Dərslərini fəal
metodlarla aparan müəllim
Dünyanın
hər tərəfində
müəllimlər insan cəmiyyətinin ən fədakar
və möhtərəm üzvləridir. Müəllimlər
sözün əsl mənasında gənc nəsillərə,
eləcə də cəmiyyətdə örnək
sayılır. Belə müəllimlərdən biri də
Bakıdakı 207 nömrəli tam orta məktəbin ibtidai
sinif müəllimi Zemfira Məmmədovadır. Milli Kurikulumu
uğurla tətbiq edən Zemfira müəllim məktəbdə
müxtəlif mövzularda treninqlər keçirir. Bu treninqlərdə
sinif müəllimləri, valideynlər qarşısında
müxtəlif mövzularda çıxışlar edir,
kurikulum əsasında dərs nümunələri
nümayiş etdirir. O, məktəbdə habelə
"İbtidai siniflərdə kurikulumların tətbiqi
yolları" mövzusunda seminar aparmışdır. Həmin
seminarda fəal iştirakına görə məktəb rəhbərliyi
tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
Onun təşkilatçılığı ilə məktəbdə
keçirilən "Doğma Azərbaycan dilim",
"Dünyanı xilas edək", "Sülhə gəlin,
ey insanlar" mövzularında layihələr müəllim
və şagirdlərin dərin marağına səbəb
olmuşdur. Zemfira Məmmədova "İbtidai siniflərdə
şagirdlərin asudə vaxtını necə təşkil
etməli", "Uşaqlar bizim gələcəyimizdir"
kimi kitabların müəllifidir.
Hazırda
ibtidai siniflərdə dərslərini fəal təlim əsasında
quran Z.Məmmədova müxtəlif metodlardan, o cümlədən
debatlardan, diskussiyalardan, qruplarla, cütlərlə işlərdən,
əqli hücum, klaster, Venn diaqramı, BİBÖ, didaktik
oyunlardan və digər yaradıcı işlərdən
geniş istifadə edir. İnteraktiv metodlar təlim prosesində
öyrənməni, bacarıq və keyfiyyətlərə
şagirdlərin yiyələnməsini asanlaşdırır,
onlarda fəallıq yaradır.
Zemfira
müəllim şagirdlərinin vətənpərvərlik
ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirir,
bunun üçün onlarla milli qəhrəmanlarımızın
həyatına, keçdikləri mübarizə,
döyüş yoluna dair söhbətlər aparır, sinifdənxaric
maraqlı tədbirlər təşkil edir.
Miryasin SEYİDOV,
"Qızıl qələm"
mükafatı laureatı
Azərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.6.