Azərbaycan
təhsilinin uğurları
Tələbələr
arasında keçirilmiş beynəlxalq riyaziyyat olimpiadasının qızıl
medalçısı
"Heç vaxt ağlıma gəlməzdi
ki, nə vaxtsa riyaziyyat üzrə beynəlxalq olimpiadada
iştirak edəcəyəm və qızıl medal
alacağam. Çünki uşaqlıqdan ədəbiyyatı
sevirdim. Orta məktəbin yuxarı siniflərində oxuyanda,
demək olar ki, hər il Azərbaycan dili və ədəbiyyat
olimpiadasına gedirdim. İnşa yazı müsabiqələrində
iştirak edirdim və hər dəfə də mükafata
layiq yerlərdən birini tuturdum. Beynəlxalq riyaziyyat
olimpiadasına məni Qafqaz Universitetində riyazi analiz müəllimim
Yaqub Əliyev həvəsləndirdi. O mənə təklif
etdi ki, olimpiadada iştirak edim. O deməsəydi, yəqin ki, mən
olimpiadada iştirak etməyəcəkdim".
Ötən
il iyulun 26-dan avqustun 1-dək Bolqarıstanın Blaqoevqrad şəhərində
keçirilmiş tələbələr arasında 19-cu Beynəlxalq
Riyaziyyat Olimpiadasının qalibi Aynur Hüseynova bizimlə
söhbətə bu sözlərlə başladı. Aynur da
bu fikirdədir ki, riyaziyyatla ədəbiyyat, poeziya arasında
bir əlaqə, bağlılıq var. İkisi də adamdan
yaradıcı təxəyyül, fantaziya tələb edir.
Dahi riyaziyyatçıların həyatlarından çoxlu
misallar gətirmək olar ki, onlar ədəbiyyatı da
riyaziyyat qədər sevmişlər, hətta bədii
yaradıcılıqla məşğul olan çoxlu
riyaziyyatçı adı çəkmək olar.
Görünür, Aynurun da riyaziyyata və ədəbiyyata
meylinin, həvəsinin, hər iki elm sahəsində
nümayiş etdirdiyi istedadın kökündə riyaziyyatla ədəbiyyatın
hansı tellərləsə bağlılığı durur.
Aynur
Baloğlan qızı Hüseynova 1988-ci ildə Sumqayıt
şəhərində anadan olub. 1996-cı ildə Sumqayıt
şəhər Təbiət elmləri təmayüllü
gimnaziyanın birinci sinfinə gedib və 2007-ci ildə
oranı fərqlənmə attestatı ilə bitirib. Orta təhsil
illərində həmişə biliyi, bacarığı, təfəkkürünün
çevikliyi, yaradıcılığa həvəsi ilə fərqlənib.
Məktəb illərində aldığı çoxlu sayda fəxri
fərman, tərifnamə də bunu sübut edir.
Aynur 9-cu
sinifdə oxuduğu vaxtdan müxtəlif səviyyəli
olimpiadalarda, müsabiqələrdə iştirak etməyə
başlayıb. Onu da qeyd edək ki, orta məktəbdə
ancaq Azərbaycan dili və ədəbiyyat üzrə yarışmalara
qatılıb. İlk dəfə 2004-2005-ci dərs ilində fənn
olimpiadalarının şəhər turunun 2-ci mərhələsində
Azərbaycan dili və ədəbiyyat üzrə III yeri tutub.
2005-ci ildə faşizm üzərində qələbənin
60 illiyinə həsr olunmuş müsabiqədə iştirak
edib və "Böyük Vətən müharibəsi və
Azərbaycan" mövzusunda keçirilən inşa
müsabiqəsində III yeri tutub. Həmin ildə ümumi
orta təhsilini "əla" qiymətlərlə başa
vurduğuna görə fərqlənmə şəhadətnaməsi
alıb.
2006-cı
ildə ölkəmizdə böyük şairimiz Səməd
Vurğunun anadan olmasının 100 illiyi qeyd olunanda Aynur
gimnaziyanın X sinfində oxuyurdu. Şairə həsr
olunmuş "Demə Səməd Vurğun gəldi-gedərdi"
mövzusunda inşa müsabiqəsi keçiriləndə o
da iştirak etməyi qərara aldı. Nəticə sevindirici
oldu. Aynur müsabiqənin finalında III yerə çıxdı.
2006-2007-ci dərs ilində XI sinifdə oxuyanda da o, fənn
olimpiadalarında iştirak etdi və Azərbaycan dili və ədəbiyyat
üzrə şəhər turunun ikinci mərhələsində
I yeri tutdu. Respublika turunda isə IV yerə layiq
görüldü. Bütün bu qələbələrinə,
eləcə də onda ədəbiyyata, riyaziyyata, digər elmlərə
həvəs oyatdıqlarına və dərin bilik verdiklərinə
görə Aynur Sumqayıt şəhər Təbiət elmləri
təmayüllü gimnaziyanın bütün müəllimlərini
minnətdarlıq duyğuları ilə xatırlayır və
onlardan razılığını bildirir.
Məhz
gimnaziyada yaxşı oxumasının, "Çağ"
Öyrətim İşlətmələri MMC-nin "Araz"
ali məktəblərə hazırlıq kurslarında
keçdiyi yüksək hazırlığın nəticəsi
idi ki, Aynur 2007-ci ildə ali məktəblərə
keçirilən qəbul imtahanlarında 609 bal toplamış
və Qafqaz Universitetinin riyaziyyat və informatika fakültəsinə
daxil olmuşdur. Tələbə qəbulu imtahanlarında
ixtisas qrupları üzrə yüksək nəticə
göstərdiyinə görə ona TQDK-nın fəxri fərmanı
verilmişdir. Eyni zamanda "Çağ" Öyrətim
Şirkətinin rəhbərliyindən təltifnamə
almışdır.
Universitet
illərində Aynur riyaziyyatdan fərqlənmişdir. Onun bu
sahədəki bilik və istedadını görən müəllimləri,
xüsusən də riyazi analizdən dərs deyən Yaqub Əliyev
Aynuru riyaziyyat olimpiadasında iştiraka sövq etmişdir.
O,
Bolqarıstanda keçirilən Tələbələrin Beynəlxalq Riyaziyyat Olimpiadasına universitetin
riyaziyyat müəllimləri Dursun Çalışkan, Yaqub Əliyev,
Bəhman Məmmədov, Həmzağa Orucov və Vüqar
Musayevin köməyi ilə ciddi
hazırlaşmışdır.
İştirakçısı
olduğu Beynəlxalq Riyaziyyat Olimpiadasından Aynura xoş
xatirələr və qızıl medal qalıb.
Hazırda
Azərbaycan Dövlət Neft Akademiyasının İqtisadi fəaliyyətin
riyazi və informasiya təminatı bölməsində
magistraturanın I kursunda oxuyan Aynur beynəlxalq olimpiada ilə
bağlı xatirələrini bizimlə də
bölüşdü:
"Tələbələr
arasında keçirilən 19-cu Beynəlxalq Riyaziyyat
Olimpiadasına ötən il iyulun 24-də yola
düşdük. Gedib-gəlməyimiz
Qafqaz Universitetinin hesabına oldu. Həmin gün Heydər Əliyev
adına Binə hava limanına gedib Bakı-İstanbul-Sofiya
marşrutu ilə uçduq. Bizi Sofiyada "Çağ"
Öyrətimin türk liseyində qarşıladılar. Bir
gün orada qaldıq. Səhər Blaqoevqrad şəhərinə
getdik. Olimpiada "Amerikan University ın Bulqaria"da
keçirilirdi. 1 həftə Blaqoevqradda universitetin
yataqxanasında qaldıq. Yataqxana universitetin
yaxınlığında yerləşirdi. İran, Rusiya,
Çin, Küveyt, Estoniya, Gürcüstan, Qazaxıstan və
b. ölkələrdən çoxlu tələbə gəlmişdi.
Olimpiada 2 mərhələdə
olmaqla 2 gün ərzində keçirildi. Hər mərhələdə 5 sual təklif
olundu. Suallara yaxşı cavab vermişdim. Nəticələr
elan olunanda çox sevindim. Beynəlxalq olimpiadada ilk dəfə
iştirak etsəm də nəticəm yüksək idi. Ona
görə də qızıl medal aldım. Yeri gəlmişkən
qeyd edim ki, olimpiada proqramı təkcə yarışı əhatə
etmirdi. Mədəni-kütləvi tədbirlər də nəzərdə
tutulmuşdu. Belə ki, olimpiada günlərində şəhərin
bir çox görməli yerləri ilə tanış olduq.
Bolqarlar türklüyünü unutmuş xalqdır. Amma
türk dili nə qədər unudulsa da yaşlı nəslin
nümayəndələri bizim
danışığımızı başa
düşürdülər".
Aynurun
universitet həyatı da yaddaqalan uğurlarla bol olub. Qafqaz
Universitetinin olimpiada sədri Bəhman Məmmədov yetirməsi
haqqında deyir:
- Aynur bütün təhsil illəri ərzində
universitetimizin ən fəal tələbələrindən
olub. Universitetimizə qəbul olunanda gördük ki, riyaziyyat
üzrə istedadı var, olimpiadalara cəlb etdik. 2010, 2011 və
2012-ci illərdə ölkə üzrə ali məktəb tələbələri
arasında keçirilən fənn olimpiadalarının
iştirakçısı olub. Hər birindən sertifikatı
və diplomu var. 2012-ci il bakalavr təhsili müddətində
dərslərində əldə etdiyi nailiyyətlər və
nümunəvi davranışına görə "Qafqaz
Universiteti 2012-ci il. Pedaqoji fakültə, riyaziyyat və
informatika bölməsi məzunları arasında bölmə
I-si olub. Aynurun gələcəkdə öz sahəsi üzrə
ən yaxşı mütəxəssislərdən biri
olacağına inanıram. O, Beynəlxalq Riyaziyyat
Olimpiadasında qazandığı qızıl medala görə
həmişə məzunlarımızın arasında fəxri
yer tutacaq".
Beynəlxalq informatika olimpiadalarının
Azərbaycan üzrə ilk qalibi
Məktəblilər arasında informatika
üzrə beynəlxalq olimpiadaların tarixi 1987-ci ildən başlanıb.
Məhz həmin ildə YUNESKO-nun Parisdə keçirilən
24-cü konfransında bolqar riyaziyyatçısı Blaqovest
Sendov informatika üzrə də beynəlxalq olimpiadaların
keçirilməsi ideyasını irəli sürüb və
bu ideya 1989-cu ildə reallaşıb. İnformatikadan ilk beynəlxalq
olimpiada da onun ideya müəllifinin vətənində -
Bolqarıstanda keçirilib və o vaxtdan hər il təşkil
olunub.
Bu fənn
üzrə indiyədək 24 beynəlxalq olimpiada
keçirilib. Lakin informatika üzrə beynəlxalq
olimpiadaların 24 illik tarixi olsa da Azərbaycan məktəbliləri
bu mötəbər yarışmada 1993-cü ildən
iştirak edirlər. Həmin il oktyabrın 16-dan 25-dək
Argentinanın Mendoza şəhərində keçirilən
5-ci Beynəlxalq İnformatika Olimpiadasında Bakı Dövlət
Universitetinin dosenti Ramin Mahmudzadənin rəhbərliyi
altında 4 məktəblidən ibarət komandamız
iştirak etmiş, lakin onlardan heç biri olimpiada medalına
sahiblənə bilməmişdir. Ölkəmizin informatika fənni
üzrə beynəlxalq olimpiadada ilk medalı 1996-cı ildə
Macarıstanda keçirilən bilik yarışmasında
qazanılıb. Həmin olimpiadada Bakı Dövlət
Universitetinin I kurs tələbəsi Elnur Seyidli 114 balla
bürünc medala layiq görulub. Bu olimpiadaya qədər
Elnur artıq iki beynəlxalq bilik yarışmasında -
1995-ci ildə Beynəlxalq Riyaziyyat Olimpiadasında və elə
həmin il Niderlandın Eyndhoven şəhərində
keçirilən VII Beynəlxalq İnformatika Olimpiadasında
iştirak etmişdi, artıq müəyyən təcrübəsi
var idi. Məhz bu təcrübə ona VIII Beynəlxalq
İnformatika Olimpiadasının 109
medalçısının arasına düşməyə
imkan verib.
Elnur Fəttah
oğlu Seyidli 1978-ci il yanvarın 7-də Bakı şəhərində
anadan olub. 1985-ci ildə Bakı şəhəri 20 nömrəli
orta məktəbin I sinfinə gedib, 1995-ci ildə həmin məktəbin
məzunu olub.
1995-1999-cu illərdə
Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və
kibernetika fakültəsində ali təhsil alıb. 1999-2000-ci
illərdə təhsilini London İqtisadi və Siyasi Elmlər
Məktəbində davam etdirib. Elnur hazırda "Sabah
İnvestment Holdinq" şirkətlər qrupunun idarə heyətinin
sədri və prezidentidir.
Beynəlxalq
olimpiadada iştirak etdiyi illər artıq çoxdan tarixə
çevrilsə də hər iki olimpiada Elnurun
yaddaşında yaxşı qalıb. O xatırlayır ki,
birinci dəfə XI sinif şagirdi olarkən 1995-ci ilin 26
iyun-2 iyul tarixlərində beynəlxalq informatika
olimpiadasında gücünü sınayıb. O vaxt olimpiada
Niderlandın Eyndhoven şəhərində, Eyndhoven Texnologiya
Universitetinin bazasında keçirilirdi.
İştirakçı ölkələrin sayı 62 idi. Azərbaycanı
bu olimpiadada Elnurdan başqa daha 4 nəfər məktəblimiz
təmsil edirdi.
Olimpiada ənənəvi
olaraq 2 turda keçirilirdi. Hər tur üçün 5 saat
vaxt ayrılmışdı. Hər turda
iştirakçılara 3 məsələ təklif
olunmuşdu. Hər iştirakçının istifadəsinə
Pentium 75 MHz prosessorlu Tulip Vision Line fərdi kompüteri
verilmişdi. İştirakçılar 3 proqramlaşdırma
sistemindən birində yaza bilərdi.
Olimpiadada 20 qızıl,
36 gümüş və 54 bürünc medal oynansa da Azərbaycan
komandasının heç bir üzvü medal ala bilmədi. Ən
yaxşı nəticəni Elnur göstərdi. Lakin onun
topladığı bal da medala düşmədi.
Növbəti
olimpiada isə Elnura uğur gətirdi. Onda - yəni 1996-cı
il Macarıstanda keçirilən VIII Beynəlxalq
İnformatika Olimpiadasında Elnur artıq tələbə
idi, BDU-da oxuyurdu.
Bu olimpiadada
ölkəmizi 4 nəfər təmsil etməli idi. Onlardan 2-si
(Elnur və Rasim Bəxşi) tələbə, Aqil Əliyev və
Raif Rüstəmov isə məktəbli idilər. Aqil
Bakıdakı 287 nömrəli "Zəkalar" liseyinin,
Raif isə Fizika, riyaziyyat və informatika təmayüllü
liseyin XI siniflərində oxuyurdular.
25 iyul-2 avqust
1996-cı il tarixlərində Macarıstanın Vesprem şəhərində
keçirilən olimpiadada 58 ölkədən 222 gənc
iştirak edirdi. Hər komandada 4 məktəbli var idi.
Olimpiadanın keçirildiyi dövr Azərbaycanda ali məktəblərə
qəbul imtahanları ilə eyni vaxta təsadüf etdiyindən
həmin il orta məktəbi bitirmiş Aqil Əliyev və
Raif Rüstəmov olimpiadaya gedə bilmədilər. Bu
olimpiada da 2 turdan ibarət təşkil olunmuşdu. Digər
şərtlər, yəni hər tura verilən vaxt, istifadə
olunan proqramlaşdırma sistemlərinin sayı da əvvəlki
olimpiadada olduğu kimi idi. Həll üçün ənənəvi
məsələlər təklif olunmuşdu. Ancaq
optimallaşdırma elementlərinin daxil edilməsi bir sıra
məsələlərə orijinal xarakter vermiş və
güclü iştirakçılara
özlərinin üstün keyfiyyətlərini
nümayiş etdirməyə imkan yaratmışdı.
Olimpiadanın
bağlanış və qaliblərin
mükafatlandırılması mərasimi avqustun 1-də
axşam Vesprem şəhər teatrında keçirildi. Bu
olimpiadada da ümumilikdə 20 qızıl, 38 gümüş
və 51 bürünc medal oynanırdı. İlk olaraq
bürünc medalçılar təltif edildilər.
Onların arasında Azərbaycan təmsilçisi də var
idi. Artıq 3-cü ildir ki, yarışlara qatılmış
Azərbaycan nəhayət, ilk medalını qazanmışdı.
Elnur, irəlidə dediyimiz kimi, 114 balla bürünc medala
layiq görüldü. Komandamızın ikinci üzvü
Rasim də pis çıxış etmədi. O, 64 bal toplayaraq
fəxri fərmanla təltif olundu. Olimpiadanın mütləq
qalibi isə 200 mümkün baldan 196 bal toplamış
Çexiya məktəblisi Daniel Kral oldu.
Lakin bu
olimpiada da Elnurun iştirak etdiyi son bilik yarışması
deyil. O, Azərbaycan komandasının tərkibində 1997-ci
il noyabrın 30-dan dekabrın 7-dək Cənubi Afrika
Respublikasının Keyptaun şəhərində
keçirilmiş 9-cu Beynəlxalq İnformatika
Olimpiadasında da iştirak etmişdir. Bu olimpiadada da Azərbaycan
komandası bir bürünc medal qazandı. Lakin onu Elnur deyil,
komandamızın digər üzvü, BİO-da ilk dəfə
çıxış edən Bakıdakı 264 nömrəli
"Müəllif məktəbi"nin X sinif şagirdi Denis
Neştun qazandı.
Elnur
Seyidli artıq çoxdan təhsilini
başa vurub, istehsalatda çalışır. Böyük
bir şirkətlər qrupunun idarə heyətinin sədri və
prezidentidir. Onun keçdiyi həyat yolu biliyin, istedadın
insanın həyatındakı, karyera yüksəlişindəki
böyük rolunu bir daha sübut edir. Elnurun orta təhsil
aldığı 20 nömrəli məktəb-liseyi bitirməsindən
17 ildən artıq vaxt keçsə də burada onu indi də
yaxşı xatırlayır, oxuduğu illərdə məktəb-liseyin
ən fəal, istedadlı şagirdlərindən biri
olduğunu söyləyirlər. Onun şəkli hələ də
məktəbin qabaqcıl məzunlarına həsr olunmuş
stendini bəzəyir, nümunəsi isə şagirdləri
daha yaxşı oxumağa, çalışqan olmağa,
öz arzularına qovuşmaq üçün qətiyyətlə
mübarizə aparmağa səsləyir.
Səhifəni hazırladı: Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2013.- 5
aprel.- S.6.