Keyfiyyətli müəllim kadrları

hazırlığında yeni mərhələ

 

Təhsil strategiyası - hədəflər

 

Azərbaycanda memarı ulu öndər Heydər Əliyev olan təhsil islahatları 1998-ci ildən yüksələn xətlə inkişaf etməkdədir. İqtisadi, siyasi, mədəni, elm və təhsil sahəsində gerçəkləşən layihələr cəmiyyətin yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmış, BMT-nin İnsan İnkişafı hesabatına əsasən Azərbaycan 169 ölkə arasında 101-ci yerdən 67-ci yerə yüksəlmiş, "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna daxil olmuşdur. Sosial - iqtisadi, elmi-mədəni inkişafın gələcək hədəfləri Azərbaycan təhsilinin beynəlxalq rəqabətə davamlılıq göstəricilərindən və ali təhsil müəssisələrinin reytinq səviyyələrindən birbaşa asılıdır. Ona görə də Azərbaycanda maddi kapitalın insan kapitalına çevrilməsi istiqamətində sistemli və məqsədyönlü iş aparılır. Çünki insanın ömür boyu təhsil almaq tələbatının ödənilməsi təhsilin iqtisadi həyatda rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Daha rəqabətli iqtisadi mühitə uyğunlaşmağı tələb edən dünya iqtisadiyyatındakı  dəyişikliklər, Azərbaycan təhsilinin sürətlə Avropaya inteqrasiyası təhsilin keyfiyyəti problemini önə çıxarmışdır. Azərbaycanda da təhsildə əsaslı və çoxşaxəli islahatların keçirilməsi zərurəti yarandı. Dövlətin təhsil siyasətində əsaslı dəyişiklik baş verdi.

 

Ulu öndər Heydər Əliyevin və onun siyasi məktəbinin layiqli  davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl dövlət siyasəti nəticəsində təhsil sahəsində aparılacaq islahatların vahid konsepsiyası, aydın strategiyası və konkret dövlət proqramı  hazırlandı, "Azərbaycan Respublikasında  ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)", "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil sahəsində mühüm addımlar atıldı. Təhsilin normativ-hüquqi bazası möhkəmləndirildi, infrastrukturun dövrün tələbləri səviyyəsində qurulması istiqamətində praktik işlər görüldü, 2700-dən çox məktəb binası tikildi, yararsız təhsil obyektləri əsaslı təmir olundu, ümumi təhsilin məzmunu yeniləşdirildi, yeni dərslik siyasəti reallaşdırıldı, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin yeni modeli tətbiq edildi, təhsil müəssisələrinin böyük əksəriyyəti informasiya-kommunikasiya texnologiyaları ilə təmin edildi, təhsil sisteminin informasiyalaşdırılması, xaricdə təhsil və beynəlxalq əlaqələrin genişləndirilməsi  sahəsində uğurlu addımlar atıldı. Məktəblərin infrastrukturunun yeniləşdirilməsində Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri oldu. Bununla yanaşı, sürətlə modernləşən respublikamızda təhsilin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi üçün yeni, daha səmərəli və təsirli addımların atılmasına ehtiyac yarandı. Həmin ehtiyacların ödənilməsi, ölkədə insan kapitalının davamlı inkişafı üçün şəraitin yaradılması, mövcud infrastrukturun təkmilləşdirilməsi, müasir düşüncəyə, yeni təhsil-tərbiyə texnologiyasına, əxlaqi-mənəvi saflığa, yüksək  peşə və ixtisas hazırlığına malik pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edildi.

Strategiya məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil pillələrində toplanmış potensialı  qoruyub saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı gücləndirmək, Azərbaycan Respublikasında təhsilin müasir vəziyyətini, inkişaf dinamikası və spesifik xüsusiyyətlərini, təhsilin vəzifələrini, strateji istiqamətləri, hədəfləri və tələblərin həyata keçirilməsini, təhsil sahəsində beynəlxalq  təcrübə və meyillərin öyrənilməsini, cəmiyyətin iqtisadi və sosial həyatının demokratikləşdirilməsinə əsaslanan təhsil siyasətinin uğurla həyata keçirilməsini özündə ehtiva edən   konseptual bir sənəddir.

Strategiyanın əsas məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemi yaratmaqdır. Azərbaycanın  təhsil  sisteminin iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun olması üçün strategiyada 5 istiqamət müəyyənləşdirilmişdir: 1) səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılması; 2) təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi; 3) təhsildə nəticələrə görə cavabdehlik, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması; 4) ömür boyu təhsili təmin edən təhsil infrastruktunun yaradılması; 5) təhsil sisteminin dünya standartlarına uyğun maliyyələşdirilməsi.

Müəyyənləşdirilən bu istiqamətlərin həyata keçirilməsi akademik bacarığı, tədris təcrübəsi və peşəkarlıq səviyyəsi ilə fərqlənən keyfiyyətli müəllim kadrlarının  hazırlanmasını, müəllim peşəsinin nüfuzunun yüksəldilməsini tələb edir. K.S.Stanislavski deyirdi ki, teatr asılqandan başlayır. Keyfiyyətli və səriştəli müəllim kadrlarının hazırlığının ilkin şərti pedaqoji peşəyə seçimin düzgün, obyektiv və şəffaf aparılmasından asılıdır. Bunun üçün isə, ilk növbədə, pedaqoji peşəyə sənəd verən abituriyentlərin peşəyəyararlılıq səviyyəsi yoxlanılmalıdır. Təəssüf ki, ali məktəblərə mövcud tələbə qəbulu sistemi bu seçimi reallaşdırmağa imkan vermir. Abituriyentlərin pedaqoji peşəyə maraq, meyil və qabiliyyətləri, zahiri görünüşləri, xüsusi ilə də ibtidai sinif müəllimliyi ixtisasını seçənlərin yazı və nitq mədəniyyəti yoxlanılmır. Musiqiçi üçün musiqi duyumu, rəssam üçün rəng duyumu nə qədər zəruri və vacibdirsə, müəllim üçün pedaqoji sövqtəbiilik, pedaqoji qabiliyyətlər o qədər zəruri və vacibdir. Müəllimin xüsusi peşə və ictimai funksiyaları onun şəxsiyyətinə mühüm tələblər verir. Müəllim şagirdlər, valideynlər və ümumiyyətlə, cəmiyyət üçün nümunə, etalon olmalıdır. Keyfiyyətli müəllim yaxşı həkim, yaxşı mühəndis, yaxşı hüquqşünas, yaxşı iqtisadçı, peşəkar hərbiçi deməkdir. Bu səbəbdən də strategiyada müəllim təhsilalanların öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici sima hesab olunur.

Tədqiqatçılar müəllimlərin qarşısına qoyulan tələbləri pedaqoji fəaliyyətin  səmərəliliyini təmin edən peşə keyfiyyətlərinin imperativ (qeyri-şərtsiz) sistemi kimi şərh edirlər. Avropa alimlərinin fikrincə, praktik pedaqoji fəaliyyətin yarısı pedaqoji texnologiyaların, o biri yarısı  isə  pedaqoji ustalığın payına  düşür. Müəllimə verilən başlıca tələb onun peşə kompetensiyalarına  malik olmasıdır. Müəllimin şəxsi keyfiyyətləri hesab olunan pedaqoji kompetensiyalar  onun uşaqlara məhəbbətində, onlarla işləməkdən və ünsiyyətdə olmaqdan  həzz almaqda özünü göstərir. İllərlə ağ xalatlı həkim olmaq, insanların  fiziki sağlamlığının keşiyində dayanmaq arzusu ilə yaşayan, ali məktəbə qəbul zamanı bu istəyini reallaşdıra bilməyən, təsadüf nəticəsində biologiya müəllimliyi ixtisasına düşən və yaxud hüquqşünas, diplomat olmaq istəyən abituriyentlərinin tarix, ədəbiyyat, sinif müəllimliyi ixtisaslarına daxil olmaları, həmin peşəni istəyərək seçənlərə nisbətən yüksək bal toplamalarına baxmayaraq onların gələcəkdə yaxşı müəllim olacaqlarına  dəlalət etmir. Müəllim fitrətən müəllim, ustad olmalıdır. Müəllimin praktik fəaliyyəti üçün zəruri olan təşkilatçılıq, tədqiqatçılıq, təlim (öyrətmə), perseptiv, kommunikativ, suqqestiv, elmi-idraki qabiliyyətləri pedaqoji peşəyə maraq   meyili olmayan, təsadüf nəticəsində  bu ixtisasa düşən abituriyentlərdə  yaratmaq olduqca çətindir. Bir müddətdən sonra həmin tələbələrin özləri də səhvlərini dərk edir, təhsillərini yarımçıq qoymalı olurlar. Nəticədə müəllimlik peşəsini sevməyən birisinin onun yerini tutması səbəbindən ali məktəbə qəbuldan kənarda qalan abituriyent də, düzgün olmayan seçimin qurbanı olan tələbə də, onun valideyni də əziyyət çəkir, tələbənin təhsilini maliyyələşdirən dövlət külli miqdarda vəsait itirir. Elə buna  görə  ali məktəblərə tələbə qəbulunun qaydaları təkmilləşdirilməli, ixtisaslar, xüsusi ilə də təhsil ixtisasları digər qruplardan ayrılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli qərarı ilə ali təhsilin bakalavriat səviyyəsi ixtisasları 8 qrupda təsnif olunduğu halda, ali məktəblərə qəbul zamanı bütün ixtisasların 4 qrupa bölünməsi ixtisas seçimində müəyyən problemlər yaradır. Keyfiyyətli müəllim kadrları yetişdirmək məqsədi ilə pedaqoji  ixtisaslara sənəd verən abituriyentlərin peşəyəyararlılıq səviyyəsinin müəyyənləşdirilməsi, nitq və yazı  mədəniyyətinin yoxlanılması üçün müsahibələrdən keçirilməsi, yüksək bal toplayanların pedaqoji peşəyə istiqamətləndirilməsi zəruri və vacibdir.

Cəmiyyətin tərəqqisi məktəbdən, məktəbin inkişafı isə müəllimdən asılıdır. Məktəblərimizdə öz peşəsinin vurğunu olan, peşəkarlığı, tədris uğurları, cəmiyyətdə yüksək nüfuzu ilə seçilən müəllimlərlə yanaşı, elmi-metodiki hazırlığı zəif, məktəbdən, şagirddən ruhən, qəlbən uzaq olan, hər cür yeniliyi "süngü" ilə qarşılayan, müqəddəs müəllim adına kölgə salan müəllimlər, vəzifə məsuliyyəti, təşkilatçılıq qabiliyyəti, kollektivi vahid məqsəd ətrafına səfərbər etmək baxımından müasir tələbləri ödəməyən, təhsilin müasir problemlərini, bu sahədəki islahatların mahiyyətini dərk etməyən, yaradıcılığı və təşəbbüskarlığı ilə fərqlənməyən məktəb direktorları da az deyil. Platon deyirdi ki, pinəçinin bir cüt ayaqqabını pis tikməsi bir nəfər afinalıya ziyan vurduğu halda, müəllimin pis işi, pis tərbiyəsi bütün Yunanıstana ziyan gətirir. Ona görə də strategiyada "təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətlərinin müasir tələblərə uyğun yüksəldilməsi, müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsi ilə müəllim fəaliyyətinin keyfiyyətinin artırılması" bir vəzifə kimi qarşıya qoyulmuşdur. Hesab edirik  ki, cəmiyyət qarşısında öz borcunu və vəzifəsini dərk etməyən "diplomluların" məktəblərdən uzaqlaşdırılmasını, təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin etmək məqsədilə treninq mərkəzlərinin yaradılması, ayrı-ayrı ixtisaslar üzrə xarici ölkələrdən tanınmış mütəxəssislərin dəvət edilməsi, milli kadrların müvafiq ölkələrin elm və təhsil mərkəzlərində təcrübə keçməsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, bu məqsədlə xarici təcrübənin (məsələn, Qazaxıstanın "Nazarbayev İntellektual Məktəbləri" Pedaqoji Ustalıq Mərkəzinin) öyrənilməsi məqsədəmüvafiq olardı. 2008-ci ildən indiyə qədər respublikada fəaliyyət göstərən məktəblərin I-VI siniflərində dərs deyən müəllimlərin demək olar ki, hamısı müvafiq kurslardan keçərək eyni səviyyəli sertifikatlar alıb. Ölkədə və xaricdə müvafiq kurslardan keçən, müasir təhsil-tərbiyə texnologiyasını mənimsəyən, tədris uğurları ilə seçilənlərlə  yanaşı, müvafiq göstəriciləri olmayan müəllimlərin fəaliyyətinin eyni meyarlarla dəyərləndirilməsi, eyni əməkhaqqının verilməsi nə dərəcədə doğrudur? Böyük şairimiz  Şəhriyar deyirdi ki, hamının başını eyni ülgüclə qırxmaq olmaz. Köhnə stereotiplərdən əl çəkilməli, müəllimlərin əməkhaqqı diferensiallaşdırılmalıdır. Bu, sağlam rəqabət mühitinin yaranmasını şərtləndirməklə  bərabər Azərbaycan təhsilinin beynəlxalq rəqabətə davamlılıq göstəricilərinin yüksəldilməsinə zəmin yaratmış olardı. Treninqlərdən keçən təhsilverənlərin peşəkarlıq və səriştəlilik səviyyəsi əvvəlcədən hazırlanmış meyarlar əsasında yoxlanılmalı, aldıqları müvafiq  sertifikatlara (I, II, III dərəcəli) uyğun olaraq fəaliyyətləri stimullaşdırılmalı, peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sistemi yaradılmalıdır. Avropada və Yaponiyada müəllimlər yüksək əməkhaqqı alanlar kateqoriyasına aiddir. Yaponiyada müəllimlərin əməkhaqqı dövlət qulluqçularının orta əməkhaqqından 25% çoxdur. Fransada kollec və lisey müəllimləri adi dövlət qulluqçularından 2 dəfə çox maaş alırlar. Onu da qeyd edək ki, Qərbi Avropada bir müəllimə təxminən 20, Yaponiyada 24, Rusiyada 15, Azərbaycanda isə 10 şagird düşür. Xarici ölkələrdə əhalinin çox yaşadığı regionlarda şagirdlərin sayı normadan artıqdır. Məsələn, Yaponiyada elə məktəb var ki, orada hər sinifdə 40 şagird təhsil alır. Ölkədə fəaliyyət göstərən məktəblərin 1300-ə yaxınında şagirdlərin sayı normadan aşağıdır. Şagirdlərin sayı 30-dək olan 387, 50-dək olan 238, 100-dək olan 614 məktəb fəaliyyət göstərir (Azərbaycan müəllimlərinin XIII qurultayı, Bakı, 2009, s.54-55). Son illərdə regionlarda təhsil alan şagirdlərin sayının bir az da azalmasını nəzərə alaraq, strategiyada göstərildiyi kimi, ümumi təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması sahəsində ciddi addımlar atılmalıdır. Həmin məktəblərdə dərs saatları xeyli az olduğundan onları bütün fənlər üzrə ixtisaslı müəllimlərlə təmin etmək, təhsilin keyfiyyətini yüksəltmək qeyri-mümkündür.

Ötən əsrin ikinci yarısından başlayan, müasir dövrdə həyəcan doğuracaq bir həddə çatmış məktəblərdə gedən feminizasiya prosesinin qarşısını almaq məqsədilə  oğlanların müəllimlik peşəsini seçmələri üçün zəruri tədbirlər görülməlidir. Feminizasiya effektlərini təhlil edən professor Əbdül Əlizadə oğlanların tərbiyəsində qadınların - evdə ananın, məktəbdə isə çoxluq təşkil edən qadın müəllimlərin daha fəal rol oynaması faktına  diqqəti cəlb edir: günün çox hissəsini qadınlarla ünsiyyət şəraitində keçirən oğlan uşaqları çox vaxt onların təkcə düşüncə tərzini götürmür, həm də məhz qadın meyarlarını mənimsəyir, başqa sözlə, dünyaya qadın gözü ilə baxmağa başlayır. (Ə.Əlizadə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı, 2004, s.308). Deməli, onda qadın xarakteri formalaşır. Xarakter insan şəxsiyyətinin mahiyyətini, istiqamətini, meylini, məqsədini, hisslərini, fəaliyyət tərzini ifadə edir. Xarakter insanın həyat yolundan, tərbiyəsindən və özünütərbiyəsindən asılı olaraq dəyişir. Qüvvətli və möhkəm xarakterin  formalaşması təhsilverənlərin xarakterindən asılıdır. Əbəs yerə demirlər ki, xarakteri xarakter formalaşdırır. Ali pedaqoji təhsil müəssisələrinə qəbul olan tələbələrin böyük əksəriyyətinin, hətta mühəndis-pedaqoji ixtisasına daxil olanların 90%-ə qədərinin qızlardan ibarət olması bizi həyəcan təbili çalmağa sövq edir. Qeyri-adekvat olan bu vəziyyətin  aradan qaldırılması məqsədi ilə oğlanların pedaqoji peşəni seçmələri üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, onlara xüsusi təqaüdlərin və imtiyazların verilməsi, müəllim  işlədiyi  dövrdə bazar iqtisadiyyatı tələbatına uyğun əməkhaqqı ilə təmin edilməsi və s. kimi vacib və təxirəsalınmaz işlər görülməlidir.

Strategiyada müasir tələblərə uyğun və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması strateji istiqamət kimi müəyyənləşdirilmişdir. Ali təhsilin zamanın tələblərinə uyğun qurulması onun infrastrukturunun təkmilləşdirilməsini tələb edir. Yüksək elmi-pedaqoji kadr potensialına, güclü maddi-texniki bazaya, müasir və yeni kampuslara malik olmadan təlimin keyfiyyətini Avropa standartları səviyyəsində təmin etmək real görünmür. Keyfiyyətli və səriştəli müəllim kadrlarının hazırlanması ali pedaqoji təhsil müəssisələrinin nəzdində baza məktəblərinin, təcrübə-istehsalat mərkəzlərinin yaradılmasının vacibliyini ön plana gətirir. Məktəbəqədər, ümumtəhsil, ilk peşə-ixtisas, musiqi məktəbləri üçün pedaqoji kadr hazırlığını həyata keçirən ADPU-nun nəzdində bağça-məktəb-lisey kompleksinin, musiqi və peşə məktəbinin  yaradılması nəzəriyyə ilə praktikanın vəhdətini, gələcək müəllimlərin təhsil prosesinə çevik və dinamik adaptasiya olunmasını təmin etməklə yanaşı, innovativ təlim metodlarını öz işinə uğurla tətbiq edən, təhsilin məzmununun  səmərəli mənimsənilməsinə nail olan səriştəli və peşəkar müəllimlərin yetişməsini təmin edər. Pedaqoji təhsilin vacib komponentlərindən biri olan pedaqoji təcrübənin səmərəliliyinin artmasına imkan yaradar. Pedaqoji təcrübənin məqsədi tələbəni həm fənn müəllimi, həm də sinif rəhbərinin funksiyası ilə tanış etmək və onu bu istiqamətdə gələcək fəaliyyətə hazırlamaqdır. Universitetlərin nəzdində belə məktəblər olarsa (Azərbaycan Tibb Universitetinin nəzdindəki tədris klinikaları kimi), gələcək müəllimlər müntəzəm şəkildə həmin məktəblərin nümunəsində təhsil-tərbiyə şəraiti, direktor-müəllim, müəllim-şagird, şagird-şagird münasibətləri, təlim texnologiyaları və resursları, təlim strategiyaları və qiymətləndirmə mexanizmləri ilə tanış olar, müəllimlik peşəsinin sirlərini öyrənər, praktik bacarıqlar qazanarlar. Məktəblər universitetlərin tədris laboratoriyalarına çevrilərsə, professor-müəllimlərin təhsil-tərbiyənin praktik problemləri ilə bağlı eksperimentlər aparmasına, nəzəri fikirlərini məktəb təcrübəsinə tətbiq etməsinə əlverişli  şərait yaranar.

Ümumtəhsil məktəb şagirdlərinin pedaqoji peşəyə istiqamətləndirilməsi üçün təhsil müəssisələrində karyera və resurs mərkəzlərinin yaradılmasına, pedaqoji peşəyə qəbul üçün müvafiq bal həddinin müəyyənləşdirilməsinə, ümumtəhsil məktəbinin yekun imtahanının qəbul imtahanı ilə birləşdirilməsinə, pedaqoji peşə təhsilinin "sifariş-təklif" əsasında təşkilinə böyük ehtiyac vardır.

Pedaqoji təcrübəsi az olan müəllimlərə, pedaqoji təcrübə və internatura keçən gələcək müəllimlərə himayədarlıq etmək məqsədilə məktəblərdə mentorluq sisteminin yaradılması pedaqoji prosesin  qurulmasının, gedişinin, təşkilinin və məqsədə nail olmağın daha səmərəli variantının seçilməsinə (pedaqoji prosesin optimallaşdırılmasına), müəllimlərin peşəkarlıq səviyyəsinin  yüksəldilməsinə real kömək etmiş olardı.

Pedaqoji ixtisaslar üzrə bakalavriat təhsil pilləsini uğurla bitirən, ən azı birillik internatura təhsili keçən, fəaliyyəti lisenziyalaşdırılan məzunlara müəllim işləmək hüququnun verilməsi, internatura təhsili üçün xüsusi proqramın (kurikulumun) hazırlanması keyfiyyətli müəllim kadrları hazırlığında mühüm amil kimi dəyərləndirilməlidir. Hesab edirik ki, ali təhsilin bakalavriat pilləsini bitirən məzunlardan müəllim işləmək istəyənlər ən azı bir il internatura keçməli, qabaqcıl müəllimlərin təcrübəsini öyrənməli, tədris prosesində şəxsən iştirak etməklə müəllimlik sənətinin sirlərini mənimsəməli, sonda isə elmi, metodiki, pedaqoji qabiliyyətini peşəkarlıq səviyyəsini, şagirdlərlə işləmək bacarığını nümayiş etdirməli, tədris edəcəyi fənn üzrə dərslər verməli və buna müvafiq olaraq fəaliyyəti lisenziyalaşdırılmalıdır.

Ali təhsil müəssisələrinin yataqxanasının olmaması və ya müasir tələblərə cavab verməməsi ölkəmizdə təhsil almaq istəyən əcnəbi tələbələrin müvafiq təhsil müəssisələrində oxumalarına mane olur. ADPU-nun yataqxanasının olmaması yüksək balla qəbul olunmuş maddi vəziyyətləri ağır olan bəzi tələbələrin təhsildən imtina etməsinə səbəb olur. Yataqxana təkcə yaşayış yeri deyil, həm də tələbələrin sosiallaşmasının, birgəyaşayış qaydalarına uyğunlaşmasının, əməkdaşlığa alışmasının, sosial işə hazırlanmasının vacib məkanıdır. Ali təhsil müəssisələri üçün yeni kampusların tikilməsi, xüsusilə də yataqxanalarla  təmin olunması Bolonya prosesinin əsas tələblərindən biri olan tələbə mobilliyinin həyata keçirilməsinə  kömək etmiş olardı.

İlkin müəllim hazırlığının təkmilləşdirilməsi məqsədilə "Azərbaycan Respublikasında ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlığı üzrə çərçivə Kurikulumu" hazırlanmış, 3 pilot ali təhsil müəssisəsində (ADPU, AMİ, GDU) tətbiqinə başlanılmışdır. Strategiyada təhsilin bütün pillələri, o cümlədən ali təhsil üzrə yeni kurikulumların, səriştəyə əsaslanan standartların hazırlanması zəruri və vacib hesab olunur. Azərbaycan Respublikasının təhsil naziri M.Cabbarov müsahibələrinin birində haqlı olaraq qeyd etmişdir ki, müəllim hazırlığı üzrə yeni kurikulumlar tətbiq edilsə də bütövlükdə ali təhsil müəssisələrinin kurikulumları  əmək bazarının müasir şərtlərinə uyğun gəlmir ("Azərbaycan müəllimi"qəzeti, 29 noyabr 2013-cü il). Strategiyada isə göstərilir ki, ali təhsil pilləsində kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır. Dövlətin ali təhsildən, xüsusi ilə də ali pedaqoji təhsillilərdən gözləntiləri böyükdür. Millətin mənəvi potensialının formalaşması onların dərin və hərtərəfli biliyə, praktik bacarığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə və müasir dünyagörüşə hansı səviyyədə malik olmalarından  asılıdır. Müasir dövrdə cəmiyyətdə intensiv olaraq dəyişən sosial-iqtisadi münasibətlər təhsil sisteminin bu proseslərə çevik və dinamik adaptasiyasını tələb etdiyindən, ildən-ilə öyrənmə prosesinin keyfiyyətini yüksəltmək müəllimlərdən təhsil prosesinə daha səriştəli yanaşma tələb edir. Müasir müəllim araşdırmalar aparmağı bacarmalı, müasir  təhsil,  tərbiyə, inkişaf texnologiyalarından baş çıxarmalı, düzgün diaqnozlaşdırma, proqnozlaşdırma, layihələşdirmə, informasiyavermə, təşkiletmə, qiymətləndirmə, nəzarətetmə və korreksiya funksiyalarını bilməli, tədqiqatçılıq keyfiyyətinə malik olmalıdır. Tədqiqatçılıq  bacarığı olmayan  müəllim bu keyfiyyəti öz şagirdlərinə aşılaya bilməz. Müasir məktəbin müəllimi yaradıcı olmalı, dərs dediyi şagirdin inkişafını bütün mərhələlər üzrə görməyi bacarmalı, onların şəxsiyyət kimi formalaşmasını düzgün istiqamətləndirməlidir. Məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqın milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək üçün  müəllim  şagirdin yaradıcı təfəkkürünə məxsus  bütün psixo-pedaqoji  xüsusiyyətləri bilməlidir. Bunun üçün isə vahid  konsepsiya olmalıdır. Ali pedaqoji təhsillə bağlı ölkə üzrə vahid strategiya və konsepsiyanı, məzmun və texnologiyanı müəyyənləşdirən, dövlət standartlarını (pedaqoji təhsillə bağlı kurikulumu) hazırlayan, tədris resurslarına (dərslik, dərs vəsaiti, proqram, metodik vəsait və s.)  rəy verən və onun monitorinqini keçirən pedaqoji kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə  baş ali pedaqoji məktəbdə - Azərbaycan Dövlət Pedaqoji Universitetində elm-tədris və metodik mərkəzin yaradılması müəllim hazırlığı sistemində keyfiyyətin təmin olunmasına  şərait yaradardı.

Strategiyada ali və ümumi təhsil üzrə dərsliklərin  elmi və metodik baxımdan  təkmilləşdirilməsi tələb olunur. Qeyd edək ki, ümumtəhsil məktəbləri, xüsusilə I-VI siniflər  üçün dərsliklərin  yeni nəsilləri yaradılmışdır. 12 illik ümumi təhsilə keçidlə əlaqədar olaraq ümumtəhsil məktəblərinin bütün dərsliklərini yenidən hazırlamaq zərurəti yaranmışdır. Ali təhsil üçün dərslik və dərs vəsaitlərinin hazırlanması və nəşri 25 ildir ki, özfəaliyyət xarakteri daşıyır, bu sahəyə dövlət vəsaiti ayrılmır. Ali təhsil müəssisələrində tədris olunan fənlər üzrə yeni nəsil dərsliklərin müsabiqə yolu ilə hazırlanması, dövlətin maliyyə vəsaiti hesabına çap olunması, onların elektron variantlarının hazırlanması, tələbələrin müasir tələblərə cavab verən dərsliklərlə, tədris resursları ilə təmin olunması kadr hazırlığının keyfiyyətini təmin edən əsas amillərdən biri kimi dəyərləndirilməlidir.

Tədrisin keyfiyyətini yüksəltmək, professor-müəllimlərin elmi-metodiki hazırlığını, peşəkarlıq səviyyəsini artırmaq məqsədilə 5 ildən bir keçirilən ixtisasartırma və stajkeçmə modelinin dəyişdirilməsi zəruridir. Belə ki, ixtisasartırma təhsil müəssisələri tərəfindən təklif edilən proqramlar bu təhsilə cəlb olunan müəllimlərin ehtiyaclarına uyğun hazırlanmır, ümumiyyətlə, bu ehtiyacların dəqiq müəyyənləşdirilməsi sahəsində etibarlı mexanizmlər yoxdur. İndiki dövrdə tanınmış tədqiqatçı alimlərin xarici ölkələrin elm və təhsil mərkəzlərində ixtisasartırma və staj keçməsi daha effektli ola bilər.

Strategiyada istedadlı uşaqlarla yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün də inkişaf və inklüziv təlim proqramlarının hazırlanması məsələsinə diqqət yetirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların hamısı üçün bərabər təhsilalma imkanlarının yaradılması, inklüziv  təlimə keçidin reallaşdırılması üçün  yeni müəllim - defektoloqların hazırlanması zəruridir. Ali pedaqoji məktəblərdə hazırlanan defektoloq kadrları müasir tələblərə cavab vermir. Respublikada inklüziv təhsilə ehtiyacı olan şagirdlərin sayının çox olmasını nəzərə alaraq, müvafiq ixtisaslar üzrə-surdopedaqoq, tiflopedaqoq, oliqofrenopedaqoq, loqoped hazırlanması, sağlamlıq imkanları məhdud olan şagirdlərlə işləmək istəyən gələcək müəllimlərə aldıqları ixtisaslarla (tarix, riyaziyyat, fizika, ədəbiyyat, coğrafiya və s.) yanaşı, surdopedaqoq, tiflopedaqoq, olifqofrenopedaqoq, loqoped ixtisaslarından birini almaları üçün şəraitin yaradılması məqsədəuyğun hesab edilməlidir.

Ölkənin kadr potensialını qoruyub saxlamaq və inkişaf etdirmək məqsədilə ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların təsnifatı yenidən hazırlanmalı, sonrakı illərdə zəruri və vacib olacaq peşələr (ixtisaslar) müəyyənləşdirilməli, həmin sahədə  kadr hazırlığına başlanılmalıdır. Ali təhsil müəssisələrində peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin yaradılması üçün meyarların hazırlanması, peşəkarlıq səviyyəsi yüksək olan müəllimlərə əlavə əməkhaqlarının verilməsi, mütəmadi olaraq akademik göstəriciləri aşağı olan müəllimlərlə  əmək müqavilələrinin ləğv edilməsi keyfiyyətli müəllim kadrları hazırlığında mühüm rol oynaya bilər.

Dövlətin təhsil siyasətini elmi - pedaqoji əsaslarla reallaşdırmaq, pedaqoq, psixoloq və metodist alimlərin qüvvəsini eyni məcraya yönəltmək, onların nüfuzunu yüksəltmək məqsədilə Təhsil Nazirliyinin nəzdində Təhsil Akademiyasının yaradılması məqsədəuyğun olardı.  Strategiyada nəzərdə tutulan strateji istiqamətlərin  reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasını, informasiya cəmiyyətinin davamlı inkişafını, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını  təmin edəcəkdir.

 

Fərrux RÜSTƏMOV,

ADPU-nun pedaqoji fakültəsinin dekanı,  professor, əməkdar elm xadimi

 

Azərbaycan müəllimi.- 2013.- 6 dekabr.- S.6.