Niderland Krallığı Azərbaycanla münasibətlərində təhsil sahəsinə böyük önəm verir

 

Noyabrın 8-də təhsil naziri Misir Mərdanov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aryen Peter Uyterlinde ilə görüşüb.

Təhsil naziri ölkəmizlə Niderland Krallığı arasındakı münasibətlərdən və təhsil sahəsində əməkdaşlığın perspektiv inkişaf istiqamətlərindən söz açıb. İki ölkə arasında təhsil sahəsində əlaqələrin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində inkişaf etdiyini söyləyən nazir müvafiq məqsədlə seçilmiş ali təhsil müəssisələrinin siyahısına Niderland Krallığının 14 nüfuzlu ali təhsil müəssisəsinin daxil edildiyini bildirib. Bu günədək Dövlət Proqramı çərçivəsində 53 nəfər azərbaycanlı gəncin Niderlandın müxtəlif ali məktəblərində təhsil almağa göndərildiyini vurğulayan Misir Mərdanov onlardan 27 nəfərin məzun olduğunu, 26-sının isə təhsilini davam etdirdiyini söyləyib.

Təhsil naziri Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi vasitəsi ilə Maastrix İdarəçilik Məktəbi ilə Təhsil Nazirliyi arasında yaradılmış birbaşa əlaqələrdən söz açıb. Son illərdə ali məktəblərlə birbaşa əməkdaşlıq çərçivəsində atılan addımlara diqqət çəkən nazir Niderland Krallığı universitetlərində hüquq, iqtisadiyyat və fəlsəfə ixtisasları üzrə təhsil alan azərbaycanlı tələbələrin sayının artdığını qeyd edib. Azərbaycanla Niderland Krallığı arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün elmi tədqiqat sahələrinə diqqətin artırılmasını vurğulayan Misir Mərdanov, həmçinin peşə təhsili üzrə əlaqələrin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Niderland Krallığının Azərbaycanla münasibətlərdə təhsil sahəsinə böyük önəm verdiyini qeyd edən səfir səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Səfir Azərbaycanın ali təhsil müəssisələri ilə beynəlxalq proqramlar vasitəsilə və birbaşa əlaqələrin mövcud olduğunu, hər iki ölkənin universitetləri arasında elmi-tədqiqat sahəsi üzrə əməkdaşlığın yaradılmasının mümkünlüyünü bildirib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Niderland Krallığında təhsil alan gənclərin sayının artırılması, niderlandlı tələbələrin Azərbaycanın ali məktəblərinə cəlb olunması məsələlərinə toxunan qonaq təhsilin bütün sahələri üzrə qarşılıqlı əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Daha sonra görüşdə iki ölkə arasındakı təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan müəlllimi.- 2012.- 9 noyabr.- S.2.