Hüseyn Cavidin pedaqoji düşüncələri

 

1897-ci ildə Türkiyənin tanınmış pedaqoqmaarifçisi Ayşə Sədiqə İstanbulda "Üsuli-təlim və tərbiyə dərsləri" adlı bir kitab nəşr etdirirkitab ölkənin pedaqoji fikir tarixində əhəmiyyətli yer tutur. Cavid "Həsbi-hal" məqaləsinin üçüncü hissəsində sözünə Ayşə xanımın kitabından bir sitatla başlayır: "Çocuqlara hər kim olsa dərs verir, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən eyi validə verir. Çocuğun birinci mürəbbəsi validədir... Demək olur ki, bir  qövmün səadəti və tərbiyəsində qadınların böyük təsiri vardır. Bunun için hər şeydən ziyadə qadınların tərbiyəsinə etina edilməlidir. Tərbiyəli validələr yetişdirməyə qeyrət edilməlidir". 

 

Cavid də, Ayşə xanım da, Avropanın bir çox filosof və pedaqoqları da uşağın tərbiyəsində ananın rolunu önə çəkirlər ki, bu da təsadüfi deyildir. Zamanə dəyişsə də, həmin fikir bu günöz qüvvəsini saxlayır və aktualdır. Məhəmməd peyğəmbərin "Cənnət qadınların ayaqları altındadır" fikrini nəzərə çatdıran şair, diqqəti təlim və tərbiyədə islamın rolu məsələsinə yönəldir. Müsəlman ölkələrində və cəmiyyətlərində oğlan və xüsusilə qızların təhsilə cəlb edilməsilə bağlı geniş yayılmış yanlış fikirləri saf-çürük edərək "Rəsuli-əkrəmin [oğlan və qızların] təlim və tərbiyədə heç bir fərq qoymadığını, təhsili-elmdə kişiyə, övrətə müsavi bir surətdə fərz buyurduğunu" nəzər-diqqətə çatdırır. Problemin həllinə mane olan dini ehkamlara, mövhumataxurafata qarşı çıxır. Qız uşaqlarının məktəbdən yayındırılması və təhsildən uzaqlaşdırılmasının islama zidd olduğunu söyləyir. Sualı bu cür qoyur: "Əcəba, səkiz-doquz yaşında bir qız yalnız ibtidai, yaxud rüşdili təhsil görürsə, şəriətə müxalifmi zənn olunur?". Guya "qız tərbiyə görür-görməz itaətsiz olacaq" söyləyənlərin fikirlərini qəti surətdə rədd edir. Valideynləri qız uşaqlarını məktəbə qoymağa çağırır. Düşünür ki, əgər biz qızların tərbiyəsinə bu cür yanaşsaq, sabah başımıza, gözümüzə vuracaqkor-peşman olacağıq.

Müəllif məqalələrində uşaqların məktəbə hazırlanmasında ev tərbiyəsinin roluna ayrıca yer verir. "Ev tərbiyəsi necə olmalıdır" sualına ailələrdə mövcud olan xoşagəlməz tərbiyə üsulları ilə cavab verir: "Uşaqlar damdabacalarla qorxudulurlar. Başı açıq çölə çıxsan göydən başına adamcıl qurt dərisi düşər. Qaranlıq bir yerə getsən cinlər, divlər səni təhdid edər" və i.a. Şair ailə tərbiyəsində yalançılığı, kindarlığı, qorxaqlığı, itaətsizliyi, xurafat və mövhumatı tənqid edir və valideynlərin xoşagəlməz müraciət üsullarına qarşı çıxaraq yazır: "...Bir ana oğluna "Yavrum! Quzum! Get qardaşını çağır da gəlsin, yeməyini yesin" deyəcəyi yerdə, "Partdamış! Gəbərmiş! Get o qan qusmuş çönənbəri çağır da gəlsin, zəhrimarını zoqqumlasın" - diyor".

O, uşaqlarla bu cür rəftar və  davranışı pisləyir, bu kimi uyğunsuz və cahilanə tərbiyədə bir fayda görmür.

Şair müxtəlif ailələrdə fərqli ailə tərbiyəsinə nəzər salır və düzgün qurulmuş ailə tərbiyəsini təqdir edir. Sağlam ailələrdə tərbiyə və əxlaq məsələlərinin uğurludüzgün həllini yüksək qiymətləndirərək yazırdı ki, ana bir yaşında uşağın yediyi qaletlərdən əlifba düzəldir və ona öyrədir. Evin divarından hesab cədvəli asır, üç-dörd yaşında uşaq bunları gülə-gülə, sevə-sevə öyrənir. Beş-altı yaşına çatar-çatmaz məktəbə həvəs göstərir. Məktəbə getdiyi zaman zəkası, əxlaqı yerində olur, dərsini həvəslə öyrənir. 20 yaşında isə o universiteti bitirmiş fazil bir əfəndi olur".

Şair Azərbaycan analarını, Azərbaycan ailələrini bu cür görmək istəyir.

Azərbaycanda ibtidai təhsilin bir çox vacibciddi problemlərinə münasibət bildirən müəllif düşünürdü ki, bu gün olmasa da, bir neçə ildən sonra ibtidai təhsil istər qız, istərsə də oğlanlar üçün məcburi olacaqdır. Şair səbirsizliklə və böyük ümidlə həmin günü gözləyirdi.

Ailə və ana tərbiyəsini, qızların təhsilə cəlb edilməsi məsələsini önə çəkən vətənpərvər və maarifçi şairin cümlələrini oxuyarkən onun nə qədər narahatlıq hissi keçirdiyini aydın sezmək olur. Belə halı yalnız vətənini və millətini sevən, onun gələcəyini düşünən insanda görmək olar. O, övladının tərbiyəsini başlı-başına buraxan, qayğısına qalmayan, onu tərbiyədən məhrum edən valideynlərə üz tutaraq "Siz ey ataanalar! Yarınki gün cigərguşələrinizin zillət, fəlakət odunda yanıb-qavrulduqlarını ağlaya-ağlaya seyr edəcəksiniz" deyərək yazırdı: "Çocuqlar məsumdurlar, onunçin yapdıqları işlərin hiç birindən məsul deyildirlər, onların hal və hərəkətlərindən məsul olacaq yalnız ata-analardır... Xeyirsiz, xain, ədəbsiz evlad yetişdirib onları tərbiyə və islahına çalışmayan ata-analar, şübhəsiz ki, gələcəkdə namuslu, vicdanlı, heysiyyətli insanlara müsəllət olmaq için bir sürü əxlaqsız, bir yığın sərsəri yetişdirmiş olurlar...".

Bu sözlər sanki bugün yazılmış və bu gün üçün  deyilmişdir. Cavidin yaşadığı dövr başqa, bu günkü dövr başqadır. Bununla belə, ailə, məktəb və əxlaq tərbiyəsi ilə bağlı problemlər bu gün nəinki azalmış, əksinə, çoxalmışdır... Şair övlad tərbiyəsinə məsuliyyətsiz yanaşan ataanalara qarşı barışmaz mövqe tuturdu. "Qeydsiz, tərbiyəsiz ata-ananın övladı için nə dərəcədə məsul olacağı, nə müdhiş cinayət işlətdiyi hər kəsə məlum, aydın həqiqətdir" sözlərini ürəkağrısı ilə yazırdı.

Cavid təlim-tərbiyə məsələlərindən və məktəb binalarından danışarkən məşhur bir məsəli diqqətə çatdırır: "Günəş girməyən yerə təbiblər girər". Təlim və tərbiyə prosesinin həyata keçirilməsində məktəb binasını və sinif otaqlarını əsas təlim və tərbiyə ocağı hesab edir. Düşünür ki, məktəblər və məktəb binaları gözəl və görkəmli, havalı və uca yerlərdə tikilməlidir. "Pis, murdar, üfunətli yerlərdən uzaq olmalıdır. Xəstəxana, həbsxana, məzarıstan kibi yapı (bina)lara yaqlaşmamalıdır. Məktəb binası mümkün dərəcədə günəşli yerlərdə vaqe olmalı, rütubəti çoq olan yerlərdən həzər edilməlidir...". Nə üçün? Çünki orada körpə uşaqlar oxuyur və tərbiyə alırlar. Günəşsizlik və rütubət isə bir çox xəstəliklərin mənbəyidir. Şair bu mövzudan bəhs edərkən istər-istəməz özünün oxuduğu və tərbiyə aldığı Sidqinin məktəbini xatırlayır.

O, məzunu olduğu və Naxçıvanın maarif tarixində xüsusi yeri olan məktəb haqqında geniş və qiymətli məlumarlar verir. Həmin məlumatlar Sidqi məktəbinin tarixinitaleyini öyrənmək baxımından əhəmiyyətlidir. O yazır ki, məktəb acınacaqlı bir şəraitdə fəaliyyət göstərirdi. Sinif otaqları günəşsiz, darısqal və rütubətli idi. Bazarçayın gurultusu tədris prosesinə mane  olurdu. Bunu görən yerli çar hökuməti məktəbin başqa bir yerə köçürülməsini qərara alır. Hökumətin təşəbbüsünü alqışlayan şair, onun baş tutmaması haqda yazırdı: "Şəhər [Naxçıvan] qlavası Cəfərqulu Xan Naxçıvanski cənabları ilə şəhər hakimi Slavaçinski bu xüsusda [məktəbin başqa yerə köçürülməsində] pək fədakarlıqda bulunmuşlar. [Ancaq nə yazıqlar olsun ki] "Cidilli bağ" adlı geniş, havadar, gözəl bir yerdə məktəb təsisini xalqa təklif etmişlər isə də kimsə razı olmamışdır".

Cavid hesab edirdi ki, təhsil, təlim və tərbiyə işi ilk öncə məktəb binasından başlanır. Əgər məktəb binası yararsız və uyğunsuz bir yerdədirsə, orada təlim və tərbiyə prosesi səmərəli təşkil oluna bilməz. Cəfərqulu Xanın və Slavaçinskinin cəhdlərinin boşa getməsinə təəssüflənən müəllif, işin baş tutmamasında mövhumatçıları və xurafatçıları suçlayır və bu barədə yazırdı: "Qafqasda sakin bütün türklərin hər şəhərdə, hər qəsəbədə (vəqf yeri)* köhnə məzarıstan kibi bir çoq qiymətli, əhəmiyyətli yerləri [məktəb və s. üçün]  əldən çıqarıb mevhumat sapmaların ərzi-ixtar etməkdir. Bu dürlü uyğunsuzluqlara [Naxçıvanda] deyil, Qafqasiyanın hər şəhərində təsadüf etmək mümkündür".

Şair hesab edirdi ki, məktəb binası mümkün dərəcədə günəşli bir yerdə olmalıdır. Sinif otaqlarına işıq bir tərəfdən (soldan) düşməlidir. Əgər bir neçə tərəfdən düşərsə, bu, şagirdlərin gözlərinə zərərdir. İşığın sol tərəfdən düşməsi daha faydalıdır. "Çünki, [işıq] sağ tərəfdən gələcək olsa, [şagird] yazı yazarkən sağ əl dəftər üzərində öz kölgəsilə şagirdləri rahatsız edər. Sınıfın (klasın) pəncərələri də olduqca çoq və aydınlıq olmalıdır. Məktəbin dörd-beş arşın (rus arşını) günəş bir dəhlizi (koridoru) və tənəffüsxanəsi olmalıdır". Bundan başqa, hər məktəbin özünəməxsus gözəl bağçası olmalıdır. Şagirdlər tənəffüs zamanı orada sərbəst gəzib təmiz hava almalıdırlar. Ayaqyolu məktəb binasından  mümkün qədər uzaqda tikilməlidir. Məktəb xadimələri şagirdlərə qarşı nəzakətli olmalıdırlar. Sinif otaqlarında partalar şagirdlərin sayına görə düzülməlidir. Müəllim şagirdləri partalarda boy ölçülərinə görə oturtmalıdır. Əks-təqdirdə şagirdlərin boyun, kürək və bel sümükləri əyilə bilər, bədənə zərər toxunar. "Fikrin müstərih** və oynaq olması için bəhər hal*** baş şaquli (dik) bir vəziyyət almalıdır. Öylə olmasa  qan dimağ (beyin)də sərbəst cəvəlan edəməz. Beyin qanın cəryani-sərbəstanəsindən [sərbəst dövranından] məhrum olunca fikirlər, duyğular da məhdud və əqim**** qalmış olur. Çünki dimağ qan ilə, əfkar [fikir] və ehtisasat [hissetmə, sezmə] da dimağ ilə ərzi-fəaliyyət edir".

Cavid məqalələrində bu kimi tibbi, pedaqoji, fizioloji məsələlərin şərhində təcrübəli bir müəllim və həkim təsiri bağışlayır, İstanbul Universitetində və fərdi mütaliə yolu ilə adıçəkilən elmlərə nə dərəcədə dərindən yiyələndiyini büruzə verir. Amerika və Avropanın məktəb təcrübəsinə istinad edərək, bir partada iki şagirddən çox uşağın oturmamasını məsləhət görür. Dərs müddətinin, həmin ölkələrin təcrübəsinə uyğun olaraq, 45-50 dəqiqədən çox olmamasını tövsiyə edir. Uşaqların sağlamlığının qorunması məsələsinə xüsusi önəm və əhəmiyyət verir. Bu məqsədlə tənəffüslərdə siniflərin havasının mütləq dəyişdirilməsini bir pedaqoji tələb kimi irəli sürürbunu belə əsaslandırır: "Dərsdə tələbənin tənəffüs etdiyi zaman havaya hamizi-qarbon dağılır, tər və yağ ifrazatı təbəxxür***** edərək sınıfın havasını olduqca zəhləyir".

Şair-pedaqoq məktəbdə və dərsdə gigiyenik qaydalara ciddi əməl olunmasını məktəb rəhbərləri və müəllimlərinin üzərinə düşən ciddi bir vəzifə hesab edir. Xəstəliyə düçar olmuş uşaqların dərsə gəlməyə məcbur edilməsinə qarşı çıxaraq yazır: "Bəzi çocuqların xəstəliyinə diqqət etməyib də ata-anası başından atmaq niyyətilə, müəllim də qeydsizlik və ehtinasızlıqla sınıfa qəbul etməkdən çəkinməz isə, şübhəsiz ki, bir çoq biçarə məsumların da [sinifdəki şagirdlərin] fəlakətinə yol açmış olur".

Cavid məqalələrində uşaqların məktəbə qəbul edilməsi məsələsinə də toxunmuşdur. Düşünmüşdür ki, məktəbə alınan uşaqların yaşına xüsusi diqqət yetirilməlidir. Şəhadətnaməsi və 7 yaşı olmayan uşaqlar məktəbə qəbul edilməməlidirlər. "Çünki pək küçük çocuqlar, cır ağaclar kibi cılız, zəif bir vücud ilə dərsə başlayınca sıqılır, zəhmət çəkir, həm vücudca, həm də fikircə zəif olurlar".

Hesab edirdi ki, şagirdlərin sağlam böyüməsi və təhsil alması üçün tənəffüslərdə məktəbdə gimnastik məşqlər və müxtəlif uşaq oyunları təşkil edilməlidir. Oyunlarda müəllim şagirdləri sərbəst buraxmalı, ancaq onlara nəzarəti unutmamalıdır. Yeri gəlmişkən deyim ki, o, İstanbula ali təhsil almağa gedərkən gəmi yolüstü Samsunda dayanır. Fürsətdən istifadə edən şair qəsəbə məktəblərindən birində şagirdlərin gimnastik məşqlərinə tamaşa edir. Görünür, hələ 1905-1906-cı illərdə Türkiyə məktəblərində şagirdlərin yorğunluğunu və sağlamlığını nəzərə alaraq tənəffüs zamanı gimnastik məşqlərdən istifadə edilmişdir.

Cavid "Həsbi-hal" məqaləsində ibtidai siniflərin dərslik və proqramları haqda ayrıca söz açmışdır. Hesab etmişdir ki, dərslik və proqramlar olduqca düşünülmüş, aydın və mənfəətli olmalıdır. Onlarda mövhumatxurafata aidvarsa islah edilməlidir. Başqa sözlə, dərsliklər və proqramlar elmi-pedaqojimetodiki prinsiplərə uyğun hazırlanmalıdır. Çünki bu, zamanın tələbidir. "XX əsr mədəniyyəti [proqramlardakı] belə uyğunsuzluqlara əsla təhəmmül etməz. Zira təlim və tərbiyə saf dimağları (beyinləri), ləkəsiz vicdanları ləkədir edəcək bir alət deyildir. Əksinə, tərbiyə bəşəriyyəti qaplayan çirkinlikləri silib atmalı və paslı beyinləri təmizləməlidir".

Müəllif təlim və tərbiyə prosesində milli xüsusiyyətləri nəzərə almağı  pedaqoji bir tələb və vəzifə kimi irəli sürürdü. Bu cəhətdən ingilis filosofumaarifçisi Herbert Spenserin ingilis məktəblərində təlim və tərbiyə prosesinin təşkili haqda fikirlərini Azərbaycanın pedaqoji ictimaiyyətinin nəzərinə çatdırmağı lazım bilirdi. Düşünürdü ki, ingilis məktəblərində təlim və tərbiyə prosesinin təşkili ilə müsəlman türk məktəblərində təşkilini eyniləşdirmək olmaz. Çünki ingilis mühiti, təfəkkürü, dünyagörüşü, təlim və tərbiyə sistemii başqa, bizimki daha başqadır.

Cavid mütaliə ilə ilgəli müəllimin qarşısına ciddi vəzifələr qoyurdu. Yazırdı ki, müəllim öyrənib və şagirdlərə öyrətdiyi kitablarla kifayətlənməməlidir. Müntəzəm olaraq pedaqogikaya, təbiyyata və əxlaqa aid kitabları mütaliə etməlidir. Sadəcə mütaliə yox, oxuduğu kitablardan faydalı nəticə çıxarmalı və bunu öz işində tətbiq etməlidir. Müəllim öz mənəviyyatını zənginləşdirməyə, vicdanını islah etməyə çalışmalıdır. Söylədiyi sözlərlə, verdiyi nəsihətlərlə şagirdlərə təsir etməyi bacarmalıdır. O, sinifdə müəllimin sözündən qiymətli, təsirli silah görmürdü. Düşünürdü ki, sözün təsirli və inandırıcı olması üçün müəllimin özü təmiz bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir məlumata malik olmalıdır. Bu, pedaqoji fəaliyyətdə xüsusi əhəmiyyətə malikdir. "Bir müəllim öz-özünü bir riyazəti-mənəviyyə ilə islah etdikdən sonra, şübhəsiz ki, hər sözü, hər duruşu, hər halı bütün şagirdlər nəzərində böyük bir əhəmiyyətə tələqqi olunur. Kəmali-sürət və mətanətlə hər kəsin ruhuna nüfuz edə bilir". O, bununla da diqqəti müəllim sözünün sehrinə, siqlətinə, inandırıcı olmasına, estetik gözəlliyinə, "Özü bir şeyə inanmayan kəs başqasını necə inandıra bilər?" fikrinə cəlb edirdi. Müəllimin pedaqoji hazırlıq və ustalığına, nüfuz və şəxsiyyətinə, bilik və dünyagörüşünə münasibətini bildirərək deyirdi: "Şimdi bizim yalnız məktəblərimiz deyil, bütün həyati-ictimaiyyətimiz belə saf, parlaq bir tərbiyəyə möhtacdır. Müəllimlərimiz azacıq muşikafanə, durbinanə hərəkət edəcək olsalar, şübhəsiz ki, bütün mühitimizi islah etmiş olurlar".

İbtidai sinif müəllimi yalnız dərs deməklə kifayətlənməməlidir. O, şagirdlərin gigiyenik qaydalara necə əməl etmələrinə, səliqəli və təmiz geyinmələrinə də diqqət yetirməlidir. "Hər iki gündən bir çocuqların əlbisəsinə, yüzünə, əllərinə baqıb kirli və təmiz olduqlarını" yoxlamalıdır. Şagirddə qüsur görsə, bunu ona "yumşaq, tatlı bir dil ilə anlatmalıdır" ki, buraxdığı nöqsanı təkrar etməsin. Müəllim uşağın anlayacağı tərzdə, ona bir ata kimi, tövsiyələr versə, onu tənbeh etsə daha uğurlu nəticələr qazana bilər... (Şair özünə qarşı ata qayğısını, ata münasibətini Sidqinin məktəbində görmüşdü. Bunu müəllimlərə də tövsiyə edirdi).

O, məqalələrində xalqın məktəbə və uşaqların tərbiyəsinə münasibəti məsələsinə də toxunmuşdur. Qeyd etmişdir ki, xalq artıq məktəbə, buradakı tərbiyəyə hüsni-rəğbət bəsləməyə başlamışdır. Müəllimin tərbiyə işində rolu haqda yazmışdır: "Müəllim əgər uslu, namuslu, həlim, səlim bir əfəndi olursa, təbii, dörd-beş sənə zərfində yalnız bir ibtidai məktəbi deyil, məktəblə əlaqədar olan böyük bir köyü (kəndi), köy xalqını tamamilə islaha müvəffəq olur".

Cavid ibtidai məktəblər üçün türk dilində aşağıdakı dərsliklərin olmasını lazım və vacib bilirdi: Müxtəsər qiraət, kitabət, elmi əşya, coğrafiya, hesab, türk tarixiislam tarixi. İkinci ildən etibarən isə həmin fənlərə rus dilinin əlavə edilməsini məsləhət görürdü. Hesab edirdi ki, sinifdə şagirdlərin oxuması, yazması və öyrənməsi üçün işgüzar şərait yaradılmalıdır. Onların fərdi yaradıcılıq qabiliyyətlərinə diqqət yetirilməlidir. Müəllim sxolastik, kor-koranə təlim üsulundan qaçmalı, şagirdləri şəxsi təşəbbüsdən məhrum etməməli, onlara həqiqi bilik verməlidir.

 

* Savab üçün ayrılmış yer, mülk.

** Rahat, dinc.

*** Hər halda.

**** Nəticəsiz, səmərəsiz.

***** Buxarlanma, buğlanma.

 

 

İsgəndər ORUCƏLİYEV,

AMİ-nin dosenti, filologiya 

üzrə fəlsəfə doktoru

 

Azərbaycan müəllimi.- 2012.- 16 noyabr.- S.8.