Nobel
mükafatından imtina etməyə hazır olan alim
XX əsrdə
nəzəri fizika elminin inkişafında ən öncül
yerlərdən biri ingilis nəzəriyyəçisi Pol Adrien
Moris Diraka məxsusdur. Hər hansı elm klassiki haqqında
danışanda, ilk növbədə, onun adı ilə
bağlı olan elmi kəşflər, tədqiqat işlərinin
sayı qeyd olunur. Bu kriteriya əsas götürülsə,
onda XX əsrdə fizikanın lideri qismində Pol Dirak
çıxış edir. Onun adı ilə bağlı olan -
Dirak tənliyi, Dirak matrisası. Dirak delta-funksiyası, Dirak ikinci kvantlama metodu, Dirak
monopolu, Fermi-Dirak statistikası, Dirak "dənizi", Dirak
yaxınlaşması, Dirak antimateriyası kvant mexanikasına
dair dərsliklərə düşmüş terminlərin bir
qismidir. O, pozitronun
varlığını əvvəlcədən xəbər
verib, təkrar kvantlama metodunu təklif
edib, kvant elektrodinamikası və qravitasiyanın kvant əsaslarını
qoyub. 1933-cü ildə Nobel mükafatına layiq
görülüb. 1999-cu ildə Britaniya Fizika Cəmiyyəti
tərəfindən nəşr olunan "Fizika
dünyası" ("Physics World") jurnalının alimləri
arasında keçirilmiş rəy sorğusu tarixdə ən
məşhur 10 fizikin adını müəyyənləşdirib:
1. Albert Eynşteyn; 2. İsaak Nyuton; 3. Ceyms Klark; 4. Nils Bor; 5.
Verner Heyzenberq; 6. Qalileo Qaliley; 7. Riçard Feynman; 8. Pol Dirak;
9. Ervin Şredinger; 10. Ernest Rezervord.
Pol Dirak bu siyahıda şərəfli yer tutub.
Uşaqlıq
illəri
Pol Dirak 1902-ci il avqustun 8-də İngiltərənin Bristol şəhərində anadan olub. Onun atası Çarlz
Dirak gənclik illərində İsveçrənin Mifoni əyalətindən
İngiltərəyə köçmüş emiqrant idi. O, ingiltərəli gəmi
kapitanının qızı
Florens Xolten ilə ailə qurmuşdu. Ailə yalnız 1919-cu ildə
Britaniya vətəndaşlığını
almışdı. Emiqrant ailəsi
olduqca qapalı həyat tərzi sürürdü. İngilis
cəmiyyətində gəlmələrə ehtiyatlı
münasibət hökm sürürdü. Sükut, utancaqlıq, özünə
qapalılıq, tənhalıqda düşüncələrə
dalmaq və tək-tənha uzunsürən gəzintilər
Polun bütün həyatı böyunca əsas xarakterik cəhətləri
olub. Ailədə 3 uşaq var
idi. Qardaşı Recinald 2 yaş ondan böyük,
bacısı Beatris 4 yaş kiçik idi. Recinaldın həyatı
faciəli surətdə bitib. 1924-cü ildə o, intihar edib.
Atası haqqında Dirak yazırdı: "Mənim atam ailədə
belə bir qayda qoymuşdu ki, mən onunla yalnız fransız
dilində danışmalıyam. O düşünürdü
ki, bu, mənim fransız dilini öyrənməyim
üçün yaxşı vasitədir. Lakin mən müəyyən
etdim ki, öz fikirlərimi fransız dilində ifadə edə
bilmirəm. Buna görə də susmağa üstünlük
verdim. Beləliklə də mən azdanışan
oldum". Balaca Pol əvvəlcə
Bişop Roud ibtidai məktəbinə gedib, sonra 12 yaşı
tamam olanda Merçent Texniki Kollecində orta təhsil alıb.
Hər iki məktəb Bristolda yerləşirdi. Onun atası
da bu kollecdə fransız dili müəllimi işləyirdi. Şagirdləri onu sevmirdilər, o,
çox sərt və tələbkar idi. Ola bilsin ki,
şagirdləri onun pedaqoji priyomlarının effektivliyini o qədər
də başa düşmürdülər. Məktəb illəri
barədə Dirak sonralar yazırdı: "Bu, çox
gözəl məktəb idi. Burada elm və müasir dillər
çox yaxşı tədris olunurdu. Orada latın, yunan dili
yox idi, mən buna şad idim, çünki qədim mədəniyyət
dəyərlərini başa düşmürdüm... O qədər də uğurlu olmasa
da, mən futbol oynayırdım.
Lakin məktəb illəri ərzində məndə elmə
güclü maraq yaranır və inkişaf edirdi. Mən
Birinci Dünya müharibəsi illərində, 1914-1918-ci illər
ərzində burada oxumuşam.
Şagirdlərin çoxu orduya cəlb olunmuşdu. Nəticədə
yuxarı siniflər boşalmışdı. Boşluğu doldurmaq
üçün aşağı sinif şagirdlərini
onların öhdəsindən gələ biləcəyi dərəcədə
yuxarı siniflərə keçirmişdilər. Bu, mənə
sərfəli idi. Mən aşağı sinifləri sürətlə
keçərək çox erkən yaşda riyaziyyat, fizika,
kimyanı ən yüksək səviyyədə mənimsəmişdim.
Riyaziyyatı mən kitablardan öyrənmişdim, bu kitablar mənə
sinifdə öyrədiləndən də çox məlumat
verdi".
Məktəbdə Dirakın elmə olan
marağını tez qiymətləndiriblər. 1918-ci ildə
Dirak atasının təklifi ilə Bristol Universitetinin
elektrotexnika fakültəsinə daxil olub. O, buranı 1921-ci
ildə "əla" qiymətlərlə başa vurub. 40
il sonra Dirak yazırdı:
"Mən özüm üçün müəyyən
etmək istəyirdim ki, mühəndislik şöbəsində
oxumağım mənə necə təsir edib. Mən
universiteti başa vurduqdan sonra bu ixtisas üzrə işləmədim,
lakin bu təhsil ocağı mənim ümumilikdə elmə
olan yanaşmamı kökündən dəyişdi. Hər
şeydən əvvəl, məni dəqiq tənliklər
maraqlandırırdı. Mühəndislik
hazırlığım isə mənə yaxınlarıma
qarşı daha təmkinli olmağıma kömək
edirdi. Mən hesab edirəm ki,
mühəndislik fakültəsində oxumasaydım,
sonrakı illərdə məşğul olacağım fəaliyyət
sahəsində ciddi uğur qazana bilməzdim".
Alimləri
heyrətləndirən gənc tələbə
Dirak kifayət qədər qeyri-adi tələbə
olub. O, mühazirələrdə yalnız əsas ideyaları
anlamağa çalışırdı. Qalan materialı o,
müstəqil surətdə kitablardan və orijinal məqalələrdən
öyrənirdi. Bu cür öyrənmə gedişində
Dirak bəzən artıq bir çox yaşlı alimlərə
tanış olan və geniş müzakirə olunan problemlərin daha mükəmməl
və yeni həll variantlarını tapırdı. Onun ilk elmi
məqalələri də belə yaranıb.
Pol Dirak Bristol Universitetinin mühəndislik
fakültəsində oxuduğu illərdə çox önəmli
hadisələr baş verdi. Nisbilik nəzəriyyəsi
bütün dünyanı sarsıtmışdı.
İnsanların şüuruna dərindən təsir etmiş
bu hadisənin səbəblərini görmək çətin
deyildi. "Biz dəhşətli müharibə illərini
yaşamışdıq... Hamı bir şeyi - müharibəni
unutmaq istəyirdi. Və elə bu məqamda nisbilik nəzəriyyəsi
meydana çıxdı. Bu, müharibədən
qaçış idi. Mən hələ tələbə idim. Məkan və zaman arasındakı
münasibət məni çox maraqlandırırdı. Bu barədə
çox düşünürdüm. Mənim
üçün tam aydın idi ki, zaman digər
ölçülərə çox oxşardır. Və mənim
ağlıma belə bir fikir gəldi ki, zaman və məkan
arasında hansısa əlaqə ola bilər. Və biz ona
ümumi
dördölçülü nöqteyi-nəzərdən,
lakin vahid həndəsə gözü ilə baxmalıyıq. Lakin o vaxt məlum
olan yeganə həndəsə
Evklid həndəsəsi idi", - bu, tələbə gəncin elm və təbiət qanunları
barədə ilk düşüncələri idi. 1921-ci ildə
Dirakın mühəndis ixtisası üzrə iş tapmaq cəhdləri
nəticəsiz qaldı. Lakin xoşbəxtlik nəticəsində
ona Bristol Universitetində 2 il ərzində riyaziyyatı pulsuz tədris etmək təklif
olundu. Bu illər Dirakın elmi karyerası üçün
başlanğıc hesab oluna bilər. 1923-cü ildə Dirak
Elmi və Sənaye Tədqiqatlar Departamentinin təqaüdünü
alaraq Kembric Universitetinə işə qəbul olunur. 10 il sonra
o, Cozef Larmoru əvəz edəcək və 29 yaşında
Kembricdə bir vaxtlar İsaak Nyutonun rəhbərlik etdiyi
riyaziyyat kafedrasına başçılıq edəcək.
1923-cü ildə Dirak öz arzusunu reallaşdırdı,
o, Kembric Universitetinin aspirantı olub. Elmi rəhbər
seçimində xoşbəxt təsadüf üzünə
güldü. Dirak nisbilik nəzəriyyəsi problemi ilə məşğul
olmaq və professor Kanninqxemin yanında işləmək niyyətində
idi. Lakin o, ikinci bir assistent götürmək istəmədiyini
bildirmişdi. Nəticədə,
Polun elmi rəhbəri Ralf Qovard Fauler təyin olundu. O,
Dirakı Ernest Rezervord, Nils Bor,
Arnold Zommerfeldin atomun quruluşuna həsr olunmuş işləri
ilə tanış etdi. O zaman Kembric atom nəzəriyyəsinin
inkişafında dünya mərkəzi rolunu
oynayırdı. Burada Cozef
Tompson, Ernest Rezervord, Pyotr Kapitsa, P.Blekket, C.Çedvik, H.Heyqer,
E.Marsden, C.Kokroft, M.Olifant kimi adları nəzəri fizika elminə
qızıl hərflərlə yazılmış alimlər
çalışırdı.
İlk vaxtlarda atomlar Dirak üçün
tamamilə hipotetik obyektlər idi, Plank və Eynşteynin kvant
ideyaları barədə isə onun az da olsa məlumatı yox
idi. Artıq 2 il sonra Britaniya Kral Cəmiyyətinin nüfuzlu
elmi məcmuəsində Dirakın 12 səhifəlik "Kvant
mexanikasının əsas tənlikləri" məqaləsi,
daha üç il sonra "Elektronun kvant nəzəriyyəsi"
məqaləsi dərc olunub. Onun bu məqalələri fizikada
əsl inqilab idi. Dirak 31
yaşında kvant elminin hamı
tərəfindən qəbul olunan liderinə çevrildi. Kvant
mexanikasının banilərindən biri oldu, kvant elektrodinamikasının
və kvant elektronikasının əsasını qoyaraq
antimateriyanın mövcudluğunu xəbər verdi. Tezliklə
London Kral Cəmiyyətinin üzvü seçildi.
Ralf Qovard Fauler aspirantı Dirak
qarşısında belə bir məsələ qoydu: "Bor
orbitləri ideyasını daha mürəkkəb sistemlərə
necə tətbiq etməli?". Borun nəzəriyyəsilə
tanış olan Dirak onun qeyri-ardıcıllığından
heyrətə gəlib. O hesab edirdi ki, müəyyən şərtlər
daxilində Nyutonun dinamika qanunları elektronların
atomdakı hərəkətinin təsvirini verə bilərdi.
"Dirak
Nobel mükafatından imtina etməyə hazır idi..."
Pol Dirakın "Kvant mexanikasının əsas
tənlikləri" məqaləsi
onun üçün elitar "Kvant mexanikasının
yaradıcıları" adlandırılan klubun üzvü
olmasında buraxılış vərəqi oldu. Klubun üzvləri
çox gənc idilər - Volfqanq
Paulinin 25, Verner Heyzenberqin 24, Pol Dirak və Paskual
İordanın 23 yaşı vardı. Dirak faktiki olaraq köhnə
klassik mexanika və yeni kvant mexanikası arasında
körpü qurdu. Onun üçün yeni elmi nəticələrin
əldə olunması özünəməxsus məşğuliyyətə
çevrildi. 1926-cı ilin mayında Dirak Kembricdə
"Kvant mexanikası" mövzusunda doktorluq dissertasiyası
müdafiə edib. Elə həmin vaxt avstriyalı nəzəri-fizik
Ervin Şredingerin dalğa nəzəriyyəsi işıq
üzü gördü. Əvvəlcə Dirak dalğa
mexanikasını qəbul etmədi, çünki artıq
Heyzenberqin kvant mexanikası mövcud idi. Digər tərəfdən,
Şredinger Diraka məlum olmayan dalğa funksiyası
aparatından istifadə etmişdi.
Bundan başqa, Şredinger bir müddət ümid edirdi
ki, fizikanı klassik vəziyyətə qaytarmaqla onun
ideyasını ləğv edəcəklər. Lakin yeni
aparatı mənimsəməklə
dalğa funksiyasının simmetriya xassələri barədə
düşünən Dirak italiyalı fizik Enriko Fermidən xəbərsiz
kvant ədədlərinin statistik nəzəriyyəsini
(Fermi-Dirak statistikası) hazırladı. Tezliklə Dirak
bütün fiziklər üçün gözlənilməz
olaraq müəyyən etdi ki, V.Heyzenberq və E.Şredingerin
təsvirləri ideyaca bir-birinə əks olsa da eyni bir kvant
qanunlarının müxtəlif təqdimatlarıdır.
Tezliklə Dirak kvantlama prosesini
E.Şredingerin dalğa tənliyinə tətbiq etdi.
Dirakın adı ilə bağlı olan təkrar kvantlama nəzəriyyəsi
belə yarandı. Fizika elminin yaşlı nəsli tələbə
auditoriyasını yenicə tərk etmiş gənc tədqiqatçının
dərin zəkasının, geniş erudisiyasının məhsulu
olan bu işləri heyranlıqla qarşıladı.
1927-ci ildə Dirak kvant mexanikasının
relyavistik ümumiləşdirməsi məsələsinin həllinə
başlayıb. Bu məsələ
elm üçün xüsusilə aktual əhəmiyyət
daşıyırdı. Çünki elektronların
atomdakı sürəti işıq sürəti ilə
müqayisə olunurdu. Nisbilik nəzəriyyəsi
və kvant mexanikasının sintezi
Dirakın başlıca elmi nailiyyəti idi.
1933-cü ildə Pol Dirak "atom nəzəriyyəsinin
inkişafında səmərəli istiqamətlərin kəşfinə
və onların tətbiqinə görə" Nobel
mükafatına layiq görülüb. Əvvəlcə Dirak mükafatdan
imtina etməyə hazır idi, çünki diqqəti
özünə cəlb etməyi sevmirdi, lakin Ernest Rezervord onu
başa sala bilmişdi ki, əgər mükafatdan imtina edərsə,
bununla daha çox diqqəti özünə cəlb etmiş
olacaq. Yalnız bundan sonra o, mükafatı qəbul etməyə
razılıq verib. O, Stokholma Nobel mühazirəsinə qulaq
asmaq üçün anasını da dəvət etmişdi.
Dirak üçün nə qədər acı olsa da, Nobel
mükafatı ona daha çox məşhurluq
qazandırdı.
Riyazi tənliklərlə
oynayan alim
Pol Dirakın tədqiqatlarından doğan
nəticələr hamı üçün maraqlı idi. Elmi
ictimaiyyətin maraq dairəsində olan Dirakın riyazi tənliklərlə
oynaması diqqətçəkici idi. Nobel mükafatı
laureatı Abraham Paysa görə, onun
davranışını belə ifadə etmək olardı:
"...Əvvəlcə riyaziyyat xatirinə gözəl
riyaziyyatla oyna. Sonra, bax gör, bu, yeni fizikaya aparır, ya
yox...". Pol Dirak özü də riyazi nəticələrin
gözəlliyinə dair belə yazırdı: "Mənim
xarakterik cəhətim, düşünürəm ki,
ondadır ki, mənim riyazi
nöqteyi-nəzərdən gözəl tənliklərlə
oynamaqdan xoşum gəlir". Onun sözlərinə görə,
apardığı elmi tədqiqatlarda başlıca məqam
gözəl riyaziyyat axtarışıdır. Sonradan ola bilər ki, bu elmi iş
hansısa sahədə tətbiq oluna bilər. O olduqca təvazökar
idi. Bildirirdi ki, "mənim şəxsi xidmətlərimin bu
cür böyük əhəmiyyəti yoxdur". Dirak
hansı riyaziyyatı gözəl hesab edirdi? "Tədqiqatçı
öz cəhdlərində təbiətin fundamental
qanunlarını riyazi formada ifadə etməlidir, o,
başlıca olaraq riyazi gözəlliyə can
atmalıdır. O, sadəliyə gözəlliyə tabe olan
keyfiyyət kimi
baxmalıdır. Gözəllik
və sadəliyin toqquşduğu məqamlarda
üstünlük gözəlliyə verilməlidir".
Dirak çox qapalı insan idi, o, heç
vaxt digər insanlar və ötən hadisələr barədə
xatirələrini heç kimlə bölüşməzdi.
Nadir hallarda öz fikrini bildirərdi. Bir neçə dəfə
o, hər halda öz emosiyalarını işdə ifadə
edib. Alimə sual veriləndə ki, onun adını
daşıyan tənliyi (Dirak tənliyi)
kəşf edərkən hansı hissləri keçirib, o,
belə deyib: "İlk növbədə güclü
narahatçılığım onunla bağlıdır ki, bu
iş düzgün qəbul olunacaq, ya yox... Bu, üstün
hissdir. Bu, daha çox əsəb
gərginliyidir...". Onun sözlərinə görə, ümidlə yanaşı çox
vaxt qorxu da baş verir.
Bütün həyatı boyu Dirak, dəqiq
və qeyri-şairanə, eleqant nitq stilini qoruyub saxlayıb,
fikirlərini ifadə etmək üçün çox az
sözlərdən istifadə edib. Bir dəfə rus alimi,
Nobel mükafatı laureatı Pyotr
Kapitsa ona oxumaq üçün M.Dostoyevskinin "Cinayət
və cəza" kitabını verir. O, kitabı belə
şərh edib: "Kitab yaxşıdır, lakin müəllif
bir yerdə səhv buraxıb, o, Günəşin eyni bir
gündə iki dəfə çıxdığını
yazır". Bir dəfə amerikalı fizik Robert Oppenqeymer (Nobel mükafatı laureatı)
oxumaq üçün Diraka bir neçə kitab verir. Lakin
Dirak nəzakətlə kitablardan imtina edərək bildirir ki,
kitab oxumaq ona düşünməyə mane olur.
Dirak həmkarları və tələbələri
arasında xüsusi punktuallığı və sakit xarakteri
ilə məşhur idi. Onun həmkarları Kembricdə
zarafatla dəqiqlik vahidi olaraq dirac vahidini müəyyən
etmişdilər. Bir dəfə Nils Bor yazdığı elmi məqaləni
hansı cümlə ilə bitirməkdə çətinlik
çəkdiyindən şikayətlənib. Dirak ona belə
cavab verib: "Müəllimlərim mənə məktəbdə
cümləni onun sonunu bilmədən yazmamağı öyrədiblər". O, Robert Oppenqeymerin poeziyaya olan marağını tənqid edirdi:
"Elmin məqsədi çətin şeyləri daha sadə vasitələrlə asan
başa düşülən etməkdir. Poeziyanın məqsədi
sadə şeyləri
anlaşılmaz vasitələrlə
çatdırmaqdır. Bunlar
bir araya sığmazdır".
Şəxsi
həyatı barədə danışmağı sevməzdi
Nobel mükafatı laureatı Abraham Pays
"Elm dahiləri" kitabında yazırdı: "Dirak barəsində
çox dəqiq deyilib ki, onun həyatı əsasən elm
olub, elm isə fizikadır. Dirak asketik həyat tərzi keçirib.
Komfort və dəbdəbəli həyata soyuq münasibəti
ilə o, İndira Qandi ilə müqayisə olunurdu. O,
heç vaxt içkiyə maraq göstərməyib, siqaret
çəkməyib. Geniş reklam olunmaqdan və
şan-şöhrətdən qaçıb. Baxmayaraq ki, hər
yerdə ona iltifat göstərir və hədiyyələrə
qərq edirdilər. O, ateist idi. Lakin onun xanımı Marqaret
qeyd edirdi ki, "Dirak heç də ateist olmayıb. Biz kilsədə
dəfələrlə diz çökərək dualar
etmişik".
O şəxsi həyatı barədə
danışmağı sevməzdi . Bir dəfə ondan Florida
Universitetində mühazirə oxumağı xahiş edirlər.
O, isə "Yox. Mənim deyiləsi sözüm yoxdur. Mənim
həyatım uğursuz olub..." deyərək şəxsi
həyatı ilə bağlı söhbətdən
qaçıb. Şəxsi həyatı əvəzinə o,
sonsuzluğa qədər kvant termodinamikası barədə
danışmaqdan yorulmazdı. Dahi insanlar üçün bu cür
tipik münasibət adidir. Onların öz fikrincə, uğursuzluqlar uğurları
artırır. "Bütün
fiziklər arasında ən təmiz ürəkli Dirakdır.
O, hardasa, bir qədər mənə Eynşteyni
xatırladır: əsrin ən böyük fiziklərindən
biri öz məktəbi olmadan öz yolunu seçməkdə
hər zaman müstəqildir. O hesab edir ki, fiziki nəzəriyyəyə
gözəllik və sadəlik lazımdır. Və son illərdə
o, fizikanın inkişafı üçün daha çox
riyaziyyata bağlıdır. Ölüm ayağına qədər
sırf tədqiqatçılıq fəaliyyətini davam
etdirib. Digər mənalarda mən onu xatırlada biləcək
kimsəni tanımıram", - deyə Nils Bor Pol Dirak barədə
yazırdı.
Elmi dairələrdə Dirak həddən
artıq susqun və o qədər də ünsiyyətcil
olmayan şəxs kimi tanınırdı. Dostları və
tanışları onun söhbət zamanı üzə
çıxan məsələlərə gözlənilməz
və bəzən qəribə müdaxilələrindən
heyrətə gəlirdilər. Lakin sonradan onun bəhs olunan məsələyə
dair iradları təbii qarşılanar və məntiqi əsaslandırılmış
hesab olunardı. Çoxları son sözü ondan eşitmək
itəyirdi. Məşhur fizik Abraham Pays "Elm dahiləri"
kitabında yazır: "Bir dəfə Borun evində musiqi
gecəsi idi. Musiqini sevməyn gənc Landau (bakılı Nobel
mükafatı laureatı Lev Landau) darıxır, əl-qol
atmaqla ətrafdakılara mane olurdu. "Bir halda ki, siz musiqini
sevmirsiniz, niyə bağa gəzməyə getməyəsiniz?",
- deyə Dirak ona müraciət etdi. "Bəli, mən
musiqini məndən daha çox görmək istəməyən
xanım Kazimirə bağa getməyə təklif etdim, lakin
o, istəmədi", - deyə Landau cavab verdi. Dirak bir az fikrə dalaraq mükaliməyə
son qoydu: "Ola bilsin ki, bağda sizinlə gəzmək onun
üçün musiqiyə qulaq asmaqdan daha xoşagəlməzdir".
Albert
Eynşteyn onun qeyri-adiliyini etiraf etmişdi
Ümumiyyətlə, Dirakın elmi
karyerası çox sürətli və parlaq olub. 24 yaşında doktorluq
dissertasiyası müdafiə edib, 4 il sonra İngiltərə
Kral Cəmiyyətinin (Akademiyasının) üzvü
seçilib. 30 yaşında professor olub və 36 il Kembricdəki
məşhur Lukask kafedrasına rəhbərlik edib. 31
yaşında Nobel mükafatına layiq görülüb.
Pol Dirak kvant mexanikası və kvant
elektrodinamikası sahəsində ilk alimlərdən biri olub.
1930-cu ildə o, elektronun ekvivalent antihissəciyə, pozitrona
malik olmasını xəbər verib. O vaxt bu ideya bəzi
fiziklər tərəfindən skeptik və istehza ilə qarşılanıb.
İki il sonra isə pozitronun mövcudluğu təcrübi yolla təsdiq olunub.
O, Nobel mükafatına layiq görülmüş ən gənc
nəzəri fizikdir. Dirak ən yüksək dərəcədə
təkrarsız insan idi. Hətta
məşhur Eynşteyn onun qeyri-adiliyini etiraf etmişdi.
"Mənim Dirakla bağlı çətinliyim var". "Bu dahilik və zəka
arasında başgicəlləndirici dərəcədə
balanslaşdırmadır".
Uzunsürən susqunluğu və ətrafda baş verən
hadisələrə qeyri-emosional münasibətinə görə
tanınan Dirak başqa insanların bəyanatlarını daha
sərrast şərh edə bilirdi.
Universitet auditoriyası keçmiş istənilən
fizik Dirak tənliyi, Dirak delta-funksiyası, Enriko-Dirak statistikası, Dirak
monopoliyası barədə bilir, lakin o, təkcə alim kimi
yox, şəxsiyyət kimi böyük və
maraqlıdır. Eynşteyn onun
barəsində çox gözəl demişdir: "Bu gözəl
insanın mənəvi keyfiyyətləri intellektual nailiyyətlərdən
daha çox gələcək nəsillər üçün
daha böyük əhəmiyyətə malikdir. Sonuncu keyfiyyət
isə özü mənəviyyatın
böyüklüyündən, onun adətən gizli qalan
ölçüsündən asılıdır". "Onun böyük kəşfləri
sanki bir-birinin ardınca göydən yerə düşən,
çox zərifcəsinə işlənmiş mərmər heykəllərdir. Elə görünürdü ki, o,
təbiət qanunlarını təmiz düşüncələrdən
yarada bilər",- deyə məşhur ingilis fiziki, kvant
termodinamikasının banilərindən biri Friman Dayson Dirak
barədə yazırdı. Dostu Verner Heyzenberq deyirdi ki,
Dirak öz elmi tədqiqatlarında
çox çətin dağ zirvəsini fəth etməyə
hazırlaşan alpinistlərə oxşayır.
Tələbələrindən
dəqiqlik tələb edən müəllim
Dirakın kvant mexanikasına dair
kitabları onun tələbələrinə oxuduğu
mühazirə materiallarından təşkil olunub.
Bütövlükdə Dirakın 200-ə yaxın elmi işi
işıq üzü görüb. O, təklikdə işləməyə
üstünlük verirdi və heç bir məktəb
yaratmamışdı. Dirak
haqqında yazırdılar ki, o, hətta insan yaşamayan adada
belə, işləmək qabiliyyətinə malik olan tək-tək alimlərdən
biridir. Tədqiqatçılar axtarıb tapmaq onun xarakterinə
yad olsa da, o, hər halda çoxsaylı namizədlik
dissertasiyalarının rəhbəri olmuşdu. Elmi məqalə yazanda və ya
mühazirə oxuyanda Dirak özünün diqqətlə
seçdiyi ifadələri dəyişməyə lüzum
görməzdi. Əgər
auditoriyadan kimsə ona qaranlıq qalan hər hansı bəndin
yenidən izah olunmasını xahiş edərdisə, alim yenə
də əvvəl söylədiyi fikirləri sözbəsöz
təkrar edərdi. Onun mühazirələrinin stili yüksək
dərəcədə heyranedici idi. Alim fikirlərini çox
dəqiq ifadə edirdi, tələbələrindən də dəqiqliyi
tələb edirdi. Tələbələrindən
biri Dirakın aydın, qüsursuz mühazirələrini
Baxın musiqi əsərləri ilə müqayisə
etmişdi. "Əgər siz
düzgün yol seçmisinizsə, kəşf sizin tərəfdən
hər hansı səy olmadan özü sizi tapacaq", - deyə
Dirak tələbələrinə deyərdi.
Dirakın sadə görünən kəşfləri
bir neçə il alimlərə rahatlıq vermədi, bu kəşflər
yeni axtarışlara stimul verdi.
1925-1933-cü illər ərzində özünü XX əsrin
ən aparıcı fiziklərindən biri kimi göstərən
Dirak elmin simasını dəyişmiş, nəzəri fizikanın sərhədlərini genişləndirmişdir.
1970-ci ildə o, ABŞ-ın Florida ştatındakı Tallaxassi Universitetinə professor vəzifəsinə
dəvət olunmuşdu və ömrünün sonlarına
kimi burada çalışmışdır. Onu Amerikanın Nyu-York, Mayami və
digər nüfuzlu universitetləri də işə dəvət
edirdi. Lakin o, bütün təkliflərdən imtina
etmişdi. Səbəbi isə onda idi ki, alim universitetə
piyada getməyi xoşlayırdı.
İkinci Dünya müharibəsi illərində Dirak
uranın qaz sentrifuqası ilə zənginləşdirilməsi
sahəsində çox mühüm nəzəri və
eksperimental tədqiqatlar aparıb. 1972-1982 -ci illər onun həyatında
məhsuldar dövr olub. Son 12 ildə alim 60 elmi iş dərc
etdirmişdir. Fiziki qanunların gözəlliyi alim
üçün bir norma idi. 1925-ci ildə Moskva Dövlət
Universitetinin tələbələri qarşısında
çıxış edərkən onlara tabaşirlə
yazı lövhəsində belə bir nəsihət
yazmışdı: "Fiziki qanunlar riyazi olaraq gözəl
olmalıdır".
Şəxsi
həyatı
Pol Dirakın yaradıcı həyatı
onun çoxsaylı elmi kəşflərində əksini
tapıb. Dirak öz iş rejimini belə təsvir edirdi:
"Həftə ərzində problemlər üzərində
intensiv düşüncələr. Bazar günü isə
istirahət, şəhər ətrafında tənha gəzintilər". Təbiət gözəllikləri
Dirakı məftun edirdi, o, xüsusən da dağları
çox sevirdi. Həyatda o, həmişə
təvazökar olub, ola bilsin ki, məhz buna görə onun
haqqında az şeylər məlumdur. 1937-ci ildə o,
amerikalı nəzəri-fizik Cucin Pol Viqerin bacısı
Marqaret ilə evlənib. Onların iki qızı doğulub.
Dirakın görkəmli sovet fiziki, Nobel mükafatı
laureatı Pyotr Kapitsa ilə dostluğu 60 il davam edib. Onlar
ötən əsrin 20-ci illərində Kembricdə
tanış olmuşdular. Sovet rejimi Kapitsaya Rusiyanı tərk
edərək Londona qayıtmağı qadağan edəndə
Dirak dəfələrlə dostuna baş çəkmək
üçün SSRİ-yə gəlib. Həyatda olduqca
qapalı, fikrini yığcam söyləyən, utancaq
xarakteri ilə seçilən Dirak Kapitsanın tam əksi idi,
lakin ona ruhən bağlı, ona qarşı çox diqqətcil
idi. Dirakı daha bir dostu, İqor Tamm (sovet fiziki, Nobel
mükafatı laureatı) ilə elmdən əlavə alpinist
yürüşləri bağlayırdı. Onlar 1936-cı ildə
birlikdə Qafqazın və Avropanın ən hündür
zirvəsi olan Elbrusu fəth etmişdilər.
Pol Dirak 1984-cü il oktyabrın 20-də 82
yaşında vəfat edib. O, Tallaxassidə Rouzlond qəbiristanlığında
dəfn olunub. Bu, onun ailəsinin xahişi idi. O bu
dünyanı tərk etdiyi yerdə torpağa
tapşırılmalı idi.
Hazırladı:
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.9.