Ukraynada bir ay
(Başlanğıcı
ötən saylarımızda)
3. XARKOV
Ukraynanın
keçmiş paytaxtı
Kiyevdən
405 kilometr aralıda yerləşən Xarkov Ukraynanın
gündoğan hissəsində ən böyük şəhərdir.
O, Xarkov vilayətinin inzibati mərkəzi, əhalisinin
sayına (1,5 mln.) görə Ukraynanın ikinci şəhəridir.
Moskva və Leninqraddan sonra Xarkov SSRİ-nin
üçüncü ən böyük sənaye, elm və nəqliyyat
mərkəzi, XX yüzilin ikinci yarısında
Güney-Gündoğan Avropanın başlıca nəqliyyat
qovşağı olub.
Bu
şəhərin yerində V yüzildə Xarka hunn şəhəri,
XI yüzildə Şarukan poloves (qıpçaq) şəhəri
olub. Ancaq özəlliklə rus tarixçiləri
çağdaş Xarkovun 1654-də əski rus Xarkov şəhərciyinin
yerində salındığını iddia edirlər.
Xarkov
1918-ci ilin fevral-martında Donetsk-Kriviroj Cümhuriyyətinin, həmin
ilin mart-aprelində Ukrayna Sovet Respublikasının, 1919-cu ilin
mart-iyununda və 1919-cu ilin dekabrından 1934-cü ilin iyununadək
Ukrayna SSR-in paytaxtı olub. İkinci dünya savaşında,
ikinci dəfə azad edildiyi zaman Xarkov 1943-cü ilin fevral-martında
Ukraynaya müvəqqəti paytaxtlıq edib.
İndi
bu şəhərdə 142 elmi-tədqiqat institutu, 230 min tələbənin
oxuduğu 45 ali məktəb (o sıradan 1805-ci ildə
açılmış və Rusiya imperatorluğunda 6-cı
olmuş Xarkov Universiteti və 1885-ci ildə
açılmış, Rusiya imperatorluğunda 2-ci politexnik ali
məktəb olmuş Xarkov Politexnik İnstitutu) var.
Mamadu
Xarkova
5 avqustda gələrək burada 10 gün qaldım. Şəhərin
mərkəzindəki 18 qatlı "Xarkov" otelinin
13-cü qatında yerləşdim.
Çalışacağım arxivəcən buradan ayaqla 10 dəqiqəlik
yoldu.
Otağımdan
Xarkovun olduqca gözəl mənzərəsi
açılırdı - sanki bütün şəhər
yaşıllıq dənizində üzür, üfüq də
ucsuz-bucaqsız meşəlikdə əriyib gedirdi.
Otel
çox səliqəli, işçiləri hədsiz nəzakətli
və qayğıkeşdir. İstənilən xahişi
anındaca yerinə yetirməyə çalışırlar.
Ancaq "Xarkov" mənim yadımda daha çox Mamadu’ya
görə qaldı. Seneqallı Mamadu Xarkovda tələbədir.
Əlavə qazanc üçün oteldə xidmətçilik
edir - yeni gələn və artıq oteldən gedən
qonaqlara yüklərini daşımaqda yardım göstərir.
Zəncidir, ancaq müsəlmandır. "Mamadu"
onların dilində "Məhəmməd" deməkdir. Mən
də müsəlman olduğumu, Bakıdakı bir meydanın
Seneqalın paytaxtı Dakarın adını
daşıdığını deyəndən sonra mənə
isinişdi. Bu yad şəhərdə yeganə doğma
adamım o oldu.
Xarkov Vilayəti Dövlət
Arxivində
İnternetdən
öyrənmişdim ki, Xarkov arxivində dəhşətli
oğurluq baş verib - arxivin bir qadın işçisi
buradakı qiymətli tarixi sənədləri xəlvət
çıxararaq dəyər-dəyməzinə satıb,
alıcılar da həmin sənədləri İnternetdə
satışa qoyublar.
Onların dövlət arxivindən
götürülmüş bəlgələr olduğu ortaya
çıxan kimi tufan qopub. Mətbuat hay-küy
qaldırıb. Arxiv xeyli müddət
araşdırıcıların üzünə
qapadılıb və bütün fondlarda ciddi yoxlamalar
aparılıb. Mən oraya gedəndə oxu zalı yenicə
açılmışdı.
Direktor Lyudmila Mixaylovna Momot tarix elmləri
namizədidir. Çox mədəni,
kübar bir xanımdır. Ancaq
gözümə daim qayğılı dəydi -
görünür, yoxlamaların nəticəsindən
nigarandı. Yarasının
qartmağını qoparmamaqçün özümü
oğurluqdan xəbərsiz kimi apardım.
Sənədlərimi təqdim etdikdən
sonra Bakını yaxşı tanıdığını,
orada yaxın çağlaradək qohumlarının
yaşadığını, azərbaycanlılara dərin
sayğısı olduğunu bildirdi. Beş
gün işləməyim və hər gün 15 sənəd
almağım haqqında xahişimə o saat əməl etdi,
ancaq bəd bir xəbər də verdi:
"Xarkov Universitetinin sənədləri müharibə
zamanı, demək olar ki, bütünlüklə məhv olub,
ona görə də gözlədiyiniz qədər sənəd
tapacağınıza inanmıram".
Açığı, Xarkov Universiteti
arxivinin taleyi haqqında İnternetdən bilgi alsam da bunun
gerçəkliyinə inanmamışdım, ancaq həqiqəti
direktorun öz ağzından eşitdikdə sarsıldım,
çünki Xarkovdakı azərbaycanlı tələbələrin
çoxu bu universitetdə oxuyub. Buradan əliboş
qayıdacağımı düşündüyüm anda
Lyudmila Mixaylovna əlavə etdi ki, sənədləri bizdə
ən yaxşı qalan ali məktəb
Xarkov Texnologiya İnstitutudur, oradasa bir neçə
soydaşınız təhsil alıb. Bu xəbərə
xeyli sevindim, çünki açığı, Xarkov tələbələri
içərisində hamıdan çox, haqqında kitab
yazdığım Ağa Aşurovun sənədləriylə
maraqlanırdım, o isə elə həmin Texnologiya
İnstitutunu bitirmişdi.
Başqa
arxivlərdə olduğu kimi, Xarkov Vilayəti Dövlət
Arxivində də ilk günüm siyahılarla
tanışlığa, sifariş verəcəyim sənədləri
müəyyənləşdirməyə getdi. Sonrakı
günlərdə burada da nahar fasiləsinə
çıxmadan səhərdən axşamadək gərgin
çalışdım, ancaq hətta Odessada olduğundan da az
tələbəmizi müəyyənləşdirə bildim -
Xarkov Universitetinin sənədlərinin yoxluğu
özünü əməlli-başlı göstərdi. Oxu zalının müdiri, qayğıkeş Yuliya
Pavlovna Qulko nə qədər yol göstərsə, yardım
etsə də "tələbələrim"in sayı
heç 30-a çatmadı. Ancaq burası var ki, direktor
Lyudmila Mixaylovna heç bunu da gözləmirmiş - o ən
çox 4-5 tələbə olacağını güman
edirmiş!
Ən
çox maraqlandığım məsələlərdən
biri sənədlərin üzünün
çıxarılması şərtləri və qiymətləriydi.
Aydınlaşdı ki, burada da surətçıxarma
pulu Odessada olduğu kimi, SƏHİFƏyə görə
deyil, SƏNƏDə görə ödənilir, ancaq bircə
fərq var ki, Xarkovda üzçıxarma Odessadakından da
ikiqat bahadır - hər sənədə görə təxminən
95 qrivna verməlisən! Sənədlərin
üzünü öz fotoaparatımla çəkmək istədiyimi
deyərək qiymətdən şikayətləndikdə
direktor gülümsünüb dedi ki, qiymətdən
qorxmayın, çünki bizdə sifarişçi öz
fotoaparatıyla çəkdikdə pul ödəmir. Beləliklə,
Xarkov arxivində sənədlərin üzünü
çıxarmaqdan ötrü bir qəpik də ödəmədim,
halbuki Odessada buna görə məndən 14 min qrivna
almışdılar. Ukraynanın arxivləri bir-birindən nə
qədər fərqlənirmiş!
Arxivlər,
adətən, sifarişçiyə şəxsi işləri
bütünlüklə üzlətməyə icazə vermir,
ancaq direktor mənə lütfkarlıqla belə bir şərait
yaratdı, təkcə üç tələbənin (Məhəmməd
Mollayev, Məhəmmədəli Əliyev və Məhəmmədəli
Əlizadə’nin) şəxsi işlərinə baxmağıma icazə
verilmədi, çünki onlar ələ götürülməli
gündə deyilmiş və hökmən bərpa edilməliymiş.
Buna baxmayaraq, Xarkovda da üzünü
çıxardığım sənədlərin sayı xeyli
çox oldu - 686 səhifə!
Nəysə,
bir həftəlik gərgin çalışma sonucunda
yalnız Xarkov Texnologiya
İnstitutunda oxumuş aşağıdakı tələbələrin
(saydığım üç nəfəri çıxmaqla)
şəxsi işləriylə tanış olaraq sənədlərinin
üzünü çıxardım.
1.Aşurov
Ağa Kərbəlayı Aslan oğlu (Bakı)
2.Zülpükarov
Əbdülməcid Zülpükar oğlu (Dağıstan)
3.Qasımbəyov
Xəlil bəy Firidun bəy oğlu (İrəvan)
4.Mollayev
Məhəmməd İbrahim oğlu (Nalçik)
5.Əliyev
Məhəmmədəli Hacı Məhəmməd oğlu
(Bakı)
6.Əlizadə
Məhəmmədəli Hacı Məhəmmədhüseyn
oğlu (Gəncə)
7.Əliyev
Murtuzəli Nurbaqand oğlu (Dağıstan)
8.Babayev
Həbib Mirzəağa oğlu (Bakı)
9.Vəkilov
Qleb (Qalib) İbrahim ağa oğlu (Qazax)
10.Hacıyev
Məhəmmədrza Əliəsgər oğlu (Bakı)
11.Həmzəyev
Şəmşad İsmayıl oğlu (Gəncə)
12.Yenbayev
Məhəmmədarif Məhəmmədcanoviç (tatar)
13.Qarayev
Əliheydər Ağakərim oğlu (Şamaxı)
14.Məhəmmədyarov
Əbdüssəməd bəy Əbdülbağı bəy
oğlu (Quba)
15.Seyidov
Miryaqub Seyid Bağır oğlu (Gəncə)
16.Tahirov
Yusif bəy Paşa bəy oğlu (Quba)
17.Şıxəlibəyov
Asəf bəy Nurəli bəy oğlu (Şamaxı)
18.Əkbərov
Əli(sultan) Qəni oğlu (Şamaxı)
19.Əliyev
Hacıbaba Məşədi Əliəkbər oğlu
(Şamaxı)
20.Babayev
Əliheydər Məşədi Ağadadaş oğlu
(Bakı)
21.Məhəmmədov
(Məhəmməd oğlu) Ağababa Kərbəlayı Əliəsgər
oğlu (Şamaxı)
22.Yüzbaşınski
İsmayıl Qafur oğlu (Şamaxı)
23.Hacıyev
Abbas Məşədi Yusif oğlu (Şuşa)
24.Səlimov
Hüseynqulu Kərbəlayı Yusif oğlu (Bakı)
25.Seyidzadə
Mirismayıl Hacı Seyid Əhməd oğlu (Gəncə)
26.Şahbazov Abdulla Abbas oğlu (Bakı)
Burada adı keçən tatar balası Məhəmmədarif
Yenbayev Texnologiya İnstitutundakı müsəlman tələbələrin
həmyerlilər cəmiyyətinin sədri olub və
özünü heç yerdə azərbaycanlı tələbələrdən
ayırmayıb, buna görə onun işini də üzə
çıxarmağı faydalı saydım.
Repressiya
olunmuş ukraynalılar - 27 cildlik kitabda!
Arxivin direktoru L.M.Momot Ukraynada tanınmış
tarixçilərdəndir. O,
"Xarkivskiy arxivist" toplusunun baş redaktoru, arxivin nəşr
etdirdiyi çoxsaylı kitabların redaktoru, yaxud redaksiya heyətinin
üzvüdür. Görünür, müsbət
insani keyfiyyətləriylə yanaşı, həm də
gözəl mütəxəssis olduğuna görə arxivdəki
oğurluqdan sonra da onu işdə saxlayıblar.
Oxu zalındakı şkaflarda arxivin nəşrləri
düzülüb (direktora bağışladığım,
Sankt-Peterburq tələbələrimiz haqqında yazım olan
"Azərbaycan müəllimi" qəzeti də buraya
qoyulub). Vaxt tapdıqca onlarla tanış
olurdum. Ən çox xoşuma gələnlərdən
biri "Reabilitovani istoriyeyu" ("Tarixin bəraət
verdikləri") adlı 27 cildlik kitab oldu. Ukrayna Ali
Soveti Rəyasət Heyətinin 6.4.1992-ci il və Ukrayna Nazirlər
Kabinetinin 11.9.1992-ci il qərarlarına əsasən
Ukraynanın bir sıra dövlət orqanlarının (o
sıradan Ukrayna Təhlükəsizlik Xidmətinin) Ukrayna MEA
Tarix İnstitutuyla birgə hazırladığı bu möhtəşəm
nəşrdə Ukraynanın bütün vilayətləri
üzrə repressiya edilənlərin şərhli
siyahısı və tarixi bəlgələr öz əksini
tapıb. Xarkov vilayəti üzrə cildlərin
redaksiya heyətinə L.M.Momot da daxildir.
Ana dili
uğrunda çarpışanlar
Arxivə gedəndə Xarkov Şəhər
Soveti binasının qarşısından keçməli
olurdum. Bu binanın
qarşısındakı meydan genişliyinə görə
Avropada 6-cıdır. Şəhər
Sovetinin düz qarşısında, binadan təxminən 40-50
metr aralıda toplaşmış adamları və
Ukraynanın dövlət bayraqlarını görərək
marağımı saxlaya bilməyib yaxınlaşdım.
Gördüm ki, gənc və yaşlı
adamlar yığışıb, ətraf da çoxlu plakatlar
və bayraqlarla doludur. Niyə
yığışdıqlarını, nə istədiklərini
soruşdum. Bir gənc yaxınlaşıb
izahat verməyə başladı. Dedi ki, Ukraynada, o
sıradan Xarkovda rus dilinin ikinci dövlət dili
olmasını hətta Parlament kürsüsündən tələb
edənlər çoxalıb və onların istəyinin
gerçəkləşməsi qorxusu yaranıb. Belarus bu addımı atdı və indi
peşmandır - indi orada dövlət idarələrində
Belarus dili yenə sovet dönəmindəki kimi küncə
sıxışdırılıb. Bizim
dilin də başına bu oyunun açılacağından
qorxduğumuza görə aydan artıqdır gecəli-gündüzlü
burada yatmaqla rus dilinin Ukraynada ikinci dövlət dili
olmasına etirazımızı bildiririk.
Burada Ukrayna rəhbərliyinin
karikaturaları və bəzi siyasi
çağırışlar yazılmış plakatlar
gözə dəysə də etirazçılara heç bir
polis müdaxiləsi yoxdu.
Avqustun 9-da dil mücahidlərini meydanda
görmədim. Həmin gün
Şevçenkonun heykəli yanında gəzdiyimdə
onların məhkəmənin qərarıyla buraya
köçürüldüyünün şahidi oldum.
Ukrayna millətçilərinin təşvişi
boşuna deyilmiş - lap bu yaxınlarda prezident Biktor
Yanukoviç rəsmən bəyan etdi ki, Ukrayna dövlət
dili siyasətində Avropa xartiyası prinsiplərinə əməl
edəcək, Ukrayna dili dövlət dili olaraq daha da gücləndiriləcək
və onun inkişafına 2013-cü ilin dövlət büdcəsində
vəsait ayrılacaq.
Kommunistlərin
mitinqi
Millətçilər öz dillərinin
taleyindən qorxmaqda haqlıymış! Ayın
9-da Şəhər Soveti binasının
qarşısındakı meydan (Leninin böyük heykəlinin
indi də durduğu keçmiş Lenin meydanı) Ukrayna
kommunist partiyasının ixtiyarına verilmişdi. Əllərində qırmızı bayraq tutmuş
150-200 mitinqçinin təhlükəsizliyi məqsədiylə
o boyda meydana avtomobillər buraxılmırdı, qıraqda təcili
yardım və polis maşınları dayanmışdı.
Oktyabrın 28-də keçiriləcək
Parlament seçkiləri çərçivəsində
öz təbliğatını aparan bu partiyanın
bütün rəhbərliyi buradaydı. Öncə
bütün musiqiçiləri oraq-çəkicli
qırmızı paltar geymiş orkestr (30 nəfər
olardı) marş çaldı. Sonra xüsusi təşviqat
avtomobilində (belə maşını ilk dəfə
görürdüm) quraşdırılmış
üstüörtülü hündür səhnəyə
qalxan kommunist liderlər bir-bir danışmağa
başladılar - hamısı da rusca! Onlar bir vaxtlar milyonlarca
soydaşlarını məhv etdikləri ukraynalılara
Sov.İKP proqramının son cümləsi olan "Partiya təntənəli
surətdə vəd edir: sovet adamlarının indiki nəsli
kommunizmdə yaşayacaq!" tipli vədlər verirdilər.
70 il dinlədiyimiz yalanları bir daha eşitmək
istəməyərək oradan uzaqlaşdım.
Taras Şevçenkonun abidəsi
Xarkovda gördüyüm və ən
çox sevdiyim heykəl Taras
Şevçenko abidəsi oldu. Onun adını
daşıyan geniş şəhər bağında 1935-ci ildə
ucaldılmış bu olduqca əzəmətli abidəyə
baxmaqdan doymurdum. Taras Şevçenkonun şərəfinə
bütün dünyada ucaldılmış 250 heykəlin ən
gözəli olan bu 17 metr
ucalığındakı abidə (tunc heykəlin özü 6
metrdir) Şevçenko yaradıcılığının
ruhunu əks etdirən 16 müxtəlif insan fiquruyla çevrələnib.
Yüksək sənətkarlıqla
hazırlanmış kompozisiya sanki dil açaraq Ukraynanın ən
sevimli şairinin şəxsiyyəti, düşüncələri
haqqında danışır. Hər
gün istər-istəməz bu abidənin yanından
keçir, hər dəfə də müxtəlif bucaqlardan
onun şəkillərini çəkirdim.
Yazardan
son söz
Avqustun 15-də Xarkovdan Kiyevə, oradan da
Bakıya uçdum. Beləliklə,
Ukrayna torpağındakı bir aylıq "səyahət"im
başa çatdı. Bu bir ayda nə
etdim, nə gördüm, nə anladım?
Etdiyim o oldu ki, 1920-ci ilədək Azərbaycandan
gedərək Ukraynanın ali məktəblərində
oxumuş 147 tələbənin şəxsi işlərini
Kiyev, Odessa və Xarkov şəhərlərindəki arxivlərdən
taparaq araşdırdım. Həmin tələbələrdən
81-inin adı Azərbaycan elminə indiyədək bəlli
deyildi. Bütün tələbələrin
sənədlərindən 2.372 səhifəlik surət
çıxararaq Bakıya gətirdim.
Anladığım ən mühüm
şeysə "Ukrayna" adlı bir Azərbaycan dostunun
mövcudluğu oldu. Öz
şəxsimdə hər yerdə ukraynalıların mənim
xalqıma dərin rəğbət və hörmət bəslədiyini
gördüm. Vaxtilə azərbaycanlı
ziyalıların yetişməsində böyük rolu
olmuş Ukraynaya minnətdarlıq bildirməklə yanaşı,
bu dövlətlə ən səmimi münasibətlərin
qurulmasının xalqlarımız üçün
qarşılıqlı faydalı olacağı şəksizdir.
25
sentyabr - 24 oktyabr 2012.
Ədalət
TAHİRZADƏ,
Bakı
Avrasiya Universitetinin professoru
adalet_tahirzade@yahoo.com
Tel.:
+994-50-612-68-13
Azərbaycan
müəllimi.- 2012.- 2 noyabr.- S.5.