Bakı Modern məktəbində
"açıq dərs"
Noyabrın
8-də Bakı Modern məktəbində
Dövlət Bayrağı Günü münasibətilə tədbir
keçirildi. Təhsil müəssisəsinin bayraq
meydanında başlanan tədbir "açıq dərs"
kimi təşkil edilmişdi. Açılışda
iştirak edən məktəblilər və qonaqlar Dövlət
himnini ifa etdilər, Dövlət
bayrağı qaldırıldı. Öncə mərasimdə
məktəbin direktoru, qabaqcıl təhsil işçisi
Gülarə Əfəndiyeva çıxış edərək
məktəbin müəllim və şagird kollektivini,
iştirakçıları Dövlət Bayrağı,
Konstitusiya və Milli dirçəliş günləri
münasibətilə təbrik etdi. Gülarə xanım 9
noyabr Dövlət Bayrağı Gününün mahiyyətindən
bəhs edərək, üçrəngli bayrağın
dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi
olduğunu qeyd etdi. Üçrəngli
bayrağımızın Dövlət bayrağı kimi qəbul
olunmasının tarixi barədə danışdı. Məktəblilərdə
vətənpərvərlik hisslərinin daha da inkişaf
etdirilməsini arzuladı.
Sonra
söz "açıq dərs"in aparıcısı,
tarix müəllimi Hamlet Əliyevə verildi. O, bildirdi ki, hər
bir ölkənin tarixi və dövlətçilik ənənələri
onun rəmzlərində və atributlarında öz əksini
tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi
və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm
etdirən müqəddəs rəmzlərdir.
Məlum
olduğu kimi, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə
imzaladığı sərəncama əsasən hər il
noyabr ayının 9-u ölkəmizdə Dövlət
Bayrağı Günü kimi qeyd olunur.
Şagirdlərin
nəzərinə çatdırıldı ki, müqəddəs
bayrağımıza hörmət və sevgisini göstərən
ulu öndərimiz Heydər Əliyev və onun layiqli
davamçısı Prezident İlham Əliyev onu
dünyanın bir çox ölkələrinə
tanıtdı. İdmançılarımız öz qələbələri
ilə hər dəfə bayrağımızı yüksəklərə
qaldırırlar. Bakıda Bayraq Meydanında
ucaldılmış, hündürlüyünə və
möhtəşəmliyinə görə Ginnesin rekordlar
kitabına düşən bayrağımız gün gələcək
işğal olunmuş rayonlarda dalğalanacaqdır. Sonra
şagirdlər dövlətçiliyimizi və
bayrağımızı tərənnüm edən şeirlər
söylədilər.
İştirakçılar
məktəbin vətənpərvərlik guşəsinə dəvət
edildi, burada şagirdlərə bayrağımıza ən
böyük dəyər verən ulu öndərin kövrək
notlarla söylədiyi "Azərbaycan" şeiri səsləndi
və onun büstünün önünə gül dəstələri
qoyuldu. Xatirə şəkilləri çəkildi, dövlət
rəmzləri ilə bağlı müsabiqə
keçirildi. Şagirdlərə üçrəngli
bayrağımızın tarixini əks etdirən bukletlər
paylandı. Foyedə böyük ekranlarda
bayrağımıza aid videoklip nümayiş olunaraq
"Bayraq" mahnısı səsləndi.
"Açıq
dərs" formasında keçirilən tədbir sinif
otaqlarında davam edilərək yekunlaşdı.
Fazil İDRİSOĞLU,
foto müəllifindir
AZərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.6.