məqsədim Avropa dünya birincisi olmaqdır"

 

Əlizaman  İldırım oğlu Mehdizadə 1996-cı il fevralın 23-də Bakının Binəqədi rayonunda anadan olub. O, Bakı Sosial  Pedaqoji Kollecinin fiziki tərbiyə fakültəsinin II kurs tələbəsidir. Atası İldırım Mehdizadə idmanın sərbəst güləş növü ilə məşğul olduğundan Əlizamanda da bu idman növünə həvəs yaranıb. Valideynlərinin dəstəyi ilə o, 2008-ci ildən 6 nömrəli Uşaq-Gənclər Güləş İdman Məktəbinə üzv yazılıb. Yunan-Roma güləşinin sirlərini məşqçi-müəllim İmran Qədirovdan öyrənməyə başlayıb. Əlizaman bizimlə görüşündə güləşdə əldə etdiyi uğurları barədə bunları dedi:

-1996-1997-ci il təvəllüdlü yeniyetmələr arasında  Bakı şəhərində keçirilən zona yarışlarında 85 kq çəki dərəcəsində III yerə çıxaraq yarışların final mərhələsinə vəsiqə qazandım, 2011-ci ildə respublika birinciliyində II, 2012-ci ildə "Gəncə" kuboku uğrunda respublka turnirində II,  Bakı şəhər birinciliyində isə III yerə çıxaraq Azərbaycanın görkəmli güləşçisi  R.Məmmədyarovun xatirəsinə həsr olunmuş respublika turnirinə lisenziya qazandım. Həmin turnirdə möhkəm  taktiki hazırlıq nümayiş etdirərək III yerə çıxdım yeniyetmələrdən ibarət Azərbaycanın yığma komandasına daxil oldum.  Məqsədim  Avropa, dünya Olimpiya çempionu olaraq Azərbaycanımızın üçrəngli bayrağını zirvələrə qaldırmaq, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etməkdir. 

 

 

Səhifəni hazırladılar: Ədalət DAŞDƏMİRLİ, Rəşad RAMAZANOĞLU

 

Azərbaycan müəllimi.- 2012.- 2 noyabr.- S.10.