"Öyrənməyin və öyrətməyin müasir aspektləri"

 

Aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Kollecində "Öyrənməyin və öyrətməyin müasir aspektləri" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aliorta ixtisas təhsili şöbəsinin əməkdaşları Zinyət Abdullayeva, Ənvər İmanov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin Məmmədov, pedaqoji təmayüllü orta ixtisas təhsili müəssisələrinin, Bakı şəhəri Yasamal rayonunun orta məktəblərinin direktor və müəllimləri iştirak edirdilər. Konfrans iştirakçıları kollecin foyesində pedaqoji təcrübədə  müəllim və tələbə əməkdaşlığının  nəticəsini əks etdirən "Tələbələrimiz pedaqoji təcrübədə" tədris sərgisi ilə, İKT vasitələrinin imkanlarından istifadə etməklə verdikləri dərslərin təqdimatlarından nümunələrlə  tanış oldular. Sərgi tələbələr tərəfindən hazırlanmış məktəbdə müasir tələblər səviyyəsində dərsin təşkili üçün müəllimin istifadə edə biləcəyi didaktik materialların, metodiki işləmələrin, icmalların, əyani vəsaitlərin, elektron dərs nümunələrinin nümayişi idi.

Pedaqoji təcrübənin mühüm problemlərinə həsr olunmuş "Öyrənməyin və öyrətməyin müasir aspektləri" mövzusunda elmi-praktik konfransı kollecin direktoru, professor Nurlana Əliyeva açaraq rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətindən, təhsilimizin uğurlarından, ölkəmizdə aparılan təhsil islahatlarından, Azərbaycan təhsilinə dövlətin qayğısından danışdı. Rəhbərlik etdiyi kollecdə yeniliyi öyrənən və öyrətməyə can atan, peşəsini, tələbələrini sevən fədakar müəllimlərin çalışdığını, pedaqoji təcrübənin müəllim hazırlığında effektivliyi təmin edən önəmli bir vasitə, sosial sərvət olduğunu qeyd etdi. 

Konfransda kollecin pedaqoji təcrübə rəhbəri Gülxarə Məmmədovanın "Pedaqoji təcrübənin məqsədi, vəzifələri və təşkili" mövzusunda məruzəsi, kollecin tədris hissə müdiri, filologiya üzrə fəlsəfə doktoru Gültəkin Əliyevanın "Fəal təlim müasir tədrisin əsasıdır", tədris metodika kabinetinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Fərqanə Əliyevanın "Pedaqoji təcrübədə tələbələrin nəzəri biliklərinin tətbiqi",  Yasamal rayonu 18 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Ağayevanın "Pedaqoji təcrübənin ümumi orta məktəblərdə təşkili" və kollecin pedaqogika müəllimi Ülkər Qədirovanın "Pedaqoji təcrübədə öyrənənin öyrətmə üsulları" mövzularında çıxışları, təqdimatları maraqla dinlənildi.

Tədbir iştirakçıları kollecin IV kurs tələbələrinin Bakı şəhərinin tam orta məktəblərində keçdikləri  təcrübə dövründə İKT vasitələrindən istifadə etməklə yeni təlim texnologiyaları əsasında qurulmuş sınaq dərslərinin təqdimatlarına maraqla baxdılar. Xüsusən, 4/1a qrup tələbəsi Mirvari Əliyevanın oxu fənnindən "Dəvələr", informatika fənnindən "Kompüteronun tətbiqi sahələri", 4a qrup tələbəsi  Səidə Qəribovanın riyaziyyat fənnindən  "Əşyanın yeri", 4/1b qrup tələbəsi Səbinə Kərimlinin oxu fənnindən "Novruz bayramı" mövzularında dərslərin  təqdimatları böyük marağa səbəb oldu. Tələbələrin dərslərinin təqdimatı, onların şərhləri, dərsin videogörüntüləri kollecin tələbələrinin nəzəri biliklərə yüksək səviyyədə yiyələndiklərinin və biliklərini təcrübədə tətbiq etmək bacarıqlarını nümayiş etdirdi. Kollecin direktoru Nurlana Əliyevanın dediyi kimi, nəzəriyyə və təcrübə qoşa qanaddır. Biz tələbələrimizdən daha yüksək uğurlar əldə etmələrini gözləyirik.

"Öyrənməyin və öyrətməyin müasir aspektləri" mövzusunda elmi-praktik konfrans pedaqoji təcrübənin  müəllim hazırlığında əhəmiyyətini və rolunu  bir daha nümayiş etdirib qabaqcıl təcrübənin mübadiləsi üçün imkan yaratdı.

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2013.- 5 aprel.- S.4.