Akkreditasiya Şurasının növbəti iclası

 

Noyabrın 21-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Milli Aviasiya Akademiyası, Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Qızlar Universitetinin akkreditasiyasının nəticələri müzakirə olunub.

Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinin əhəmiyyətindən danışıb və müvafiq məsələlərlə bağlı fikirlərini bildirib.

Milli Aviasiya Akademiyası üzrə Akkreditasiya Komissiyasının sədri Sübhan Namazov bu təhsil müəssisəsində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verərək bildirib ki, komissiya akademiyada müvafiq ixtisaslar üzrə tədrisin təşkilinin vəziyyətini araşdırıb və akademiyanın fəaliyyətini yüksək qiymətləndirib. S.Namazov təhsil müəssisəsinin fəaliyyətindən, tədris şəraitindən və maddi-texniki bazasından, məzunların işlə təmin edilməsi məsələlərinə də toxunub, komissiyanın bir sıra təklif və tövsiyələrini nəzərə çatdırıb.     

Əmək və Sosial Münasibətlər Akademiyası üzrə Akkreditasiya Komissiyasının sədri İlham Aslanzadə təhsil müəssisəsində mütəxəssis hazırlığının vəziyyəti haqqında fikirlərini bildirib, pedaqoji kollektivin tərkibi və digər göstəricilər barədə məlumat verib. İ.Aslanzadə akademiyanın ayrı-ayrı istiqamətlər üzrə fəaliyyətinin təhlili, maddi-texniki bazası, tədrisdə müasir texnologiyaların imkanlarından istifadə vəziyyəti və digər məsələlərdən söhbət açıb.

Bakı Qızlar Universiteti üzrə Akkreditasiya Komissiyasının sədri Aydın Mirzəməmmədov bu təhsil müəssisəsinin fəaliyyəti haqqında geniş məlumat verib. A.Mirzəməmmədov universitetdə tədrisin keyfiyyətini yüksəltmək üçün görülmüş işlər, pedaqoji kollektivin tərkibi, tələbələrin biliyinin qiymətləndirilməsinin nəticələri barədə komissiyanın gəldiyi qənaəti nəzərə çatdırıb.

Daha sonra qeyd olunan təhsil müəssisələri üzrə akkreditasiyanın nəticələrinə dair şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib.

Akkreditasiya Şurasının iclasında mövcud meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, Milli Aviasiya Akademiyasının fəaliyyəti "yaxşı", Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Qızlar Universitetinin fəaliyyəti isə "kafi" qiymətləndirilib.

 

 

Azərbaycan müəllimi.- 2012.-23 noyabr.- S.3.