Təhsil naziri Ankara Universitetinin rektoru ilə görüşüb

 

Aprelin 2-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Ankara Universitetinin rektoru Erkan İbiş ilə görüşüb.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanla Türkiyə arasında təşəkkül tapmış qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən söz açıb. İki ölkənin təhsil sahəsində geniş əməkdaşlığının mövcudluğunu önə çəkən Misir Mərdanov yaradılan əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Ankara Universitetinin rektoru Erkan İbiş səmimi qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. İkitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən qonaq rəhbəri olduğu ali məktəbdə tədris olunan ixtisaslar və Ankara Universitetinin maddi-texniki imkanları haqqında məlumat verib.

Rektor Bakı Dövlət Universiteti ilə hüquq sahəsində ikili diplomların verilməsi ilə bağlı birgə proqramın həyata keçirilməsi istiqamətində görülmüş işlərdən söhbət açıb. Bu məqsədlə seçilmiş 30 tələbənin müvafiq proqram əsasında təhsil aldığını söyləyən qonaq gələcəkdə digər ixtisaslar üzrə də ikili diplomların verilməsinin mümkünlüyünü nəzərə çatdırıb.

Təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universiteti ilə Ankara Universiteti arasında hüquq sahəsində ikili diplomların verilməsi ilə bağlı birgə proqramın həyata keçirilməsini əhəmiyyətli bir addım kimi dəyərləndirib. Ali məktəblərin qarşılıqlı əlaqələrinin inkişafına Təhsil Nazirliyi tərəfindən hərtərəfli dəstək veriləcəyini bildirən nazir, həmçinin elmi-tədqiqat sahəsində əməkdaşlığın yaradılması məsələlərinə toxunub.

Görüşdə daha sonra universitetlərarası əməkdaşlığın inkişafı, müəllim-tələbə mübadiləsi və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan müəllimi.- 2013.- 5 aprel.- S.2.