Azərbaycan Müəllimlər İnstitutunda Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Oktyabrın 17-də Azərbaycan Müəllimlər İnstitutunda dahi şair, böyük mütəfəkkir Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar geniş tədbir keçirilmişdir. İnstitutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı tədbiri açaraq dahi Nizami Gəncəvinin yaradıcılığına, onun zəngin irsinin öyrənilməsinə göstərilən diqqət və dövlət qayğısından danışdı. Rektor Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar ölkəmizdə və dünyada keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etdi. Professor Aqiyə Naxçıvanlı qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" 23 dekabr 2011-ci il tarixli sərəncam imzalamışdır. Rektor yubiley tədbirinin həmin sərəncamdan irəli gələn məsələlərin həlli ilə əlaqədar Azərbaycan Respublikası təhsil naziri Misir Mərdanov tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən keçirildiyini vurğuladı.

AMİ-nin Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Ramil Əliyev çıxış edərək qeyd etdi ki, dünya şöhrətli şair Nizami Gəncəvinin lirikası bir çox məziyyətləri ilə seçilir. Şairin poeziyasında insan, ona verilən qiymət intibah humanizminin məzmunundan irəli gəlir. Onun qəzəllərində dərin poetik mənanın, didaktikanın, fəlsəfi lirizmin şahidi oluruq. Məhz bu xüsusiyyətlərə görə Nizami zamandan üstün şairdir.

Psixologiya kafedrasının müdiri, dosent Nurəngiz Rzayeva bildirdi ki, XI-XII yüzilliklər Azərbaycan fəlsəfi-psixoloji fikrinin inkişafinda önəmli bir mərhələ kimi xüsusi yer tutur və özünəməxsus spesifik çalarlarla xarakterizə olunur.

Pedaqogika kafedrasının müdiri, professor, əməkdar müəllim Rüfət Hüseynzadə çıxışında qeyd etdi ki, N.Gəncəvi dahi bir şair olmaqla yanaşı, həm də dahi pedaqoq, böyük müəllim və tərbiyəçi olmuşdur. N.Gəncəvi tərbiyə və təhsilin bütün sahələrinə toxunmuş və dəyərli pedaqoji ideyalar söyləmişdir.

İbtidai və məktəbəqədər təhsilin metodikası kafedrasının müdiri, professor Mircəfər Həsənov dahi Nizaminin əsərlərindən nümunələr gətirərək onları təhlil etdi, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş Nizami yaradıcılığını yüksək qiymətləndirdi.

Professor Zaman Əsgərli bildirdi ki, N.Gəncəvi dünya ədəbiyyatı tarixində yeni məktəb yaratmış sənətkardır. Nizami özündən sonra yaşamış böyük bir şairlər ordusunun müəllimi və yol göstərəni oldu. Ə.X.Dəhləvi, Ə.Nəvai, A.Ərdəbili, Ə.Təbrizi, Məsihi kimi böyük şairlər Nizaminin davamçılarıdır.

Tədbirdə dosent, əməkdar müəllim İsgəndər Orucəliyev Nizaminin "Əgər şeirin səni hamıya tanıtmırsa, heç bir zaman özünü şair adlandırma" fikrini sitat gətirərək Nizaminin şeir və sənət haqqında düşüncələrindən danışdı. Nizami və qədim yunan fəlsəfəsi, estetikası mövzusuna münasibət bildirdi.

AMİ-nin baş müəllimi Zəkulla Bayramlı dahi Azərbaycan şairi N.Gəncəvini bəzi erməni, rus və fars mənbələrində fars şairi kimi qələmə vermək meyillərini tənqid etdi.

Tədbir boyunca institutun tələbələri - Alidə Orucova, Bənövşə Bayramova, Emil Paşayev, Türkan Güləhmədova, Təhminə Əhmədli Nizami Gəncəvinin əsərlərindən qəzəl və şeir parçaları səsləndirdilər.

 

 

Rəşad SADIQOV,

AMİ-nin tərbiyə işləri üzrə prorektoru,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycan müəllimi.- 2012.- 25 oktyabr.- S.3