Fəal təlim zamanın
tələbidir
Elmin, texnikanın sürətlə
inkişaf etdiyi müasir dövrdə ənənəvi üsullardan əl çəkmək, yeni fəal təlim metodlarından istifadə
etmək müəllimdən yüksək hazırlıq, cəsarət
tələb edir.
Fəal
təlimin ənənəvi tədrisdən əsas fərqi onun şəxsiyyətyönümlü
olmasıdır. Hər bir müəllim
çalışmalıdır ki,
qarşısında əyləşən şagirdi
sağlam düşüncəli, yüksək
intellektual səviyyəli şəxsiyyət
kimi yetişdirsin. Fəal
təlimdən fərqli olaraq ənənəvi tədrisdə şagird yalnız dərslikdəki
mövzuları öyrənməklə kifayətlənirdi. Əlavə
məlumatlardan az istifadə olunurdu. İnteqrativlik əsas
prinsip kimi qəbul olunmurdu. Yəni ənənəvi
tədris bilikyönümlü, müəllimyönümlü,
fənyönümlü, təklifyönümlü xarakter daşıyırdı. Bəlkə elə
buna görə idi ki, dərsə maraq
azalır, sinifdə yaxşı oxuyan və
zəif oxuyan şagirdlər tez nəzərə çarpırdı. Belə
hallar sinfin psixoloji durumuna da böyük təsir
göstərirdi. Yəni sinifdə yaxşı oxuyan şagirdlər zəif oxuyan
şagirdlərlə az ünsiyyət qururdular.
Bu isə zəif şagirdlərdə
özünəqapanma hallarına gətirib
çıxarırdı. Onlar öz fikirlərini belə ifadə etməyə
çəkinirdilər.
İndi fəal, interaktiv
təlim metodlarından istifadə etməklə şagirdlərin
təhsilə olan marağının
artdığını görürük.
Yeni təlim texnologiyalarından istifadə
şagirdin biliklə birgə fəaliyyətinin
də inkişafını artırır. Onlar
sərbəst şəkildə İKT-dən istifadə edir, verilən mövzuyla
bağlı əlavə məlumatlar toplaya
bilirlər. Ən əsası şagirdlər təlim prosesində
fəal iştirak edir,
sərbəst fikir söyləyə bilirlər,
onlarda özünə inam
artır.
Artıq
bir neçə ildir ki, dərslərimi
fəal, interaktiv təlim
metodlarından istifadə etməklə
qururam. Mənə elə gəlir ki, bu heç
də pis alınmır. Xüsusən də
ədəbiyyat dərslərində fəal təlimdən
alınan nəticələr yüksək olur.
Məsələn, N.Gəncəvinin həyat və
yaradıcılığı ilə bağlı dərslərimdə
əvvəlcədən hazırladığım slaydlardan, video və audio fayllardan istifadə
edirəm. Şairin
yaradıcılığına geniş nəzər
saldıqdan şonra qəzəllərinə
bəstələnən musiqiləri dinləyirik, "Nizami" filmindən bir
hissəyə baxırıq.
Video və audiofayllardan
istifadənin şagirdlərin dərsə diqqətini cəlb
etməkdə rolu əvəzsizdir. Burada məşhur Çin
deyimi yada düşür: "Mənə de, mən yaddan
çıxarım. Mənə göstər, mən yadda saxlayım. Məni cəlb et, mən öyrənim".
Sevindirici haldır ki,
artıq bu sahədə metodik
vəsaitlər çap olunur,
yeni təlim metodlarından istifadə etməklə
keçilən dərs nümunələri mətbuatda
işıqlandırılır.
Fəal
dərsə, yeni təlim metodlarına dair məqalələri və dərs nümunələrini
tədris jurnalları və qəzet səhifələrindən
oxuyur, bunlardan istifadə
etməklə təlimin səmərəsini artırmağa
çalışıram.
İlahə RƏHİMOVA,
Lənkəran
rayonundakı Vilvan
kənd
orta məktəbinin müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.6.