Azərbaycan
təhsilinin uğurları
Beynəlxalq
riyaziyyat olimpiadalarının 1 gümüş, 3
bürünc mükafatçısı
Əliyev İzmir
Yalçın oğlu 5 mart
1997-ci ildə Şəmkirdə dünyaya göz
açıb. Altı il Şəmkir rayonunun Morul kənd orta
məktəbində təhsil alıb. Hazırda Mingəçevir
Özəl Türk Liseyinin 11-ci sinif şagirdidir. Gəlin,
İzmirin həyat tarixçəsini öz dilindən dinləyək:
-
Altıncı sinfin axırında imtahan verib Mingəçevir
Özəl Türk Liseyinə qəbul oldum, VII-VIII sinifləri
Mingəçevirdə oxudum. Yeddinci sinfin ikinci yarımilliyində
məktəblilər arasında olimpiadalarda iştirak etmək
üçün seçimlər oldu. Mən öz dərslərimi
oxuya-oxuya həm də iki il fənn olimpiadalarına
hazırlaşdım. Doqquzuncu sinfin əvvəllərində
Bakı Özəl Türk Liseyində axırıncı
seçim imtahanları keçirildi. Adətən bu
imtahanlarda altı-yeddi nəfər uşaq seçilir və
onları dünya olimpiadalarında iştirak etmək
üçün hazırlaşdırırlar. Seçilən
şagirdlərin biri də mən oldum.
Doqquzuncu
sinfin sonlarında iştirak etdiyim ilk olimpiada Cənubi Kipr
Respublikasında keçirilən Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası olub. Mən oradan
bürünc medalla qayıtdım. Onuncu sinifdə oxuyanda
Qazaxıstanda Jautıkov olimpiadasında iştirak etdim, orada həvəsləndirici
medal aldım. Daha sonra aprel
ayının sonunda Türkiyənin Antalya şəhərində
keçirilən Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında
bürünc medal əldə etdim.
2012-ci
ilin iyun ayında isə Yunanıstanda keçirilən Beynəlxalq
Balkan Riyaziyyat Olimpiadasında gümüş medal qazandım.
Sonuncu dəfə Argentinada keçirilən 53-cü Beynəlxalq
riyaziyyat olimpiadasında bürünc medal əldə etdim.
Mənə
riyaziyyata həvəs nənəmdən keçib. Ailəmizdə
nənəm riyaziyyat müəllimi olub. Anam isə musiqi
müəllimidir.
Mənim
adımı da nənəm
qoyub. Deyilənə görə, bizim tərəflərdə
İzmir adında çox
xeyirxah bir insan varmış. Onun xatirəsinə ehtiram əlaməti
olaraq mənim adımı İzmir
qoyublar.
Xarici
ölkələrə olimpiadalara gedəndə keçirdiyim
hissləri sözlə ifadə edə bilmirəm. İnsan gərək
o hissləri özü yaşaya. Əslində heç bir
olimpiadada elə də güclü həyəcan keçirməmişəm.
Ona görə ki, həmişə ciddi
hazırlaşmışam və özümə çox güvənmişəm. Medallar
qazananda keçirdiyim fəxr hissi, Azərbaycan
bayrağının qaldırılması, tribunaya Azərbaycanın
təmsilçisi kimi mənim
çağırılmağım - bütün bunlar
qürur gətirən yaşantılardır. Təsəvvür
edin ki, hər bir ölkədən
medal alanlar bir-bir tribunaya dəvət olunur, kimin hansı
ölkədən gəldiyi də elan edilir. Qaliblərin
sırasında Azərbaycanın da adının çəkilməsi bizim
üçün böyük uğurdur. İştirak etdiyim ən
axırıncı olimpiadada 100 ölkənin nümayəndələri
iştirak edirdi.
Təhsil
aldığım liseydə yüksək səviyyədə
bilik qazanmaq üçün hər cür şərait var.
Bizi ən çox fərqləndirən cəhət
olimpiadalarda iştirak etməyimizdir. Müəllimlərimiz hər
bir işdə bizə kömək edirlər. Mən
əslində Mingəçevir Özəl Türk Liseyinin
şagirdi sayılıram, Bakı Özəl Türk Liseyinə
isə olimpiadaçı kimi gəlmişəm.
İştirak etdiyim beynəlxalq riyaziyyat olimpiadalarında seçilən uşaqlara adətən sertifikat, diplom, medal və bir qayda
olaraq pul mükafatı verilir. Dünya olimpiadalarında
iştirak etmək, istənilən xarici ölkənin ali məktəbində
oxuya bilmək barədə
şagirdə həm də seçim etmək hüququ verir.
Riyaziyyat
fənnini çox sevdiyimdən ən çox riyaziyyat
olimpiadalarına gedirəm.
Azərbaycan
dilindən başqa ingilis dilində yazıb-oxumağı sərbəst bacarıram.
İngilis dilini həm liseydə öyrənmişəm, həm
də sərbəst məşğul olmuşam. Çünki
xarici ölkələrdəki olimpiadalarda iştirak etmək
üçün gərək ingilis dilindən imtahan verib bal
toplayaq.
Liseyin ən özəl xüsusiyyətlərindən biri də
odur ki, fizika, kimya, biologiya, informatika - bunlar hamısı
ingilis dilində tədris olunur. Bir neçə aydan sonra
artıq 11-ci sinfi başa vururam, orta təhsillə
vidalaşıram.
Ali təhsilimi
Kanadadakı universitetlərdən birində davam etdirəcəyəm.
İngilis dilindən səviyyə ölçmə
imtahanına xarici universitetlərdə çox böyük
önəm verirlər. Olimpiadalarda fərqlənən
uşaqları ali məktəblərə orada imtahansız qəbul
edirlər. Qayda belədir ki , olimpiada
iştirakçısı olan şagird özünün
diplomunu, sertifikatını oxumaq istədiyi xarici ölkədəki
ali məktəbə göndərir və onu oraya qəbul
edirlər. Kanadada Toronto, Waterloo universitetləri var. Mən
hər ikisinə sənədlərimi göndərmişəm.
Ailədən kənarda oxumağın bir
məktəbli üçün müəyyən çətinlikləri
də var. Belə ki, valideynlərdən kənarda
yaşayırsan, doğmalarını tez-tez görə bilmirsən.
Valideynlərim Şəmkirdə yaşayır.
Biz hər gün bir-birimizlə telefon əlaqəsi
saxlayır, hal-əhval tuturuq. Mənim Tahir adında bir
qardaşım var. Hazırda ADNA-da neft mühəndisliyi
fakültəsində 1-ci kursda oxuyur. Hər
iki-üç gündən bir mənə baş çəkir.
O da vaxtilə liseydə oxuyub, xarici ölkələrdə
keçirilən olimpiadalarda iki il
iştirakçı olub.
Mən hansı xarici ölkədə
oxuyacağamsa, fərqi yoxdur, sonunda yenə də vətənimə
qayıdacağam. Birinci o səbəbdən
ki, biz xarici ölkədə oxumağa dövlət xətti
ilə gedirik. Odur ki, bütün hallarda biz ali məktəbi başa vurandan sonra geriyə
qayıdıb vətənimizə xeyir verməliyik. İkincisi də ki, ana vətəndən kənarda
necə qərar tutmaq olar? Şəxsən mən xarici
ölkələrə olimpiada yarışmalarına gedəndə
belə bir an da olsun öz yerimi-yurdumu
yadımdan çıxarmamışam. Yəni
dediyim odur ki, haraya getsəm də qayıdacağım məkan
vətəndir. Mənim üçün ən müqəddəs
varlıq vətənim və valideynlərimdir. Onlar mənə hər şeydə hər zaman dayaq
olublar.
Ən böyük hobbim isə futbol
oynamaq, İnternetdən istifadə etməkdir.
Daha sonra tennisi sevirəm. Burada boş
vaxtlarımızda hamımız tennis oynamağı
xoşlayırıq.
Axırıncı dəfə xarici ölkədə
keçirilən olimpiadada iştirak edərkən sosial şəbəkə
vasitəsilə hər gün qardaşımla əlaqə yaradırdım.
Qalib olanda da ilk sevincimi qardaşımla
bölüşürdüm. O da öz növbəsində
mənim qələbə sorağımı valideynlərimlə
paylaşırdı. Bakıya qayıdanda
valideynlərim məni çox böyük fərəh hissi
ilə qarşıladılar. Mənim
medalla qayıtmağıma bütün qohumlarım sevinirdi.
Mən hər iki liseydəki bütün müəllimlərimi
çox istəyirəm və onları bir-birindən fərqləndirmirəm.
Çünki onlar bütün vaxtlarını
bizə sərf edirlər. Hər hansı
bir dərslə bağlı problemimizi çəkinmədən
müəllimlərimizlə paylaşırıq və onlar
bizə yaxından kömək edirlər.
Biz yaşda gənclərin ən birinci vəzifəsi
oxumaq, yüksək səviyyədə təhsil almaqdır.
İndi hansı sənəti seçsəm, deməli
həyatımı da o səmtə yönəltmiş oluram.
Mənim gələcək arzularımdan biri də
odur ki, öz elmimlə, bacarığımla Azərbaycanı
bütün dünyaya daha yaxından tanıdım. Azərbaycan gənclərinin dövlət
hesabına xarici ölkələrdə təhsil alması
üçün Dövlət Proqramı qəbul olunub. Mən də həmin proqram çərçivəsində
kompüter mühəndisliyini öyrənmək arzusundayam.
Sonra isə qayıdıb hərbi xidmətimi
yerinə yetirmək, daha sonra da magistraturada oxumaq istəyirəm.
Bir amalım var: o da yorulmadan çalışmaq və
dövlətə xidmət etməkdir.
Şəmkir özü elə bir bölgədə
yerləşir ki, orada təlim meydançaları da var, hərbi
hissələr də. Təbii
ki, Qarabağ problemi bütövlükdə bütün Azərbaycan
əhalisinin normal həyat tərzinə mane olur. Biz düşmənin ölkəmizə qarşı
bütün vəhşi hərəkətlərini pisləyir,
ümid edirik ki, bizim nəsil inşallah bir gün bu problemi
yoluna qoyacaq.
Atam-anam, orta məktəb və liseydəki müəllimlərim
hər zaman mənə böyük ümidlər bəsləyiblər.
Əlbəttə, mən onları
doğrultmalıyam. Arzum budur ki, mükəmməl ali təhsil
alım, vətənə
xeyirli övlad olum, Azərbaycanı bütün dünya
miqyasında tanıda bilim, respublikamın xoş sədalarını
həmişə dünyaya yayım.
Beynəlxalq olimpiadaların 1 qızıl,
1 gümüş, 3 bürünc medalının sahibi
Balaqardaş
Cəbrayıl oğlu Bəşirov 19 avqust 1996-cı ildə
Salyanda anadan olub.
Birinci sinifdən altıncı sinfədək
Salyandakı 1 nömrəli orta məktəbdə oxuyub.
Hazırda Şirvan Özəl Türk Liseyində
11-ci sinifdə təhsil alır. Balaqardaşın söylədikləri:
- Ailədə iki uşağıq. Mən və məndən dörd yaş kiçik
bacım. O, hazırda 6-cı sinifdə oxuyur. Anam evdar qadın, atam isə qaynaqçıdır.
Mən birinci sinfə Salyanda getmişəm.
İlk sinif müəllimim Həqiqət
xanım olub. Mənə qələm
tutmağı o öyrədib. Elmə, təhsilə olan marağım
isə ancaq məktəbdə oyanıb. Üçüncü,
dördüncü siniflərdə oxuyarkən riyaziyyata daha
çox marağım vardı. Məsələləri,
misalları həll etməyi çox xoşlayırdım.
Ondan da qaynaqlanaraq dəqiq elmləri seçdim.
İki sinif, yəni yeddinci və səkkizinci
sinifləri Şirvan Özəl Türk Liseyində oxudum.
Sonra olimpiadalar haqqında məlumat aldım və beynəlxalq
olimpiadalara hazırlaşmağa başladım. Bu işdə müəllimlərim
də mənə kömək etdilər. Doqquzuncu
sinifdən Bakı Özəl Türk Liseyinə gəlirəm.
2008-ci ildə ilk dəfə Şirvan
Özəl Türk Liseyinə oxumağa gələndə təhsil
üçün ödənişim 50 faizə
düşdü. Çünki imtahanda
birincilik qazanmışdım.
Liseyə gəldiyim ilk günlər həm
şagird, həm də müəllim kollektivini tanımadığımdan mənim üçün çox cansıxıcı
keçirdi. Get-gedə uşaqlarla ünsiyyətdə
olduq, bir-birimizi yaxından tanıdıq, sonra lisey həyatına
alışdım.
Onuncu sinifdə oxuyanda tam olaraq qarşıma məqsəd
qoydum ki, mən həyatımı elmə həsr edəcəyəm.
Əslində 8-ci sinifdən olimpiadalara hazırlaşırdım,
özümü elmə həsr eləmək fikrim tam olaraq
onuncu sinifdə formalaşdı.
İlk dəfə 2010-cu ilin dekabrında
olimpiada qalibi oldum.
Təyyarəyə ilk dəfə minirdim.
Xarici ölkəyə də gedişim ilk dəfə olduğundan həyəcanlı
idim. Biz oraya çatanda qalmağa yer verdilər.
Müxtəlif ölkələrdən gələn uşaqlar
bir-biri ilə tanış olur, bir-birinin
haqqında bilgilər almağa maraq göstərirdilər. Azərbaycanı çox ölkə
tanıyırdı. 2009-cu ildə 40-dan çox ölkənin
iştirak etdiyi
Beynəlxalq Təbiət Elmləri Olimpiadası Azərbaycanda
keçirildiyinə görə
iştirakçıların çoxunun Azərbaycan barədə
təsəvvürü vardı.
Müqəddəs kitabımız olan
Qurani-Kərimin ilk əmri "Oxu"dur.
Elm öyrənmək, savad ardınca getmək
çox gərəkli və vacib bir işdir. Elm öyrənib onu həyata, insanlara tətbiq etmək,
insan rifahı üçün çalışmaq necə də
dəyərli bir vəzifədir.
Təbii ki, bütün həmyaşıdlarım
kimi mən də idmana, xüsusilə futbola həvəs
göstərirəm. Stolüstü
tennis də mənim maraq dairəmdə olan oyundur. Hərdən musiqiyə də qulaq asıram. İngilis dilində danışmağı və
yazıb-oxumağı bacarıram.
Mən kimya sahəsində mühəndislik
peşəsi üzrə ixtisas almaq istəyirəm.
Kanadanın Toronto
Universitetində oxumaq mənim ən böyük arzumdur.
Təbii ki, mənim bu planımla
bağlı bəzən hərə bir fikir söyləyir.
Amma sonunda hamı
yekdilliklə mənə deyir
ki, məsləhət sənin özünündü.
Yeddinci sinifdə mənim Öndər
Şəntürk adında bir müəllimim vardı. O özü də ali təhsilini Azərbaycanda almışdı.
Mən bəlkə də nə vaxtsa Azərbaycandan
kənarda qala bilərəm, ancaq bunu qətiyyən
arzulamıram.
Ən böyük arzum kimya mühəndisi
ixtisası üzrə təhsil almaq, xalqımın xeyirli
övladı olmaqdır. İstəyirəm Azərbaycan
adına çox böyük bir layihəm
olsun və o layihəm respublikama çox böyük xeyir gətirsin.
Bu gün Azərbaycanın əzəli və
qədim torpaqları işğal altındadır.
Mən ali təhsilimi bitirdikdən sonra
ürəkdən istəyirəm ki, hərbi xidmətə
yollanım, elm sahəsində olduğu kimi, bu sahədə də
vətənimə olan övladlıq borcumu yerinə yetirim.
Düşmənlə üzbəüz səngərdə
mərd-mərdanə dayanmaq ər kişinin hünəridir.
Mən Laçının, Şuşanın, Kəlbəcərin həsrətini
daşıyıram.
Məsələn, deyirlər ki,Yaponiyada insanların 80 faizi kitab oxumaqları
ilə məşhurdur. Mən istəyirəm
ki, Azərbaycan da elə olsun. Gəncliyin
borcu oxuyub təhsil almaqdır.
Mən 5 dəfə müxtəlif xarici
ölkələrdə keçirilən beynəlxalq fənn
olimpiadalarında iştirakçı olmuşam.
Doqquzuncu sinifdə oxuyarkən ilk dəfə Nigeriyada keçirilən Beynəlxalq
Təbiət Elmləri Olimpiadasında iştirak etdim. Bürünc medal qazandım. Onuncu
sinifdə oxuyanda yenə də eyniadlı beynəlxalq
olimpiadada iştirak edib gümüş medal aldım. Növbəti olimpiadada yenə bürünc medala
layiq görüldüm. Daha sonra Nigeriyada dəqiq
fənlər üzrə beynəlxalq olimpiadada iştirak etdim
və qızıl medal aldım. Daha sonra
Amerikada keçirilən beynəlxalq kimya olimpiadasında
iştirak etdim. Onda da bürünc medal
aldım.
Hər qələbə qazananda sevincimi ilk
əvvəl müəllimlərimlə
bölüşürdüm. Getdiyim ölkələrdə müəllimlərim
valideynlərimlə də danışmaq üçün
şərait yaradırdı.
Çalışırdım ki, bütün nəticələrimdən
valideynlərim tez
xəbərdar olsunlar. Beş səfərimdən
ən çox yadımda qalan gümüş medal
almağımdır. O səfərdə çox dostlar
qazandım, evdəkilər də "davamlı olsun" qəbilindən
gözəl sözlər dedilər.
Gəncliyin hər dəqiqəsi
qızıldır. Bu qızılı səmərəsiz
yerə sərf etmək olmaz.
Qarayev
Fuad Abdurəhman oğlu: - Bakı Özəl
Türk Liseyində riyaziyyat müəllimi işləyirəm,
həm də bununla bərabər "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə Özəl liseylərinin fənn olimpiadaları koordinatoruyam.
Riyaziyyat fənni üzrə respublika fənn
olimpiadalarının münsiflər heyətinin məsul
katibiyəm.
1996-cı
ildən bəri biz beynəlxalq
olimpiadalarda iştirak edirik. Bu günə qədər
iştirak etdiyimiz olimpiadalarda tam olaraq 537 medal
almışıq. Rayonlarımızda və Bakıdakı məktəblərimizdə yeddinci sinifdən etibarən
uşaqları olimpiadalarda iştirak etmək üçün
seçirik. Daha sonra bu uşaqlar olimpiadalara hazırlıq
üzrə çalışmalara başlayır. Biz hər
ayın sonunda məktəblərə aylıq olimpiada
sınaq imtahanları göndəririk, orada olimpiadalara
hazırlaşan uşaqları imtahan edir, ümumi siyahılar
çıxarır, nəticələri elan edirik. Uşaqlar
doqquzuncu sinfə gəldikdə isə imtahan verirlər,
dünya olimpiadalarında iştirak edə biləcək
uşaqları seçirik. Onlar yenə də öz məktəblərində
oxumağa davam edirlər. Amma ara-sıra onları on beş
günlük, iyirmi günlük, bir aylıq olimpiada
kursları üzrə toplantılara
dəvət edir, burada uşaqlara mütəmadi dərslər
keçirik. Bu dərsləri keçmək üçün
həm bizim öz müəllimlərimizi, bəzən də
universitetlərdən, xarici ölkələrdən olimpiada
işini bilən professorları
dəvət edirik. Bu uşaqlar olimpiadalarda
iştirak etmək üçün
hazırlaşdırılır. Şagirdlərin olimpiadalara
hazırlanmasında hər fənn üzrə respublika fənn
olimpiadaları münsiflər heyətinin sədrləri (Rafiq
Quliyev - riyaziyyat, Mirzəli Murğuzov - fizika, Vaqif Abbasov -
kimya) fəaliyyət göstərirlər. Uşaqların üzərində
onların qayğısı, əməyi çoxdur.
Şagirdlərimiz günortaya qədər öz dərsləri
ilə, dərsdənkənar olaraq olimpiada işləri ilə
məşğul olurlar. İzmir Əliyev, Balaqardaş Bəşirov
bizim ən yaxşı şagirdlərimizdəndir. Biri
kimyaçı, o biri riyaziyyatçıdır. İndiyə
kimi iştirak etdikləri fənn olimpiadalarından hər zaman müvəffəqiyyətlə
geri dönüblər. Qızıl, gümüş,
bürünc medal qazanıblar.
Bu
il olimpiadaçılarımız Rusiya, Kolumbiya,
İsveçrə, Avstraliya və Albaniyada keçiriləcək müxtəlif
fənn olimpiadalarında Azərbaycanı
təmsil edəcəklər. İzmir ötən il Argentinada
keçirilən olimpiadadan bürünc medalla, Türkiyədən - Balkan
Olimpiadasından isə gümüş müdalla
qayıtdı. Sonra
Yunanıstanda gümüş medal qazandı. Balaqardaş Bəşirov
da həm qızıl, həm
gümüş, həm də bürünc medalla təltif
olunub. Təbii ki, bu uşaqların arzuları, hədəfləri
böyükdür. Biz hər zaman onlara
aşılayırıq ki, əsas hədəfiniz
qızıl medal əldə etmək olsun. Əslində məqsəd
sadəcə medal almaq da deyil. 100-dən çox ölkənin
iştirak etdiyi olimpiadada uşaqlarımızın Azərbaycan
bayrağı ilə səhnəyə çıxması, Azərbaycanı
təmsil etməsi, Azərbaycanın adının orada
yaxşı mənada hallandırılması bizi ayrıca
duyğulandırır, fəxarət hissləri
yaşadır. Biz öz şagirdlərimizdən çox
razıyıq.
Ancaq əldə
edilən nailiyyətlərlə təbii ki, özləri də,
biz də kifayətlənmirik. Çünki Azərbaycan
xalqı səviyyəsinə görə seçilən
xalqdır. Millətimizin elmdə də, idmanda da müvəffəqiyyətləri
çoxdur.
Mən
burada bir haşıyə çıxmaq istəyirəm. Bilirik
ki, universitetlərə qəbul olmaq heç də asan iş
deyil. Məsələn, Azərbaycanda 700 və ya 650 bal toplayan tələbələr haqqında
mediada - qəzet və jurnallarda daha çox müsahibələr
gedir, onlar haqqında daha çox danışılır. Ancaq beynəlxalq olimpiadaların iştirakçısı
olmaq qəbul imtahanlarından daha fərqli və daha çətindir.
Bu uşaqların əldə etdikləri nailiyyətlər
heç də kiçik nailiyyətlər deyil. Təhsil
Nazirliyi belə
uşaqları hər zaman dəstəkləyir. Bildiyiniz kimi,
keçən ay təhsil naziri cənab Misir Mərdanov özü
şagirdlərlə görüşdü, söhbət
apardı, nailiyyətlərinə görə onları müxtəlif hədiyyələrlə
təbrik edərək gələcəkdə də müvəffəqiyyətlər
arzuladı. "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin rəhbərliyindən
də bizə hər cür maddi və mənəvi dəstək
verirlər. İl ərzində ən
azı 10-15 dəfə olimpiadalara gedirik. Buna
da aydındır ki, maddi dəstək tələb olunur.
Bu problemin həllində ARDNŞ-ın da
mühüm rolu var.
Şagirdlərimiz onlara göstərilən
hər bir etimadı doğruldurlar. Qələbələrimiz davam edir. Olimpiadalarda
qazandığımız 537 medaldan 104-ü
qızıl, 170-i gümüş, 263-ü
bürüncdür. Amma yenə də "Azərbaycanımızı
daha çox tanıdaq" deyirik. Biz bundan
sonrakı fəaliyyətimizi də hər zaman bu şəkildə
davam etdirəcəyik.
Gənclik özü ağ
vərəqdir. Mən 1999-cu ildən etibarən
Azərbaycan məktəblərində respublikamızı
xarici ölkələrdə təmsil edən çox
savadlı, istedadlı şagirdlərlə işləyirəm.
Bu gün Azərbaycan gəncləri iştirak etdikləri təhsil
üzrə beynəlxalq fənn və layihə
olimpiadalarında Azərbaycanı layiqincə təmsil edirlər. 2010-cu ildə 108 ölkənin
iştitak etdiyi 51-ci Beynəlxalq
Riyaziyyat Olimpiadasında iştirak edən bizim uşaqlar həndəsə
sualları üzrə göstərdikləri nəticələrə
görə illərcə
olimpiadalarda seçilmiş Rusiya Federasiyasının,
Türkiyə Respublikasının şagirdlərindən
qat-qat üstün oldular. Rusiya Federasiyasında riyaziyyat fənni
üzrə olimpiadanın sədri Nazar Aqaxanov bizim nümayəndələrimizi
çağırıb: "Sizin çox güclü həndəsəniz
var" deyib təbrik elədi, öz kitablarına avtoqraf
yazaraq bizə hədiyyə etdi.
Qazaxıstanda Beynəlxalq Jautıkov
olimpiadasında iştirak edərkən bizim şagirdimiz Cəfər
Cəfərov orada iki dəfə birincilər birincisi olanda təhsil
nazirimiz cənab Misir Mərdanovun adına xüsusi təşəkkürnamə
sertifikatı vermişdilər ki, sağ olun ki, sizin məktəblərinizdə
belə gəncləriniz yetişir.
Medallardan başqa, bu şagirdlərimiz
orta məktəblərdə məzun olduqdan sonra dünyanın Oksford, Stanford,
Miçiqan, Toronto, Boğaziçi kimi nüfuzlu universitetlərində təhsil
alırlar. Bütün bunlar Azərbaycan təhsilinin
səviyyəsinin göstəricisidir. Bu
şagirdlər Azərbaycan təhsilinin, Azərbaycan məktəblərinin
yetirmələridir.
Gənclik millətimizin gələcəyidir.
Sadəcə, riyaziyyat, fizika, kimya, biologiya, tarix və
coğrafiyanı mükəmməl bilmək hələ hər şey demək
deyil. Hər şeydən vacib şagirdləri vətəndaş
kimi yetişdirmək lazımdır. Dövlət
belə gəncliklə daha da yüksələcək.
Məşhur bir deyim var: "Əgər
bir il sonranı düşünürsənsə,
çiçək yetişdir, on il sonranı
düşünürsənsə, ağac yetişdir, əgər
yüz il sonranı düşünürsənsə, insan
yetişdir". Mənim də bir pedaqoq, bir Azərbaycan
müəllimi olaraq ən böyük vəzifəm Azərbaycanı
gələcəkdə təmsil edəcək savadlı şəxsiyyətlər
yetişdirməkdir. Şagirdlərimə ən
çox nəyi arzulayıram?
Heç vaxt əldə etdikləri nailiyyətlərlə
kifayətlənməsinlər, hər zaman hər şeyin
yaxşısını fikirləşsinlər.
Dünyanın ən yaxşı universitetlərinin
tələbəsi olmağı, sonsuz başarılar, müvəffəqiyyətlər,
cansağlığı arzulayıram şagirdlərimə.
Onlar heç vaxt unutmamalıdırlar ki, vətən,
millət, bayraq, xalq, dövlət hər şeydən öncədir.
Bunların yolunda
çalışmaq lazımsa çalışmaq, vuruşmaq
lazımsa vuruşmaq, oxumaq lazımsa oxumaq tələb olunur. Mənim şagirdlərimin boynuna nə
düşürsə, onu edəcəklərinə,
dürüst, pak, təmiz, ata-analarına, millətinə,
dövlətinə sadiq olacaqlarına ürəkdən
inanıram. Gələcək belə gənclərin
çiynindədir.
Səhifəni
hazırladı: Ellada UMUDLU
Azərbaycan
müəllimi.- 2013.- 12 aprel.- S.6.