Kembric Universitetinin Bələdçi kitabında Naxçıvan Dövlət Universiteti səhifələri

 

Son vaxtlarda göstərilən dövlət qayğısı sayəsində Naxçıvan Dövlət Universitetinin ölkədə və beynəlxalq aləmdə nüfuzunun artması Böyük Britaniyanın dünyada məşhur olan Kembric Universitetinin  də diqqətini cəlb etmişdir.  Beynəlxalq miqyasda xüsusi böyük imicə malik olan Kembric Universiteti hər il müstəqil olaraq apardığı seçim əsasında Naxçıvan Dövlət Universitetini özünün dostları olan universitetlər sırasına daxil etmişdir. Ənənəyə uyğun olaraq Kembric Universitetinin dostluq və əməkdaşlıq üçün seçdiyi ali məktəblər haqqında hər il nəşr olunan "Mükəmməlliyə bələdçi. Qlobal Təhsil və İmkanlar" seriyasından olan Bələdçi kitabında Naxçıvan Dövlət Universitetinə yer ayrılması qərara alınmışdır.

 

Bu yaxınlarda  dünya üzrə qabaqcıl təhsil müəssisələri və onların əldə etdiyi uğurlar, həmçinin bu ali məktəblərin  təhsil sahəsindəki və elmi imkanları  haqqında məlumatları əks etdirən  İngiltərənin Kembric Universitetinin illik nəşri olan "Mükəmməlliyə bələdçi. Qlobal təhsil və imkanlar" seriyasının 2013-cü ilə olan nəşri çap olunmuşdur. Kitabda  Böyük Britaniya, Rusiya, Türkiyə, Çin, Kanada, Almaniya,  Pakistan, İsveç, Kuveyt, Hollandiya, Malayziya, Tailand, İspaniya, İtaliya, Danimarka, Qazaxıstan, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və dünyanın başqa aparıcı təhsil ölkələri də daxil olmaqla 44 ölkədən 183 təhsil müəssisəsi sırasında  Azərbaycanın ən mühüm akademik, iqtisadi və mədəni regionlarından birinin əsas elmali təhsil mərkəzi olan Naxçıvan Dövlət Universitetionun əldə etdiyi uğurlar haqqında məqalə verilmiş və nəşrə universitetin rektoru, akademik İsa Həbibbəylinin müsahibəsi daxil edilmişdir.

Dünyanın ən məşhur universitetlərindən biri olan, uzun illərdən bəridir ki, universitetlərin beynəlxalq reytinq cədvəlinə başçılıq edən İngiltərənin 729 il bundan əvvəl yaradılmış Kembric Universitetinin təsis etdiyi "Mükəmməlliyə bələdçi. Qlobal təhsil və imkanlar" seriyasının 2013-cü ilə olan nəşri 8 fəsildən ibarətdir. Birinci  fəsildə Kembric Universiteti və Tələbə Birliyi haqqında   məlumat verilir. Kembric Universiteti Tələbə Birliyi ilk dəfə olaraq universitetdə 1922-ci ildə Tələbələrin Milli Birliyi kimi fəaliyyətə başlamışdır. 1969-cu ildə daha da genişlənərək Tələbə Təmsilçilər Assambleyası, 1985-ci ildə isə indiki adı ilə adlanmağa başlamışdır. Kembric Universitetinə qəbul olan hər bir tələbə bu birliyə üzv olmaq hüququ qazanır. Birlik tələbələrə təhsil aldığı müddətdə məsləhətlər verir, nəqliyyat və poçt xidmətləri göstərir, tələbələrin cəmiyyətə inteqrasiyasını sürətləndirmək üçün dəstək olur,  nəşrlərdə məqalələr çap etdirmələrinə və konfranslar keçirmələrinə köməklik edir. Birliyə üzv olmaqla tələbələr universitetin təqdim etdiyi müəyyən xidmətlərdən güzəştli şərtlərlə istifadə etmək imkanı əldə edirlər.

Kitabın ikinci fəslində Kembric Universitetinin tabeliyində olan 31 kollec (fakültə), onlardan  hər birinin yaranması tarixi, inkişaf yolu və təklif etdiyi təhsil xidmətləri haqqında məlumat öz əksini tapmışdır. Qeyd edək ki, Kembric Universitetinin tarixini müəyyən edən ən qədim kollec sayılan Peterhouse kollecinin əsası  1284-cü ildə, ən yeni Robinson kollecinin əsası isə 1977-ci ildə qoyulmuşdur.

Üçüncü  fəsildə Böyük Britaniyada təhsilin bütün növləri üzrə ibtidai, ortaali  təhsil verən 34 təhsil müəssisəsi haqqında məlumat verilmişdir.

Dördüncü fəslə isə  ibtidai, orta və yeniyetmələrin təhsili haqqında geniş məlumatlar daxil edilmişdir. Burada Kanada, Səudiyyə Ərəbistanı, Almaniya, Hindistan, İrlandiya, Tailand, Cənubi Afrika, Meksika, Kosta Rika, İspaniya, Türkiyə, Rusiya, Pakistan, Oman, Çin, Çili,  İsveç,  İsveçrə, Malta, Misir, Mərakeş, Hollandiya, Yamayka kimi dövlətlərin təhsil təcrübəsi haqqında məlumatlara yer ayrılmışdır.

Beşinci fəsildən Böyük Britaniya və Avropanın ali təhsil müəssisələri haqqında məlumatları əldə etmək olar. Bu fəslə Böyük Britaniya, Rusiya, Polşa, Serbiya, Hollandiya, Slovakiya, İtaliya və İspaniyanın 21 ali təhsil müəssisəsi barədə informasiyalar daxil edilmişdir.

Dünyanın inkişaf etməkdə olan ali təhsil müəssisələri və onların əldə etdikləri uğurlar altıncı fəsildə öz əksini tapmışdır. Burada Azərbaycan, Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Küveyt, Zambiya, Malayziya, Tailand, Meksika, Qətər, Çili, Braziliya, Oman, Paraqvay, Ekvador, Uqanda və Tanzaniyanın 35 qabaqcıl ali təhsil müəssisələri haqqında məlumat öz əksini tapmışdır.

Bu fəslə Azərbaycandan yalnız  Naxçıvan Dövlət Universiteti haqqında məqalə daxil edilmişdir.  "Qlobal əlaqələr" başlığı ilə çap olunmuş məqalə  2012-ci ildə  özünün 45 illik yubileyini qeyd etmiş Naxçıvan Dövlət Universitetinin  Azərbaycanın ən qabaqcıl akademik qurumlarından biri olması və dünyanın 70-dən çox universiteti ilə beynəlxalq əlaqələri haqqında məlumatla başlayır. Həmçinin, "Müasir təhsil müəssisəsi" başlığı ilə verilmiş bölmədə Naxçıvan Dövlət Universitetinin informasiya texnologiyaları laboratoriyaları, yaxşı təchiz olunmuş elektron kitabxanası və Wi-Fi-də daxil olmaqla mükəmməl tədris imkanları olan müasir ali təhsil ocağı olması vurğulanmışdır. Faktiki olaraq  Naxçıvan Dövlət Universitetində  informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunmasına misal kimi bu ali məktəbin ölkənin G4 mobil şəbəkəsi üçün ilkin sınaq meydanı olması və həmin şəbəkənin ilk dəfə universitetdə keçirilən uğurlu sınaqlardan sonra bütün ölkədə tətbiq olunmağa başlaması qeyd olunur. Ən müasir texnoloji imkanlarla yanaşı, universitetin konservatoriyası, idman mərkəzi, botanika bağı və klinikasının  fəaliyyət göstərməsi  də məqalədə nəzərə çatdırılmışdır.

Qeyd olunmuşdur ki, 1967-ci ildə əsası qoyulmuş Naxçıvan Dövlət Universiteti cəmi 3 tam ştat müəllimlə tədris aparan 102 tələbə ilə fəaliyyətə başlamışdır. Bununla yanaşı, onilliklər boyu universitetin imkanları və tələbə sayı artmış və bu ali təhsil müəssisəsinə 1990-cı ildə indiki adı ilə birlikdə tam universitet statusu verilmişdir. Bu gün Naxçıvan Dövlət Universiteti 10 fakültədə 52 ixtisas üzrə 5000-dən çox tələbəyə bakalavr, magistrdoktorantura  proqramları üzrə təhsil verir.

Naxçıvan Dövlət Universitetində gedən geniş quruculuq işləri də kitabın redaksiya heyətinin diqqətini cəlb etmişdir. Belə ki, universitetin dayanıqlı inkişaf etməkdə olduğu və 2005-ci ildən bəri memarlıq və mühəndislik, iqtisad-hüquq, beynəlxalq münasibətlər və xarici dillər, təbiətşünaslıq - kənd təsərrüfatı və pedaqoji fakültələri üçün yeni korpusların tikilməsi, həmçinin genişləndirilmiş yeni tələbə evisosial xidmət mərkəzinin istifadəyə verilməsi kitabda xüsusi olaraq əks etdirilmişdir.

Avropa Rektorlar Klubuna, Asiya Universitetlər Assosiasiyasına, Qara Dəniz Universitetlər Birliyinə, Avrasiya İpəkyolu Universitetlər Konsorsiumuna  üzv olan Naxçıvan Dövlət Universiteti illər boyu çoxsaylı qlobal əlaqələr qurmuş və hazırda üzv dövlətlərin qurumlarından olan müəssisələrlə tərəfdaş ölkələrin təşkilatlarını birləşdirən  7 TEMPUS - Avropa Cəmiyyəti sxemi layihəsində iştirak edir. Naxçıvan Dövlət Universiteti  Qafqaz ali təhsil müəssisələrindən ibarət olan Qafqaz Universitetlər Birliyinin qurucularından biridir.

Universitetin geniş beynəlxalq əlaqələr şəbəkəsinə də məqalədə ayrıca diqqət yetirilmişdir. Bu məsələ məqalədə universitetin rektoru, akademik İsa Həbibbəylinin "Möhkəm milli əsaslarla yanaşı, Naxçıvan Dövlət Universitetinin dünyanın 70-dən çox universiteti ilə beynəlxalq əlaqələri də vardır"  sözləri ilə ifadə olunmuşdur.  Bildirilmişdir ki, universitetin akademik əlaqələri tibb fakültəsinin tələbələrinə Türkiyə universitetlərinin xəstəxanalarında təcrübə keçməyə imkan verir. Eyni zamanda universitetdə İspaniya, İsveçrə, Fransa, Cənubi Koreya, Litva və Gürcüstanın ali məktəbləri ilə bir semestrlikya tədris ili üzrə tələbə mübadiləsinin də həyata keçirildiyi nəzərə çatdırılır.

Daha sonra qeyd olunur ki. beynəlxalq imkanlarla yanaşı, Naxçıvan Dövlət Universitetində  canlı mədəni həyat hökm sürür.  Universitetin konservatoriyası - Azərbaycanın ən gözəl incəsənət mərkəzlərindən biri 2007-ci ildə istifadəyə verilmişdir. Universitetin çox uğurlu teatr, rəqs, xorvokal qrupları ilə yanaşı, televiziya studiyası və radiosu da uğurla fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetinin tələbələri, həmçinin, beynəlxalq idman arenasında da yüksək nailiyyətlər əldə etmişlər.  Futbol komandası 2008 və 2010-cu illərdə tələbələr arasında milli çempionatda birinci yeri qazanmış, UkraynadaPolşada Azərbaycan tələbə futbolunu uğurla təmsil etmişlər. Universitetin voleybol komandası iki dəfə Qafqaz çempionu adına layiq görülmüş, badmintonçu qızlar isə 4 dəfə milli çempionatda birincilik qazanmışlar.

Kembric Universitetinin Bələdçi kitabındakı məqalədə sonda qeyd olunur ki, əlverişli beynəlxalq perspektivi, Azərbaycanın görkəmli alimləri kimi tanınan  elm adamlarının da daxil olduğu professor-müəllim heyəti və dünya standartlarına uyğun imkanları ilə Naxçıvan Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil mərkəzlərindən birinə çevrilə bilməklə yanaşı, dünyanın ən yaxşı  universitetləri ilə bərabər səviyyədə öz layiqli yerini tutmuşdur.

Kembric Universitetinin Bələdçi kitabında Naxçıvan Dövlət Universitetinə aid üçrəngli şəkil oxuculara çatdırılmışdır. Təqdim olunan fotolarda Naxçıvanda universitet quruculuğunun inkişafı, milli dəyərlərin yaşadılması və tələbə idman mühitinin uğurları canlandırılmışdır. Kitabda universitetin emblemi rəsmi İnternet səhifəsinin ünvanı - www.ndu.edu.az əks olunmuşdur.

Məqalənin tam mətnini http://cusu-excellence2013. org/about-the-book/chapter-6/ ünvanına daxil olmaqla əldə etmək olar.

"Mükəmməlliyə bələdçi. Qlobal təhsil imkanlar" kitabının VII VIII fəsillərində Böyük Britaniyada fəaliyyət göstərən 10 təhsil müəssissəsi haqqında məlumat verilir.

Kitabın elektron versiyasını Kembric Universitetinə aid http://cusuexcellence2013.org İnternet saytından əldə etmək olar.

Naxçıvan Dövlət Universitetinin dünyaca məşhur Kembric Universitetinin "Mükəmməlliyə bələdçi. Qlobal təhsil imkanlar" kitabında  yer alması mahiyyət etibarilə bu Azərbaycan ali məktəbinin  Kembric reytinq kitabında özünəməxsus yer tuta bilməsi mənasını daşıyır. Bu isə Naxçıvan Dövlət Universitetinin beynəlxalq nüfuzunun göstəricisi olması ilə yanaşı, həm bütövlükdə Azərbaycan ali məktəbinin uğurlarının biri hesab oluna bilər. 

 

 

Anar KAZIMOV,

Naxçıvan Dövlət Universitetinin

elmi işlər üzrə prorektoru,

riyaziyyat üzrə fəlsəfə doktoru

 

Azərbaycan müəllimi.- 2013.- 12 aprel.- S.5.