İlk peşə-ixtisas təhsilinin inkişaf

perspektivlərinə həsr olunmuş brifinq

 

Dekabrın 9-da 18 nömrəli Bakı Peşə Liseyində Azərbaycanda ilk peşə-ixtisas təhsilinin inkişaf perspektivlərinə həsr olunmuş brifinq keçirilib. Brifinqdə Təhsil Nazirliyinin QHT və KİV-lə sektorunun müdiri Cəsarət Valehov, nazirliyin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov və 18 nömrəli Bakı Peşə Liseyinin direktor müavini Rəsmiyyə Allahverdiyeva iştirak ediblər.

 

İlk öncə mətbuat nümayəndələri Təhsil Nazirliyinin yerlixarici şirkətlərlə əməkdaşlığına uyğun olaraq, Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində yaradılmış "BOSCH" Resurs Mərkəzi və "Bərbər" ixtisası üzrə müasir tələblərə cavab verən tədris emalatxanası ilə yaxından tanış olublar. Media təmsilçilərinə ilk peşə-ixtisas təhsili sahəsində həyata keçirilən islahatların əsas məqsədləri barədə məlumat verilib.

Brifinqi giriş sözü ilə açan Təhsil Nazirliyinin QHT və KİV-lə sektorunun müdiri Cəsarət Valehov kütləvi informasiya vasitələri ilə əlaqələrin səmərəliliyinin artırılması üçün belə tədbirlərin vaxtaşırı keçiriləcəyini bildirib. C.Valehov Təhsil Nazirliyi tərəfindən Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində görülmüş işlər və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda ilk peşə-ixtisas təhsilinin inkişafına dair nəzərdə tutulmuş tədbirlər haqqında ətraflı məlumat verib.

Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, müasir peşə mərkəzlərinin yaradılması və şəbəkənin optimallaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçiriləcəkdir. Xariciyerli şirkətlərin iştirakı ilə nəinki Bakıda, hətta regionlarda yeni müasir tipli peşə təhsili komplekslərinin yaradılması işinin davam etdiriləcəyini söyləyən şöbə müdiri ehtiyac duyulan bütün istiqamətlər üzrə ixtisaslı mütəxəssislərin hazırlanacağını nəzərə çatdırıb.

N0.Məmmədov bildirib ki, ilk peşə-ixtisas təhsili müəssisələrində məzmunun təkmilləşdirilməsi ilə yanaşı, kadr potensialının gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Şöbə müdiri, həmçinin peşə məktəbləri məzunlarının işlə təminatı, əmək qanunvericiliyinə müvafiq düzəlişlərin həyata keçirilməsi ilə əlaqədar təkliflərin hazırlanması, işəgötürənlərlə əməkdaşlıq, formal peşə təhsili, peşə təhsili üzrə dünya təcrübəsi, peşə təhsilinin nüfuzunun yüksəldilməsi və digər vacib məqamlardan söhbət açıb.

Sonra media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

 

Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.4.