"Tomson Röyters" Agentliyi ilə əməkdaşlığın
inkişafı üçün son illər xeyli
işlər görülüb
Aprelin
15-də təhsil naziri Misir Mərdanov "Tomson
Röyters" Agentliyinin Mərkəzi və Şərqi
Avropa ölkələri üzrə meneceri Devid Horki, Afrika və
MDB ölkələri üzrə baş meneceri Nader
Kırqız və agentliyin Türkiyə təmsilçisi Mətin
Tunç ilə görüşüb.
Nazir qonaqları Təhsil Nazirliyində
görməkdən məmnunluğunu ifadə edərək
"Tomson Röyters" Agentliyi ilə əməkdaşlığın
inkişafı üçün son illər xeyli işlər
görüldüyünü bildirib. Agentliyin fəaliyyətinə
ölkəmizdə böyük maraq olduğunu nəzərə
çatdıran Misir Mərdanov Azərbaycanda elmin
inkişafı, alimlərimizin beynəlxalq səviyyədə
tanınması, impakt faktoru olan elmi jurnallarda daha çox məqalələrin
dərc olunması baxımından səmərəli əlaqələrin
yaradılmasının xüsusi əhəmiyyətini qeyd
edib. Hələlik Azərbaycanda dərc olunan yalnız bir
jurnalın "Tomson Röyters" Agentliyinin Elmi
İnformasiya İnstitutunun bazasına daxil edildiyini söyləyən
təhsil naziri onların sayının artması, azərbaycanlı
alimlərin məqalələrinə istinad indeksinin yüksəlməsi
üçün böyük potensialın mövcud
olduğunu nəzərə çatdırıb.
Misir Mərdanov Azərbaycanda nəşr
olunan 400-ə yaxın elmi jurnal və məcmuənin Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən
dissertasiyaların əsas elmi nəticələrinin dərc
olunması tövsiyə edilən nəşrlərin
siyahısına daxil edildiyi haqqında qonaqlara məlumat verib.
Son illər Azərbaycan alimlərinin impakt faktoru olan beynəlxalq
elmi jurnallarda daha çox məqalələrinin dərc
edildiyini vurğulayan nazir bu baxımdan "Tomson
Röyters" Agentliyi ilə birgə beynəlxalq
konfransların təşkilinin əhəmiyyətinə
toxunub. Agentliklə əməkdaşlıq sayəsində
beynəlxalq patentlər barədə məlumatların
alınmasının perspektiv elmi-tədqiqat istiqamətlərinin
müəyyənləşdirilməsinə müsbət təsiri
barədə fikirlərini bildirən təhsil naziri
qarşılıqlı əlaqələrin inkişafına
verdikləri önəmə görə qonaqlara təşəkkürünü
bildirib.
"Tomson Röyters" Agentliyinin Mərkəzi
və Şərqi Avropa ölkələri üzrə meneceri
Devid Horki səmimi qəbul üçün təhsil naziri
Misir Mərdanova təşəkkürünü bildirib. Təmsil
etdiyi agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı
məlumat verən qonaq "Tomson Röyters" Agentliyi ilə
əməkdaşlığın əhəmiyyəti
haqqında fikirlərini bildirib. Devid Horki qeyd edib ki, Azərbaycanın
elmi nəşrlərinin "Tomson Röyters" Agentliyinin
Elmi İnformasiya İnstitutunun bazasına daxil olunması,
impakt faktoru olan beynəlxalq elmi jurnallarda azərbaycanlı
alimlərin daha çox məqalələrinin dərc edilməsi
və digər istiqamətlər üzrə uğurlu nəticələrin
qazanılması üçün agentlik tərəfindən
bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.
"Tomson Röyters" Agentliyinin Afrika
və MDB ölkələri üzrə baş meneceri Nader
Kırqız birgə əməkdaşlığın
inkişafı istiqamətində Azərbaycana hərtərəfli
dəstək göstərməyə hazır
olduqlarını bildirib. Qonaq qeyd edib ki, ilkin olaraq ali təhsil
müəssisələrinin nümayəndələri, elmi
jurnalların kollektivləri və alimlər üçün
müvafiq seminarlar təşkil ediləcək, qarşıya
qoyulmuş hədəflərə uyğun strategiya müəyyənləşdiriləcəkdir.
Təhsil naziri Misir Mərdanov Azərbaycana
"Tomson Röyters" Agentliyinin məlumat bazasından
istifadə hüququnun verilməsi istiqamətində
müvafiq sənədlərin hazırlanması
üçün bir sıra digər dövlət qurumları
ilə birgə işlərin görüldüyünü nəzərə
çatdırıb. Qarşılıqlı əməkdaşlığın
uğurlu nəticələr verəcəyinə əminliyini
ifadə edən nazir Azərbaycanın yaxın gələcəkdə
"Tomson Röyters" Agentliyinin ən yaxın tərəfdaşına
çevriləcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra görüşdə əməkdaşlığın
müxtəlif istiqamətləri və perspektivləri barədə
ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan
müəllimi.- 2013.- 19 aprel.- S.2.