İkiqat paralimpiya çempionu İlham Zəkiyevlə görüş

  

Aprelin 10-da Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldıran paralimpiya çempionu İlham Zəkiyevlə görüş keçirildi. İnstitutun tədris işləri üzrə prorektoru, dosent Razim Məmmədov tədbiri giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyevin "İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzini nümayiş etdirən ikinci bir vasitə yoxdur" fikrini qeyd etdi. Prorektor R.Məmmədov dövlətin idmana qayğısından, paralimpiya oyunlarının daha da inkişafında İlham Zəkiyevin nailiyyətlərinin əhəmiyyətindən  danışdı.

İnstitutun mülki müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiyə kafedrasının müdiri, professor Hənifə Qurbanov çıxış edərək bildirdi ki, hər dörd ildən bir beynəlxalq olimpiya oyunlarından sonra Paralimpiya oyunları keçirilirbu yarışlarda Azərbaycanın olimpiyaçıları kimi, paralimpiyaçıları da böyük uğurlara imza atıblar. Cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev bunun bariz nümunəsidir. Ümumiyyətlə, dövlət başçısı idmana çox böyük qayğı və diqqət göstərir.

Sonra paralimpiya çempionu İlham Zəkiyev çıxış edərək bildirdi ki, o, 1999-cu ildə Füzuli rayonunda kəşfiyyatda olarkən döyüş tapşırığını yerinə yetirdiyi zaman düşmən snayperinin gülləsinə tuş gəlib və aldığı güllə yarasından sonra görmə qabiliyyətini tamamilə itirib. Buna baxmayaraq, onun yenidən idmana qayıtması fantastik görünsə də, öz əzmi ilə bu hadisəni reallığa çevirə bilib. 2002-ci ilin noyabr ayından yenidən idmana qayıdan İ.Zəkiyev bu dəfə artıq paralimpiya hərəkatında təlim işlərinə başlayıb. O, paralimpiya oyunlarından Azərbaycana 2 qızıl, 2 bürünc medal gətirib və elə bu qələbələrinə görə Prezident tərəfindən "Şöhrət" ordeni ilə təltif edilib, Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl Çinar" mükafatına layiq görülmüş ilk idmançıdır.

Görüşdə iştirak edən tələbələrin çoxsaylı suallarını cavablandıran İlham Zəkiyev bildirdi ki, bu günə qədər qazandığı bütün uğurlar birbaşa dövlət başçısının adı ilə bağlıdır. O qeyd etdi ki, 1997-ci ildən, cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idman sahəsi xüsusilə inkişaf edib. Keçmiş MDB ölkələri arasında cəmi bir Paralimpiya Kompleksi var ki, o da Azərbaycandadır. 2000-ci ildə keçirilən Sidney Olimpiya yarışlarından sonra ulu öndər Heydər Əliyev belə bir kompleksin tikilməsinə sərəncam verib. Azərbaycanda 40-a yaxın beynəlxalq standartlara uyğun Olimpiya Kompleksi tikilib. İdmana və idmançılara dövlət başçısının diqqət yetirməsi onları daha da ruhlandırır.

Sonda tədbir iştirakçıları İlham Zəkiyevin müxtəlif yarışlardakı qələbələrini və medallarla təltif olunduğunu əks etdirən videoçarxı gurultulu alqışlar altında izlədilər.

 

 

AMİ-nin Mətbuat xidməti

 

Azərbaycan müəllimi.- 2013.- 12 aprel.- S.7.