2012/2013-cü dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

  

Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2012-2013-cü dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2008-ci il 25 fevral tarixli, 714 nömrəli Fərmanına uyğun olaraq, ümumtəhsil məktəbləri və müəllimlərin müsabiqələrdə iştirakı ilə bağlı elanın mətni və ona əlavələr  təsdiq edilsin (əlavə olunur).

2. 2012/2013-cü dərs ilində müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu 2012-ci il noyabrın 15-dən başlansın və dekabrın 25-də başa çatdırılsın.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) müsabiqələrlə bağlı elan və ona əlavələrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

8 noyabr 2012-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 9 noyabr.- S.2.