"Göz açıb ey vətən, mən səni gördüm..."

 

Bakının Binəqədi rayonunda yerləşən 182 nömrəli tam orta məktəbdə 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş "Göz açıb ey vətən, mən səni gördüm" mövzusunda ədəbi-bədii tədbir keçirilib.

Məktəbin akt zalında şagirdlər, müəllimlər və  valideynlərin iştirakı ilə reallaşan  tədbiri giriş sözü ilə məktəbin direktoru  Zinyət Tağıyeva açıb. Dövlət himni səsləndirilib. Sonra Z.Tağıyeva Konstitusiyamızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Konstitusiyanın qəbul olunmasında misilsiz xidmətlərindən söz açıb, Prezident İlham Əliyev cənablarının bu sahədəki fəaliyyəti bir daha iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edilib ki, 2200-dən artıq şagirdin təhsil aldığı, 200-dən artıq müəllimin işlədiyi bu təhsil ocağının fəaliyyəti müstəqil Azərbaycanda təhsilə göstərilən diqqətin təzahürüdür. Bu imkanları bizim üçün yaradan müstəqil Azərbaycanın qurucusu ulu öndər  Heydər Əliyevdir. 

Məktəbin pedaqoji kollektivibu qayğıya layiq olduğunu öz işi ilə təsdiqləyir. Təkcə 2011-2012-ci tədris ilində məktəbi bitirmiş  84 şagirddən 40 nəfəri ali məktəblərə qəbul olunub. Onlardan ikisi Türkiyədə və Ukraynada təhsilini davam etdirir. Qəbul olunan məzunların əksəriyyəti yüksək bal toplayıb, biri isə 675 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.

Məktəb müəllimlərinin əməyi də  dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Bu qayğının bariz nümunəsi kimi hazırda tədris ocağında  "əməkdar müəllim" fəxri adına layiq görülmüş  və "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olan pedaqoqlar çalışırlar.

Direktor bildirib ki, məktəbdə şagirdləri vətənə məhəbbət ruhunda tərbiyə edirik. Bugünkü ədəbi-bədii kompozisiyanı da məzunumuz, hazırda məktəbimizdə  musiqi müəllimi işləyən  Nazimə Quliyevanın  rəhbərliyi altında şagirdlər  hazırlayıb və burada səslənəcək əksər mahnıların sözləri də Nazimə müəllimə məxsusdur.

Sonra tədbirdə şagirdlərdən ibarət  vokal qrupu Azərbaycana həsr edilmiş mahnı oxuyub.  Məktəblilər tərəfindən həmçinin Vətənə, Dövlət bayrağına, ulu öndərə həsr olunmuş  mahnılar ifa edilib.

 

 

ƏDALƏT

 

Azərbaycan müəllimi.- 2012.- 16 noyabr.- S.4.