Elm
ziyası ilə şəfəqlənən ömür
Gəncə Dövlət Universiteti ölkəmizin şərəfli tarixi, zəngin ənənələri olan ali təhsil müəssisələrindəndir.
Fəaliyyət göstərdiyi 77 il ərzində dövrün,
zamanın çətinliklərinə baxmayaraq,
Azərbaycan milli
mədəniyyətinin, elminin, təhsilinin
inkişafında xüsusi xidmətləri
olan, müəllim kadrların
yetişdirilməsində önəmli rol oynayan universitet elm və təhsil mərkəzi kimi
formalaşıb inkişaf etmişdir. Burada yüzlərlə
alim hazırlanmış, ixtisaslı,
istedadlı kadrlar yetişmişdir.
Onlarla yaradıcı ziyalı, alim, ictimai və dövlət
xadimləri GDU-da təhsil almışlar.
Hazırda
fizika və texniki fənlər
fakültəsinin dekanı kimi fəaliyyət göstərən dosent
İldırım Qasımov da Gəncə
Dövlət Universitetinin 1980-ci il məzunlarındandır. O,
1959-cu ildə vətənimizin dilbər guşələrindən
sayılan Bərdə rayonunun Həsənqaya
kəndində dünyaya göz
açıb. 1976-cı ildə
Həsənqaya kənd orta məktəbini
fərqlənmə attestatı ilə bitirib
və elə həmin il GDU-nun fizika-riyaziyyat
fakültəsinə daxil olub. Tələbəlik illərində universitetin ictimai işlərində fəal iştirak
edib. Sayılıb-seçilən tələbələrdən
biri kimi başqalarına nümunə
göstərilib. Ali məktəbi bitirdikdən sonra təyinatla bir
müddət İsmayıllı rayonunda
müəllim işləyib. 1984-cü ildə GDU-nun
təlimdə texniki vasitələr
laboratoriyasında əmək fəaliyyətini davam etdirməklə bərabər elmi axtarışlara başlayıb. Çox keçmədən laboratoriya
müdiri, ümumi texniki fənlər kafedrasında müəllim,
dissertant kimi
çalışıb. AMEA-da "Sürətli yüklənmə zamanı
materialların elastik və qeyri-elastik xassələrinin öyrənilməsi"
mövzusunda namizədlik
dissertasiyasını müdafiə edərək alimlik dərəcəsini
alıb. 2003-cü ildən 2011-ci ilə qədər GDU-nun magistratura
şöbəsinin müdiri olmuşdur. 2011-ci ildə isə fizika və texniki fənlər
fakültəsinə dekan seçilmişdir.
İldırım
müəllim hazırda doktorluq işini yekunlaşdırmaq üzrədir. O, elektronika üzrə Koreya,
Almaniya, Rusiya və
Türkiyə şirkətlərinin sertifikatlarını
almış, "Samsunq" LTD
firmasının respublika üzrə şəxsi
nümayəndəsi, xarici elektron qurğular üzrə
tanınmış mütəxəssisdir.
İstedadlı
alim və bacarıqlı təşkilatçı
İldırım müəllimin rəhbərlik etdiyi fakültədə 4 kafedra
fəaliyyət göstərir. 55 nəfər professor-müəllim
heyəti 400-dən çox tələbəyə elmin sirlərini
öyrətməklə yanaşı onları müstəqil
həyata hazırlayır. Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı,
şəhər rəhbərliyinin yüksək təşkilatçılığı
sayəsində Gəncə Dövlət Universitetində əsaslı təmir işləri
aparılmış, fizika və texniki fənlər fakültəsinin fəaliyyət
göstərdiyi korpus da
zövq oxşayan
görkəm almış, yeni
avadanlıqlarla təchiz edilmişdir.
İldırım müəllim geniş,
yaraşıqlı laboratoriya və fənn
otaqlarını bizə göstərdikcə sevincini
də gizlətmirdi:
-
Bunların hamısı bizim xoşbəxt gələcəyimiz olan balalarımız üçündür.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ürəkdən minnətdarıq
ki, təhsilin inkişafı üçün
əlindən gələni əsirgəmir. Bizim üçün də,
tələbələr üçün də
müasir, gözəl şərait, imkanlar yaradır. Müasir
avadanlıqlarla təchiz olunmuş 12 laboratoriya, fənn otaqları, gənclər
otağı tələbələrin ixtiyarına verilmişdir. Bütün
kafedra və laboratoriyalarda
İnternet vardır. Mühazirə dərsləri
İnternet, video-kompüter
vasitəsi ilə keçirilir. Hər il fakültəni 70-80 nəfər tələbə
bitirir.
Bu ildən təsviri incəsənət
kafedrası da bu korpusa köçürülmüş
və tələbələrə daha əlverişli,
gözəl şərait yaradılmışdır.
Fakültənin
müəllimlərinin xarici ölkələrin
mətbuatında elmi məqalələri
dərc olunur. Tələbələr respublikada keçirilən elmi konfranslarda, olimpiadalarda fəal iştirak
edirlər. Ötən tədris ilində dəqiq elmlər
üzrə respublika olimpiadasında
fakültənin tələbəsi Validə Məmmədova
III yeri tutmuşdur.
Təsviri
incəsənət üzrə təhsil alan tələbələrin mütəmadi
olaraq sərgiləri təşkil olunur, onlar şəhər tədbirlərində
özlərinin sənət əsərlərini nümayiş etdirirlər.
Bu il
avtomatlaşdırma və elektrik ölçüləri üzrə yeni laboratoriyalar və fənn otaqları
yaradılmışdır. Yeni dərs ilində fakültəyə 180 nəfər tələbə qəbul edilmişdir. Fərəhli haldır ki, hazırda
universitetdə işləyən fizika
elmləri doktoru Zirəddin Həsənov,
dosentlər Elxan
İsmayılov, Yəhya Namazov, Vaqif Rüstəmov və başqaları bu fakültənin məzunlarıdır.
İnsan o zaman sayılıb seçilir,
etibar, nüfuz
qazanır ki, ağır zəhmətə
qatlaşıb fədakarlığı, iradəsi, qətiyyəti,
zəkası ilə həyatda özünü
təsdiqləyir. Ən yüksək
keyfiyyətləri ilə hörmətə-izzətə
çatır, qəlbi qurub-yaratmaq, Vətənin
adını ucaltmaq, elə-obaya dayaq olmaq eşqi
ilə döyünür.
İldırım müəllim həmişə doğma bildiyi insanların arasında, onların
bitib-tükənməyən qayğıları içindədir.
İmkansız tələbələr onun
daha çox diqqətindədir.
Ehtiyaclarını öyrənib onlara dayaq olanda, mənəvi dəstək göstərəndə
rahatlıq tapır.
İldırım
Qasımov həm də nümunəvi ailə
başçısıdır. Ömür-gün
yoldaşı Rəna xanım musiqi
kollecində müəllimdir. Böyük
qızı İlahə ali təhsillidir.
İlhamə isə anasının sənətini seçib, musiqi müəllimidir.
Oğlu İbrahim Türk Liseyində təhsil alır, kompüter
mühəndisi olmaq arzusundadır.
İldırım
müəllim Vətənə, torpağa,
elə, ürəkdən bağlandığı elmə,
dostlarına, doğmalarına, tələbələrinə coşqun sevgi ilə
yaşayır bu dünyada.
Onunla söhbətimizdə zəngin
dünyasını, böyüklüyünü, əsl
ziyalıya xas xüsusiyyətlərini duydum. Məsləhətləri, orijinal fikir və
düşüncələri, mülahizələri ilə tələbələrinə
doğru-dürüst istiqamət verir. O, ünsiyyətdə olduğu
insanlara bütün
varlığı ilə
bağlıdır. İldırım müəllim necə
varsa, elə görünür.
Sadəliyi, təbiiliyi, səmimiliyi ilə seçilir.
Süsən TAĞIYEVA,
Azərbaycan Jurnalistlər
Birliyinin
üzvü
Azərbaycan
müəllimi.- 2012.- 2 noyabr.- S.8.