Alternativ qayğı xidmətlərinin maliyyələşmə mexanizmləri müzakirə olunub

 

Oktyabrın 29-da Təhsil Nazirliyində  "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsinin icrasına dair tədbir keçirildi. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov, "Hilfsverk Avstriya" beynəlxalq təşkilatının məsul əməkdaşları, Təhsil və Maliyyə nazirliklərinin müvafiq struktur-bölmə rəhbərləri və əməkdaşlarının, KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə layihə çərçivəsində yaradılması nəzərdə tutulan alternativ xidmətlərin maliyyələşdirmə mexanizmləri ilə bağlı müzakirələr aparıldı.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bu layihənin "Azərbaycan  Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə "Hilfsverk Avstriya" beynəlxalq təşkilatı tərəfindən həyata keçirildiyini bildirdi.

Öncə Dövlət Proqramının icrası istiqamətində görülmüş işlərdən danışan təhsil naziri qeyd etdi ki, Proqramın icrasında aparıcı qurum olan Təhsil Nazirliyi bu istiqamətdə öz işini Maliyyə, Səhiyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq əsasında qurmuşdur. Bununla yanaşı, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları da Proqramın icra olunmasında Azərbaycan hökumətinə dəstək verirlər.

Nazir bildirdi ki, Proqramın icrası ilə bağlı qarşıda duran vəzifələrdən biri uşaq evləri və internat tipli müəssisələrin tədricən ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunmasıdır. Hazırda ölkədə uşaqlara qayğı sahəsində paralel olaraq iki istiqamətdə iş aparılır. Bunlardan biri dövlət uşaq müəssisələri sistemidir ki, həyata keçirilən tədbirlərin nəticəsində onların tədricən sıradan çıxması gözlənilir. Digəri isə yeni yaranmaqda olan alternativ qayğı və alternativ xidmətlər istiqamətidir.

Diqqətə çatdırıldı ki, Proqramın icrası istiqamətində indiyədək bir sıra işlər görülmüşdür. Belə ki, Təhsil Nazirliyində hər üç aydan bir yenilənən məlumat bazası yaradılmışdır. Bazaya hər bir uşaq barədə, həmçinin hər bir müəssisənin texniki göstəriciləri, uşaqlara göstərilən xidmətlər, illik xərcləri və pedaqoji heyət üzrə məlumatlar toplanmışdır. Məlumatların təhlili əsasında dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş plan  hazırlanmış və o, 2009-cu ilin aprel ayında hökumət tərəfindən təsdiq edilərək icra üçün Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə nazirliklərinə göndərilmişdir. Baş planın icrası olaraq 9 ümumtəhsil internat məktəbi gimnaziya və ümumtəhsil məktəblərinə çevrilmişdir. Bununla yanaşı, müəssisələrdə təlim-tərbiyə alan 309 nəfər uşağın və onların ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilmişdir. Uşaqların ailələrinin himayəsinə qaytarılması üçün onların ailələri və ya qohumlarının yaşadıqları rayonlara səfərlər edilmişdir. Görülən tədbirlər nəticəsində 149 nəfər uşaq bioloji ailələrinə qaytarılmışdır.

Dövlət Proqramının Tədbirlər Planına və Baş plana əsasən, uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədricən ailə əsaslı və icma əsaslı xidmətlər ilə əvəz olunması işinə başlanılmışdır.

Bu məqsədlə artıq Bakının Sabunçu, Xəzər, Suraxanı rayonlarında günərzi qayğı və reabilitasiya mərkəzlərinin yaradıldığını qeyd edən nazir nəticədə 298 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alındığını bildirdi.

Alternativ qayğı xidmətlərinə günərzi qayğı və reabilitasiya mərkəzləri ilə yanaşı ailə tipli kiçik qrup evi və himayədar (foster) qayğı xidmətlərinin də daxil olduğunu qeyd edən nazir bu xidmətlərin yaradılması istiqamətində görülmüş işləri də diqqətə çatdırdı. Bildirdi ki, bu xidmətlərin yaradılmısı məqsədilə Təhsil Nazirliyi ilə "Hilfsverk Avstriya" beynəlxalq təşkilatı arasında "Himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq barədə Qrant Sazişi imzalanmışdır. Layihə Avropa Birliyi, Avstriya İnkişaf Agentliyi və "Hilfsverk Avstriya" beynəlxalq təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində 10 nəfər uşaq üçün ailə tipli kiçik qrup evinin tikilərək istifadəyə verildiyini, himayədar ailələrə veriləcək 50 nəfər uşağın seçildiyini, Xəzər rayonunda yaradılmış Ailə təlim və məsləhət mərkəzində himayədar ailə olmaq istəyən şəxslərə müvafiq proqramlar üzrə təlimlərin keçirildiyini nəzərə çatdıran təhsil naziri, eyni zamanda yaradılmaqda olan yeni himayədar (foster) qayğı xidmətlərinin fəaliyyətini tənzimləyən "Ailə tipli kiçik qrup evi haqqında Nümunəvi Nizamnamə" və "Himayədar (foster) ailə haqqında Əsasnamə"nin hazırlandığını və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunduğunu söylədi.

Beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə həyata keçirilən layihənin müddətinin cari ilin sonunda başa çatdığına diqqət çəkən nazir bundan sonra yeni yaradılmış xidmətlərin dövlət büdcəsindən ayrılmış vəsait hesabına maliyyələşdirilməsinin nəzərdə tutulduğunu bildirdi və tədbirdə məqsədin yaradılmaqda olan alternativ xidmətlərin maliyyə və hüquqi əsaslarının təmin edilməsi ilə bağlı müzakirələr aparmaq olduğunu vurğuladı.

Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, Nazirlər Kabinetinin şöbə müdirinin müavini Qurban Əmirov tədbirdə çıxış edərək layihənin əhəmiyyətini yüksək qiymətləndirdilər və onun davam etdiriləcəyinə əmin olduğunu bildirdilər.

Sonra Təhsil Nazirliyi De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva və "Hilfsverk Avstriya" beynəlxalq təşkilatının maliyyə üzrə meneceri Ştefan Fritz layihə, maliyyə məsələləri üzrə beynəlxalq ekspert Yelena Andreyeva isə xidmətlərin maliyyə təhlili ilə bağlı təqdimatlar etdilər.

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsinin reallaşdırılması istiqamətində görülmüş işləri yüksək dəyərləndirdi. Layihənin davam etdirilməsi və layihə çərçivəsində fəaliyyət göstərən kiçik qrup evinin saxlanması xərclərinin dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilməsi barədə fikirlərini bildirən nazir bu məsələnin həlli üçün müvafiq normativ-hüquqi əsasların hazırlanmasının vacib olduğunu diqqətə çatdırdı.

Sonda tədbir iştirakçılarına təşəkkürünü bildirən təhsil naziri Misir Mərdanov "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı(2006-2015-ci illər)"nın icrası istiqamətində həyata keçirilən bu layihənin davam etdirilməsi üçün bundan sonra da qabaqcıl dünya təcrübəsinin əsas götürülməsinin zəruriliyini vurğuladı.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 2 noyabr.- S.2.