Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90
illik yubileyinə həsr olunmuş şagirdlər arasında inşa
yazı müsabiqəsinin yekun mərhələsi
keçirilib
Aprelin
6-da akademik Zərifə Əliyeva
adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr
olunmuş ümumi təhsil məktəbləri və ilk
peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında "Heydər Əliyev məktəblilərin
gözü ilə" inşa yazı müsabiqəsinin yekun mərhələsi
keçirilib.
Üç
mərhələdən -
məktəb, rayon (şəhər) və respublika mərhələlərindən
ibarət olan inşa yazı müsabiqəsinin yekun mərhələsinə
108 nəfər iştirak hüququ qazanıb.
Tədbirdə Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan
Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov,
rabitə və informasiya texnologiyaları nazirinin müavini
Elmir Vəlizadə, Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin
müavini Şaiq Əsgərov və digər rəsmi şəxslər
iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov mərasimdə
çıxış edərək ulu öndər Heydər Əliyevin
anadan olmasının 90 illik yubileyinə həsr olunmuş
inşa yazı müsabiqəsinə məktəblilərin
böyük maraq göstərdiklərini qeyd edib. Hər il,
bir qayda olaraq, ümumi təhsil məktəbləri və
peşə liseyləri şagirdlərinin
qatıldığı müsabiqə haqqında məlumat verən
nazir müsabiqənin Heydər Əliyev Fondu, Təhsil
Nazirliyi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı
ilə keçirildiyini nəzərə çatdırıb.
Artıq yeddinci ildir ki, təşkil
olunan bu müsabiqədə hər il 600 mindən artıq
şagirdin iştirak etdiyini söyləyən təhsil naziri
bildirib ki, ümummilli liderin doğum günü ərəfəsində
müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi
keçiriləcəkdir. Misir Mərdanov müsabiqəyə
qatılan şagirdlərin fəallığını
yüksək dəyərləndirib, bunu ulu öndərin xatirəsinə
hədsiz hörmət və ehtiramın parlaq təzahürü
kimi qiymətləndirib.
Nazir müstəqil Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinin
öyrənilməsi baxımından inşa yazı
müsabiqəsinin əhəmiyyətindən söhbət
açıb, bunun ümummilli liderə ehtiramın bariz
nümunəsi olduğunu nəzərə
çatdırıb. Təhsil naziri
çıxışının sonunda müsabiqənin təşkilində
əməyi olan hər kəsə təşəkkürünü
bildirib və iştirakçılara uğurlar arzulayıb.
Sonra müsabiqənin yekun mərhələsinin
mövzusu elan edilib və məktəblilər "Ulu öndər
Heydər Əliyev - nəsillərə nümunə olan dahi
şəxsiyyət" mövzusunda inşa yazmağa
başlayıblar.
Onu da qeyd edək ki, bilik
yarışının qaliblərinin ulu öndər haqqında
fikir və düşüncələrinin maraqla
qarşılandığı nəzərə alınaraq ən
yaxşı işlər toplu şəklində nəşr
olunacaq. Müsabiqənin qaliblərinə ənənəyə
uyğun olaraq, mükafat və müxtəlif hədiyyələr
təqdim ediləcək.
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2013.- 12 aprel.- S.3.