Şagirdlərimiz 45-ci Beynəlxalq Kimya Olimpiadasında  1 gümüş və 1 bürünc medal qazanmışlar

 

2013-cü il iyulun 15-dən 24-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 45-ci Beynəlxalq Kimya Olimpiadası keçirilmişdir. Moskva Dövlət  Universitetində təşkil olunan bu beynəlxalq bilik yarışmasında dünyanın 75 ölkəsindən komandalar iştirak etmişlər.

Gürcüstan, Lixtenşteyn, OmanÇernoqoriya isə olimpiadaya öz müşahidəçilərini göndərmişdir.

İki turdan ibarət olan olimpiadanın eksperimental turu iyulun 18-də, praktik turu isə iyulun 20-də baş tutmuşdur. İyulun 23-də isə olimpiadanın təntənəli bağlanış mərasimi keçirilmişdir.

Olimpiadanın reqlamentinə əsasən qızıl medalçıların sayı yarışın ümumi iştirakçılarının sayının 8-dən 12 faizinədək, gümüş medalçıların sayı 18-dən 22 faizinədək, bürünc medalçıların sayı isə 28-dən 32 faizinədək olmalıdır. Beləliklə, 2013-cü ildə 34 iştirakçı qızıl, 64 iştirakçı gümüş, 94 iştirakçı isə bürünc medalların sahibləri olmuşlar.

Olimpiadada ölkəmizi 4 nəfər məktəblidən ibarət komandamız təmsil etmişdir. Komandamızın üzvlərindən 1 nəfəri gümüş və 1 nəfəri isə bürünc medala layiq görülmüşdür.

 

Y.ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2013.- 2 avqust.- S. 1.