Azərbaycanın
peşə təhsili sahəsini təmsil edən
nümayəndə heyəti Sloveniya və Almaniya Federativ
Respublikasında təlim səfərində olmuşdur
14-21 aprel 2013-cü il tarixlərində
Azərbaycanın peşə təhsili sahəsini təmsil edən
nümayəndə heyəti Sloveniya və Almaniya Federativ
Respublikasında təlim səfərində olmuşdur.
Qeyd edək ki, Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Almaniya Federal Kənd Təsərrüfatı,
Qida və Ətraf Mühit Nazirliyinin birgə həyata
keçirdiyi Tvininq layihəsi çərçivəsində
reallaşdırılmış təlim səfəri bu
ölkələrdə peşə təhsili sistemi ilə
tanışlıq, layihə çərçivəsində
hazırlanmış yeni konsepsiyanın tətbiqi
imkanlarının müzakirəsi məqsədi
daşımışdır. Nümayəndə heyətinin tərkibində
Təhsil Nazirliyinin peşə təhsili üzrə rəhbər
işçiləri, peşə təhsili müəssisələrinin
direktorları, müəllim və istehsalat təlimi
ustaları təmsil olunmuşlar.
Nümayəndə heyəti səfərin
ilk hissəsində Sloveniyanın mühüm kənd təsərrüfatı
bölgəsi kimi tanınmış Pomurska regionundakı
Rakican Biotexnika Peşə Məktəbi ilə tanış olmuşdur.
Azərbaycanlı mütəxəssislərə məktəbdə
tədrisin təşkili, Sloveniyada peşə təhsili
sistemi haqqında məlumat verilmişdir. Onu da nəzərə
çatdıraq ki, Rakican Biotexnika Peşə Məktəbi
Tvininq layihəsinin Almaniya tərəfdən tərəfdaşı
olan Ansbax Peşə Tədris Mərkəzi ilə sıx əməkdaşlığa
malikdir. Regional Kənd Təsərrüfatı Cəmiyyətindəki
görüşdə isə bölgənin kənd təsərrüfatı
strukturu haqqında məlumat verilmişdir.
Səfərin ikinci hissəsində
Almaniyanın Bavariya Federal Vilayətində mövcud olan
müxtəlif peşə tədris müəssisələri
və təşkilatları ilə tanışlıq
olmuşdur. Münhen şəhərindəki peşə təhsili
sahəsi üzrə kurikulum hazırlığı, keyfiyyət
menecmentinin təşkili ilə məşğul olan Məktəb
Keyfiyyəti və Təhsil Tədqiqatları Dövlət İnstitutunun direktoru
Tomas Sachsenröde ilə
görüş
keçirilmişdir.
Direktor institut və
rəhbərlik etdiyi
qurumun fəaliyyət sahələri, eləcə də
strukturu haqqında məlumat
vermişdir.
Daha sonra institutun Peşə məktəbləri
şöbəsinin müdiri Renner "Peşə məktəbləri
üçün kurikulumların hazırlanması"
mövzusunda təqdimat etmişdir. Günün ikinci
yarısında institutun direktor müavini Arnulf Zöllerin
keyfiyyət menecmenti mövzusunda təqdimatı dinlənilmiş
və müvafiq müzakirələr
aparılmışdır.
Nümayəndə
heyəti Şimalı Bavariyada kənd təsərrüfatı
üzrə mühüm tədris mərkəzi
olan Trisdorf Təhsil Mərkəzində
də olmuşdur. Kənd təsərrüfatı
sahəsində təhsilin bütün
pillələri üzrə tədris imkanlarına malik olan mərkəzdə
regionun peşə təhsili sistemi, Almaniyada müəllim
hazırlığı, imtahanların təşkili ilə bağlı
təqdimatlar dinlənilmiş və müzakirələr
aparılmışdır. Azərbaycanlı
mütəxəssislər, həmçinin mərkəzin nəzdində
fəaliyyət göstərən xüsusi
təlim mərkəzlərindəki imkanları və istehsalat təcrübəsinin təşkili vəziyyəti
ilə ətraflı tanış olmuş,
təcrübəçi şagirdlər və təsərrüfat
rəhbəri ilə görüşmüşlər.
Səfər
zamanı, həmçinin Ansbax Peşə
Tədris Mərkəzi və Regensburq
Peşə Tədris Mərkəzinə səfərlər olmuşdur. Regensburg
Peşə Tədris Mərkəzi sosial ixtisaslar ilə yanaşı, həm də
bağçılıq üzrə ixtisaslaşmış bir təhsil müəssisəsidir.
Səfər
zamanı Almaniyadan olan
ekspertlər Azərbaycan nümayəndə heyəti
arasında müvafiq təhsil
konsepsiyasının pilot məktəblərdə
tətbiqi yolları və imkanları, müəllim
hazırlığı, ixtisasartırma kurslarının təşkili
məsələləri haqqında müzakirələr
aparmış və bəzi
konkret təkliflər irəli sürülmüşdür.
Azərbaycan
müəllimi.- 2013.- 26 aprel.- S.3.