Moskvada IX Beynəlxalq Rus Dili Olimpiadası keçirilib

 

Noyabrın 12-dən 16-dək A.S.Puşkin adına Moskva Dövlət Rus Dili İnstitutunda MDB iştirakçısı olan dövlətlərin və Baltikyanı ölkələrin təhsilin rus dilində olduğu məktəblərinin şagirdləri arasında IX Beynəlxalq Rus Dili Olimpiadası keçirilmişdir.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, olimpiada "2011-2015-ci illərdə rus dili" məqsədli federal proqram çərçivəsində "Rossotrudniçestvo" agentliyinin iştirakı ilə təşkil edilmişdir. Bu bilik yarışında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, UkraynaEstoniyadan olan 108 şagird - rus dili fənni üzrə milli olimpiadaların qalibləri, rus dili müsabiqələrinin və viktorinaların laureatları iştirak etmişlər.

"Rossotrudniçestvo" agentliyinin Bakıdakı nümayəndəliyi tərəfindən formalaşdırılmış Azərbaycan komandası 5 nəfərdən ibarət idi. Bakıdakı Bağça-Məktəb-Lisey Kompleksinin rus dili və ədəbiyyatı müəllimi Viktoriya Ələkbərovanın rəhbərlik etdiyi bu komanda cari ilin baharında Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi tərəfindən Bakıda keçirilmiş rus dili olimpiadasının qaliblərindən təşkil edilmişdi.

V.Ələkbərova "Rossotrudniçestvo" agentliyinin Bakıdakı nümayəndəliyinin daimi tərəfdaşı olmaqla, RİMM-in tədbirlərində müntəzəm iştirak edir. Bu il o, "Rossotrudniçestvo" agentliyinin Bakıdakı nümayəndəliyi tərəfindən son bir neçə ildə keçirilən "Rus dilinin tədrisinin təşkilinə görə ilin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur.

MDB iştirakçısı olan dövlətlərin və Baltikyanı ölkələrin təhsilin rus dilində olduğu məktəblərinin şagirdləri arasında beynəlxalq rus dili olimpiadaları 2002-ci ildən başlayaraq hər il keçirilir. Budəfəki olimpiadanın proqramında bir yazılı imtahan (inşa) və iki şifahi imtahan ("Rus dili" və "Ölkəşünaslıq") nəzərdə tutulmuşdu. Əsas imtahanlardan əlavə, natiqlik və ifadəli oxu məharəti üzrə yaradıcılıq müsabiqələri keçirilmişdir. Olimpiadanın proqramında mədəni tədbirlər - Moskva ilə tanışlıq, Kremlə və sirkə getmək də nəzərdə tutulmuşdur.

Azərbaycandan olan məktəblilər bütün müsabiqələrdə iştirak etmişlər. Ölkəmizi təmsil edən iştirakçılara Olimpiadanın həvəsləndirici mükafatları və suvenirlər verilmiş, Bakıdakı 6 nömrəli məktəb-liseyin şagirdi İnarə Ağaxanova isə Olimpiadanın 3-cü dərəcəli diplomu ilə təltif edilmişdir.

Olimpiada iştirakçıları Vətənə qayıdandan sonra RİMM-də onlarla görüş keçirilmişdir.

 

Azərbaycan müəllimi.- 2012.- 30 noyabr.- S.1.