Valideyn-Müəllim Assosiasiyalarının sayı artır

 

Son vaxtlar VMA-ların yaranması ilə  bağlı valideynlərin və məktəb kollektivlərinin müraciətləri çoxalıb.  Bununla əlaqədar Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyi öz maarifləndirmə işlərini genişləndirib. Təkcə noyabr ayının əvvəlindən başlayaraq Bakının Xəzər, respublikanın İsmayıllı və Şamaxı rayonlarında  valideyn və müəllimlərlə geniş ictimai maarifləndirmə görüşləri keçirilib.

 

Xəzər rayonundakı 230 nömrəli tam orta məktəbdə valideynlərin  təşəbbüsü ilə keçirilən görüşdə 100-dən çox valideyn, müəllim, məktəbətrafı icmanın üzvləri  və məktəb rəhbərliyinin nümayəndələri iştirak ediblər. Görüşdə AVMA-nın proqram rəhbəri Ş.Rəcəbov və təlimçi E.Sadiq iştirak etmişlər. Valideynlər belə  qurumun məktəbə xeyrindən, məktəbdaxili münasibətlərin düzgün qurulmasındakı rolundan danışıblar. İki nəvəsi bu məktəbin şagirdi olan G.Bayramova məktəbin yeni rəhbərliyinin müsbət işindən, bu işlərin valideynlərlə əməkdaşlıq sayəsində qurulmasından danışdı.  VMA-nın təşəbbüskarı, valideyn Eyvaz Səfiyev müəllim-valideyn münasibətlərinin səmərəli inkişafının, cəmiyyət üçün faydalı insanın böyütməsində əsas məqam olduğunu, bunun üçün VMA-nın  məktəblərdə yaranmasına  böyük ehtiyac yarandığını vurğuladı.

Noyabrın 20-də Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin rəhbərliyi və İdarə Heyətinin üzvləri İsmayıllıda  rayon təhsil şöbəsinin rəhbərliyi, məktəb direktorları, müəllim və fəal valideynlərlə görüş keçirmişlər. Görüşdə AVMA İB tərəfindən birliyin icraçı direktoru Təranə Şərifova, AVMA İB İdarə Heyətinin üzvləri,  Bakıdakı 291 nömrəli "Araz" Ekologiya liseyinin direktoru Südabə Mikayılova, 152 nömrəli məktəbin direktoru Gülarə Verdiyeva və AVMA İB proqram rəhbəri Şahin Rəcəbov iştirak etmişlər. 

Görüşdə valideynlərin məktəbə cəlb olunması, valideyn məsuliyyəti, VMA-ların yaradılması, təhsildəki inkişaf və problemlər müzakirə olunmuşdur. Görüşü açan rayon təhsil şöbəsinin müdiri  Rasim  Orucov görülən işlərdən və VMA-ların təhsilin inkişafında böyük rol oynadığından danışdı. AVMA İB-nin icraçı direktoru Təranə Şərifova valideynlərin məktəbə cəlb olunması problemi, valideyn-müəllim münasibətləri, VMA-ların məktəbə, ailəyə, yəni  valideynə, müəllimə və şagirdlərə xidmət etməsi barədə ətraflı məruzə ilə çıxış edərək verilən sualları cavablandırdı.

İsmayıllı şəhər 3 nömrəli məktəbin direktoru  Əhmədağa Ələkbərov çıxış edərək məktəbdə görülən işlər, VMA-ın əhəmiyyəti barədə danışdı. İsmayıllı təhsilinin göstəricilərinin yüksək olduğunu, burada işə məsuliyyətlə yanaşıldığını bildirən direktor valideynlərin məsuliyyətinin artırılmasına, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac olduğunu qeyd etdi. O, belə görüşlərin tez-tez keçirilməsini təklif etdi.

İsmayıllı rayon Təzəkənd  kənd M.Əzimov adına tam orta məktəbinin direktoru Elxan Bədəlov çıxış edərək məktəbin uğurları, "Ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülməsi barədə danışdı. Elxan müəllim direktorların stimullaşdırılmasına ehtiyac olduğunu bildirdi.

Tanınmış pedaqoq, İsmayıllı şəhər 1 nömrəli məktəbin direktoru Şəfaqət Rəsulov İsmayıllıda görülən işlərin təhsilin inkişafında özünəməxsus yeri olduğunu təhsil naziri tərəfindən dəfələrlə qeyd edildiyini xatırlatdı. Şəfaqət müəllim qeyd etdi ki, valideynlərin maarifləndirilməsinə böyük ehtiyac var. Bunun üçün toplantılar keçirilməli, TV kanalı yaradılmalı, qəzet buraxılmalıdır.

İsmayıllı rayon Qalınçaq kənd məktəbinin direktoru Xalid Seyidov da VMA-ların məktəbdə gördüyü işlərin əhəmiyyətli inkişafa səbəb olduğunu bildirdi, rəhbərlik etdiyi məktəbdə VMA-nın 2006-cı ildən fəaliyyət göstərdiyini və nəticədə şagirdlərin stimullaşdırılması, valideynlərin məktəbin bütün problemlərinin həllində fəal iştirakları barədə məlumat verdi. X.Seyidov İsmayıllı Rayon Təhsil Şöbəsi müdirinin hər zaman VMA-ların fəaliyyətinə dəstəyini xüsusi vurğuladı. O, həmçinin şəhər və kənd məktəblərinin canlı əlaqələrinin artırılmasının  vacibliyini vurğuladı.

3 nömrəli məktəbin valideyni Ramiz Səfərov valideynlərlə işləyən bir qurum kimi VMA-nın yaradılmasını dəstəklədiyini bildirdi, məktəbdə VMA-ların fəaliyyətinin qanunvericiliyə uyğun təşkili üçün AVMA İB-nin nümayəndələrindən bu işdə köməklik göstərmələrini xahiş etdi.

İsmayıllı şəhər 2 nömrəli məktəbin direktoru Ramil Dadaşov  və İsmayıllı kənd tam orta məktəbinin direktoru Qalib Bəşlirov, Qoşakənd məktəbindən Ziyəddin Mövlanov da çıxış edərək uğurlarından danışdılar və qeyd olunan problemlərə öz münasibətlərini bildirdilər. Onlar  adi kənd məktəbinin uğurlarını qeyd edərək, kənd məktəblərinin şəhər məktəblərindən heçgeri qalmadığını, təhsil göstəricilərinin yüksək olduğunu, məktəbyanı sahələrin VMA-ların dəstəyi ilə səmərəli istifadə olunması, şagird üçün yararlı təhsil şəraitinin qurulmasına yönəldilməsi, məktəbi uşağın əsl dostuna çevirmək üsullarından danışdılar. 

İsmayıllı şəhər 6 nömrəli məktəbin fəal valideyni Şahin Xələfov valideynlərin məsuliyyətinin artırılmasının vacibliyini qeyd etdi. Bir çox valideynlər övladlarının öhdəsindən gələ bilmədiyindən tərbiyə işini məktəbin üzərinə qoyurlar fikrinə münasibət bildirdi. Valideyn qeyd etdi ki, təhsil şöbəsi rayonda təhsilin inkişafı üçün çox işlər görüb.

Sonra Bakıdakı AVMA İB İdarə Heyətinin üzvü, 291 nömrəli "Araz" Ekologiya liseyinin direktoru Südabə Mikayılova AVMA-nın  ilk gündən apardığı  təhsil üçün faydalı işlərdən, burada məktəb direktorunun rolundan və təhsildə aparılan uğurlu islahatlardan danışdı.

Şamaxı şəhərində də 100-ə yaxın təhsil işçisinin və valideynlərin  iştirakı ilə maraqlı müzakirələr keçirildi. Görüşü açan  Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Səadət Veysova AVMA İB rəhbərliyi ilə dəfələrlə əlaqə saxladığını və rayona dəvət etdiyini bildirdi. VMA-nın yaradılmasının əhəmiyyətli olduğunu vurğulayanmüdiri artıq bu işdə əməli fəaliyyətin təşkili üçün şərait yarandığını bildirdi.

Çıxış edən AVMA İB-nin icraçı direktoru Təranə Şərifova İsmayıllı kimi Şamaxıda da YUNİSEF və Təhsil Nazirliyinin dəstəyi ilə yeni - "Məktəb uşağın dostudur" layihəsinin həyata keçiriləcəyini və VMA-ların yaradılmasının vacibliyini vurğuladı. Valideyn məsuliyyətindən danışan Təranə xanım valideynlərin məktəbə necə cəlb olunması mövzusuna toxundu.

Sonra şəhər 2 nömrəli məktəbin direktoru Gülnisə Ələkbərova, Texniki və Təbiət Humanitar fənlər təmayüllü liseyin hərbi rəhbəri və valideyni Mürsəl Əsədov çıxış etdilər. İştirakçıların əksəriyyəti valideynlərin məktəbə gəlişində son dövrdə müəyyən fəallıq olduğunu bildirdilər. Valideynlərin məktəbə gəlməməsinin əsas səbəbi kimi uşağının tərbiyəsi və təhsili ilə məşğul ola, hətta bəzən uşağının öhdəsindən gələ bilməmələri göstərildi.

Çıraqlı məktəbinin direktoru Ramiz Məmmədov məktəbli formasının tətbiqini sosial ədalətin bərpa olunması kimi yüksək qiymətləndirdi. O, həmçinin VMA-ların yaradılmasının vacibliyini vurğulayaraq VMA və məktəb maliyyələşdirilməsi istiqamətində məktəb direktorları üçün maarifləndirici təlimlərin də keçirilməsinə ehtiyac olduğunu qeyd etdi.

Şamaxı Avropa liseyinin direktoru Məzahir Məmmədov, 1 nömrəli məktəbin direktoru Dilarə Rüstəmova məktəbdə VMA-ların yaradılması və görülmüş işlər barədə məlumat verdilər.

3 nömrəli məktəbin nümayəndəsi Sevda Əliyeva, Nağaraxana məktəbinin direktoru məktəbdə valideynlərin əsasən yığıncaqlarda hansı məsələləri qaldırdıqları sualına, dərsliklərə münasibət, məktəbli forması və s. problemləri misal çəkdilər. Natiqlər VMA-ların davamiyyət, məktəbli forması, valideyn-müəllim əməkdaşlığı, stimullaşdırma məsələlərində əvəzedilməz rolunu qeyd etdilər. Onlar həmçinin, məktəblərində yaradılmış VMA-ların fəaliyyəti və rəsmiləşdirilməsi üçün AVMA İB-dən müvafiq dəstək istədilər.

Valideyn H.Əskərov məktəb rəhbərlərinin və müəllimlərin hər bir uşağa və valideynə fərdi yanaşmasının vacibliyini, məktəblə  ailə arasında hər iki tərəfin  vəzifə və səlahiyyətlərini əks etdirən müqavilənin olmasını təlim-tədrisə təkan verən amil kimi qeyd etdi.

AVMA İB-nin eksperti Şahin Rəcəbov bəzi hallarda VMA-larda yığılan üzvlük haqqını fond pulu adlandırılmasının təhlükəli olduğunu qeyd etdi. O bildirdi ki, VMA da yalnız könüllü üzvlük haqqı və ianələr qanuni və şəffaf formada, qəbzlə həyata keçirilir. Amma bəzən bunu fond pulu adlandırmaq əslində VMA-nın və məktəblərin  nüfuzuna xələl gətirir. Əslində VMA bütün qanunsuz pul yığılmalarının aradan qaldırılması və valideynlərin məktəbə töhfəsinin təşkili, ən əsası məktəbə valideynlərin cəlbi və partnyor münasibətlər əsasında onların təlim-tədris prosesində pozitiv iştirakının   təmin olunması və son anda uşaqlar üçün yararlı təhsil mühitinin formalaşdırılması üçün yaradılıb.

Sonra AVMA İB İdarə Heyətinin üzvü, Bakı şəhəri 152 nömrəli məktəbin  direktoru Gülarə Verdiyeva VMA-nın məktəbdə olan üçtərəfli münasibətlərə gətirəcək faydasından, məktəb direktorunun üzərinə düşən məsuliyyətin valideynlərlə bölüşməsindən, valideynlər arasında kurikulumla bağlı maariflənməyə olan ehtiyacdan danışdı. 

Sonda çıxış edən AVMA İB icraçı direktoru Təranə Şərifova bir müddət sonra qurumun ekspert qrupunun regiona səfər edəcəyini və hər məktəbdə valideyn-müəllim icması ilə görüşərək maarifləndirmə aparacağını, VMA-ların yaradılması və sənədləşdirilməsi üçün müvafiq təşkilati köməkliyin göstəriləcəyini bildirdi. O qeyd etdi ki, müvafiq layihə çərçivəsində monitorinq və maarifləndirmə kampaniyaları da keçiriləcək.

 

Azərbaycan müəllimi. - 2012.- 30 noyabr.- S.4.