Uşaqların tərbiyəsində
nələrə
diqqət etmək zəruridir?
Uşaq şəxsiyyətinin inkişafında təlim-tərbiyə həlledici rola malikdir. Çünki təlim-tərbiyə prosesində uşağın inkişafı müəyyən məqsədə müvafiq olaraq plan, proqram əsasında təşkil olunur və ona rəhbərlik edilir. Bunun sayəsində də uşaqda istənilən keyfiyyət sürətlə inkişaf etdirilir; uşaq tarix boyu bəşər cəmiyyəti tərəfindən qazanılmış biliklərə yiyələnir, özündə insani keyfiyyətləri formalaşdırır. Beləliklə, uşağın təlim-tərbiyədən kənarda inkişafı kortəbii, pərakəndə halda gedir ki, bu da bəşər cəmiyyətinin tələblərini təmin etmir.
Uşaq tərbiyəsində təlimin rolu
Bu deyilənlərdən aydın olur ki, uşağın hərtərəfli,
düzgün və sürətlə
inkişafı təlimdən kənarda mümkün
deyildir. Ona görə
də şəxsiyyətin inkişafında təlimin
oynadığı rol psixoloqların diqqətini
xüsusi olaraq cəlb
edir.
Hazırda təlim və
inkişaf problemi ətrafında
dünya psixoloqlarının fikirlərini
müəyyən qruplarda birləşdirmək
mümkündür. Görkəmli
İsveçrə psixoloqu J.Piajenin fikrincə inkişaf
özünün daxili
qanunlarına malikdir. O, ənənəvi
təlimin səmərəsi ilə uşağın müstəqil
əqli inkişafı arasında aydın sədd çəkir.
J.Piajeyə görə, təlimin tənzim edilməsi üçün məhz inkişafın səviyyəsi
əsas götürülməlidir. Beləliklə, o, təlimin inkişafetdirici
təsirini kölgədə buraxır. Amerika
psixoloqu C.Brunerin
fikrincə isə hər cür əqli inkişafın əsasında
yalnız təlim olur. C.Brunerə görə,
əqli inkişaf dərin biliyə və
ümumiləşdirmə bacarığına yiyələnməkdən
ibarətdir.
L.S.Vıqotskinin
"təlim həmişə inkişafdan
qabaqda gedir və onu da öz
arxasınca aparır" müddəasına əsaslanan sovet psixoloqları inkişafetdirici
təlimin mahiyyətini açmağa
çalışmışlar. Burada
uşaqların mənimsəmə imkanlarının aşkara çıxarılması mühüm yer tutur.
Uşağı sevmək
onu nə qədər sevdiyini
təkrarlamaq demək deyil. Sağlam böyümək üçün
uşağın beş əsas
ehtiyacı (sən varsan, sən önəmlisən,
sənə inanırıq, səni sevirik,
səni bəsləyir və qoruyuruq)
qarşılanmalıdır. Ata-ananın ilk
vəzifəsi bu ehtiyacları vaxtında,
sözləri, davranışları ilə və yerli-yerində
yerinə yetirməkdir. Əks təqdirdə, uşaq
normal olmayan bir şəxs kimi
böyüyər.
İki yaşlı uşaq
öz gözünü,
qulağını, burnunu, dişlərini,
dilini bilməli, ailə üzvlərini: ata, ana, baba,
nənə, qardaş, bacını
tanımalı, suyun isti
və ya soyuq
olmasını ayırmalıdır.
Üç yaşlı uşaq
əşyaları rənglərinə görə bir-birindən
fərqləndirməli, gün ərzində
"niyə", "nə üçün",
"hara" sualları ilə valideynlərinə
müraciət etməlidir. İntellekti inkişaf etdirən oyunlara
həvəs və maraq göstərməli,
müxtəlif şəkilllər göstərdikdə
onları ayırmalıdır. Məsələn, "bu topdur, bu
dovşandır" deməyi bacarmalı, sadə cümlələri
asanlıqla söyləməlidir. Bu yaş dövründə uşaqların nitq inkişafında pəltəklik, disloliya, şirindillilik
halları olur.
Dörd yaşlı uşaqlar özünün oğlan
və qız olduğunu bilməli, rəqəmlər
haqqında təsəvvürə malik
olmalıdırlar: İki xəttin
hansının uzun, hansının qısa
olduğunu ayırd etməyi bacarmalı, dördbucaq, dairə şəkillərini
tanımalıdır. Ona iki cism
verdikdə onların hansının ağır və hansının
yüngül olduğunu
müəyyən etməlidir.
"Atam
məni parka apardı. Mən orada maşına, gəmiyə mindim, yelləncəkdə yelləndim" kimi böyük cümlələrlə
fikrini çatdırmağa
çalışmalıdır.
Süfrə
arxasında sərbəst oturmalı, gün
ərzində onu maraqlandıran və ya düşündürən 100-150-yə
yaxın suallarla ata-anasına müraciət
etməli, sərbəst halda öz yatağında yatmalıdır.
Əqli
imkanlarını artıran dama, şahmat, konstruktor-quraşdırma
oyunlarına maraq göstərməlidir.
Əqli bacarıqlarını şeir,
mahnı, rəqs yaradıcılığı baxımından
nümayiş etdirməlidir.
Uşağın kollektiv (bağçada,
toyda, şənlikdə) arasında olarkən
özünü sərbəst apara bilməsi müəyyən
olunmalıdır.
Beş yaşlı uşaqlar:
səhər və günortanı təyin etməli, iki şəkildən hansının gözəl
olduğunu ayırd edə bilməlidir. Uşaq sol əli ilə sağ qulağını göstərə
bilməlidir. İntellektual oyunlardan olan dama, şahmat, domino oyun
fiqurlarının düzülüşünü
və oynanılmasını göstərməlidir. Günəşin
və Ayın hansı istiqamətdən
çıxdığını və
batdığını, tərəvəz, yeyinti
və şirniyyat məhsullarının adlarını
bilməlidir. Uşaq divar
və qol saatlarında zamanı öyrənməyə
maraq göstərməli, ildə neçə
ay və neçə fəsil olduğunu deməlidir. 4 rəngi bir-birindən
ayırmalıdır. Yaxın qohumların adlarını və
özlərini tanımalıdır: baba,
nənə, bibi, xala,
əmi, dayı və s.
Uşaq yazı stolunun
arxasında əyləşib şəkillər çəkməyə
maraq və həvəs göstərməlidir.
Hər səhər yataqdan qalxıb bəzi
idman hərəkətlərini yerinə
yetirməlidir.
Altı yaşlı uşaqlar sadə cümlələr qurmaqla yanaşı, söz
ehtiyatlarını artırmalıdırlar. Yazı stolunun arxasında əyləşib
yaradıcılıq qabiliyyətini inkişaf
etdirən plastilin, rəsm şəkilləri
çəkməyi bacarmalı və yaşına uyğun olan maraqlı
işlər görməlidir. Eyni zamanda, yazı stolunun
arxasında düzgün əyləşməyə
vərdiş etməlidir.
Uşaq kollektivdə olarkən onun
kollektivə tez və yaxud
gec uyğunlaşması (ünsiyyət
yaratması) müəyyən olunmalıdır. O, kollektiv haqqında olan təəssüratını
söyləməlidir. Uşağın davranış və
ünsiyyət forması kollektiv
arasında uşaqlara əks-təsir
yaradırsa, uşaqda yaranmış mənfi
hallar tez bir zamanda müəllim, tərbiyəçi,
valideyn və yaxud psixoloq vasitəsilə aradan
qaldırılmalıdır. Uşaq kollektiv içərisində olarkən onun dinamikliyi, fəallığı
görünməklə yanaşı, introverd
qrupa şamil
olunması müəyyən edilməlidir.
Uşaqların əşyalara
və hadisələrə qarşı olan
psixoloji emosionallıqları üzə
çıxmalı, uşaqlarda intellektin inkişafı ilə əlaqədar hesablama qabiliyyətləri öyrənilməli,
onların incəsənətə olan
marağı artmalıdır.
Uşaq şəxsiyyətinə hörmət
Uşaq dünyabaxışının zəifliyi
onun güclü şəkildə
təqlidə meyil etməsinə səbəb
olur. Buna görə valideyn və tərbiyəçilər
həmişə bu xüsusiyyəti nəzərə
almalı, hərəkət və davranışlarında, adamlara münasibətlərində,
danışıq zamanı uşaqlara
nümunə olmağa
çalışmalı, uşağın
yaradıcılığının inkişaf
etməsinə sərbəst yanaşmalıdırlar. Uşaq eşitdiyi pis sözü də çox tez təkrar edir. Valideynlər uşağı yalnız onunla məşğul olanda
və ya onu öyrədəndə
deyil, həm də ona
göstərişlər verəndə, iş
buyuranda da tərbiyələndirməlidirlər.
Tərbiyə
işində uşaqların qayğıkeşliyinə və
adamlara həssas yanaşmalarına bəzən
bir o qədər də
əhəmiyyət vermirlər. Halbuki,
qayğıkeşlik və həssaslıq insanın mədəniyyətini,
sadə və təvazökar olmasını, təlimdə,
işdə münasibətlərdə normal
şərait, əsəb sakitliyi
yaratmasını nümayiş etdirən çox mühüm əxlaqi
göstəricidir. Bunu uşaqlarda
kiçik yaşdan tərbiyə
edib adət və vərdiş halına salmaq hər birimizin borcudur. Odur ki, kiçikyaşlı uşaqlar
öz oyuncaqlarını səliqəli
saxlamalı, paltarlarının təmizliyinə fikir verməli, ev işlərində
valideynlərinə kömək etməli, baba
və nənələrinə xüsusi
qayğı ilə yanaşmalıdırlar.
Bəzi ailələrdə
isə "Körpədirlər, qoy hələ
oynasınlar" deyə uşaqları gücləri çatan məişət əməyindən
təcrid edirlər. Belə ailələrdə oyuncaqlar uşaqların qarşısına tökülür ki, təki
oynasınlar, ağlamasın və nadinclik
etməsinlər. Söz yox
ki, belə ata-analar tərbiyədə
səhvə yol verirlər və nəticədə
uşaq yaradıcı əməyə cəlb
olunmur. Məsələn, yaxşı olar ki, yerdəki
oyuncaqları sonradan uşağın
özünə yığdırsınlar. Yaxud
ana döşəməni siləndə 5
yaşlı qızı əl çəkmir: "Mən də
silmək istəyirəm", - Ana: "Sən
hələ balacasan, böyüyəndə
silərsən, get oyuncaqlarınla oyna", - deyə istəyinin
qarşısını alır. Halbuki, kiçik bir əski
parçasını qızına verib onu işə cəlb etsə idi,
daha yaxşı olardı.
Elə buna görə də bəzən valideynlərdən
giley-güzarlar eşidirik:
"Heç bilmirəm kimə
oxşayıb, çox səliqəsizdir.
Onu hətta öz
paltarlarını belə, yığışdırmağa
alışdıra bilmirəm". Digər qrup
uşaqlar tapşırılan işi ləng, səliqəsiz yerinə
yetirirlər. Bəziləri hətta
tapşırığı yerinə yetirmək istəmirlər.
Uşağı tanımadan onu tərbiyə etmək olmaz!
Göydən yağan qar dənələri
fərqlidir, eləcə də uşaqlar
və onların xarakterləri fərqlidir. Qardaş
və ya bacı olsa
belə.
Əgər bu müxtəlifliyi nəzərə almadan uşaqlarımızı tərbiyə
etməyə çalışsaq, şahin
xarakterli bir
uşağı qorxaq qarğaya
çevirə bilərik. Necə?!
Uşaqlara tapşırılan işə belə
müxtəlif münasibət, hər şeydən əvvəl,
ailə tərbiyəsindən irəli gəlir. Apardığımız müşahidələr
zamanı əldə edilən təcrübənin nəticəsi
göstərir ki, uşaqların tərbiyəsi
düzgün qurulan
ailələrdə valideynlər övladlarına son dərəcə tələbkar və məsuliyyət
hissi ilə yanaşırlar. Tələbkarlıq
az olduqda, gələcəkdə
uşaqlar özlərinə qarşı qeyri-ciddi və məsuliyyətsiz ola bilərlər. Bu da
onların normal insan kimi yetişməsinə əngəllər
yarada bilər. Odur ki, ailədə uşaqlara
məişət əməyi xarakterli və digər
tapşırıqlar verərkən, bu işin
uşağın yaşına uyğunluğuna xüsusi diqqət
yetirmək lazımdır. Belə
tapşırıqlar uşağa tez-tez verilməlidir ki,
uşaq ailə üzvü kimi həmişə məsuliyyət
hiss etsin, ailə qayğılarından kənarda qalmasın.
Bu, uşaqda vərdiş və adət
halına çevriləcək, onda qürur hissi
formalaşdıracaq, özünəinam yaradacaqdır. İş zamanı uşaqlara həddindən
artıq qəyyumluq etmək, eyni şeyi tez-tez onlara
xatırlatmaq və onları darıxdırmaq olmaz. Uşağı gördüyü işə görə
həddindən artıq tərifləmək də məsləhət
deyil. Belə hallar uşaqda
lovğalıq, xudpəsəndlik, özündənrazılıq
kimi mənfi hallar yarada bilər.
Uşağa
verilən tapşırıq
onun yaşına, bilik səviyyəsinə,
səhhətinə, marağına və fərdi xüsusiyyətlərinə
uyğun olmalıdır.
Biz belə hesab
edirik ki, uşağın ciddi və məsuliyyətli
olması üçün onun etdiyi neqativ hərəkətlərə
lüzumsuz olaraq daim "niyə", "nə
üçün" sualı ilə müraciət
olunmamalıdır. Çünki uşaq tərəfindən
"niyə" sözü konkret olaraq təkrarçılıq
və vərdiş yaradan bir cəhət kimi qiymətləndirilir.
Eləcə də "niyə", "nə
üçün" suallarını birbaşa deyərkən
onda bu suallara qarşı maraq yaranır və tutduğu
neqativ işi yerinə yetirməyə çalışır.
Valideynlərə
tövsiyələr
* Uşaqların dünyasına girin, onları dinləyin,
hisslərini öyrənməyə çalışın. Onların zehni qabiliyyətləri, maraqları və
ruh dünyaları yeniyetmələrdən fərqlidir. Ona görə də "bu mövzuda sən nə
fikirləşirsən" kimi suallar verib
duyğularını öyrənməyə
çalışın.
* Mülayim xasiyyətli
və qərarlı olun. Mülayim xasiyyətli olmağınız
uşaqların özlərini
daha yaxşı başa düşməsinə,
sərhədlərini bilməsinə
kömək edəcəkdir.
* "Nə üçün" sualını
yox, "nə" və "necə" suallarını soruşun. "Bunu nə
üçün elədin,
"Niyə əsəbisən"
və bu kimi suallar uşaqları
qorxuda və əsəbi edə bilər. Onun yerinə "Nə
oldu", "Necə
oldu" kimi sualları soraraq onların duyğularını
və düşüncələrini
öyrənib bu problemlərin həlli yollarını taparaq fikir dünyasını inkişaf etdirməyə kömək edin.
* Uşaqlarınıza qulaq asın. Müdaxilə etmədən onların
nə hiss etdiklərini
bilin, uşaqlarınıza
bəzi hisslərə
sahib olmağın normal olduğunu
bildirin. Uşaqlarınızın sözlərinin arasında
onların duyğularına
da diqqət edin.
* Ailə olaraq müəyyən qanunlara
sahib olun. Bu halda
uşaqlarınız təəccüblənməyəcək,
hər şeyi normal qarşılayacaq. Müəyyən
zamanlarda müxtəlif
qanunlar qəbul edirsiniz, əgər məntiqə uyğundursa,
uşaqlarınıza deyin
ki, onlar sizi qərarsız bilməsinlər. Məsələn, yarım saat əvvəl "pəncərəni
ört" dediniz, amma indi "aç" deyirsinizsə,
bunun məntiqli səbəbini söyləyin.
* Hər uşağın
ayrı bir dünyası var. Fərqli
bacarığı, fərqli
ağlı və fərqli mənəvi dünyası vardır. Buna görə də
onları başqalarıyla
müqayisə etməyin.
Bu, uşaqlara pis təsir edir.
* Problemli davranışların
qaynağı bilinirsə,
o problemi həll etmək daha asan olur. Səhv həlli
yolları o problemi daha da böyüdəcək
və başqa problemlərin mənbəyi
olacaq.
* Səhvlərini üzlərinə
vurmaqdansa, onlara yaxın olun.
* Qarşılıqsız sevin, sevginizi hərəkətlərinizlə göstərin və dilinizlə də söyləyin.
* Evinizdəki problemlərin
həllində uşaqlarınızı
da dinləyin.
* Uşaqlarınızın xüsusi olduğunu bildirin.
* Lazım olanda
"xeyr" deməyi
də öyrənin.
Hüseyn
XƏLİLOV,
Qafqaz Universitetinin psixoloqu
Azərbaycan
müəllimi.- 2013.- 6 dekabr.- S.5.