"Heydər
Əliyev və Azərbaycanda dərslik siyasəti" mövzusunda sərgi
Aprelin 18-də Mirzə Fətəli
Axundov adına Azərbaycan Milli Kitabxanasında ulu öndər
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş
"Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti"
mövzusunda sərgi keçirildi. Azərbaycan Respublikası
Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan
Milli Kitabxanasının təşkilatçılığı
ilə keçirilən tədbirdə adıçəkilən
nazirliklərin rəsmiləri, tanınmış alim və
ziyalılar, təhsil ictimaiyyətinin, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının nümayəndələri,
dərslik müəllifləri, ekspertlər, kitabxananın əməkdaşları
və KİV təmsilçiləri iştirak edirdilər.
Tədbiri Azərbaycan Milli
Kitabxanasının direktoru Kərim Tahirov açaraq
qonaqları salamladı və giriş sözündə
ümummilli lider Heydər Əliyevin təhsilə, dərsliklərin
nəşrinə göstərdiyi diqqət və
qayğıdan bəhs etdi.
Sonra çıxış
üçün söz Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanova verildi. Qonaqları salamlayan nazir dəvəti
qəbul edərək bu müqəddəs məkanda
keçirilən tədbirdə iştirak etdikləri
üçün onlara öz minnətdarlığını
bildirdi. Çıxışında ulu öndər Heydər Əliyevin
dərsliklərin nəşri sahəsindəki çox önəmli
xidmətlərindən söz açan Misir Mərdanov bununla
bağlı tarixi faktları iştirakçıların diqqətinə
çatdırdı.
Qeyd olundu ki, hələ Heydər Əliyevin
Azərbaycandakı hakimiyyətinin birinci dövründə -
1978-ci ildə dərsliklərin şagirdlərə pulsuz
çatdırılması barədə qərar qəbul
edilmişdi. Müstəqilliyin ilk illərində latın
qrafikasına keçilməsi dərsliklərin hazırlanması
sahəsindəki çətin vəziyyəti daha da
ağırlaşdırdı. Lakin Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra şagirdlərin dərsliklərlə
təminatı məsələsinə
ən prioritet sahələrdən biri kimi xüsusi diqqət
yetirildi. İlk növbədə məcburi köçkün
və qaçqınların uşaqları, sonrakı illərdə
isə ibtidai sinif şagirdləri dərsliklərlə pulsuz
təchiz edildi, daha sonra yuxarı sinif şagirdlərinə də
kitablar pulsuz verilməyə başladı. Bir neçə ildən
sonra Azərbaycan MDB məkanında I sinifdən XI sinfə
kimi bütün dərslikləri şagirdlərə pulsuz verən
ilk respublika oldu. 10 il əvvəl latın qrafikası ilə
çap olunmuş əlavə oxu vəsaitlərinin çox
az olduğunu deyən Misir Mərdanov bildirdi ki, bu gün
bütün kitabxanalar, xüsusilə məktəb
kitabxanaları latın qrafikalı dərsliklər, ensiklopediyalar,
lüğətlər, müxtəlif ədəbiyyatlar və
s. vəsaitlərlə zəngindir.
Daha sonra çıxışında
ölkəmizdə dərsliklərin hazırlanmasına dair qəbul
olunmuş sənədlərdən, həmin sənədlərə
əsasən görülən işlərdən və həyata
keçirilən mühüm layihələrdən
danışan təhsil naziri vurğuladı ki, bütün bu
nailiyyətlər ümummilli lider Heydər Əliyevin
yürütdüyü dərslik siyasətinin nəticəsidir
və həmin siyasət bu gün hər zaman təhsil sahəsinə
xüsusi qayğı göstərən dövlətimizin
başçısı cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Nazir çıxışının
sonunda bu tədbirin keçirilməsinə şərait
yaradan və sərginin hazırlanmasında əməyi olan hər
kəsə təşəkkürünü bildirdi.
Azərbaycan Respublikasının mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, təhsil
naziri Misir Mərdanovun bu sərginin keçirilməsi ilə
bağlı təşəbbüsü dəstəklənməyə
bilməzdi. Çünki dərsliklər Azərbaycan
xalqının gələcəyi, azərbaycanlı
uşaqların savadı, təhsili deməkdir. Ulu öndər
Heydər Əliyevin siyasi fəaliyyətindən, öz
ölkəsinə və xalqına göstərdiyi misilsiz xidmətlərdən
danışarkən onun siyasətinin əsas istiqamətlərindən
biri kimi həmvətənlərini daim təhsilləndirməyə
çalışmasını xatırlamamaq olmaz. Bu gün isə
onun layiqli davamçısı, ölkə Prezidenti cənab
İlham Əliyevin təhsil sahəsinə göstərdiyi
diqqət və qayğının nəticəsində
dövlətin ayırdığı vəsait hesabına
kitabxanalar hər il Azərbaycan, eləcə də dünya ədəbiyyatının
nümunələri ilə daha da zənginləşir.
Müasir dövrün tələbinə uyğun olaraq
kitabxanalarda yeni texnologiyalar tətbiq olunur. Bütün bunların
ümummilli lider Heydər Əliyevin təhsilə, biliyə,
dərsliyə göstərdiyi diqqətin məntiqi davamı
olduğunu söyləyən Əbülfəs Qarayev
vurğuladı ki, təhsil, mədəniyyət Azərbaycan
dövlətinin sütunlarıdır və bu
sütunların möhkəm olması üçün
hamı məsuliyyət daşımalıdır.
Akademik Zərifə Əliyeva adına
liseyin direktoru, əməkdar müəllim Məhəbbət
Vəliyeva, Heydər Əliyev adına liseyin direktoru, əməkdar
müəllim Fikrət Xəlilov, akademik Zərifə Əliyeva
adına liseyin müəllimi, əməkdar müəllim,
ekspert Samirə Bəktaşi, 72 nömrəli məktəb-liseyin
müəllimi, ekspert Aydın Allahverdiyev və Təhsil
Problemləri İnstitutu Kurikulum Mərkəzinin direktoru Ənvər
Abbasov öz çıxışlarında ölkəmizdə
həyata keçirilən dərslik siyasətindən, bu sahədə
ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən
bəhs etdilər.
Sonra tədbir
iştirakçıları 1993-2012-ci illərdə ümumi təhsil
məktəbləri üçün, eləcə də ali,
orta ixtisas və peşə təhsili ixtisasları üzrə
çap olunmuş 1500 adda dərslik nümunələrindən
ibarət sərgi ilə tanış oldular.
Hicran ƏKBƏROVA
Azərbaycan
müəllimi.-2013.- 19 aprel.- S.3.