Azərbaycan
təhsilinin uğurları
Beynəlxalq Mendeleyev
Olimpiadasının bürünc medalçısı
Son illər
respublikamızda neft-kimya sənayesi sürətlə
inkişaf edir. Qloballaşan müasir dünyada bu sahəyə
böyük ehtiyac olduğundan neft-kimya sənayesi
üçün yüksək ixtisaslı kadrların
yetişdirilməsi də prioritet məsələlərdəndir.
Bu yöndə aparılan məqsədyönlü işlər
nəticəsində istedadlı gənclər
yetişdirilmişdir ki, bunlardan biri də İsmayıl
İsmayılovdur. O, 1984-cü ildə Bakı
şəhərində ziyalı ailəsində anadan olub. 1991-ci
ildə Bakıdakı 115 nömrəli məktəbdə I
sinfə gedən İsmayıl 1996-1997-ci tədris ilində
VII sinfi 83 nömrəli liseydə oxumuşdur. 1998-ci ildən
təhsilini türk özəl liseyində davam etdirən
İsmayıl 2001-ci ildə həmin təhsil müəssisəsini
fərqlənmə attestatı ilə bitirmişdir. Orta məktəb
illərindən müəllimlərin verdiyi
tapşırıqlara məsuliyyətlə yanaşan və
öz məqsədinə doğru inamla irəliləməyə
çalışan gənc İsmayılın ən
böyük arzusu kimyaçı olmaq və bu sahədə
respublikamızın inkişafı naminə var gücü ilə
çalışmaq idi. Elə bu məqsədlə
də 2001-ci ildə Moskvada keçirilən Beynəlxalq
Mendeleyev Olimpiadasına qatılan İsmayıl həmin
olimpiadanın bürünc medalına sahib olmuş və qəbul
imtahanında iştirak etmədən M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin kimya fakültəsinin tələbəsi
adını qazanmışdır. 2006-cı ildə universiteti
bitirmişdir.
Daha çox çətin
və düşündürücü məsələləri
həll etməyi sevirdim
İsmayılın
dediklərindən: Məktəb illərindən riyaziyyat,
kimya, fizika kimi texniki və dəqiq fənlərə
üstünlük vermişəm.
Çünki bu fənlərə marağım daha
çox idi. Misal və məsələləri həll etməkdən
xüsusi zövq alırdım. Daha çox çətin və
düşündürücü məsələləri həll
etməyi sevirdim və onları həll edib bitirəndə
sanki özümü bir qalib kimi hiss edirdim. İndiyə kimi də
həmin misal və məsələ dəftərlərimi
saxlayıram. Əsasən də kimya olimpiadalarındakı məsələləri.
Düşünürdüm ki, sonralar bu məsələləri
cəmləyib kitab şəklində çap etdirim və məndən
sonra olimpiadalara hazırlaşan və kimya fənninə maraq
göstərən şagirdlər bundan yararlansınlar. Kimya
olimpiadasına qatılmağıma səbəb təhsil
aldığım müddətdə imtahanlarda yüksək nəticələr
əldə etməyim olmuşdur. Atamın və kimya müəllimim
Ahmet müəllimin məsləhətləri ilə
respublikada keçirilən fənn olimpiadalarına
qatıldım. Qarşıma məqsəd qoydum və kimya fənninə
daha çox vaxt ayırdım. Olimpiadaların rayon, şəhər
və respublika mərhələlərində uğur qazanaraq
respublika olimpiadasının qalibi oldum. Bundan sonra 2001-ci ildə
Moskvada keçirilən Beynəlxalq Mendeleyev Olimpiadasına qatıldım və
həmin olimpiadada bürünc medala layiq görüldüm.
Mükafatçı olduğumu bildikdə özümü
çox xoşbəxt hiss etdim. Çünki pillə-pillə
hədəflərimə doğru addımlayırdım. Bu, mənim
həyatımın ən yaddaqalan və gözəl anları
idi. Təmsil etdiyim dövlətimizin, məktəbimizin
adını şərəflə daşıdığım
üçün sevincimin həddi-hüdudu yox idi. Onu da nəzərə
çatdırım ki, liseyimizə beynəlxalq səviyyəli
ilk medalı gətirən mən olmuşam. Bu gün əldə
etdiyim nailiyyətlərə görə mənim üzərimdə
əməyi olan hər bir şəxsə xüsusi minnətdarlığımı
bildirirəm. Xüsusən də respublikamızda kimya sahəsinin
inkişafında xüsusi rolu və biz gənclərin bu sahədə
yetişməyində böyük əməyi olan
tanınmış alim Vaqif Abbasovu qeyd etmək istəyirəm.
Respublika olimpiadasında qalib olduqdan sonra Moskvada keçirilən
Beynəlxalq Mendeleyev Olimpiadasında Vaqif müəllimin
başçılıq etdiyi komandanın tərkibində
iştirak edib olimpiadanın mükafatçısı kimi
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə
imtahansız qəbul haqqı qazandım. Həmin vaxt eyni
zamanda Türkiyə universitetlərinə keçirilən TCS
imtahanından da yüksək nəticə
topladığım üçün Türkiyədən də
təklif almışdım. Fikrim Türkiyədə təhsil
almaq idi. Lakin Vaqif müəllim
düzgün seçim etmək üçün mənimlə
söhbət etdi və Lomonosov adına Moskva Dövlət
Universitetinin mənim üçün daha perspektivli
olduğunu məsləhət gördü və mən MDU-da təhsil
almağa qərar verdim.
Universitetdə təhsil
aldığım ilk illərdə yeni mühitə
alışana qədər bir az çətinlik çəkdim.
Lakin getdikcə adaptasiya oldum. Universitetdə təhsil
aldığım müddətdə türk özəl
liseyində və Vaqif müəllimin təşkil etdiyi
olimpiadalara xüsusi hazırlıq mərkəzində
aldığım təhsilin mənə çox köməyi
oldu. Çox keçmədən universitetin ictimai həyatında
yaxından iştirak etməyə başladım. Eyni zamanda Azərbaycan
Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin
və diasporumuzun təşkil etdiyi tədbirlərdə də
fəal iştirak edirdim. Düşünürəm ki, bu hər
bir azərbaycanlının vətəndaşlıq borcudur.
Moskvada tələbələrin ən çox maraq göstərdiyi
tədbirlərdən biri də Azərbaycan
Respublikasının Moskvadakı səfirliyinin və
Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə ənənəvi
olaraq may ayında azərbaycanlı tələbələr
arasında keçirilən futbol turniri idi. Bu turnir təkcə
bir idman yarışı deyildi. Həm də həmrəylik,
bərabərlik üçün ən yaxşı vasitə
idi. Çox keçmədi ki, azərbaycanlı tələbələrdən
ibarət komanda yaratdıq və mən həmin komandanın
kapitanı oldum. Biz tələbələr arasında
keçirilən turnirə qatıldıq və iki il dalbadal
çempion olduq. 2008-ci ildən isə Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılığı
ilə təşkil olunan Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatı tərəfindən Heydər Əliyevin
xatirəsinə həsr olunmuş futbol turniri keçirilir.
Onu da qeyd edim ki, Leyla Əliyevanın təşəbbüsü
ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı
yarandıqdan sonra həmin təşkilat tərəfindən
tələbələrə və gənclərə diqqət
və qayğı, onların problemlərinin həllində
yaxından köməklik göstərilmişdir.
Düşünürəm ki, biz xaricdə
yaşayan gənclər elm sahəsi ilə bərabər
ictimai fəaliyyətlə də məşğul
olmalıyıq. Bu məqsədlə mən də 2007-ci ildə
Brüsseldə keçirilən Azərbaycanlı Tələbələrin
Avropa Forumunda iştirak etdim. Məqsədimiz Azərbaycan həqiqətlərini,
ermənilərin Dağlıq Qarabağda törətdikləri
vəhşilikləri dünya ictimaiyyətinə
çatdırmaq üçün Azərbaycan gənclərini
bir yerə yığıb lobbiçilik fəaliyyətini
gücləndirmək idi. Bununla bağlı bir çox ictimai
təşkilatlar ətrafında birləşən gənclərimizlə
birlikdə fikir mübadilələri aparırdıq.
Hazırda belə təşkilatların sayı çoxdur və
dövlətimizin də dəstəyi ilə bu yöndə məqsədyönlü
işlər aparılır.
Universiteti bitirdikdən sonra aspiranturada
oxumağa dəvət aldım. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi
ilə təhsilimi aspiranturada davam etdirdim. Elmi
işim bu gün dünyanın ən aktual problemlərindən
olan alternativ enerji resursları və ətraf mühitin ekoloji
təmizliyi sahəsində "Yanacaq elementləri
üçün hidrogenin alınması məqsədi ilə
mis tərkibli serium-sirkonium katalizatorları üzərində
metanolun çevrilməsi" mövzusunda idi. Avtomobillərdə daxiliyanma mühərriklərinin
hidrogen yanacaq elementləri ilə əvəz olunması nəticəsində
ekoloji vəziyyət xüsusi ilə böyük sahələrdə
mühüm dərəcədə
yaxşılaşdırıla bilər. Bildiyimiz
kimi, ekoloji problemlər XXI əsrin, qloballaşan
dünyanın ən böyük probleminə
çevrilmişdir. Bu gün dünyada
neft-qaz emalı sənayesi, həmçinin onunla əlaqəli
neft-kimyası və başqa sənaye sahələri ətraf
mühitə mənfi təsirinin miqyasına görə
birinci yerdə dururlar. Artıq bəşəriyyət
yeni ekoloji təmiz enerji mənbələrini getdikcə daha
geniş miqyasda tətbiq etməyə çalışır
və onların istifadəyə verilməsi üçün
aktiv şəkildə işlər görülür. Aspiranturada oxuduğum müddətdə əldə
etdiyim nəticələrlə Koreyanın və
Danimarkanın bir neçə şirkəti çox
yaxından maraqlanırdı. Düşünürəm
ki, gördüyüm işlərin nəticələri gələcəkdə
istifadəyə veriləcək hidrogen yanacaq elementli avtomobillərin
yaradılmasında lazımi fundamental əsaslardır.
Aspiranturanın 1-ci kursunda oxuyarkən İngiltərənin BP
şirkətindən iş təklifi almışdım. Bu mənim üçün sevindirici xəbər
idi. Lakin təhsilimi davam etməli
olduğumdan bu təklifi qəbul etmədim. Aspiranturada təhsil
aldığım müddətdə bakalavr və magistr pillələrində
təhsil alan tələbələrin
diplom işlərindəki təcrübələrin
aparılmasında elmi məsləhətçi kimi iştirak
edirdim. Kimya üzrə fəlsəfə doktoru
elmi işimin nəticələri 7 jurnalda çap olunmuş və
9 elmi konfransda təqdimatı olmuşdur.
Hazırda V.Abbasovun və E.M.Yefremenkonun rəhbərliyi
altında doktorluq dissertasiyası üzərində
çalışıram və MDU-nun dekanı akademik
V.V.Luninin təqdimat məktubuna əsasən Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə təsdiq
edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin kimya fakültəsində elmi
işimi davam etdirirəm.
Amerika, İngiltərə, Almaniya, Hindistan, Danimarka,
Braziliya, Koreya, Türkiyə və Rusiyanın jurnallarında
43 elmi məqalə və tezisim dərc olunmuşdur.
Bu gün Azərbaycanın neft və
qeyri-neft sektorunun uğurlu inkişafı respublikamızın
gələcəkdə daha da qüvvətli bir dövlət
olacağına zəmin yaradır. Ölkə Prezidenti cənab İlham Əliyevin biz gənclərə
göstərdiyi diqqət və qayğı nəticəsində
istedadlı gənclərin potensialları üzə
çıxarılır. Mən
inanıram ki, bugünkü gənclik gələcəkdə
dinamik və sürətlə inkişaf edən
respublikamızın çiçəklənməsində
aparıcı rol oynayacaq. İstedadlı gənclərə
hər zaman dəstək verdiyinə və onların hərtərəfli
inkişafına şərait yaratdığına görə
hörmətli Prezidentimiz İlham Əliyev cənablarına
xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Mən
onu perspektivli alim adlandırıram
Vaqif Abbasov,
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru,
professor: İsmayıl ilk tanıdığım tələbələrimdən
biridir. İlk
tanışlığımızda məktəbdə oxuyan
İsmayıl bu gün təhsilini elm məktəbinin ən
yüksək pilləsində doktorluq dissertasiyasını
yazmaqla davam etdirir. Onu da qeyd etmək istəyirəm
ki, mən onun doktorluq dissertasiya işində elmi məsləhətçilərindən
biriyəm. Ona görə mənim üçün tələbələrim
arasında İsmayılın xüsusi yeri var. İsmayıl
2001-ci ildə Moskvada keçirilən Beynəlxalq Mendeleyev
Olimpiadasında mənim rəhbərlik etdiyim Azərbaycan
komandasının üzvü kimi iştirak etmiş və həmin
ildə olimpiadanın qalibi kimi imtahansız Rusiya
Federasiyasının bir nömrəli, dünyada
sayılıb-seçilən M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinə qəbul olmuşdur. Qeyd etmək
lazımdır ki, kimyaya olan sevgisinin nəticəsidir ki,
universitetdə oxuduğu müddətdə 8-11-ci siniflər
üçün respublika kimya olimpiadasının
suallarının tərtibində aktiv iştirak etmişdir.
Həmin suallar cavabları ilə bir yerdə
olimpiadadan sonra kimya jurnalında çap edilmişdir.
Universiteti müvəffəqiyyətlə
bitirdikdən sonra elmə maraq göstərən
İsmayıl "Neft kimyası" ixtisası üzrə
aspiranturaya qəbul olmuş və aspiranturada oxuduğu
müddətdə elmi işini başa
çatdırmışdır. Mən İsmayılın kimya üzrə fəlsəfə
doktoru dissertasiya işinin müdafiəsində iştirak
etmişəm və onu deyim ki, etdiyi
çıxışı ilə verilən sualları dəqiqliklə
cavablandırmaqla elmi işinə tam şəkildə yiyələndiyini
Elmi Şuraya sübut etdi. İsmayılın
yüksək səviyyədə yazılmış və 20-yə
yaxın məqalədə və tezisdə öz əksini
tapmış dissertasiya işi çox keçmədən Ali
Attestasiya Komissiyasında təsdiq olundu.
Kimya üzrə fəlsəfə doktoru
elmi dərəcəsini aldıqdan sonra İsmayıl Azərbaycan
Milli Elmlər Akademiyasında aparıcı elmi işçi vəzifəsində
çalışmağa başlamışdır.
Moskva Dövlət Universitetinin dekanı, akademik V.V.Luninin
AMEA-nın mərhum prezidenti akademik M.K.Kərimova
yazdığı, MDU-ya qəbul olmaq haqda olan təqdimat məktubu
əsasında İsmayıl AMEA-nın Rəyasət Heyətinin
qarşısında çıxış etmiş və
komissiyanın müsbət rəyi ilə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə təsdiq
edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"na əsasən Moskva Dövlət Universitetinə
doktorluq təhsili almaq üçün göndərilməsinə
qərar verilmişdir. AMEA-nın mərhum prezidenti, akademik
M.K.Kərimov İsmayılın komissiya qarşısında
çıxışının sonunda "Azərbaycan elminə
İsmayıl kimi elmə bağlı savadlı, gənc alimlər
lazımdır", - demişdir. Onu da qeyd edim
ki, İsmayılın elmi məsləhətçiləri mən
və professor E.N.Yefremenko olmaq üzrə elmi işi MDU və
bizim Neft-Kimya Prosesləri İnstitutunun birgə əməkdaşlığı
ilə gerçəkləşdirilir.
İsmayıl doktoranturada dünyada və
neft ölkəsi olan Azərbaycan Respublikasında perspektivli
sahə olan daha əlverişli xammal əsasında neft sənayesi
üçün çoxfunksiyalı təsirə malik
bakterisid-korroziya inhibitorlarının səmərəli və
effektiv alınması yollarının yaradılması və
inkişafı üzrə öz elmi fəaliyyətini davam
etdirir. Görülən işləri
Amerika, İngiltərə, Almaniya, Hindistan, Danimarka, Braziliya,
Koreya, Türkiyə və Rusiyanın aparıcı
jurnallarında çap olunmuşdur. O, 43 elmi məqalə
və tezisin müəllifidir.
İsmayıl kimya üzrə fəlsəfə
doktorudur, doktorluq dissertasiyasını yazır və tələbələrim
içində ən yüksək elmi səviyyədə təhsil
alanlardan biridir. İsmayılın bu cavan
yaşda elmə olan marağını və əldə etdiyi
nailiyyətləri nəzərə alaraq mən onu perspektivli
alim adlandırıram.
İsmayılın dəyər verdiyim
xüsusiyyətlərindən biri elmə olan marağıyla
yanaşı, onun insanlarla həmişə ünsiyyətdə
olması, bir azərbaycanlı kimi vətəni, milli dəyərləri
əlindən gəldikcə layiqincə təmsil etmək
üçün diaspor həyatında, müxtəlif tədbirlərin
təşkil olunmasında aktiv istirak etməsidir.
O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
başçılıq etdiyi Rusiya Azərbaycanlı Gənclər
Təşkilatının üzvüdür.
İsmayıl kimi gənclər Azərbaycan
təhsilinin, bütövlükdə ölkəmizin gələcəkdə
daha güclü olmasını təmin edəcəklər.
Məhz bu səbəbdən də dövlətimiz
belə gənclərin yüksək səviyyəli təhsil
almaları üçün olduqca əlverişli şərait
yaradır.
İsmayıl
öz davranışı ilə məktəb yoldaşlarına
həmişə örnək olmuşdur
İsmayılın
oxuduğu illərdə müəllimi olmuş Bakı Özəl
Türk liseyinin direktoru Hayrettin Ünverin dedikləri:
İsmayıl 1998-ci ildə liseyimizə yüksək göstərici
ilə daxil olmuşdur. Liseydə ilk gündən
nümunəvi şagird kimi tanınan İsmayıl öz
davranışı ilə məktəb yoldaşlarına həmişə
örnək olaraq göstərilmişdir. Onun
yüksək zəkası və əxlaqı hər zaman pedaqoji
kollektivimizin də diqqətini çəkmişdir. Bu gün də öz vətənpərvərliyi və
gözəl mənəvi dəyərlərə malik
olması ilə seçilən İsmayılın hələ
məktəbdə oxuyarkən dərs həftəsinin
başlanması və başa çatması zamanı necə
iftixarla və qürur hissi ilə himnimizi oxuduğuna diqqət
yetirirdim.
Qeyd edim ki, liseylərimiz daxilində
olimpiadaya hazırlıq qrupları var. Şagirdlər içərisindən
ən yüksək biliyə malik olanlar və əla nəticələr
göstərənlər həmin qruplara daxil edilir.
İsmayıl da ən yüksək göstərici
nümayiş etdirərək kimya fənni üzrə
olimpiadaya hazırlıq qrupuna daxil olmuşdur. Öz yüksək zəkası ilə fərqlənən
İsmayıl 1999-2001-ci illərdə liseyimizi fənn
olimpiadalarının rayon və respublika turlarında, 2001-ci
ildə isə Moskvada keçirilən Beynəlxalq Mendeleyev
Olimpiadasında təmsil etmiş və liseyimizə ilk beynəlxalq
medalı qazandırmış, dövlətimizin
bayrağını uca etmişdir. İsmayıl
10-11-ci siniflərdə oxuyarkən artıq olimpiadaların
qalibi kimi liseyimizin kimya olimpiada qrupunda olan şagirdləri
hazırlaşdıraraq biliklərini onlarla
bölüşürdü. İsmayıl
liseyimizi bütün fənlərdən əla qiymətlər
alaraq fərqlənmə diplomu ilə bitirmişdir. İsmayılın gözəl cəhəti
ondadır ki, ucaldıqca sadəliyini qoruyub
saxlamışdır. Dünən çox
sevimli şagirdim olan İsmayıl bu gün yüksək tədqiqatçı
gücünə və böyük elmi potensiala malik gənc
alim kimi tanınır. O, təkcə dəqiq fənlərə
deyil, eyni zamanda humanitar elmlərə də daim xüsusi maraq
göstərmişdir. Onda tariximizə olan maraq
hər zaman məni sevindirmişdir. Bu da
onun vətənpərvər insan olmasının daha bir
nümunəsidir. Bu gün ölkə
başçısı cənab İlham Əliyev neft
kapitalının insan kapitalına çevrilməsinin
vacibliyini xüsusi vurğulayır. Əminliklə
deyə bilərəm ki, liseyimiz bu etimadı hər zaman
olduğu kimi bu gün də doğruldur. İsmayıl
kimi yüksək elmi biliyə malik olan şagirdlərin
yetişdirilməsi buna bariz nümunə ola
bilər. İnanıram ki, İsmayıl
liseyimizdə təhsil aldığı müddətdə
qazandığı yüksək bilik və əxlaqi-mənəvi
dəyərləri bu gün gənclərimizə səbrlə,
təmkinlə, əzm və fədakarlıqla
çatdıracaq və gələcəkdə ölkəmizin,
eyni zamanda dünyamızın özü kimi gözəl
insanlarla zənginləşməsində böyük pay sahibi
olacaqdır.
İsmayıl
gələcəkdə əldə etdiyi biliklər vasitəsilə
neft-kimya mütəxəssisi kimi öz ölkəsinə və
eyni zamanda neft-kimya elminə töhfəsini verəcək
M.V.Lomonosov
adına MDU-nun kimya fakültəsinin
dekanı, akademik V.V.Luninin dedikləri:
İsmayılı 2001-ci ildə Moskvada keçirilən Beynəlxalq
Mendeleyev Olimpiadasından tanıyıram. Həmin
ildə olimpiadanın bürünc mükafatçısı
kimi universitetimizin kimya fakültəsinə imtahansız qəbul
olmuşdur. Təhsil aldığı 5 il
müddətində İsmayıl Azərbaycan Respublikası
üçün çox əhəmiyyətli sahə olan neft
kimyası və üzvi kataliz kafedrasında neft kimyası
mütəxəssisi olaraq yetişmişdir. Elmə
olan marağı nəticəsində təhsilini aspiranturada
davam etdirmiş və elmi işini "Neft kimyası" va
"Kimyəvi kinetika və kataliz" ixtisasları üzrə
müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini
almışdır. İsmayılın əldə
etdiyi nailiyyətləri nəzərə alaraq universitetimizin
doktorantura şöbəsində oxuması üçün
tövsiyə məktubu yazdım və bu məktub əsasında
İsmayıl doktorantura şöbəsində təhsilini
davam etdirir. Hazırda İsmayıl
universitetimizdə "Neft kimyasi" va
"Bionanotexnologiya" ixtisaslarının
qovşağında əlverişli xammal əsasında neft sənayesi
üçün çoxfunksiyalı təsirə malik
bakterisid-korroziya inhibitorlarının səmərəli və
effektiv alınması yollarının yaradılması və
inkişafı sahəsində uğurla öz elmi fəaliyyətini
davam etdirir və alınmış nəticələrə
görə artıq 20-dən çox məqaləsi
dünyanın ən nüfuzlu jurnallarında dərc
olunmuşdur. İsmayıl İsmayılov
Moskva Dövlət Universitetinin və Azərbaycan
Respublikasının birgə ixtisaslı kadrlarının
hazırlanması və elmi tədqiqat sahəsindəki əməkdaşlığının
uğurlu nümunəsidir. İsmayıl gələcəkdə
əldə etdiyi biliklər vasitəsilə neft-kimya mütəxəssisi
kimi öz ölkəsinə və eyni zamanda neft-kimya elminə
töhfəsini verəcək.
Hazırladı:
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2013.- 26 aprel.- S.5.