"Prezidentlə görüşmək hər adama nəsib olmur"

 

Bakı Dövlət Universitetinin professoru,

Prezident  təqaüdçüsü, əməkdar müəllim

Şirməmməd  Hüseynovla söhbət

 

* 65 ildir dövlət rəhbərlərinin, rəsmi adamların çıxışlarını eşidirəm. Əksəriyyəti şparqalkadan oxuyanlar olub. Qarşımızda yalnız Prezident şparqalkasız danışdı, qəlbində olanları, düşündüklərini söylədi. Buradakı jurnalistlərə, sözün həqiqi mənasında, Prezident dərs keçdi.

* Kommunist, sosialist məktəbini keçən adamlardan indiki informasiya cəmiyyətinin müəllimi səviyyəsini tələb etmək baş tutan şey deyil.

* Dünyada ən dəhşətli şey yeməyə aludə olmaqdır. Çox yemək insanın başına fəlakətlər gətirir. İnsanın ömrünü qısaldır.

* Mənim bu saat ən üstündə əsdiyim şey varsa , o da vaxtımdır.

* Hazırlıqsız  auditoriyaya girmərəm.

* Müəllim özü  nümunə  olmaqla tələbəsini tərbiyələndirə  bilər.

 

- Şirməmməd  müəllim, çox sağ olun ki, dəvətimizi qəbul edib redaksiyamıza gəldiniz.

- Mən vaxtilə "Azərbaycan müəllimi" qəzetində şobə müdiri, həm də jurnalistika  şöbəsində tələbəsi  olduğum  universitetin  "Lenin  tərbiyəsi  uğrunda"  qəzetində  redaktor  müavini işləmişəm. Baxın, redaksiyanızdan mənə verilən vəsiqəni hələ də saxlayıram.

- İnşallah, 2014-cü ildə qəzetimizin 80, sizin də 90 illik yubileyinizdir. Ötən illəri necə xatırlayırsınız?

- Mən 1924-cü il dekabrın 17-də Şəkidə anadan olmuşam. Üç yaşım hələ tamam olmamış atam dünyasını dəyişib. Üç qardaş, üç bacı anamızın himayəsində böyümüşük.

- Orta məktəbdə necə oxumusunuz?

- Məktəbdə  fərqlənən   şagirdlərdən  sayılırdım. Keçirilən respublika  olimpiadalarında həmişə  müvəffəqiyyət   qazanardım. Məktəbimizin, müəllimlərimin   başını  uca  edərdim.

1940-cı  ilin yayında on  beş  müttəfiq  respublikadan olimpiadalarda  yer  tutmuş  əlaçı  şagirdləri seçib  Soçiyə dincəlməyə göndərmişdilər. Olimpiadada  fəxri  yer  tutduğuma  görə respublikamızdan  Soçiyə  göndərilmiş  beş  nəfər azərbaycanlı  şagirdin  biri  mən   idim. O günlərin yadigarı olan şəkli bu gün    dəyərli xatirə  kimi  qoruyub  saxlayıram.

- Şirməmməd müəllim, təhsillə bağlı demək olar ki, əksər təhsil ocağında birinci buraxılış olmusunuz. Bunlar alın yazısıdı, yoxsa...?

- Hər yerdə  birinci  buraxılış məzunu  olmağımı özüm  hətta   bilərəkdən istəsəydim  belə,  birinci  olmaq  tarixlərini   bu  cür  ardıcıllıqla   düzə  bilməzdim.

- Birinci buraxılışı olduğunuz  təhsil ocaqları?

- Şəki  şəhəri,  Mirzə  Fətəli Axundov  adına  2  nömrəli orta  məktəbi  on  altı  yaşımda  əla  qiymətlərlə  başa  vurmuşam. Məktəbin  birinci  buraxılış  məzunlarındanam.

1941-1943-cü illərdə Şəki ikiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində oxudum. Bu  məktəbin    birinci buraxılış məzunlarından oldum.

1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin nəzdindəki jurnalistika şöbəsində təhsil aldım, universiteti fərqlənmə diplomu ilə bitirdim. Yenə də birinci buraxılış.

M.V.Lomonosov  adına Moskva  Dövlət  Universitetinin  jurnalistika  fakültəsi  1952-ci  ildə  yaradılıb. 25 iyun 1954-cü  ildə  həmin  fakültənin  Elmi Şurasında namizədlik  dissertasiyasını birinci  müdafiə  edən  mənəm. 

- Şirməmməd müəllim, sizi Rəsulzadə irsinin ən böyük və ilk  tədqiqatçısı kimi tanıyırıq. Bu günlərdə cənab Prezidentimiz Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sərəncam imzaladı. Daha sonra cənab Prezidentlə görüşdə siz də iştirak etdiniz. O görüş barədəki təəssüratlarınız?

- Orada etdiyim çıxışda mən öz fikrimi demişəm. Yəni ölkənin Prezidenti ilə görüşmək hər adama nəsib olmur. Prezidentin dediyi fikirlər həm də elə mənim fikirlərimdi. Yəni o, bu mövzuda hər şeyi dedi. Əlavə eləməyə bir kəlmə yoxdu. Özü də biz jurnalistlərin yazdığı  qanun xarakteri, göstəriş xarakteri daşımır. Amma Prezidentin dediyi rəhbər göstərişidir, o icra olunmalıdır. Çox yüksək qiymətləndirdim.  65 ildir dövlət rəhbərlərinin, rəsmi adamların çıxışlarını eşidirəm. Əksəriyyəti şparqalkadan oxuyanlar olub. Qarşımızda yalnız Prezident şparqalkasız danışdı, qəlbində olanları, düşündüklərini söylədi. Buradakı jurnalistlərə, sözün həqiqi mənasında, Prezident dərs keçdi. Mən  o görüşdə çıxış edəndə öz fikirlərimi Prezidentə dedim. "Biz camaat tərəqqisindən yazanlarıq. Bu işləri, Vətənin abadlığı işlərini kim həyata keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Millət salamatlığını kim təmin edir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Camaat tərəqqisini kim həyata keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Müstəqilliyimizin qarantı kimdir? Siz! Ona görə əgər Siz bu işləri görməsəniz biz jurnalistlər nə yazarıq? Bizim vəzifəmiz nə olar? Ona görə də Sizə "Jurnalistlərin dostu" adını vermək qanunidir, təbiidir, seçim düzdür. Sizi təbrik edirik".

Həmçinin, Prezident İlham Əliyevə Rəsulzadə ilə bağlı sərəncama görə də təşəkkürümü  bildirdim: "Təşəkkürüm var Sizə. Mənim səksən doqquz yaşım var, gələn il 90 olacaqdır. Arzu edirəm mənim qədər yaşayasınız. Mən ömrümün böyük bir hissəsini Cümhuriyyət tarixini öyrənmək işinə sərf etmişəm. Çünki 110 il müstəmləkəçilik rejimindən sonra 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi. Bu işin təşkilatçıları var idi. Srağagün Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sərəncam vermisiniz. Mən Məhəmməd Əmin Rəsulzadənin bütün irsini öyrənən, çap edən adamam. Dörd cildini buraxmışam. Beşincini hazırlayıram. Təxminən 15 min səhifə. Mən ərəb əlifbası ilə yazılmış 30-40 qəzetin səhifələrini axtarmışam, bunları toplamışam. Ürəyimdə deyirdim ki, bunları mən yazmışam və heç yana da müraciət edən deyiləm. Srağagün sərəncamınızı oxuyanda dedim ki, görəsən Prezident haradan bilirdi ki, mənim ürəyimdən bu keçirdi? Yazmırdım, demirdim. Amma qəzetdə yazılmışdı ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Məhəmməd Əminlə mənim aramda cəmisi 40 yaş fərqi vardır".

Türk-islam aləmində ilk demokratik respublikanı Azərbaycan türkləri yaradıb. Bundan böyük nə ola bilər? Prezident dedi ki, bizim müstəqillik bayramlarımızın içərisində ən böyük bayramımız 28 maydır.

Tarix həmişə hər millətə müstəqillik yaratmaq şansını vermir. Bizə ikinci şans da  verildi. Kim gəldi o ikinci şansda? Cənab Heydər Əliyev. Kim birinci şansı həyata keçirməyə müvəffəq olmuşdu - Məhəmməd Əmin Rəsulzadə. Bu şəxsiyyətlər özləri deməyiblər ki, mən dahiyəm, mən öndərəm, mən rəhbərəm. Xeyr! Xalq deyib. Türklər o millətdirlər ki, tarixdə 128 müstəqil dövlət yaradıblar. O dövlətin altısını Azərbaycan Türkləri yaradıblar. Azərbaycan Xalq Cümhuriyyəti tarixdə 114-cü Türk dövlətidir. Bunu türk tarixçiləri yazırlar.

- Şirməmməd müəllim,  illər sizə yorğunluq gətiribmi?

- Hələ  yorulmamışam. İndi    imkan  düşdükcə  arxivləri   araşdırıb yeni  mənbələr  tapır, əski  əlifbadan  yeni  əlifbaya  köçürür, kompüterdən  çıxartdırır, nüsxələdirəm... Sonra  aparıram  şərqşünaslıq  fakültəsinə, göstərirəm  ərəbşünaslara, farslara. Onlar da öz qeydlərini  edirlər. Sovet dövründən üzü  bəri öz halal maaşımdan, təqaüdümdən etdiyim qənaət  hesabına  demək  olar  ki,  ildə  bir  kitabım  işıq  üzü  görür.

- Şirməmməd  müəllim, tələbələriniz hər zaman sizdən ağızdolusu danışırlar.

- Bu, sizin  fikrinizdir. Ancaq  bildiyim  odur  ki, dərsimə  gecikən  deyiləm - bu  bir. Hazırlıqsız  auditoriyaya girmərəm - bu  da  iki. Hətta  bütöv  auditoriyaya  deyil, ikicə  nəfərə  belə  dərsim  olsa, yenə  də irəlicədən  dərsə  hazırlaşıram. Bilirsiniz, müəllim özü  nümunə  olmaqla tələbəsini tərbiyələndirə  bilər.

- Şirməmməd müəllim, neçə  övladınız var?

- İki  qızım  var. Fərəh və  Lalə. Böyük  qızım  Fərəh  Əliyeva  həyat  yoldaşının soyadını daşıyır. Sənətşünaslıq  doktoru,  Bakı  Musiqi Akademiyasının  professorudur. Mədəniyyət    Turizm  Nazirliyində  incəsənət şöbəsinin  müdiridi.  O  biri  qızım  Lalə  Hüseynova  (bu  qızım  mənim  soyadımı  daşıyır) da   sənətşünaslıq namizədidi, dosentdi.  Bəstəkarlar İttifaqının məcul  katibi işləməklə  bərabər,   həm  konservatoriyada, həm də  Heydər Əliyev adına məktəbdə    mədəniyyət tarixindən dərs  deyir.

- Maraqlıdır, qızlarınızın heç biri jurnalistikaya meyl etməyib?

- Dörd-beş  yaşları  olanda  apardım  qızlarımı bəstəkar  Süleyman  Ələsgərovun  yanına, musiqi  qavrama  qabiliyyətlərini yoxlatdırdım. Rəhmətlik  Süleyman Ələsgərov hər iki  qızımın musiqi duyumundan razı  qaldı. Birincisi,  onları   musiqi  sahəsinə  ona  görə qoydum  ki, gördüm konservatoriyada Azərbaycan musiqişünaslığı ilə məşğul olanlar cuhudlardı...  ermənilərdi,  bir də  ruslaşmış    azərbaycanlılardı... nə dilimizi   bilirlər,    də musiqi mədəniyyətimizi. İkincisi, o sahədə    oğurluq  var, nə də rüşvətxorluq. Çalıb oxumaq üçün,  oynamaq  üçün yox, musiqişünaslıq  elmi ilə, musiqi tariximizlə məşğul olmaq üçün  qızlarımı musiqi sahəsinə yönəltdim... Qızlarımın ikisi də Bülbül    adına musiqi məktəbini bitirib.

- Həyat   yoldaşınız necə?

- Həyat  yoldaşım  Ülkər Hüseynova "Elm və həyat"   jurnalında redaktorun müavinidir.  Bizim dördümüzün -  mənim,  yoldaşımın və iki övladımızın  son  on  ildə 25 kitabımız çıxıb. Yeri gəlmişkən,   Lütfi Zadə haqqında  Azərbaycan dilində ilk kitabın müəllifi   Ülkər xanımdı. 132 nömrəli   məktəbin tarixinə həsr edilmiş kitabı da Ülkər xanım hazırlayıb...

-  Nəvələriniz də elm yolunu seçiblər?

- Mənim dörd nəvəm var: iki oğlan, iki  qız. Dördü də ali  təhsil alıb, dördü də  magistratura bitirib. Ən  kiçik  nəvəmin 24 yaşı  var:  Nilufər Rəhimova.  Oğlanlar Fərəhin uşaqlarıdı,   qızlar  Lalənin. 

- Şirməmməd müəllim, diplom işi, imtahan, yoxsa kredit? Bəzi ali məktəblərdə saxta diplom işləri, saxta buraxılış işləri olur...

- Bilirsiniz, bu saat ali məktəblərimizin hansını götürsək orada həm diplom işi var, həm dövlət imtahanı var. Çünki jurnalistin qabiliyyəti onun yazısı ilə ortaya çıxmalıdır. Mən Təfəkkür Universitetində o vaxt kafedra müdiri olanda məsələ qaldırmışdılar ki, ya tələbə dövlət imtahanı verməlidi, ya da diplom işi müdafiə eləməlidir. Mən ali məktəb qanunvericiliyindən  bunlara istiqamət verdim ki, tələbə həm diplom işini, həm də dövlət imtahanlarını verməlidir. Mənim özümün diplom işim sonra oldu  dissertasiyam. Yəni diplom işi elmi iş üçün, tədqiqat işi üçün əsasdır, vacibdir. Əgər tələbə istedadlıdırsa, savadlıdırsa, elmi tədqiqat işinə meyillidirsə, ona diplom işi verilir. Dünyada da  belədir. Tələbə ilə işləmək lazımdır, tələbəyə yazmağı, tədqiqatı, hadisələrə münasibəti öyrətmək lazımdır.

- Əsl jurnalist kimlərə demək olar?

- Jurnalist günün tarixini yazana deyirlər. Tarixçi isə illərin, onilliklərin tarixini yazır.

- Təhsilimizin bugünkü vəziyyəti ilə bağlı nə fikirdəsiniz?

- Bizim təhsilin ən böyük nöqsanı odur ki, biz tələbəyə informasiya veririk, düşünmək vərdişi vermirik. Biz deyirik oxumaq, oxumaq, yenə də oxumaq. Amma Amerikada deyirlər, düşünmək, düşünmək, yenə də düşünmək.

- Bu yaxınlarda cənab Prezident təhsilin inkişafı ilə bağlı bir strategiya da qəbul elədi. Təhsil sistemilə bağlı yeni addımlar atılır. Siz bu təhsilin, elmin, jurnalistikanın zirvəsində duran adamlardan birisiniz. Münasibətinizi bilmək maraqlı olar.

- Biz baxırıq demokratik ölkələrə. Müxtəlif sistemlər var. Bolonya sistemi, Amerika sistemi, Yaponiya sistemi. Yaponlar ali məktəbdə jurnalist hazırlamırlar. Onların ali məktəblərində jurnalistika fakültəsi yoxdur. Onlar jurnalist hazırlayırlar ali təhsili olan, müxtəlif ixtisaslara yiyələnmiş mütəxəssislərdən. Bizdə jurnalistika nədir? Humanitar elm sahəsi. Amma dünyada ən aparıcı jurnalistika elmi-texniki jurnalistikadır. Hərbi jurnalistika var, ixtisaslaşmış jurnalistika var, beynəlxalq jurnalistika var.  Amerikada bəs nə təhər jurnalist hazırlayırlar? Universitetin bütün fakültələrində 4-cü kursu qurtarmış, hüquqşünas, fizik, riyaziyyatçı, bioloq istedadı, bacarığı varsa jurnalistika ixtisasına qabiliyyət imtahanı verir. Tələbə bir redaksiyadan zəmanət məktubu  da gətirir ki, onu jurnalistika fakültəsinin 1-ci kursuna qəbul etsinlər. İl yarım oxudurlar. Olur bioloq-jurnalist, hüquqşünas-jurnalist, fizik-jurnalist və s.

Əvvəlcə öyrənmək lazımdır. Bizim müəllim kadrlarımızın böyük bir qismi sovet məktəbini keçən müəllimlərdir. Kommunist, sosialist məktəbini keçən adamlardan indiki informasiya cəmiyyətinin müəllimi səviyyəsini tələb etmək baş tutan şey deyil. Çingiz Aytmatov bizim dostumuz idi, mənim də, Bəxtiyar Vahabzadənin də. Mən bir dəfə ona bu barədə sual verdim. Dedi bizim Avropaya, inkişaf etmiş ölkələr səviyyəsinə çatmağımız üçün ən azı 5-6 nəsil dəyişməlidir.

- Şirməmməd müəllim, aldığınız əməkhaqqı sizi qane edibmi? Öz istədiyiniz kimi yaşaya bilmisinizmi?

- Mənim gündəlik xərcim 6-7 manatdan artıq tutmur. İçən deyiləm, həddən artıq yeyən deyiləm. Papiros çəkən deyiləm. Səhər 9-da herkules sıyığı yeyirəm, saat 11-də də yağ, kəsmik, bir loxma da çörək, gündə üç stəkan adi su içirəm. Saat 3-4 arası nahar edirəm. Axşam da yüngül nəsə yeyirəm. Mənim həyat tərzim ailəmin də həyat tərzidir. Yoldaşımın  80 yaşı var. O da sağlamdır. Qızlarım da sağlamdılar. Evin böyüyü nəyi nümunə kimi göstərirsə, hamı o yolla gedir. Mən 7-dən sonra heç bir nemətə əlimi uzatmaram. Buna iradə lazımdır. İnsanın iradəsi, hərəkətlərini ölçüb biçməsi, özünü idarə etməsi vacib bir şeydir. Mənim xərclədiyim pul  elmi işimə daha çox sərf edilir. Bu il iki kitab buraxdırmışam. Biri Məhəmməd Əminin 4-cü cildidi, ikincisi də M.Ə.Rəsulzadənin "Bakı və Azərbaycan tarixinə dair əsərlər" (1918-1919-cu illər) kitabıdır.

Uzun illər işləyib 2-3 yerdən maaş almışam. Universitetdə həm dekan idim, həm kafedra müdiri, həm də partiya tarixi institutunda yarımştat işləyirdim. Leninin əsərlərinin 23, 24, 25, 26, 27, 28-ci cildlərinin redaktoru olmuşam. Hər ay oradan maaş alırdım. Televiziyada etdiyim çıxışlara görə universitetdən aldığım maaşdan çox oradan qonorar alırdım. Həftədə iki dəfə çıxış edirdim, ayda 1000-1200 manat qonorar alırdım. İndiki dövrdə Bakı Dövlət Universitetində işləyirəm. 2005-ci ildən ayda 1000 manat Prezident təqaüdü alıram. Heç vaxt zəhmətdən qorxmamışam.

- Gələn il qəzetimizin 80 yaşını qeyd edəcəyik. Sizi də qəzetimizin yubiley tədbirində görmək istərdik.

- Mən "Azərbaycan müəllimi"ndə  1948-50-ci illərdə işləmişəm. O dövrdə sizin qəzetdə işləyənlərdən bir adam qalıb? Deməli, əgər qalmayıbsa,  qəzetinizin  80 illik yubileyinə qalan bir adam lazımdı ya yox? Təkcə qəzetin komplekti qalmır ki, adamlar da - canlı komplekt də lazımdır. Sizə bir tövsiyəm var: Qocalar ömürlərini yaşayıblar, işlərini görüblər, qocalara hörmət yaxşı şeydir. Amma  gərək cavanları işləməyə həvəsləndirəsən, mükafatlar verəsən.  Ən böyük hünər, cavanları işə cəlb edə bilməkdir. Qəzetinizə kim əla yazı yazırsa, ona mükafat vermək, həvəsləndirmək lazımdır.

- İctimai nəqliyyatdan istifadə edirsiniz?

- Universitetə avtobusla yox, taksiynən gəlib-gedirəm. Niyə? Çünki mən avtobusla getsəm, 1 saat ordan bura gəlmək, bir saat da qayıtmaq. Mən ömrümün iki saatını indi yola sərf eliyə bilmərəm. Yola sərf eləməyə bir saat bəsdir. O biri bir saatımı da işləyərəm. Ona görə də bu saat ən üstündə əsdiyim şey varsa, o da mənim vaxtımdır. Ən çox istədiyim odur ki, Məhəmməd Əminin 5-ci cildini çapdan çıxarda bilim.  Yəni, o qədər ömür qalmayıb ki, onu hədər yerə sərf edim.

- Haqqınızda yazılan məqalələrdən yadınızda daha çox hansı qalıb?

- 3 yanvar 1992-ci ildə sizin qəzetdə məqalə çıxıb mənim haqqımda. "Ali məktəb müəllimlərimiz" rubrikasından "Cədvələ düşməyən dərs".

Mən həftədə bir dəfə cədvələ düşməyən dərs keçirdim, yığışırdıq, deyirdim kimin nə sualı varsa, bizim sənətimizlə əlaqədar, beynəlxalq vəziyyətlə əlaqədar - mənə desin. Bildiyimi cavab verəcəm. Bilmədiyimi də öyrənib deyəcəyəm. O sual-cavab dərsiydi. Təkcə fakültənin yox ey, bir də görürsən başqa fakültələrin tələbələri də gəlirdilər ki, Şirməmməd müəllimin "açıq dərs"i var - Cədvəldə olmayan dərs. Çünki elə şeylər var ki, onları proqramla tələbəyə demək olmaz. Gərək auditoriyada proqrama uyğun dərs keçəsən. Amma həftədə bir dəfə "açıq dərs"də proqram yoxdur. Təkcə proqramnan sinfə girmək hələ işin hamısı demək deyil.

- Uzunömürlülüyün bir açarı varmı?

- Bir hədis var: Deyir ki, insanların xeyirlisi uzun ömürlü və əməlisaleh adamlardır. Tələbə vaxtı dörd il Moskvada yaşadım, mənə bir qram belə araq içirə bilmədilər. Nəfsinə hakim olasan gərək. Bu günə qədər bir udum belə siqaret çəkməmişəm. Əvvəla ömrü verən yaradandı. Amma Allah adama ağıl da, baş da verir də. Yəni insan yaşayış tərzini  özü seçir. Ana babam 97 yaşında vəfat edib. Bizim nəslimiz çox yaşayandı, uzunömürlüdü. İnsanı yaşadan zəhmətdir, əməkdir, həm də fiziki əməkdi. Yəni hər bir canlı özü üçün yaşayış vəsaiti əldə etmək  qabiliyyətinə malik olmalıdır. Müstəqil yaşaya bilmək vərdişi adamı zəhmətə alışdırır.

Dünyada ən dəhşətli şey yeməyə aludə olmaqdır. İnsanın ömrünü qısaldır. Çox yemək insanın başına fəlakətlər gətirir.

Bu gün gözüm yaxşı görür, qulağım yaxşı eşidir, beynim yaxşı işləyir, yaddaşım da yerindədir. Yarım saatdan artıq televizorun qarşısında oturmaram. Gözümü qoruyuram. Səsinə qulaq asıram. Hər gün  ən azı 4000-5000 addım atıram. Axşam saat 11-dən o tərəfə oyaq qaldığım  vaxt yadıma gəlmir. Səhər 7-də dururam. Kompüterlə məşğul olmuram. Heç mobil telefonu da yaxınlığıma qoymuram. Arxivə gedəndə yarım saat işləyirəm, 15 dəqiqə durub gəzirəm, dincəlirəm. Hər bir insan özü özünə rejim yaratmalıdır. Hər şeyin öz vaxtı olmalıdır. Gərək hərə öz həkimi ola. Hər gün qan təzyiqimi ölçürəm, nizama salıram. Xalq təbabətindən də istifadə edirəm. Mən heç vaxt maşın da sürməmişəm.

- Şirməmməd müəllim, bu gün Azərbaycanda demək olar ki, əksər jurnalistlər, qəzet nümayəndələri sizinlə görüşmək istəyirlər. Çox sağ olun ki, bizə böyük bir diqqət ayırdınız. Siz bizim dəvətimizi qəbul etdiniz, Bu elə bizim redaksiyamıza, bütövlükdə təhsil sisteminə olan hörmətinizdir.

 

Ellada UMUDLU,

"Azərbaycan müəllimi"

  

Azərbaycan müəllimi.- 2013.- 6 dekabr.- S.3.