Onları sevmək
azdır...
Ölkənin gələcəyi
onların fəaliyyətindən birbaşa
asılıdır. Çünki
hamımızı müstəqil həyata onlar
hazırlayırlar. Son illərdə Azərbaycanın
təhsil sisteminin inkişafına göstərilən
xüsusi dövlət qayğısı bu insanların fəaliyyət imkanlarını
daha da genişləndirir.
Təhsil ocaqlarında
balalarımızın təlim-tərbiyəsi yolunda
özünü fəda edən minlərlə pedaqoq
çalışır. Onlardan biri ilə həmsöhbət
olmaq çox maraqlıdır. Nədən danışsan da,
istər-istəməz söhbət dönüb-dolanıb
müasir təhsil sisteminin üstünə gələcək.
Söhbət
Səbail rayonundakı 236 nömrəli tam
orta məktəbin riyaziyyat
və informatika müəllimi Şəhla Əhmədovadan gedir.
Əslində "Ən yaxşı müəllim"
müsabiqəsinin qaliblərinin (o
cümlədən Ş.Əhmədovanın)
düşüncələrini bölüşmək
öz-özlüyündə maraqlıdır. Çünki
məhz
onları qalib edən səbəblər (müasir təlim metodlarından istifadə, informasiya-kommunikasiya texnologiyalarına bələdçilik,
tədris etdiyi sahəyə peşəkarcasına
bağlılıq və s.) bu gün təhsilimizin əsas
meyarlarından biridir.
O deyir ki, indi
bütün dünyanın məşhur təhsil
ocaqlarında yenilikçi
düşüncəyə, müasir təlim
metodlarına geniş meydan
verilir. Bu prizmadan yanaşanda
Azərbaycanın müasir təhsil sisteminin
beynəlxalq aləmə, dünyəvi dəyərlərə
inteqrasiya olunmasının çox
böyük əhəmiyyəti var.
Yeri gəlmişkən, Şəhla
Əhmədova 1969-cu ildə Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə
Azərbaycan Dövlət Neft
Akademiyasında təhsil alıb, bu ali təhsil ocağını fərqlənmə
diplomu ilə bitirib.
2000-2001-ci illərdə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin
yenidən hazırlanma və ixtisasartırma kursunu bitirərək riyaziyyat və informatika ixtisasına yiyələnib. 1995-ci
ildən Səbail rayonundakı 236 nömrəli tam orta məktəbdə riyaziyyat və informatika müəllimi işləyir.
Müəllim
adını həmişə şərəflə doğruldan Şəhla xanımın əməyi
layiqincə qiymətləndirilib. 2010-cu ildə Bakı Şəhəri
üzrə Təhsil İdarəsi tərəfindən fəxri fərmana layiq
görülən Ş.Əhmədova 2011-ci ildə Təhsil Nazirliyi
tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə
təltif olunub. 2011-ci ildə BŞTİ
tərəfindən keçirilən "Riyaziyyat
aylığı" müsabiqəsində "Ən
yaxşı açıq dərs" nominasiyasının qalibi olub. 2011-2012-ci tədris
ilində keçirilmiş "Ən
yaxşı müəllim" müsabiqəsinin qaliblərindən
biri də Şəhla Əhmədovadır.
Şagirdlərinə
bir qayda olaraq mütərəqqi tədris
metodlarını əxz etdiyindəndir ki,
yetirmələri ali təhsil ocaqlarına
qəbul zamanı yüksək nailiyyətlər əldə
edirlər.
Müasir təlim metodlarından
istifadəyə üstünlük verən
Şəhla Əhmədova tez-tez ulu öndərimiz Heydər Əliyevin bu kəlamını xatırlayır: "Cəmiyyətin
gələcək tərəqqisi indi gənclərimizə nəyi və
necə öyrətməyimizdən asılıdır".
O,
söhbət zamanı dedi: Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev təhsilimizdə informasiya və kommunikasiya
texnologiyalarının tətbiqini bu günün əsas məqsədi hesab edir. İnformatika
müəllimi olduğum üçün
bu sahədə üzərimə hansı
məsuliyyətin düşdüyünü
çox yaxşı dərk edirəm.
Hər bir insanın həyatda bir
amalı var. Müəllim olaraq
mənim amalım savadlı, tərbiyəli, sözünü
deməyi bacaran, həmişə
axtarışda olan vətənpərvər
şagirdlər yetişdirməkdir. Pedaqoji
fəaliyyətimdə yəqin etmişəm ki,
tədris zamanı informasiya
texnologiyalarının tətbiqi, mənəvi dəyərlərimiz,
vətənpərvərlik ruhunda tərbiyə,
ekoloji tərbiyə yaradıcı fəaliyyətin
əsas hissəsini təşkil edir.
Oyunlar vasitəsilə
keçilən dərslər şagirdlər tərəfindən
daha yaxşı mənimsənilir. Ən çox nəyi öyrətməkdən çox, necə öyrətməyi
düşünürəm. Dərslərimi daha
keyfiyyətli, daha səmərəli tədris
etmək üçün informasiya
texnologiyaları üzrə bir neçə
kurs keçmişəm. Yeni
təlim metodlarının tətbiqi müəllimdən daha çox zəhmət,
informasiya və yaradıcılıq tələb
edir. Mən dərslərimi yeni texnologiyaların geniş
imkanlarından istifadə etməklə keçirəm. Məktəbimizin direktoru Xanlar İmaməliyev də həmişə fənlərin
tədrisində pedaqoji kollektivə modern metodlardan istifadəyə
üstünlük verməyi tövsiyə
edir.
...O,
hər gün sinif
otağına böyük arzu
və istəklə daxil olur.
İnanır ki, təlim-tərbiyə verdiyi şagirdlər sabah
müstəqil Azərbaycanın ən mühüm
sahələrində çalışacaq, beynəlxalq kürsülərdə
ölkəmizi layiqincə təmsil edəcəklər.
Məhz
buna görə də şagirdlər hər
dəfə sirli-sehrli qırx beş dəqiqənin necə keçdiyini
hiss etmirlər. Belələrini isə
sevmək azdır...
Vasif
SÜLEYMAN,
"Azərbaycan dəmiryolçusu"
qəzetinin
baş redaktoru
Azərbaycan
müəllimi.- 2012.- 2 noyabr.- S.11.