Ətraf Mühitin Mühafizəsi Vll
Beynəlxalq Layihə Olimpiadasının
iştirakçıları ilə görüş
Aprelin 3-də Təhsil Nazirliyində Ətraf
Mühitin Mühafizəsi Vll Beynəlxalq Layihə
Olimpiadasının (İNEPO - Avrasiya) bir qrup
iştirakçısı ilə görüş
keçirildi. Tədbirdə nazirliyin məsul işçiləri,
"Çağ" Öyrətim İşlətmələri
Şirkətinin rəhbərliyi və digər əməkdaşları
iştirak edirdilər.
Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov tədbir
iştirakçılarını salamlayaraq onları görməsindən
məmnun olduğunu bildirdi.
Olimpiadanın
ənənəvi olaraq artıq 7-ci ildir ki, Azərbaycanda keçirildiyini xatırladan təhsil naziri qeyd etdi
ki, bu tədbirin təşkil
edilməsində əsas məqsəd Azərbaycanda, eləcə
də dünyanın bütün ölkələrində
artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması
ilə bağlı gənc nəsli məlumatlandırmaq,
şagirdlərin bu problemlərin həlli
istiqamətində müxtəlif layihələr işləyib
hazırlamaq bacarığını inkişaf
etdirmək, onlarda ekoloji
tərbiyəni, ətraf mühitə qarşı həssas
münasibəti formalaşdırmaq, nəticədə təbii,
mədəni, tarixi və sosial estetik dəyərləri
qorumaqdır.
Ətraf
Mühitin Mühafizəsi Beynəlxalq
Layihə Olimpiadasının 2007-ci ildən başlayaraq
keçirildiyini və
iştirakçı ölkələrin sayının ildən-ilə
artdığını diqqətə çatdıran Misir Mərdanov məlumat verdi
ki, ötən il bu olimpiadaya 42 ölkədən
250-dən artıq iştirakçı qatılıb. Azərbaycan məktəblərindən
200-dən artıq layihə arasından 70-i, xarici
ölkələrin təmsilçilərinin işlərindən
isə 48-i seçilib. Bu
il keçirilən Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə
Olimpiadasında 45 ölkədən 500-ə qədər
iştirakçı yarışacaqdır.
2013-cü
ildə Azərbaycanın 180 orta məktəbindən
təqdim olunan 214 layihədən 78-i, xarici ölkələrdən təqdim olunan 625 layihədən 52-si növbəti mərhələdə
iştirak etmək hüququ
qazanıb.
Yarışmanın
təşkilatçıları Azərbaycan Respublikası Təhsil
Nazirliyi, İDEA, Ekologiya
və Təbii Sərvətlər Nazirliyi,
Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti, İctimai Televiziya
və Radio Yayımları Şirkəti,
"Çağ" Öyrətim
İşlətmələri Şirkəti və "İNEPO-Avrasiya" Ekologiya
İctimai Birliyidir. Nazir
tədbirin 5-6 aprel tarixlərində Heydər
Əliyev adına İdman-Konsert Kompleksində
keçiriləcəyini bildirdi.
Bu möhtəşəm
yarışmanın Azərbaycanda təşkil edilməsini çox yüksək dəyərləndirdiyini
vurğulayan təhsil naziri
qeyd etdi ki, 45 ölkənin təmsilçilərinin
respublikamıza gəlməsi əlamətdar hadisədir. Çünki bu işdə
bizim əsas məqsədimiz
ekologiyanın
qorunmasına dair ən yaxşı layihəni
müəyyənləşdirib qiymətləndirməklə
yanaşı, həm də məktəblilərimizin müxtəlif
ölkələrdən olan
yaşıdları ilə dostluq
münasibətlərinin yaranması, əməkdaşlıq əlaqələrinin
qurulmasıdır. Olimpiada iştirakçılarının bir
neçə gün Azərbaycanda
qalacaqlarını, Bakı ilə tanış
olacaqlarını, maraqlı ekskursiyalara
gedəcəklərini, azərbaycanlı şagird
və müəllimlərlə görüşəcəklərini
deyən nazir əmin olduğunu
bildirdi ki, onlar özlərinə yeni
dostlar qazanacaq və
ölkələrinə Azərbaycanın dostu
kimi qayıdacaqlar.
Misir Mərdanov
çıxışının sonunda
"İNEPO-Avrasiya" ekologiya
olimpiadasının həyata keçirilməsində əməyi
olan bütün qurumlara, xüsusən "Çağ"
Öyrətim İşlətmələri Şirkətinin rəhbərliyinə
minnətdarlığını bildirdi. Bu tədbirin
gələcəkdə də ənənəvi olaraq Azərbaycanda keçiriləcəyinə
ümid etdiyini bildirən
nazir bütün
iştirakçılara uğur arzulayaraq onların hər birinin
ölkəmizdən xoş təəssüratlarla,
qalib kimi
ayrılacağına inandığını söylədi.
Sonra Nepal,
Anqola, İndoneziya, Əfqanıstan
və digər ölkələrdən olan
olimpiada iştirakçıları bu görüşə və ümumiyyətlə, Azərbaycanda
qarşılaşdıqları səmimi, mehriban
münasibətə görə təşəkkürlərini
bildirdilər. Sonda onlar
təhsil naziri ilə xatirə şəkli
çəkdirdilər.
Hicran
ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2013.- 5 aprel.- S.2.