Təhsil naziri Qazi Universitetinin
nümayəndə heyəti ilə görüşüb
Aprelin 16-da təhsil naziri Misir Mərdanov
Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti
ilə görüşüb.
Qonaqları salamlayan nazir Azərbaycanla
Türkiyə arasındakı münasibətlərdən,
qarşılıqlı əlaqələrin inkişafından
söhbət açıb. Qazi Universitetinin dekanı Alev Kurunu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri doktoru
adına layiq görülməsi münasibəti ilə təbrik
edən nazir onun Azərbaycana
bağlılığının və xalqımıza olan
ehtiramının ölkəmizdə yüksək dəyərləndirildiyini
bildirib. Xalqlarımızın ortaq milli, mədəni və
tarixi köklərə bağlı olduğunu, bunun dövlətlərarası
əlaqələrdə, eləcə də təhsil sahəsindəki
əməkdaşlıqda müstəsna əhəmiyyət kəsb
etdiyini nəzərə çatdıran Misir Mərdanov
ziyalıların, tanınmış insanların
qarşılıqlı səfərlərinin
xalqlarımızı daha da
yaxınlaşdırdığını vurğulayıb.
Qazi Universitetinin dekanı Alev Kuru
görüşdən məmnunluğunu ifadə edib, ikitərəfli
təhsil əlaqələrinin daha da inkişaf etdirilməsinin
əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycana
qəlbən bağlı olduğunu bildirən qonaq ölkəmizin
uğurlarından, müasir dövlət kimi
inkişafından qürur duyduqlarını söyləyib.
Xalqlarımızın hər zaman biri-birinə dayaq
olduğunu vurğulayan Alev Kuru Azərbaycanda onlara göstərilən
diqqətə və səmimi münasibətə görə
təşəkkürünü bildirib.
Təhsil naziri bu səfərin Qazi
Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti
arasında əlaqələrin inkişafına töhfə
verəcəyinə inamını ifadə edib. Azərbaycan ilə
Türkiyə arasındakı qardaşlıq münasibətlərinə
uyğun olaraq təhsil sahəsində əməkdaşlığın
genişləndirilməsinin zəruriliyinə toxunan nazir bu
baxımdan qarşıda duran vəzifələr haqqında
fikirlərini bildirib.
Görüşdə daha sonra
qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan müəllimi.- 2013.- 19
aprel.- S.2.