Çexiya parlamentinin üzvləri BSU-da tələbə və müəllimlərlə görüşüblər

  

Bakı Slavyan Universitetində tələbə və müəllimlərin Çexiya Respublikası parlamentinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşü olub. BSU-nun rektoru, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,  professor Kamal Abdullayev qonaqları səmimi salamlayaraq Çexiya Respublikasının Deputatlar Palatasının vitse-spikeri Yan Xamaçek başda olmaqla parlament nümayəndə heyətinin üzvlərini təqdim etmişdir.

K.Abdullayev qonaqlara bu ali məktəbin fəaliyyəti və strukturu barədə məlumat verərək qeyd etmişdir ki, 50-dən çox bakalavr və magistrantın təhsil aldığı filologiya fakültəsinin çex dili və ədəbiyyatı bölməsində dörd müəllim çex dilindən dərs deyir. Universitetdə həmçinin Çex dili və mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Rektor ümidvar olduğunu bildirmişdir ki, Çexiya nümayəndə heyətinin Bakıya bu səfəri iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə kömək edəcəkdir.

Çexiya nümayəndə heyətinin rəhbəri Yan Xamaçek demişdir ki, iki ölkə arasında iqtisadi və mədəni əlaqələr uğurla inkişaf edir. BSU-da çex dilini öyrənən tələbələr gələcəkdə bu əlaqələrin genişlənməsində mühüm rol oynayacaqlar.

Qonaq qeyd etmişdir ki, bu onun Bakıya ikinci səfəridir. Y.Xamaçek ölkəmizdə ilk dəfə 2008-ci ildə olduğunu xatırlayaraq vurğulamışdır ki, o vaxtdan Azərbaycanın paytaxtı tanınmaz dərəcədə dəyişmişdir. Sürətli iqtisadi artım və davamlı inkişaf göz qabağındadır.

Sonra tərcümə, beynəlxalq münasibətlər və regionşünaslıq fakültələrinin tələbələri kiçik bədii proqramla çıxış etmiş, çex şairlərinin şeirlərini söyləmiş, mahnı oxumuşlar.

Qonaqlar Çex dili və mədəniyyəti Mərkəzində də olmuşlar. Mərkəzin direktoru R.Şəfiyeva qurumun fəaliyyəti barədə qonaqlara məlumat vermişdir. Böyük Azərbaycan şairi Hüseyn Cavidin "Şeyda" pyesinin Çex dili və mədəniyyəti Mərkəzinin əməkdaşları tərəfindən çex dilinə tərcüməsi  nümayəndə heyətinin rəhbərinə  təqdim edilmişdir.

Çexiya nümayəndə heyətinin üzvləri Mərkəzin Fəxri Qonaqlar Kitabında ürək sözlərini yazmışlar.

Görüşdə Çexiya Respublikasının Azərbaycandakı səfiri Radek Matula və Azərbaycanın Çexiya Respublikasındakı səfiri Tahir Tahirzadə iştirak etmişlər. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2013.- 19 aprel.- S.3.