Təhsil proqramlarının (kurikulumların) tətbiqinə dair təlimatların hazırlanması müzakirə edilib

   

Sentyabrın 20-də Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində təhsil proqramlarının (kurikulumların) tətbiqi ilə bağlı müvafiq sənədlərin hazırlanması barədə məsələ müzakirə edilmişdir.

Təlimatlar hansı xarakterdə  olmalıdır? Nələri əhatə etməlidir? Onların  üslubu necə olmalıdır? və s. bu kimi məsələlər tədbir iştirakçıları tərəfindən ətraflı müzakirə olunmuşdur.

Tədbirdə çıxış edən beynəlxalq məsləhətçi Alex (Andru) Crisian dünyanın müxtəlif ölkələrində kurikulumların tətbiqi ilə bağlı yazılmış təlimatlara istinad edərək fikirlərini nümunələrlə əsaslandırmışdır. Qeyd etmişdir ki, kurikulumların səmərəli həyata keçirilməsi üçün təlimatların yazılması vacibdir. Təlimatlar öz yığcamlığı və bütün müəllimlər tərəfindən aydın başa düşülməsi ilə seçilməlidir. Təlimatlar özündə təhsil proqramlarının (kurikulumların)  əhatə etdiyi məsələlərin şərhinə yönəldilməlidir. Onların necə tətbiq olunması, necə idarə olunması, qiymətləndirilməsi və s. məsələlər əhatə edilməlidir. Beynəlxalq məsləhətçi bunlarla yanaşı, təlimatların xarakteri, hansı hissələrdən ibarət olması, kim tərəfindən koordinə olunması, yazılması və eləcə də nə vaxt yazılması məsələlərini də diqqət mərkəzində saxlamışdır.

Müzakirə zamanı bildirilmişdir ki, müxtəlif ölkələrin təlimatları nəzərdən keçirilməli və Azərbaycan Respublikasının təhsil sisteminə uyğun olanlar seçilib götürülməlidir. Təlimatların mümkün variantları hazırlanmalı və onun hansı formada yazılıb, tərtib olunması qərara alınmalıdır. Alex (Andru) Crisian onu da qeyd etmişdir ki, noyabr ayında artıq bu məsələ öz həllini tapmalıdır.

Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycan təhsil sistemində təlimatların hazırlanması sahəsində kifayət qədər təcrübə vardır. Lakin məktəb kurikulumu üçün tamamilə yeni formada təlimatların yazılması vacibdir. Bu təlimatlar ümumi təhsil pilləsinin ayrı-ayrı səviyyələrinə və ya təhsilin bütün səviyyə və pillələrinə aid ola bilər. Bunlar təbii ki, irəli sürülən təkliflərdir və müzakirələr zamanı vahid qərara gəlinməlidir ki, təlimatlar necə yazılsın. Bununla yanaşı, həmçinin təlimatların hansı növdə olması da müzakirə olundu. Onların hazırlanması zamanı ümumi pedaqoji və  fənlər üzrə xüsusiyyətlərin nəzərə alınması xüsusi olaraq  qeyd   edildi. 

 

 

Şəfa  KAZIMOVA,

Təhsil Problemləri

İnstitutunun elmi işçisi

 

Azərbaycan müəllimi.- 2012.- 28 sentyabr.- S.10.