O, hamının sevimlisi idi...

  

Bu günlərdə eşitdiyimiz acı xəbər onu tanıyanları, dostlarını, xüsusilə də Təhsil Nazirliyində on illərlə çiyin-çiyinə çalışmış həmkarlarını dərindən sarsıtdı. Bəlli oldu ki, nurlu ziyalı ömrünün yarım əsrdən çoxunu təhsil sistemində yorulmadan çalışmış, ali məktəb laborantlığından respublikanın AliOrta İxtisas Təhsili Nazirliyində şöbə müdirliyinədək şərəfli bir həyat yolu keçmiş, Təhsil Nazirliyinin sabiq baş məsləhətçisi, dövlət qulluğunun fərdi təqaüdçüsü Aida Yolçu qızı Əliyeva ömrünün 73-cü ilində uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişmişdir. Bu ağır itkidən üzülən təhsil işçiləri və onun keçmiş yoldaşları mərhumun son mənzilə yola salınma mərasimində fəal iştirak etməklə bu ləyaqətli Azərbaycan qadınına olan son borclarını verməyə çalışdılar...

Dəfn mərasimindən bir aydan çox müddət keçsə də Aida xanımın itkisi onu sevənlərin, həmkarlarının qəlbini hələ də göynətməkdədir. Çünki bu xanım-xatın Azərbaycan qadını yüksək ünsiyyət və davranış mədəniyyətinə sahib olan əsl ziyalı, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı, Vətəninə, millətinə, dövlətinə cani-dildən bağlı vətənpərvər, insansevər bir insan idi.

Qələmə aldığımız bu kövrək, hüzn dolu sətirlər uzun illər ünsiyyətdə olduğumuzkollektivin sevimlisi olmuş mehriban, həlim təbiətli Aida xanıma, onun təmənnasız əməllərinə bəslədiyimiz dərin hörmət və ehtiramın ifadəsidir...

Təəssüf ki, bu gün Aida xanım haqqında keçmiş zamanda danışmaq məcburiyyətindəyik. Çünki bu mərd, mübariz Azərbaycan qadını artıq aramızda yoxdur. Lakin onun müqəddəs, pak ruhu onu sevənlərin və mərhumun sağlığında sevdiyi insanların qəlbində daim yaşayacaqdır. Aida xanım elə ömür yaşayıb ki, özündən sonra hər zaman xoş xatirələrlə anılmaq, hər vaxt ruhuna rəhmət oxunmaq haqqını sağlığında qazanıb. O, ləyaqətli, şərafətli ömür yolu keçib, insanların xeyrinə-şərinə, ağrısına-acısına, sevincinə-kədərinə hər zaman şərik olub. Gəlin, birlikdə onun ömür yoluna nəzər salaq.

Aida Yolçu qızı Əliyeva 1940-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Bakının məşhur 132 nömrəli məktəbində başa vurmuş, 1958-1963-cü illərdə Azərbaycan ali təhsilinin bayraqdarı olan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində mükəmməl təhsil alaraq əmək fəaliyyətinə doğma universitetdə başlamışdı. Universiteti fərqlənmə diplomu ilə bitirən Aida xanım bir müddət Azərbaycan KP MK-nın ideologiya şöbəsində çalışmış, orada bacarıqlı mütəxəssis kimi tanınmışdı. 1964-cü ildə Azərbaycanın AliOrta İxtisas Təhsili Nazirliyində nəşriyyat şöbəsində baş inspektor vəzifəsinə təyin edilmiş və dövlət qulluğundan təqaüdə gedənə kimi onun bütün əmək fəaliyyəti AliOrta İxtisas Təhsili Nazirliyisonralar Təhsil Nazirliyi ilə bağlı olmuşdur. Başqa sözlə, Aida xanım ömrünün düz qırx ilini fasiləsiz olaraq Təhsil Nazirliyində nəşriyyat məsələlərinə, xüsusən ali məktəblər üçün dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatların yaradılmasına və nəşrinə, son illər isə respublikanın ali təhsil müəssisələrində elmi tədqiqat işlərinin planlaşdırılmasına və əlaqələndirilməsinə  həsr etmişdir.

Aida xanım 1974-1988-ci illərdə AliOrta İxtisas Təhsili Nazirliyində nəşriyyat şöbəsinə rəhbərlik etmiş, ana dilində ali məktəblər üçün dərslik yaradıcılığına dəyərli töhfələr vermişdir. O, 1987-ci ildə Moskva şəhərində rəhbər nəşriyyat işçiləri hazırlayan ali ixtisasartırma kurslarında təhsilini  təkmilləşdirmiş, həmin kursları "əla" qiymətlərlə bitirərək Azərbaycanın təhsil sistemində yüksək peşə hazırlıqlı mütəxəssis kimi tanınmış  və şöhrət qazanmışdır.

1988-ci ildə təhsili idarəetmə orqanlarında aparılan islahatlarla əlaqədar Azərbaycanda təhsillə bağlı 3 nazirliyin birləşdirilməsindən sonra Aida Əliyeva öz fəaliyyətini Xalq Təhsili Nazirliyində, 1993-cü ildən isə Təhsil Nazirliyində tədris ədəbiyyatı və nəşriyyatı idarəsində, dərslik və nəşriyyat şöbəsində, sonralar isə elm şöbəsində uğurla davam etdirmiş, hər zaman ona tapşırılan işin öhdəsindən bacarıqla gəlmiş, yüksək təşkilatçılığı, zəngin təcrübəsi, peşəkarlığı və təşəbbüskarlığı ilə hamıya örnək olan dövlət qulluqçusu kimi tanınmışdır. Əmək fəaliyyəti dövründə təhsil sahəsində qüsursuz işinə görə "Ali məktəb əlaçısı" döş nişanı və iki dəfə Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.

Aida xanım istər rəhbər vəzifədə, istərsə də sıravi işçi olduğu illərdə həmişə yüksək ünsiyyət və davranış mədəniyyəti ilə seçilmiş, ləyaqət hissini hər zaman qoruyub saxlamış, həyata, cəmiyyətə münasibətdə ali vətəndaşlıq mövqeyi olan ziyalı kimi insanların hörmət və ehtiramını qazanmağa müvəffəq olmuşdur. Çoxları üçün əlçatmaz olan zirvələri zamanında fəth etmiş Aida xanım heç vaxt özünü kimsədən üstün tutmamış, həmişə sadəliyi, xoş rəftarı və səmimiliyi ilə həmkarlarının qəlbinə yol tapmış, onların rəğbətini qazanmış xoşbəxt taleli insanlardan olmuşdur. Biz onu belə görmüşük, belə tanımışıq, belə sevmişik.

Aida xanım bacarıqlı təhsil təşkilatçısı, tanınmış tədris-nəşriyyat işçisi olmaqla yanaşı, xoşbəxt taleli ailə başçısı, mehriban ana, sədaqətli ömür-gün yoldaşı idi. İki oğul böyüdüb tərbiyə edən Aida xanım həm də sevimli nənə idi. Ömür-gün yoldaşı Rahib Əliyev uzun illər Bakıda Oftalmologiya İnstitutunda elmi işçi - həkim kimi yüzlərlə insanı həyat işığından məhrum olmaq qorxusundan xilas etmiş, gözlərə işıq, qəlblərə nur vermişdi...

Sağlıqlarında olduğu kimi, bu günAida xanımla Rahib həkim bir yerdədirlər, onlar haqq dünyasında yanaşı uyuyurlar... Bu da həyatın sərt qanunlarından biridir.

Aida xanım Əliyeva 2005-ci ilin dekabrında təqaüdə çıxmışdısa da həmişə doğma kollektivi - Təhsil Nazirliyi ilə əlaqə saxlayırdı. Nazirliyin rəhbərliyi onu təntənə ilə, hörmət-izzətlə təqaüdə yola salmışdı. Aida xanıma Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim olunan mərasim yaddaqalan, hamıya örnək ola bilən bir tədbir idi. O tədbirdə Aida xanımın bir az kövrək, bir az həyəcanlı, lakin ləyaqətli çıxışı və davranışı hamını kövrəltmişdi... Çünki Aida xanım kimi bir həmkardan ayrılırdıq onda...

Bu ilin isti avqust günlərindən birində doğma kollektiv Aida xanımın vida mərasiminə yığışdı. Bu dəfə Aida xanımın dostları, həmkarları həyatdan əbədiyyətə qovuşan bu xanımla bağlı xoş xatirələrdən söz açdılar və ona bir ağızdan rəhmət dilədilər, onu son mənzilə də hörmətlə yola saldılar...

Aida xanım bu gün canından çox sevdiyi Azərbaycan torpağında uyuyur. Ruhun şad olsun, Aida xanım! 

 

 

Gültəkin HÜSEYNOVA,

Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri,

 

Əsgər QULİYEV,

Təhsil Nazirliyinin baş məsləhətçisi

 

 Azərbaycan müəllimi.- 2012.- 28 sentyabr.- S.9.