Ukraynalı tələbələr
BSU-da "Yay məktəbi"ndə
Yarandığı
gündən BSU-nun beynəlxalq əlaqələri
sürətlə inkişaf edir. Bu dövrdə xarici ölkələrin
bir çox
qabaqcıl təhsil və elm mərkəzləri
ilə əlaqələr qurulmuş, əməkdaşlığa
başlanılmışdır. Əməkdaşlıq universitetlər
arasında bağlanılmış müqavilələr əsasında
qurulur və müəllim-tələbə
mübadiləsi, müştərək elmi
araşdırmalar, müəllimlərin ixtisasartırması,
informasiya və elmi-metodik
ədəbiyyat mübadiləsi kimi sahələri
əhatə edir.
Universitet Rusiya,
Ukrayna, Bolqarıstan, Belarus,
Polşa, Çexiya,
Rumıniya, Fransa, Böyük
Britaniya, Türkiyə, Yunanıstan, Moldova, İsveçrə, Almaniya,
Gürcüstan və digər ölkələrin
nüfuzlu ali təhsil
müəssisələri ilə sıx və çoxşaxəli
əlaqələr yaratmış və
qarşılıqlı əməkdaşlıq müqavilələri
imzalamışdır. BSU-nun elmi və mədəni həyata verdiyi töhfələrdən də göründüyü kimi,
imzalanmış müqavilələr kağız üzərində
qalmır və öz əməli təsdiqini
tapır.
Bu əlaqələrin məntiqi
davamı olaraq
oktyabrın 28-də
Ukraynanın Poltava İqtisadiyyat
və Ticarət Universitetinin Ukrayna və xarici dillər
kafedrasının müdiri professor Bobux Nadejda Nikolayevnanın rəhbərliyi ilə universitetin bir qrup tələbəsi - maliyyə və uçot fakültəsindən 3 tələbə,
yeyinti sənayesi texnologiyaları,
mehmanxana-restoran və turizm biznesi fakültəsindən
isə 2 tələbə "Yay məktəbi"ndə
iştirak etmək üçün BSU-ya gəlib. İki həftə ərzində BSU-nun aparıcı professor
və müəllimləri "Müasir
Azərbaycan inkişaf yolunda",
"Azərbaycan beynəlxalq iqtisadi
münasibətlər sistemində", "Azərbaycanın
xarici siyasətinin əsas
istiqamətləri", "Dünya təcrübəsi
kontekstində Azərbaycanda turizm fəaliyyətinin
normativ-hüquqi bazasının dövlət
tənzimlənməsi", "Azərbaycan və Ukrayna iqtisadi əlaqələri",
"Ümummilli lider
Heydər Əliyevin xarici siyasət strategiyası",
"Azərbaycanın bank və maliyyə
kredit sistemi",
"Azərbaycanın müasir iqtisadiyyatının infrastrukturu",
"Azərbaycanın xarici siyasətində
neft amili" və
digər maraqlı mövzularda mühazirələr
oxuyacaqlar.
Ukraynalı
tələbələr öz praktik məşğələləri çərçivəsində
"Hilton", "Kempinski
Hotel Badamdar",
"Jumeirah Bilgah Beach Hotel"
mehmanxanaları və "Unibank"ın fəaliyyəti ilə
tanış olacaqlar. Eyni
zamanda BSU-nun ukraynaşünas tələbələri üçün ukraynalı professor
N.Bobux tərəfindən "Ukrayna dili" fənnindən
ustad dərslər keçiriləcəkdir.
Qeyd etmək lazımdır ki, bu günlərdə
ukraynalı qonaqlar üçün
BSU tələbələrinin iştirakı ilə "Azərbaycan
mətbəxi gecəsi" təşkil olunacaq.
Sonra onlar BSU tələbələrinin
konsert proqramına qatılacaqlar.
Məşğələlərlə
yanaşı, ukraynalı qonaqlar üçün geniş
mədəni proqram da
hazırlanmışdır. Belə ki, tələbələr
Bakının zəngin tarixi abidələri
ilə tanış olacaq və Oğuz rayonuna ikigünlük səfər edəcəklər.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 2 noyabr.- S.3.