Şagird və müəllimlər Londonda dil kursları keçiblər

 

Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksindən verilən məlumata görə, bu təhsil ocağının 20 nəfər şagird və müəllimi, o cümlədən valideyn komitəsinin 4 üzvü "London House" ingilis dili məktəbi ilə bağlanmış müqaviləyə əsasən Londonda payız tətili günlərində qısamüddətli dil kurslarında iştirak ediblər. Universitetin profilinə uyğun olaraq kompleksdə 4 xarici dil: ingilis, rus, alman və fransız dilləri tədris olunduğundan şagirdlərin dil praktikasını genişləndirmək məqsədilə bu tədris ilindən AlmaniyaBöyük Britaniya dil tədrisi mərkəzləri ilə əlaqələr yaradılmış, bir sıra müştərək layihələrə başlanılmışdır.  "London House" məktəbində birhəftəlik intensiv ingilis dili kursları ingilis dili məktəbi müəllimlərinin müşayiəti ilə ölkənin bir sıra şəhərləri, tarixi yerləri və muzeyləri, o cümlədən Londonun görməli yerləri ilə tanışlıq şagird, müəllim və valideynlərin böyük marağına səbəb olub. Dil hazırlığı səviyyəsinə uyğun olaraq dörd qrupda məşğul olan müəllim, şagird və valideynlərə kursun sonunda müvafiq sertifikatlar verilib. İngilis dili üzrə beynəlxalq hazırlıq mərkəzi kimi tanınan bu tədris ocağında Azərbaycan mətbəxi, mahnı və rəqsləri təqdim olunan gecəyə Çin, Fransaİspaniyadan gəlmiş dinləyicilər, müəllimlər dəvət almışdılar.

"London House" ingilis dili məktəbinin direktoru Martine Jean-Louis və BSU Məktəb-Lisey Kompleksinin direktoru Telman Cəfərov əməkdaşlıq müqaviləsinin genişləndirilməsi və konkret müştərək layihələrin reallaşdırılması barədə razılığa gəlmişlər.

 

Şakir CƏFƏROV 

 

Azərbaycan müəllimi.- 2012.- 30 noyabr.- S.1.