Şagirdlərin
öz fikirlərini sərbəst ifadə
etməsinə çalışıram
Məktəb bəşəriyyətin gələcəyini müəyyən edən, onu istiqamətləndirən bir məbəddir. Bu məbədə gələn hər bir müəllim, birinci növbədə, özü şəxsiyyət kimi dünyanı, insanı dərk etməli, gələcək insanların taleyində necə mühüm rol oynadığını anlamalı, yalnız ondan sonra qarşısındakı hər bir fərdin-şagirdin tərbiyəsi və təlimi ilə məşğul olmaq məsuliyyətini öz üzərinə götürməlidir.
Dərketmə şəxsiyyətin formalaşması üçün ən vacib amillərdən biridir. Həyatın, yaşamağın, qarşılıqlı münasibətin mənasını dərk etmək hələ lap uşaqlıqdan öyrədilməli, şagirdə ətrafdakılara, baş verənlərə münasibətini ifadə etmək yollarını mənimsətmək lazımdır. Bu baxımdan ingilis dili fənni daha böyük imkanlara malikdir.
Mən tədris etdiyim ingilis dili dərslərində şagirdlərin fərdi şəkildə öz fikirlərini ifadə etməsinə böyük əhəmiyyət verirəm. Bu ifadə forması həm yazılı, həm də şifahi ola bilər. Hər hansı məsələyə hər bir şagirdin bir cür yanaşması olur. Lakin buna baxmayaraq, bütün şagirdlərin bir ortaq nöqtədə birləşmələri olur. Hər bir şagirdin irəli sürdüyü fikirlərə hörmətlə yanaşılmalıdır. Fikirlərinə diqqətlə yanaşıldığını görən şagird istər-istəməz qarşısındakı insanların da fikirlərinə hörmətlə yanaşır. Müəllim şagirdə danışmaq mədəniyyətini deyil, həm də dinləmək mədəniyyətini aşılayır.
Dərs zamanı şagird öz fikirlərini qorxub-çəkinmədən ifadə edərkən özünü prosesin bərabərhüquqlu subyekti hesab edir. Bu təkcə şagirdin fikirlərinə humanistcəsinə və fərdi olaraq yanaşmağa xidmət etmir, həm də onun dərsə, keçilən mövzuya, ümumiyyətlə, fənnin özünə marağını artırır.
Pedaqogikada "müəllim şəxsiyyəti gözəl nümunədir" deyən müəlliflər yanılmamışlar. Təlim prosesinin aparıcı qüvvəsi olan müəllim hegemonluq prinsipi ilə dərsi qurarsa, bu müsbət nəticə verə bilməz. Məqsədi təkcə savadlı deyil, həm də kamil, mənəvi cəhətdən saf insan yetişdirmək olan təhsilimizdə humanizm prinsiplərinə hər zaman əməl etmək faydalı olar. Müəllimin pedaqoji ustalığından asılı olaraq bu prinsip müxtəlif yollarla aparıla bilər. Şagirdə fərdi şəkildə yanaşma humanistləşdirmənin tərkib hissəsi sayıla bilər. Mən təlim zamanı zəif oxuyan, təlim materialını tam yerinə yetirə bilməyən şagirdlərə yalnız özünün deyil, həm də şagird kollektivinin diqqətini yönəltməklə daha yüksək nəticələr əldə etməyin mümkünlüyünü öz təcrübəmdə sınamışam. Tapşırıqları yoxlamaq üçün şagirdləri üç dəstəyə bölüb hər birini ayrı-ayrılıqda dinləyirəm. Şagirdlər mövzunu daha yaxşı danışan dəstəni mənim köməyimlə müəyyənləşdirir, daha çox çaşan, səhv edən şagird çalışır ki, dərsi daha yaxşı öyrənsin. Bu da həmin sinifdə təlimin daha keyfiyyətli olmasına kömək edir. Qruplar halında soruşulan dərs, şagirdlərin bir-biri ilə olan əlaqələrini daha da möhkəmləndirir.
Bütün siniflərdə ingilis dilini tədris edərkən şagirdin müstəqil fikir yürütməsinə, başqa şagirdlərin onun fikrinə hörmətlə yanaşmasına əhəmiyyət verirəm. Şagirdlər yoldaşları dərsə cavab verdiyi müddətdə növbə ilə lövhədə nə isə yazmaq məqsədi ilə beyinlərində götür-qoy edirlər. Bu cür fəallıq və sərbəstlik şagirdin zehni inkişafına, onun dərs prosesində bərabərhüquqlu tərəf kimi inkişafına çox geniş imkanlar yaradır.
Fəal təlim prosesinin metodlarından biri də BİBÖ adlanır. Əvvəl lövhəyə
BİBÖ cədvəlini çəkirəm. Sonra sinfi
qruplara ayırıram.
Qruplara sualla müraciət edirəm: "Nə bilirsiniz?" Şagirdlərin fikirlərini qrupun
lideri söyləyir və yazı lövhəsində qeydlərini
aparır.
Yenə
uşaqlara müraciət
edərək soruşuram:
"Mövzu ilə əlaqədar nələri
bilmək istərdiniz?"
Qruplar yenə də öz fikirlərini orta qrafaya yazırlar.
Sonra dərsin mövzusu elan olunur. Mətn paylanır. Sualla müraciət edirəm:
"Nəyi öyrəndiniz?" Yenə də
qruplar müzakirə aparır və cədvəlin üçüncü
qrafası doldurulur.
Yenə sualla müraciət edirəm, cavabsız qalan sualları evə tapşırıq kimi verirəm. Mənə elə gəlir ki, təhsilin müasir yanaşmalar baxımından təşkili
yalnız müəllimlərin
deyil, həm də cəmiyyətin inkişafına təkan verən ən mühüm mənəvi tələblərdən biridir.
Yeni pedaqoji təfəkkür müəllimin
təlimə daha yaradıcı yanaşmasını
tələb edir. Bu təlim şagirdin tək elmi təfəkkürünü
deyil, həm də estetik təfəkkürünü inkişaf
etdirməyə xidmət
etməlidir.
Həyat MƏMMƏDOVA,
Bakıdakı 271 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi
Azərbaycan müəllimi.-
2012.- 30 noyabr.- S.6.