Jurnalist həmkarımızın dörd cilddə seçilmiş əsərləri çapdan çıxıb

 

"Elm və təhsil" nəşriyyatı tanınmış tədqiqatçı-jurnalist Məhəmməd Baharlının "Seçilmiş əsərləri"ni çapdan buraxıb.  Nəfis tərtibatla, yüksək poliqrafik icra keyfiyyəti ilə çap olunmuş dördcildlikdə  müəllifin çoxşaxəli və zəngin yaradıcılığının ən dəyərli nümunələri yer alıb. 

Uzun müddət ayrı-ayrı mətbuat orqanlarında müxbirlikdən baş redaktorluğadək ən müxtəlif vəzifələrdə işləmiş, qələmini jurnalistikanın bütün janrlarında, publisistikada, elmi-pedaqoji və bədii yaradıcılıqda eyni məharətlə işlətmiş Məhəmməd Baharlı istedadı, həyat duyumu, fəaliyyəti, zəngin dünyagörüşü, dərin erudisiyası, gözütoxluğu, sənətinə sevgisi və sadiqliyi ilə örnək olası jurnalistlərdəndir. Eyni zamanda Məhəmməd Baharlı çox məhsuldar mətbuat işçisidir. Onun indiyədək 4 mindən çox yazısı onlarca mətbuat orqanında işıq üzü görüb.

45 illik yaradıcılıq dövrünün məhsulları olan həmin yazıların böyük əksəriyyəti yazıldığı vaxtdan asılı olmayaraq, toxunduqları problemə və jurnalist-yazıçı sənətkarlığına görə indi də öz aktuallığını saxlayır. Bu baxımdan həmkarımızın qələm məhsullarının hər biri "Seçilmiş əsərləri"nə düşməyə layiqdir. Lakin Məhəmməd müəllim seçim edərkən yaradıcılığının hər istiqamətini bir cilddə verməyi nəzərdə tutduğundan zəngin yaradıcılıq nümunələri içərisindən bu gün üçün ən dəyərli hesab etdiklərini seçib "Seçilmiş əsərləri"nə daxil etmişdir.

Müəllif tərtibat üçün də orijinal forma seçmiş, dördcildliyin hər birinə içərisindəki yazıların aid olduğu sahəyə uyğun ad vermişdir. Bu baxımdan "Seçilmiş əsərləri"nin "Publisistika" adlandırılmış I cildinə M.Baharlının yaradıcılığının bu əsas istiqamətinə dair əsərləri - axtarışları və tapıntıları, görüşləri və xatirələri, tarix, ədəbiyyat, cəmiyyət, təhsil və digər taleyüklü milli məsələlər barədə mülahizələri yer almışdır.

Buradakı "axtarışlardan sensasiyalaradək" ən müxtəlif səpgili yazıları elmi, tarixi, pedaqoji publisistikamızın gözəl nümunələri hesab etmək olar. Bu baxımdan cildin ön səhifələrində yer almış "Azərbaycan tarixi - Baharlılar" tədqiqat əsərini xüsusi qeyd etmək istərdik. Məhəmməd Baharlı özünün də mənsub olduğu Baharlılar tayfası haqqında 30 il ərzində apardığı araşdırmalar nəticəsində maraqlı bir tədqiqat əsəri ortaya qoymuşdur.

Müəllifin bu cildə daxil etdiyi digər bir tədqiqat əsəri "155 yaşlı ilk əlifba dərsliyimiz - "Əlifbeyi-cəhdid" məqaləsi də vaxtilə pedaqoji mətbuatda dərc olunarkən əsl sensasiya yaratmışdı. Cilddə yer almış "Mirzə Fətəli Axundovun kötücəsi ilə söhbət", "Xalq şairi Süleyman Rüstəmlə qeyri-adi söhbət", "Bəxtiyar Vahabzadə məni niyə axtarırdı", "Sərhəd rayonunun uşaqları" və b. yazılar da müasir publisistikamızın ən dəyərli nümunələridir.

"Seçilmiş əsərləri"nin "Poeziya" adlanan ikinci cildində 1000-dən çox şeirin müəllifi olan Məhəmməd Baharlının poetik nümunələri toplanmışdır. Lirik və ictimai mövzulu şeirlər mövzu əlvanlığı, yüksək poetikası və səmimiliyi ilə diqqəti çəkir. Lirik şerirlərində sevgi, saf məhəbbət xüsusi şövqlə qələmə alınmışdır.

Güclü müşahidə qabiliyyətinə, dərin ümumiləşdirmə bacarığına, yumor hissinə malik Məhəmməd Baharlının yaradıcılığında yumorlar da böyük yer tutur. Əsasən ötən əsrin 70-90-cı illərində qələmə alınmış bu bədii söz nümunələri, eləcə də Məhəmməd müəllimin müxtəlif vaxtlarda yazdığı povest və hekayələr, siyasi felyetonlar hələ ötən yüzilliyin sonlarında müəllifini kamil bir yazar kimi tanıtmışdır. Bu nümunələrdən seçmələr "Seçilmiş əsərləri"nin üçüncü - "Proza" cildində cəmlənmişdir. Yumorların tənqid hədəfləri cəmiyyətdəki çatışmazlıqlardır. Yumorlar və hekayələrin cəlbediciliyi, gözəlliyi ondadır ki, onlarda hadisələr dialoqlar vasitəsilə təsvirlənir.

"Seçilmiş əsərləri"n  "Pedaqogika" adlanan sonuncu - IV cildi  M.Baharlının elmi-pedaqoji yaradıcılığına həsr olunub. Uzun illər pedaqoji mətbuatda çalışan M.Baharlı pedaqoji işin də dərin bilicisi kimi tanınmış, elmi-pedaqoji mövzuda, məktəb və pedaqogika tarixindən bəhs edən çoxlu sayda məqalə və irihəcmli əsər qələmə almışdır ki, onlardan da biri "Məktəbdə pedaqoji işə rəhbərlik" əsəridir. Gənc nəslin təlim və tərbiyəsi işinə rəhbərlik məsələlərindən bəhs edən bu kitab ilk dəfə 1988-ci ildə "Maarif" nəşriyyatında, 1999-cu ildə isə "Təhsil" nəşriyyatında çap olunmuşdur. Həmin kitabın təkmilləşdirilmiş variantı bütövlükdə "Seçilmiş əsərləri"nə daxil edilmişdir.

"Seçilmiş əsərləri" Məhəmməd Baharlının böyük uğuru, çoxillik jurnalist-publisist, elmi-pedaqoji və bədii yaradıcılığının gözəl bəhrəsidir. Bu münasibətlə həmkarımızı ürəkdən təbrik edir, ona daha böyük yaradıcılıq sevincləri arzulayırıq.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 16 noyabr.- S.8.