"Mədəniyyət və incəsənətimizin məbədgahı"

 

Maraqlı, məzmunlu kitab bir mənəvi yoldur, yerindən tərpənmədən səni çox-çox uzaqlara apara bilir. Açıb qiraətə başlayanda sanki ilk qədəmlərini atırsan. İrəlilədikcə gördüklərin-duyduqların tədricən diqqətini özünə çəkir. Hiss eləmədən analitik düşüncələrini yeyinləşdirirsən. Nəhayət, niyyətində tutduğun ünvana yetişirsən və nəticədə xoş ovqat yaşayırsan, öyrənirsən, bilik, dünyagörüşü qazanırsan. Zəmanəmizin nüfuzlu ziyalılarından biri, əməkdar incəsənət xadimi, akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı, "Şöhrət" ordenli ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, görkəmli kulturoloq alim, professor Timuçin Əfəndiyevin yenicə nəşr olunmuş "Mədəniyyət və İncəsənətimizin məbədgahı" kitabını oxumaq belə bir yolu getməyə bərabərdir. 

 

Əsər mənə doğma olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illiyinə həsr edilib. Artıq altı ildir, orada muğam sənəti kafedrasında pedaqoq kimi fəaliyyət göstərirəm. Bu qocaman ali məktəbin quruluşuna, insanlarına, iş prinsipinə az-çox bələdəm. Amma onun tarixi, tərəqqisi ilə bağlı vərəqləri çevirdikcə, qarşımda bilmədiklərimin bildiklərimi sayca üstələdiyi onlarca qiymətli məlumatla rastlaşdım. Gözlərim qarşısında unudulmaz məqamlarla zəngin bir mənəviyyat dünyası canlandı...

Kitabın ilk məqaləsində ADMİU-nun keçdiyi şərəfli inkişaf yolu xronoloji ardıcıllıqla verilir. Adi teatr məktəbindən beynəlxalq aləmdə yaxşı tanınan bir universitetə çevrilməsinin, daha doğrusu, çevrilə bilməsinin əsas səbəbi kimi orada böyük sənətkarların dərs deməsi, qismətinə uğurlu rəhbər silsiləsinin çıxması göstərilir.

Müəllif qeyd edir ki, 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutu adını alan tədris müəssisəsində ulu öndərimiz Heydər Əliyevin respublika hakimiyyətinə ilk gəlişindən sonra işlər nəzərəçarpacaq dərəcədə sürətləndi. Yeni dərslik və dərs vəsaitləri, daha mükəmməl proqramlar hazırlandı, teatr yaradıcılığında öndə gedən aktyorlar müəllim kimi instituta cəlb edildi. Köhnə kadrlar səviyyələrini artırmaq, təkmilləşmək üçün Sovet İttifaqındakı qabaqcıl ali təhsil ocaqlarında ixtisasları üzrə kurs keçdilər, təcrübədə oldular. Öz peşəsinin öhdəsindən bacarıqla gələnlər dövlət tərəfindən müxtəlif titullara, mükafatlara layiq görülərək ruhlandırıldılar. Yaradıcılıqlarını inkişaf etdirmək üçün tələbələrə münbit şərait yaradılırdı. Vaxtaşırı müsabiqələrə göndərilirdilər, diplomlarla, hədiyyələrlə geri qayıdırdılar. Sərhədlərimizdən kənarda mədəniyyətimizin, incəsənətimizin təbliğatını aparırdılar. Ümummilli liderin müdrik və uzaqgörən siyasəti Azərbaycanın hər yerində olduğu kimi bu institutda da öz əksini tapdı.

ADMİU-da əsl oyanış isə ötən əsrin səksəninci illərinin ikinci yarısından başlayıb. Kitabda bu göstərilir, o vaxt görülən işlərin məzmunu yetərincə geniş açıqlanır, amma inkişafdakı sıçrayışın həlledici səbəbi xüsusi olaraq vurğulanmır. Müəllif yazır: l1987-ci ildən etibarən İncəsənət İnstitutunda köklü dəyişikliklər baş verdi. Belə ki, əgər həmin dövrə qədər burada cəmi 2 dekanlıq, 6 kafedra fəaliyyət göstərirdisə, 9 ixtisasda mütəxəssis hazırlanırdısa, sonradan ixtisasların, fakültə və kafedraların sayı artmağa başladı. 1987-ci ildə İncəsənət İnstitutunda bir elmlər doktoru, 6 elmlər namizədi işləyirdisə, 90-cı illərdə burada çalışan elmlər doktorlarının, professorların, elmlər namizədlərinin sayı 100-ü ötüb keçdi». Sual oluna bilər: 1987-ci ildə nə baş vermişdi? Başqa sözlə, bütün bu uğurların arxasında hansı qüvvə, konkret olaraq kim dayanırdı? Əsərdə  əvvəlki illərdə institutda rəhbər kimi çalışmış görkəmli şəxsiyyətlərin hamısı haqqında ətraflı məlumat verilməsinə baxmayaraq, 1987-ci ildə təyin olunan rektorun adı-soyadı qeyd edilmir. Bu, əlbəttə ki, diqqətsizlik deyil. Heç bir yazı priyomunada, oxucunu təəccübləndirmək, intizarda saxlamaq cəhdinə də oxşamır. Sadəcə müəllif təvazökarlığıdı, öz fəaliyyətini vətən qarşısında adi vəzifə borcu kimi qiymətləndirməkdi.

Mənəviyyatımız üçün olduqca böyük əhəmiyyət kəsb edən bu ali təhsil ocağının rəhbərliyinə Timuçin Əfəndiyev kənardan gətirilməmişdi. Artıq 10 il idi ki, burada işləyirdi. Pedaqoq kimi çalışmasına baş müəllimliklə başlamış, çox keçmədən dosent, daha sonra fakültə dekanı olmuşdu. Mövcud çatışmazlıqlara dərindən bələd idi. Dünyadakı eyni yönlü nümunəvi ali məktəblərdən xəbəri vardı və onlar kimi yüksək səviyyəli tədris müəssisəsi yaratmaqdan ötrü işləri necə qruplaşdırmaq, hansı islahatları aparmaq  lazım olduğunu yaxşı bilirdi.

Atılan doğru addımlar tezliklə öz bəhrəsini verdi. Xüsusən nəzəri və praktik sahələri əhatə edən yeni ixtisaslar şəbəkəsinin qurulması yaradıcılığa meyli gücləndirdi. Aspirantura şöbəsinin açılması, Müdafiə Şurasının təşkili, müasir tipli kitabxananın yaradılması kimi texniki irəliləyişləri professor-müəllim heyətinin elmi tədqiqatları tamamladı.

İşlər tarıma çəkildikcə, əhatə genişləndikcə, milli metodik vasitələrə ehtiyac günü-gündən artırdı. Rəhbərliyin tövsiyəsi ilə bu çətinlik elə institutdaca dəf edildi. Çox çəkmədi, orada işləyən təcrübəli müəllimlər tərəfindən demək olar ki, əksər ixtisaslar üzrə sanballı dərsliklər, tutarlı monoqrafiyalar yazıldı.

Müəllif kitabda bəyan etməsə belə, reallıq göstərir ki, həmin alimlər sırasında ən məhsuldarı məhz özü olub. Təşkilati məsələlər vaxtının, enerjisinin çox hissəsini əlindən alsa da, o, heç zaman yaradıcılıqdan qalmayıb. Mədəniyyətlə, incəsənətlə bağlı neçə-neçə əsəri işıq üzü görüb, tələbələrin, aspirantların, gənc mütəxəssislərin stolüstü öyrəncinə dönüb, bu sahələrə xüsusi marağı olan insanların ixtiyarına verilib. "Rus dramaturgiyası və Azərbaycan teatrı", "Hüseyn Cavidin ideyalar aləmi", "Cəfər Cabbarlı və romantik dramlar", "Romantik dramaturgiyada tarixilik və bədiilik", "Azərbaycanın teatr tarixi", "Azərbaycanın kino tarixi oçerkləri", "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz", "Mədəniyyətimizdə tarixilik və müasirlik", həmçinin hazırda məziyyətlərindən bəhs etdiyimiz "Mədəniyyət və İncəsənətimizin məbədgahi" kitabları ilə professor Timuçin Əfəndiyev cismən və ruhən bağlandığı bu ali təhsil ocağında  həm də bir alim kimi fədakarlıq göstərmişdir. 1987-ci il, yəqin əksəriyyət təsdiq edər ki, əslində respublikamızda hər hansı vəzifəyə gəlmək üçün münasib dövr deyildi. Sovetlər Birliyinin süqutu getdikcə şiddətlənirdi və bu eniş mədəniyyətə, incəsənətə də mənfi təsir göstərirdi. Amma Timuçin müəllim rəhbəri olduğu ali təhsil ocağını dörd bir yandan əsən bəd küləklərdən qorumağı bacardı. Kənardan heç bir kömək ummadan daxili imkanlar hesabına, yüksək nizam-intizam sayəsində işi düzgün qura bildi. Bunun gerçək nəticəsi, bariz təzahürü kimi, institut BDU-dan sonra ikinci olaraq 1991-ci ildə universitet statusu qazandı.

Həmin illərdə daha irimiqyaslı hadisələr də baş verdi. Azərbaycan müstəqillik əldə etdi, ardınca xalqımızın xilaskarı Heydər Əliyevin respublika rəhbərliyinə Böyük Qayıdışı - ikinci gəlişi baş verdi. Ümummilli lider tez bir zamanda cəmiyyətimizi iqtisadi-siyasi böhrandan qurtardı. Onun zəkasının sönməz işığı az bir vaxtda yurdumuzdakı bütün dəyərləri dünyaya göstərdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də görünənlər cərgəsində idi.

Bu təhsil ocağı sovet dönəmində başqa müttəfiq respublikalar üçün yüzlərlə kadr hazırlamışdı. Rusiyada, Orta Asiyada, Pribaltikada neçə-neçə yetirməsi sonralar öz milli mədəniyyət və incəsənətlərinin inkişafında görkəmli simaya çevrildi. Həmin vaxt institutda sözsüz ki, bütün işlər çərçivə daxilində həyata keçirilirdi. Hər yerdə, o, cümlədən burada mərkəzdən asılılıq hökm sürürdü.

Müstəqillik ölkəmizdə fəaliyyət göstərən bütün ali məktəblər kimi onun da məramını dəyişdi, öz göstəriciləri ilə beynəlxalq aləmə birbaşa çıxışı üçün optimal  şərait yaratdı. Hazırda ADMİU dünyanın bir çox universitetləri ilə möhkəm dostluq münasibəti yaradıb, işgüzar əlaqələr qurub. Onlarla mədəniyyət, elm və təhsil sahəsində müntəzəm surətdə təcrübə mübadiləsi aparır. Avropa İncəsənət Universitetləri liqasının tamhüquqlu üzvüdür. Diplomu beynəlxalq sertifikata malikdir. Dünyada yüksək keyfiyyətli tədris müəssisəsi kimi tanınır, təsadüfi deyil ki, İngiltərənin Kembric Universitetinin Beynəlxalq Biblioqrafik mərkəzi uzun illərdir ADMİU-ya rəhbərlik edən professor Timuçin Əfəndiyevi "2005-ci il dünyanın aparıcı pedaqoqu" nominasiyasına layiq görmüşdür.

"Mədəniyyət    İncəsənətimizin  məbədgahı" kitabını  oxuyarkən  universitetdə  görülmüş    görülən işlərin möhtəşəm mənzərəsi ilə qarşılaşırıq. Müəllif zəngin faktlara əsaslanaraq Azərbaycanda peşəkar teatr təhsilinin yaranmasından, onun inkişaf  mərhələlərindən,  peşəkar  kadr  hazırladığından  söhbət  açır,  ekran  sənətlərinin  tədrisindən, rəssamlıqdan,  kulturologiya  elmindən  bəhs  edir.

Əsərin musiqi təhsilinə həsr edilmiş fəslində bu ecaskar sənət növünün keçdiyi keşməkeşli yola nəzər salınır, janrlar haqqında geniş məlumat verilir, inkişaf boyunca müəyyən ardıcıllıqla ayrı-ayrı sənətkarların yaradıcılığına münasibət bildirilir. Fərəhli haldır ki, onların əksəriyyəti bu məbədgahın öz yetirməsidir.

Universitetdə baş verən dəyişiklikləri diqqətlə izləyəndə, bir məsələ istər-istəməz diqqət çəkir. Həyata keçirilən ideya hər zaman mütləq dövlət proqramına, milli mənafeyə və beynəlxalq arenadakı tələbata köklənir. Bu dəsti-xətt hesabına da edilən bütün cəhdlər yerinə, məqamına düşür. Daha yaxşı tanıdığım, hazırda çalışdığım musiqi sənəti fakultəsində görülən işləri buna misal göstərə bilərəm. Ölkəmizdə son iki onillikdə dövlət səviyyəsində qayğı, bu istiqamətdə göstərilən sistematik şəkildə irəli sürülən və müvəffəqiyyətlə yerinə yetirilən layihələr, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi ilə keçirilən tədbirlər muğam sənətini zirvələrə qaldırıb. Mütəmadi surətdə təşkil olunan müsabiqələr, beynəlxalq festivallar Azərbaycanı muğam mərkəzinə çevirmişdir. Universitetimiz də onun qaynar nöqtələrindən biridir. Burada xanəndəliyin sirləri, bu qayım-qədim sənətin incəlikləri, elmi əsası öyrənilir.

Universitet rəhbərliyinin qarşıya qoyduğu vəzifəni daim axtarışda olmadan yerinə yetirmək mümkün deyil. Burada əhvali-ruhiyyə elədir ki, özündən razı olsan, təhsilə elmlə vəhdətdə yanaşmasan, çox çəkməz, tələbələrə, işlədiyin kollektiv üzvlərinə bəsit görünərsən. Gərək işinə yaradıcı yanaşasan... Professor Timuçin Əfəndiyevin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr edilmiş "Mədəniyyət və İncəsənətimizin məbədgahı" kitabında adları, fəaliyyətləri hörmətlə xatırlanan sənətkar-pedaqoqlar kimi...

 

 

Ruzə İBİŞOVA,

Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universitetinin dissertantı,

muğam sənəti kafedrasının müəllimi, xanəndə, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Azərbaycan müəllimi.- 2013.- 19 aprel.- S.7.