Estoniyanın təhsil sistemi
Estoniya Respublikası
Ərazisi: 45,2
min kv. km
Əhalisi: 1,5 milyon nəfər
Paytaxtı: Tallin
Dövlət dili: eston
Pul vahidi: avro
Təhsil sistemi
Estoniyada
təhsil sistemi eston xalqının, o cümlədən
ölkədəki etnik azlıqların qorunması,
inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili
humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır.
1992-ci ildə qəbul edilmiş Təhsil aktına
görə təhsil savadlı və müasir
dünyagörüşlü vətəndaş yetişdirməyə,
qanunun aliliyinə hörmətlə yanaşan şəxsiyyət
formalaşdırmağa xidmət etməli, həmçinin
fasiləsiz təlim üçün imkan yaratmalıdır.
Təhsil
sisteminə rəhbərlik Təhsil və Tədqiqat Nazirliyi
tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət sahələrinə
təhsilin, elmi tədqiqat işlərinin
planlaşdırılması, dövlətin gənclər və
dil siyasətinin həyata keçirilməsi, o cümlədən
məktəbəqədər təhsilin, ümumi orta təhsilin,
texniki peşə təhsilinin, ali təhsilin,
əlavə təhsilin təşkili məsələləri
daxildir.
Ölkənin
təhsil sistemi məktəbəqədər təhsil, əsas
təhsil (təhsilin ilk pilləsi), orta təhsil (təhsilin
ikinci piləsi) və ali təhsil (təhsilin
üçüncü pilləsi) səviyyələrindən
ibarətdir. Estoniyada uşaqlar 7 yaşdan
başlayaraq icbari təhsilə cəlb olunur. İcbari təhsil isə uşaqlar əsas təhsil
pilləsini tamamlayana və ya 17 yaşı tamam olana qədər
davam edir.
Əsas
təhsil pilləsi I-IX sinifləri əhatə edir. Əsas təhsilin VII-IX
siniflərində də şagirdlər maraq sahələrinə
uyğun olaraq peşə profili üzrə təhsil ala bilərlər.
Orta təhsil pilləsi 3 il olmaqla X-XII
sinifləri əhatə edir.
Tədris
dilindən asılı olmayaraq təhsil bütün pillələrdə
ümumi milli kurikulum əsasında təşkil olunur. Məktəblər ümumi
milli kurikulum əsasında öz kurikulumlarını
hazırlayırlar. Tədris ili ən
azı 175 tədris günündən (35 həftə) ibarətdir.
Ölkə
üzrə 2008-2009-cu tədris ilində ümumi təhsil məktəblərində
oxuyan şagirdlərin sayı təxminən 148000 nəfər
təşkil edib. Onların 12426 nəfəri I sinif şagirdi olub.
Ölkədə
təhsil təqaüdlərindən bəhrələnmək
üçün geniş imkanlar yaradılıb. Bunun üçün
şagirdlər, tələbələr və doktorantlar
kurikulumda tədris üçün müəyyən
olunmuş standart müddətdə müvafiq biliklərə
yiyələndiklərini nümayiş etdirməlidirlər.
Tədris proqramlarını mənimsəməyən,
akademik icazə və məzuniyyət götürmüş tələbələrə
təqaüd almaq imkanı verilmir.
Məktəbəqədər təhsil
Məktəbəqədər
təhsil məktəbəqədər təhsil müəssisələrində
və ya evdə təşkil olunur. Uşaqların məktəbəqədər
təhsilə cəlb olunması valideynlərin istəyindən
asılıdır.
Estoniyada
4 növ məktəbəqədər təhsil müəssisəsi
fəaliyyət göstərir. Bu sıraya 1-3 yaşlı
uşaqlar üçün nəzərdə tutulan
gündüz bağçaları, 1-7 yaşlı uşaqlar
üçün bağçalar, xüsusi qayğıya
ehtiycı olan uşaqlar üçün nəzərdə
tutulan bağçalar və ibtidai məktəb tipli
bağçalar daxildir.
Məktəbəqədər
təhsil müəssisələrinin əksəriyyəti
regionlarda fəaliyyət göstərən 1-3 yaşlı
uşaqlar üçün nəzərdə tutulan
gündüz bağçalarından ibarətdir. Şəhərlərdəki məktəbəqədər
təhsil müəssisələrinə müraciət edənlərin
sayı çox olduğuna görə həmin
bağçalarda qrupların sayı 12-dən az
olmur. Bununla yanaşı, yeni tipli məktəbəqədər
təhsil müəssisələrində qrupların maksimum
sayı 6-nı keçmir.
Onu da
qeyd edək ki, yerli hökumətlər nəzarət etdikləri
ərazi dairəsində yaşayan 1-7 yaşlı
bütün uşaqların məktəbəqədər təhsil
müəssisələrinə cəlb olunmasına imkan
yaratmalıdırlar. Bələdiyyələr və ya şəhər
hökumətləri fiziki, nitq, görmə və əqli
qüsuru olan, eləcə də xüsusi qayğıya
ehtiyacı olan digər uşaqların yaşadıqları ərazidəki
məktəbəqədər təhsil müəssisələrindəki
adaptasiya qruplarında tərbiyə olunmasını təmin
edirlər. Məktəbəqədər təhsil
müəssisələrində adaptasiya qrupunun
yaradılması mümkün olmadığı hallarda bələdiyyələr
və şəhər hökumətləri xüsusi qruplar
yaradır və ya xüsusi bağçalar təsis edirlər.
Uşaqlar adaptasiya və ya xüsusi qruplara
valideynin yazılı müraciəti, eləcə də məşvərət
komitəsinin qərarı əsasında qəbul edilirlər.
Ölkənin
digər regionları ilə müqayisədə iri şəhərlərdə
məktəbəqədər təhsil müəssisələrinə
daha çox ehtiyac duyulur. Bu baxımdan Tallin, Tartu
şəhərlərindəki vəziyyət daha çox diqqəti
cəlb edir.
Məktəbəqədər
təhsil müəssisələrində oxumayan uşaqlar
üçün bağçaların və məktəblərin
nəzdində məktəbə hazırlıq qrupları təşkil
olunur. Bu qruplarda təhsil pulsuzdur və
könüllülük prinsipi əsasındadır.
Əsas təhsil
Estoniyada
uşaqlar 7 yaşından icbari və ya əsas təhsilə
cəlb olunur. İcbari təhsil I-IX sinifləri əhatə edir.
I-VI siniflər üçün nəzərdə
tutulan ibtidai məktəblər əsas təhsilin mühüm
bir hissəsidir. VII-IX siniflərində
şagirdlər maraq sahələrinə uyğun olaraq təmayüllər
üzrə təhsil ala bilərlər.
Əsas təhsil
3 mərhələdə təşkil edilir:
* Birinci mərhələ
- I-III siniflər;
* İkinci mərhələ
-IV-VI siniflər;
*
Üçüncü mərhələ -VII-IX siniflər.
Bələdiyyələr
əraziyə uyğun olaraq əsas məktəbləri müəyyən
edirlər. Həmin məktəblərdə müvafiq əhatə
dairəsində yaşayan hər bir uşaq təhsil ala bilər.
Valideynlər məktəbin himayədarlar
şurasında təmsil olunmaqla təhsil müəssisələrinin
inkişafına mühüm töhfə verirlər.
Əsas
təhsil üç milli kurikulum əsasında təşkil
olunur. Şagirdlərin
həftəlik dərs yükü sinfin səviyyəsindən
asılı olaraq dəyişir: I sinifdə 20 dərs, II
sinifdə 23 dərs, III-IV siniflərdə 25 dərs, V sinifdə
28 dərs, VI-VII siniflərdə 30 dərs, VIII sinifdə 32 dərs,
IX sinifdə 34 dərs.
Əsas təhsil
pilləsində eston dili və ədəbiyyatı, iki xarici
dil, riyaziyyat, təbiət elmləri, coğrafiya, biologiya,
kimya, fizika, tarix, humanitar elmlər, ictimai elmlər, musiqi, təsviri
sənət, fiziki təhsil, əmək təlimi kimi icbari fənlər
tədris edilir. Tədris rus və digər əcnəbi
dillərdə təşkil olunan məktəblərdə
eston dilinin ayrıca fənn kimi keçirilməsi icbaridir.
Həmçinin ana dili eston dili olmayan şagirdlərin
oxuduğu məktəblərdə eston dili ikinci xarici dil kimi
tədris olunur.
Əsas
təhsil pilləsini başa vurmaq üçün şagirdlərdən
müvafiq kurikulumu tamamlamaq və təyin olunmuş 3
imtahanı (eston dili və ədəbiyyatı, riyaziyyat və
şagirdin seçdiyi hər hansı digər bir fənn)
uğurla vermək tələb olunur. Əsas təhsil pilləsini
tamamlaya bilməyən və ən azı 17 yaşı tamam
olmuş şagirdlər ya əsas təhsil pilləsini
başa vurmaq haqqında sənəd tələb edilməyən
peşə təhsili üzrə peşələrə yiyələnə
və ya yaşlılar üçün nəzərdə
tutulan orta ümumi təhsil müəssisələrində əsas
təhsil ala bilərlər.
Əsas
təhsil pilləsini uğurla başa vuran şagirdlər 3
illik ümumi orta və ya 3 illik peşə yönümlü
orta təhsil müəssisələrində təhsillərini
davam etdirmək imkanı qazanırlar. Həmçinin onların 3
illik ümumi orta təhsil verən peşə məktəblərində
və ya ümumi orta təhsil verməyən, ancaq peşə
bacarıqları aşılayan peşə təhsili müəssisələrində
oxuması mümkündür.
Orta təhsil
Qeyd etdiyimiz
kimi, orta təhsil müddəti 3 il olmaqla
X-XII sinifləri əhatə edir. Orta təhsil
milli kurikuluma uyğun olaraq həyata keçirilir. Hər bir məktəb milli kurikuluma əsasən
öz kurikulumunu hazırlayır. Orta təhsil pilləsində
bir tədris ili 35 həftə, bir tədris
həftəsi isə ən azı 32 dərs saatından ibarətdir.
Bu pillədə
şagirdlər seçmə fənlərlə yanaşı,
müvafiq sahə, o cümlədən təbiət elmləri,
humanitar elmlər və digər sahələr üzrə dərin
biliklərə və ya peşə məktəblərində
oxumaqla hər hansı peşəyə yiyələnə bilərlər. Orta təhsil pilləsinin
sonunda şagirdlər 5 fəndən imtahan verir. Bu imtahanlardan ən azı 3-ü dövlət
imtahanıdır.
Qeyd edək
ki, 2008-2009-cu tədris ilində Estoniyanın orta məktəblərində
təhsil alan şagirdlərin sayı 31265
nəfər olub. 2011-2012-ci tədris ilindən
başlayaraq Estoniyada rus dilində tədris aparılan
bütün orta təhsil müəssisələrində tədris
eston dilində təşkil olunur.
Orta təhsil
pilləsini tamamladıqdan sonra şagirdlər
aşağıdakı istiqamətlər üzrə təhsillərini
davam etdirə bilərlər:
* Peşə
təhsili müəssisələrində peşə təhsili
(0,5-3 il);
* Kolleclər
və ya universitetlərdə ali peşə təhsili (3-4,5 il);
* Universitet və
ya digər ali təhsil müəssisələrində
bakalavriatura təhsili (3 il), magistratura təhsili (2 il) və ya
doktorantura təhsili (3-4 il).
Texniki peşə təhsili
Həm əsas,
həm də orta təhsil pilləsində təmayüllər
üzrə texniki peşə təhsili proqramları peşə
biliklərinin və bacarıqlarının inkişaf etdirilməsinə
əlverişli zəmin yaradır. Əsas təhsil pilləsini
başa vurmaq tələb olunmayan peşə təhsili
proqramlarında əsas təhsil pilləsini başa vura bilməyən
və 17 yaşı tamam olmuş şəxslər yalnız
müvafiq peşələrə yiyələnir. Bu zaman
təhsil müddəti 0,5-2,5 ildir. Həmin proqramları seçən şəxslər
peşə təhsilini tamamladıqdan sonra da icbari əsas təhsillərini
davam etdirə bilərlər.
Əsas
təhsil əsaslı peşə təhsili elə bir təhsil
növüdür ki, burada yalnız peşə təhsili ilə
əlaqəsi olan ümumi təhsil fənləri tədris
edilir. Bu təhsil proqramlarını başa vuran şagirdlər
müəyyən peşəyə yiyələnməklə
yanaşı, əsas təhsil pilləsini də bitirmiş
hesab olunurlar.
Orta
peşə təhsilinə əsas təhsil pilləsində təhsil
almış şagirdlər müraciət edə bilərlər. Orta peşə təhsilini
başa vuran şagirdlər orta təhsil sertifikatına və
müəyyən peşəyə yiyələnir. Orta
peşə təhsilinin müddəti minimum 3 il
təşkil edir. Peşə məktəblərində
orta peşə təhsili kurikulumunu tamamlamış şagirdlər
öz seçimlərinə əsasən əlavə olaraq 1
illik ümumi təhsil fənn proqramlarını da öyrənə
və müvafiq dövlət imtahanları verə bilərlər.
Bu, həmin peşə məktəblərini bitirən məzunların
təhsillərini ali məktəblərdə
davam etdirmələrinə imkan verir.
Orta təhsil
əsaslı peşə təhsilinə isə orta təhsil
pilləsini tamamladıqdan sonra yiyələnmək
mümkündür. Həmin
tədris ocaqları 0,5-2,5 il müddətdə
peşə bacarıqlarına yiyələnmək imkanı
yaradır.
Əsas
və orta məktəblərdə təşkil olunan peşə
təhsili ümumi təhsil məktəblərinin şagirdləri
üçün nəzərdə tutulur və peşə təhsili
müəssisələri tərəfindən həyata
keçirilir. Tədris ayrıca bir kurikulum əsasında ən
azı 15 tədris həftəsi müddətində təşkil
olunur. Təhsili başa vurduqdan sonra
şagirdlər seçdikləri peşə üzrə əsas
bilik və bacarıqlara, həmçinin peşə təhsilinin
tamamlanmasına dair sertifikata yiyələnirlər.
2008-2009-cu
tədris ilində Estoniyada 45 peşə təhsili müəssisəsi
fəaliyyət göstərib. Onların da 31-i dövlət,
3-ü bələdiyyə və 11 özəl əsaslı
peşə təhsili müəssisələridir. Həmin təhsil müəssisələrində oxuyan
27239 şagirdin 11456 nəfəri dövlət sifarişli
ixtisasları seçib.
Ali təhsil
Orta təhsil
pilləsini uğurla başa vuran bütün şagirdlər ali təhsil pilləsində oxumaq hüququ
qazanır. Ali təhsil proqramları universitetlərdə və
ali peşə təhsili müəssisələrində
tədris edilir.
Tələbələr
ali təhsilin birinci mərhələsində
iki növ kurikulumdan birini seçə bilərlər:
* Nəzəri
prinsiplərə əsasən peşə
bacarıqlarının inkişaf etdirilməsinə xidmət
edən nəzəriyyə əsaslı bakalavr təhsili;
* Praktiki
prinsiplərə əsasən nəzəri biliklərin
inkişaf etdirilməsinə xidmət edən təcrübəyönümlü
ali peşə təhsili. Praktiki
fəaliyyət kurikulumun 30 faizini təşkil edir.
Ali peşə
təhsili proqramı üzrə tədrisin müddəti 3-4,5 il, bakalavr proqramı üzrə isə 3-4
ildir. Hər iki proqram üzrə kurikulumda nəzərdə
tutulan tədris yükü 120-160 kredit (Avropa Kredit
Köçürmə Sistemində müvafiq olaraq 180-240
kredit) arasında dəyişir.
Ali
peşə və bakalavr təhsili proqramını başa
vuran tələbələr magistratura səviyyəsində təhsillərini
davam etdirə bilərlər.
Magistratura
təhsili üzrə tədrisin müddəti 1 və ya 2
ildir. Nəzərdə tutulan tədris yükü isə
40-80 kredit (Avropa Kredit Köçürmə Sistemində
müvafiq olaraq 60-120 kredit) arasında dəyişir. Bakalavriatura və magistratura səviyyəsində təhsilin
müddəti ümumilikdə 5 ildir. Kurikulumda
nəzərdə tutulan tədris yükü isə
ümumilikdə 200 kredit (Avropa Kredit Köçürmə
Sistemində 300 kredit) təşkil edir.
Tibb
ixtisası üzrə təhsilin müddəti 6 ildir. Tibb ixtisası üzrə
kurikulumda nəzərdə tutulan tədris yükü 240 kredit
(Avropa Kredit Köçürmə Sistemində 360 kredit)
müəyyən olunub.
Stomatologiya,
əczaçılıq, tikinti mühəndisliyi və müəllimlik
ixtisası üzrə təhsil müddəti isə 5 ildir. Bu ixtisaslar üzrə
kurikulumda nəzərdə tutulan tədris yükü isə
200 kredit (Avropa Kredit Köçürmə Sistemində 300
kredit) təşkil edir.
Təhsilin ən
yüksək səviyyəsi olan fəlsəfə doktoru
proqramı üzrə təhsil müddəti 3-4 il davam edir. Fəlsəfə
doktoru proqramı üzrə kurikulumda nəzərdə tutulan
tədris yükü 120-160 kredit (Avropa Kredit
Köçürmə Sistemində müvafiq olaraq 180-240
kredit) arasında dəyişir.
Qeyd etdiyimiz
kimi, Estoniyanın ali təhsil sistemi iki
növ ali təhsil müəssisələrindən ibarətdir:
universitetlər və ali peşə təhsili müəssisələri.
Universitetlər
elmi-tədqiqat, inkişaf, təhsil və mədəniyyət
əsaslı müəssisələrdir. Universitetlərin fəaliyyəti
beynəlxalq standartlara uyğun əsas və tətbiqi tədqiqatın
aparılmasından ibarətdir. Universitetləri şərtləndirən
əsas cəhət bu təhsil müəssisələrində
ali təhsilin ikinci və
üçüncü səviyyəsi üzrə nəzəriyyəyə
əsaslanan tədqiqatların və mütəxəssis
hazırlığının həyata keçirilməsidir.
Ali peşə
təhsili müəssisələrində isə ali təhsilin birinci səviyyəsi üzrə
peşə bacarıqlarına yiyələnmiş mütəxəssislər
əmək bazarının tələblərinə uyğun
olaraq hazırlanır.
Kurikulum
çevikliyi və təcrübəyə üstünlük
verilməsi, eləcə də şirkətlər, peşə
assosiasiyaları, ictimai tərəfdaşlar ilə əməkdaşlıq
edilməsi ali peşə təhsili müəssisələrini
şərtləndirən əsas cəhətlərdir. Ali peşə təhsili müəssisələrində
magistratura səviyyəsi üzrə mütəxəssis
hazırlığına hökumətin
razılığı əsasında icazə verilir.
2008-ci ilin statistikasına görə, Estoniyada 6 ali peşə təhsili müəssisəsində
magistratura pilləsi üzrə mütəxəssis
hazırlığı həyata keçirilib.
Müəllimlik
peşəsi üzrə kadrların hazırlanması universitetlərdə
və kolleclərdə həyata keçirilir. Məktəbəqədər təhsil
üzrə müəllimlərin hazırlığı isə
həm universitet, həm də ali peşə
təhsili müəssisələrində təşkil edilir.
Ölkədə
dövlət əsaslı universitetlər və ali peşə təhsili müəssisələri
ilə yanaşı, özəl universitetlər, ali peşə
təhsili müəssisələri və peşə kollecləri
də kifayət qədərdir. Ölkədə 6 dövlət,
4 özəl universitet və 10 dövlət, 11 özəl ali peşə təhsili müəssisəsi
olub. Həmçinin 2 dövlət və 1
özəl peşə kolleci fəaliyyət göstərir.
2009-cu ilin statistik məlumatına görə, ali
təhsil müəssisələrində oxuyan tələbələrin
sayı təxminən 68000 nəfər olub.
Tələbələr
həm dövlət sifarişli, həm də ödənişli
ixtisaslara qəbul ola bilərlər. Dövlət sifarişli və ödənişli
ixtisaslar arasındakı nisbət əhəmiyyətli dərəcədə
dəyişib. 2008-2009-cu tədris ilində ali məktəblərə qəbul zamanı
dövlət sifarişli ixtisaslara qəbul edilən tələbələr
ümumi tələbə sayının 46 faizini təşkil
edib.
Artmaqda olan əmək
bazarının tələblərinə uyğun olaraq ali təhsil pilləsi üzrə müəyyən
olunmuş prioritet sahələrə-mühəndislik,
istehsalat və emal, kompüter elmləri, ətraf mühitin
mühafizəsi, fizika, səhiyyə xidməti və digərləri
aiddir. Bu sahələrə tələbat
böyük olduğuna görə, müvafiq ixtisaslara qəbul
prosesi yüksək rəqabət şəraitində
keçirilir.
Əlavə təhsil
Yaşlıların
təhsilinin təşkili üçün Estoniyada çevik
sistem və geniş imkanlar yaradılıb. Yaşlıların təhsili
proqramları formal, peşə təhsili və qeyri-formal
peşə təhsili formalarında həyata keçirilir.
Yaşlıların
formal təhsilinə əsas və orta təhsil pilləsində
təhsil almaq üçün distant təhsil, axşam
kursları vasitəsilə yaşlıların təhsili
aiddir.
Peşə təhsili
və ali təhsil müəssisələrində
fasiləsiz təhsil və yenidən hazırlanma kursları təşkil
olunur. Bu kurslar yaşlıların peşə və
ixtisas biliklərini, bacarıqlarını, eləcə də
təcrübələrini təkmilləşdirməyə və
dərinləşdirməyə xidmət edir. Peşə
təhsili və ali təhsil müəssisələrində
yaşlıların təhsili qiyabi təhsil formasında təklif
olunur.
Qeyri-formal
təlim kursları tələbələrin
yaradıcılığının, istedadının və
sosial fəallığının inkişaf etdirilməsinə
imkan yaradır. Yaşlıların qeyri-formal təhsili bir çox
qeyri-formal təhsil mərkəzlərində, xalq universitetlərində
(qeyri-formal təhsil müəssisələrində) və mədəniyyət
mərkəzlərində təşkil olunur.
Yaşlıların
əsas, orta və orta peşə təhsili pulsuz olduğu
halda, qiyabi ali təhsildə ödəniş
tələb edilir. Dövlət sifarişli yerlərə
müraciət etmək üçün əyani təhsil
formasını seçmək lazımdır. Milli
prioritet hesab edilən ixtisaslar üzrə yaşlıların
qiyabi ali təhsili dövlət tərəfindən
maliyyələşdirilir.
Müvafiq
qaydalara görə pedaqoji sahədə çalışanlar
5 ildə 160 saat fasiləsiz təhsilə cəlb
olunmalıdırlar. Yaşlıların təhsili haqqında qanunvericilik
aktlarına əsasən müəllimlərin fasiləsiz təhsili
dövlət büdcəsi hesabına maliyyələşir.
Xüsusi təhsil
Xüsusi
ehtiyaclı uşaqların təhsili üçün dövlət
mühüm öhdəliyə malikdir. Qanunvericiliyə uyğun
olaraq xüsusi ehtiyaclı uşaqlar öz
yaşadıqları ərazidəki məktəbdə oxumaq
hüququna malikdir.
Dövlət
və bələdiyyə məktəblərində xüsusi
ehtiyaclı uşaqların təhsili üçün siniflər
aşağıdakı şəkildə
qruplaşdırılır:
* fiziki, nitq, görmə və əqli qüsurlu
uşaqlar üçün siniflər;
* digər təlim çətinlikləri olan
uşaqlar üçün motivasiya sinifləri;
* yüngül təlim çətinlikləri
olan uşaqlar üçün siniflər;
* orta səviyyəli təlim çətinlikləri
olan uşaqlar üçün siniflər;
* ciddi təlim çətinlikləri olan
uşaqlar üçün siniflər.
Siniflərin
qruplaşdırılmasında əsas məqsəd tədrisin
təşkilində fərdi xüsusiyyətlər nəzərə
alınmaqla uşaqların şəxsi inkişafını təmin
etməkdir.
Xüsusi məktəblərdə
uşaqlar üçün aşağıdakı
yardımçı sistemlər təklif olunur:
* fərdi kurikulum;
* korrektiv qruplar;
* nitq terapiyası;
* uzunmüddətli qruplar;
* ev təhsili;
* davranış problemləri olan uşaqlar
üçün siniflər;
* sosial problemləri olan uşaqlar
üçün internat tipli məktəblər.
Estoniyada
48 xüsusi məktəb fəaliyyət göstərir. Onların 3-ü eşitmə qüsurlu,
1-i fiziki qüsurlu, 1-i görmə qüsurlu, 3-ü ümumi
qüsurlu, 5-i davranış qüsurlu, qalanları isə digər təlim
çətinlikləri olan uşaqlar üçün nəzərdə
tutulub.
Əqli
qüsuru olan uşaqlar üçün tədris sadələşdirilmiş
milli kurikulum əsasında təşkil edilir. Bundan əlavə, orta səviyyəli
və ciddi təlim çətinlikləri olan uşaqların
tədrisi üçün də milli kurikulum mövcuddur.
Fiziki qüsurlu uşaqların tədrisi və
inkişafı ilə bağlı bütün məsələlərdə
valideynin razılığı tələb edilir.
Səhhəti
ağır olan uşaqlar valideynin razılığı ilə
evdə də icbari təhsil ala bilərlər. Uzun müddət müalicə
alması tələb olunan uşaqların təhsili isə xəstəxanada
təşkil edilir.
Elmi tədqiqatlar
Estoniyada
elmi tədqiqat sahəsinin müasir tələblər səviyyəsində
inkişafına xüsusi diqqət yetirilir. Hökumət elmi tədqiqat
və inkişaf planını hazırlayır, parlamentə təqdim
edir, müvafiq proqramları təsdiq edir, nazirliklərarası
əlaqələndirməni tənzimləyir.
Tədqiqat
və İnkişaf Şurası elmi tədqiqat və
inkişaf məsələləri ilə bağlı hökumətə
tövsiyələr verir. Təhsil və Tədqiqat
Nazirliyi isə milli tədqiqat strategiyasını həyata
keçirir, elmi tədqiqat və inkişaf müəssisələrini
maliyyələşdirir, onların fəaliyyətini dəyərləndirir,
beynəlxalq əməkdaşlığın genişləndirilməsini
təmin edir.
Ölkənin
elmi tədqiqat və inkişaf siyasətinin əsas məqsədləri
"Bilikyönümlü Estoniya 2007-2015" adlı tədqiqat,
inkişaf və innovasiya strategiyasında dolğun şəkildə
əks olunub. Strategiyada əsas
üç məqsəd bəyan edilib:
* Keyfiyyətin
rəqabət əsasında yüksəldilməsi, elmi tədqiqat
və inkişaf fəaliyyətinin məhsuldarlığının
artırılması;
* Qlobal
iqtisadiyyata töhfə verən innovativ biznes fəaliyyətinin
yaradılması;
* Uzunmüddətli
davamlı inkişafı təmin edəcək innovativ cəmiyyətin
formalaşdırılması.
Estoniyada
18 elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir
ki, onların da 6-sı dövlət universitetlərinin nəzdindədir. Ən böyük elmi-tədqiqat
müəssisələri Tartu Universiteti, Tallin Texnologiya
Universiteti və Tallin Universitetinin nəzdində fəaliyyət
göstərir. Universitetlərdən kənar
fəaliyyət göstərən ən böyük dövlət
elmi-tədqiqat müəssisəsi Estoniya Biomərkəzi,
Tartu Rəsədxanası, Estoniya Ədəbiyyat Muzeyi hesab
edilir. Müstəqil fəaliyyət
göstərən tədqiqat müəssisəsinə isə
Milli Kimya və Biofizika İnstitutunu aid etmək olar.
Təhsilin maliyyələşməsi
Ölkə
üzrə 582 ümumi təhsil məktəbindən 517-si bələdiyyə,
31-i dövlət, 34-ü isə özəl məktəblərdir. 31 dövlət məktəbinin
27-si xüsusi ehtiyaclı uşaqlar üçün nəzərdə
tutulan, digərləri isə adi təhsil müəssisələridir.
Ümumi təhsil məktəbləri əsasən
yerli hökumətin büdcəsi hesabına maliyyələşir.
Son illərdə
Estoniyada ümumi dövlət xərclərinin 14-15 faizi təhsilə
sərf olunur. Ümumi təhsil sisteminə ayrılmış xərclər
ümumilikdə təhsil sisteminə yönəldilən vəsaitin
yarıdan çox hissəsinə bərabərdir.
Ümumi təhsil xərclərinin 11 faizi peşə təhsilinə,
21 faizi isə ali təhsilə yönəldilir.
Dövlət təhsil xərclərinin 15 faizi
isə məktəbəqədər təhsil və digər təhsil
xidmətləri, layihələr üçün nəzərdə
tutulur.
Ali təhsilə
ayrılmış xərclərə nəinki dövlət
sifarişi üzrə təhsil xərcləri, həmçinin
investisiya, təqaüdlər və digər xərclər
daxildir. Ali təhsil
üçün nəzərdə tutulan vəsaitlərin
böyük hissəsi (67 faizi) dövlət ali
təhsil müəssisələrinə verilir. Dövlət sifarişi ilə
oxuyan tələbələrin 66 faizi dövlət ali məktəblərində təhsil alır.
Ali peşə təhsili xərcləri ümumilikdə ali təhsil üçün nəzərdə
tutulan xərclərin 22 faizini təşkil edir.
Estoniyada
elmi tədqiqat layihələri dövlət büdcəsi, bələdiyyə
və şəhər büdcəsi, ünvanlı
yardımlar, qrantlar, milli tədqiqat və inkişaf
proqramları, elmi-tədqiqat müəssisələrinin
iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi
qazanc və digər mənbələr hesabına maliyyələşir. 2007-ci ildə Estoniyada elmi tədqiqat və
inkişafa ayrılmış vəsaitin miqdarı ÜDM-un 1,14 faizini təşkil edib ki, bu da Avropa
İttifaqı üzrə nəzərdə tutulmuş 1,84
faizlik orta göstəricidən aşağıdır.
Təhsil
xərclərinin ödənilməsi üçün nəzərdə
tutulan vəsait dövlət büdcəsindən bələdiyyə
və şəhər büdcələrinə
köçürülür. Əməkhaqqı, fasiləsiz
təhsil, investisiya, dərslik və əyani vəsaitlər
ilə bağlı xərclər məktəb
üçün ayrılan vəsaitin böyük hissəsini
təşkil edir. Eyni qayda ilə özəl
ümumi təhsil müəssisələrinə də vəsait
ayrılır.
Estoniyada
son illər ərzində müəllimlərin minimum əməkhaqlarının
artırılaraq orta əməkhaqqı səviyyəsinə
çatdırılması təhsilin yüksək inkişaf
ahəngi ilə irəliləməsinə zəmin yaradıb.
Təhsilin idarə olunması
Estoniyada
təhsillə bağlı qanunlar və strategiyalar parlament tərəfindən
qəbul edilir. Parlament, həmçinin təhsil haqqının həcmini
müəyyən edir. Təhsil və Tədqiqat
Nazirliyi bütövlükdə təhsil siyasəti və
strategiyasının həyata keçirilməsini əlaqələndirir.
15 dairə hökumətinin tabeliyindəki təhsil
idarələri yerli təhsilin idarə olunmasına cavabdehlik
daşıyır. Yerli təhsil idarələri
dairə üzrə təhsilin inkişaf planını
hazırlayır, məktəbəqədər və ümumi
təhsil məktəblərinin fəaliyyətinə nəzarət
edir, eləcə də bələdiyyələrə təhsil
məsələləri ilə bağlı tövsiyələr
verir.
Bələdiyyələr
isə öz səlahiyyətləri dairəsində məktəbəqədər,
əsas, orta təhsil müəssisələrinin, axşam məktəblərinin,
mədəniyyət mərkəzlərinin fəaliyyətini tənzimləyir
və icbari təhsil yaşlı uşaqların sayını
müəyyən edir. Bələdiyyələr təhsil müəssisələrinin
rəhbərlərini təyin edir, məktəblərin tibb, təminat
və təchizat xidmətlərini yerinə yetirir. Bələdiyyələr, həmçinin ümumi təhsil
məktəblərinin təsis edilməsi, təkrar təşkili,
bağlanması və şagirdlərin nəqliyyatla təmin
edilməsi məsələlərinə cavabdehdir.
Təhsil
müəssisələrinin fəaliyyətinin gündəlik
təşkili və idarə olunması isə direktor, məktəbin
Nəzarət Şurası və Təhsil Şurası tərəfindən
yerinə yetirilir. Özəl məktəblərin fəaliyyətinə
Təhsil və Tədqiqat Nazirliyinin müəyyən etdiyi
qaydalara uyğun nəzarət olunur.
Universitetlər
və ali peşə təhsili müəssisələri
isə tədris heyətini, təşkilati strukturu, tədris
və tədqiqat proqramlarının məzmununu, kurikulumu, tədris
planını, qəbul meyarlarını müəyyən etməkdə
sərbəstdirlər.
Beynəlxalq əlaqələr
Ölkə
təhsil, elm və texnologiya sahəsində uzunmüddətli
beynəlxalq əməkdaşlıq ənənələrinə
malikdir. Estoniya Avropa
İttifaqının dəstəklədiyi bir çox
proqramlar çərçivəsində müxtəlif
ölkələr ilə əməkdaşlıq edir.
Qohum
Millətlər Proqramı çərçivəsində
Estoniya Finlandiya və Macarıstan ilə təhsil, tədqiqat,
mədəniyyət, informasiya mübadiləsi sahəsində
geniş əməkdaşlıq edir. Proqram çərçivəsində
estonlara qohum olan millətlərin nümayəndələrinin
Estoniyada ali təhsil almasına imkan yaradılır,
onların beynəlxalq tədqiqat və mədəni tədbirlərdə
iştirakı maliyyələşdirilir.
2004-cü
ildən bəri Avropa İttifaqı Avropa Sosial Fondu və
Avropa Regional İnkişaf Fondu vasitəsilə Estoniyada təhsil,
elmi tədqiqat və inkişaf layihələrinə dəstək
verir. Avropa İttifaqının qeyd olunan layihələri
maliyyələşdirməsinin əsas məqsədi ictimai
rifah və iqtisadi inkişafı bütün üzv ölkələrdə
bərabər səviyyəyə çatdırmaqdan ibarətdir.
Estoniya
elm və texnologiya sahəsində 40-dan artıq ölkə ilə
əməkdaşlığa dair çərçivə
müqaviləsi imzalayıb. Bu sıraya ABŞ,
Çin, Hindistan, Meksika, Ukrayna və digər ölkələr
daxildir.
Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Yazının hazırlanmasında
Estoniyanın Təhsil və Tədqiqat Nazirliyinin rəsmi
materiallarından istifadə olunub.
Azərbaycan müəllimi.- 2012.- 2
noyabr.- S.6.