Astara Pedaqoji Kollecində
valideynlər
yığıncağı
Astara Pedaqoji Kollecində
tədris ilinin birinci
yarısında valideynlər yığıncağının
keçirilməsi artıq ənənə halını
alıb. Budəfəki valideynlər
yığıncağı iki mərhələdə
keçirilib. Bunun da səbəbi odur ki, bu dərs ilində əvvəlki
illərə nisbətən daha çox tələbə qəbul olunub. Valideynlər
yığıncağında 450-yə yaxın valideyn iştirak edib.
Yığıncaqdan əvvəl
valideynlər tədris korpusu ilə
tanış olub, kollecin
şəhərciyini gəzib, fənn-tədris kabinetlərinə
və kitabxanaya baxıblar. Valideynlər
kompüterlərlə təmin olunmuş
fənn kabinetlərində yaradılmış şəraitdən
razılıqlarını bildiriblər. Şəhərciyin həyətindəki
tələbə yataqxanasında tələbələrin məişət
şəraiti ilə yaxından maraqlanan
valideynlər akt zalında kollecdə
keçirilən tədbirlərdən və qazanılan
uğurlardan bəhs edilən videoçarxa baxıblar.
Sonra kollecin direktoru,
əməkdar müəllim, fəlsəfə doktoru,
dosent Əlihəsən Həmzəyev
çıxış edərək ulu
öndər Heydər Əliyevin müstəqil Azərbaycan
Respublikasında təhsil sisteminin
inkişafında misilsiz xidmətindən,
Prezident cənab İlham
Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın
birinci xanımı, Milli
Məclisin deputatı Mehriban
Əliyevanın təhsilimizin inkişafı ilə
bağlı yeni layihələrin həyata
keçirilməsində gördüyü
işlərdən danışıb.
Kollecin keçdiyi yol barədə danışan Ə.Həmzəyev
vurğuladı ki, müstəqilliyimizin
yaşıdı olan Astara
Pedaqoji Kolleci 1991-ci
ildə filial, 1993-cü ildə müstəqil
təhsil müəssisəsi kimi fəaliyyət
göstərməyə başlayıb. Artıq 20 ildir müstəqil təhsil müəssisəsi
kimi fəaliyyət göstərən kollecin tələbələrinin sayı
1400-ü keçib. Kollecin
rəhbərliyi valideynlərlə daim
sıx əlaqə saxlayır.
Kollecdə son illərdə böyük
işlər görüldüyündən söhbət açan Ə.Həmzəyev bildirdi
ki, beynəlxalq əlaqələr sahəsində
də mühüm uğurlar
əldə edilib. Bu il mayın 4-də Astara Pedaqoji Kollecinin təşəbbüsü,
təşkilatçılığı və Astara
Rayon İcra Hakimiyyətinin
dəstəyi ilə beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş
konfrans "İKT və qloballaşma"
adlanırdı. Hindistandan, Rusiyadan, Türkiyədən və Özbəkistandan
görkəmli alim və professorlar,
eləcə də Azərbaycanın tanınmış
filosofları konfransda iştirak
etmişlər.
Uğurlarla yanaşı nöqsanlardan,
çatışmazlıqlardan və problemlərdən də
söhbət açan Əlihəsən
Həmzəyev valideynləri açıq dialoqa
çağırdı. İmtahan
sessiyalarında aşkarlığı və obyektivliyi
təmin etmək məqsədilə yaradılan "Qaynar xətt"in fəaliyyətindən
danışan natiq valideynlərə müraciət etdi
ki, belə məsuliyyətli proseslərdə
daha fəal olsunlar və
övladlarının bilik səviyyəsi
ilə yaxından maraqlansınlar, onların bütün
hərəkətlərinə ciddi surətdə
nəzarət etməyə çalışsınlar.
Tədbirdə
müasir təhsilin qarşısında duran tələblərdən, təhsildə
yeniliklərdən, dünya təhsilinə
inteqrasiya olunmanın əsaslarından,
İKT-dən düzgün və səmərəli
istifadədən, gənclərin, tələbələrin hər
yerdə, xüsusən, ictimai-siyasi yerlərdə
və tədbirlərdə
öz davranışı, nəcib
danışığı ilə nümunə olmalarından, bu sahədə valideynlərin köməyindən
ətraflı danışıldı.
Valideynlərdən
Lənkərandan Qurbanulla Quliyev,
Mübariz Rəhimov, Masallıdan Qafur Abiyev, Səkinə
Əsədova, Zabil Hüseynov,
Kamil Məmmədov, Şahin
Həsənov və başqaları xüsusilə
vurğuladılar ki, belə
görüşlərin keçirilməsinin böyük
əhəmiyyəti vardır.
Sonda yığıncağı yekunlaşdıran kollecin direktoru, fəlsəfə
doktoru, dosent Əlihəsən
Həmzəyev valideynlərə gənc nəslin tərbiyəsi
və onların intellektual səviyyəsinin
yüksəldilməsi istiqamətində pedaqoji
kollektivlə daha sıx əlaqə saxlamağa və bu prosesdə
daha yaxından iştirak
etməyə çağırdı.
Azad
ABDULLAYEV
Azərbaycan
müəllimi.- 2013.- 6 dekabr.- S.7.