Əbədiyaşar
liderə böyük ehtiramla
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının
10 ili tamam oldu
Dekabrın 12-də Bakı Dövlət
Universitetində ulu öndər Heydər Əliyevin anım
günü münasibətilə tədbir keçirilib. Tədbirdə
universitetin professor-müəllim heyəti, tələbələri
iştirak edib. Tədbiri giriş sözü ilə
universitetin rektoru, akademik Abel Məhərrəmov açaraq
ümummilli lider Heydər Əliyevin müdrik siyasətə,
dönməz əqidəyə və tarixi uzaqgörənliyə
malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin
qurulması istiqamətində atdığı addımlardan bəhs
edib. Rektor ulu öndərin elm, təhsil, mədəniyyət
sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz
xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən
genişmiqyaslı quruculuq proqramlarından danışıb.
"Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq
o zaman daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla
davam etdirilir" fikrini hər dəfə səsləndirdiyini
xatırladan rektor, bu baxımdan Azərbaycan xalqının həqiqətən
də xoşbəxt olduğunu qeyd edib: "Ulu öndərin
siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilir, milli təhsilin inkişafı məsələsi
öz məzmununu dəyişərək həm də Azərbaycanın
gələcək inkişaf modelinin əsasını
formalaşdıran başlıca amil kimi gündəmə gətirilir,
insan kapitalının formalaşmasına xidmət edən
ümumtəhsil hərəkatı yeni vüsət
alır".
Sonra universitetin kafedra müdirləri, professorlar
-Ziyafət Əsgərov, Məzahir Pənahov və Cahangir Məmmədli
çıxış ediblər.
Tədbirin sonunda universitetin Həmkarlar
İttifaqı Komitəsinin sədri Fikrət Şiriyevin
ssenarisi əsasında ümummilli lider Heydər Əliyevin 90
illik yubileyinə həsr olunmuş ədəbi-bədii
kompozisiya nümayiş etdirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.-
2013.- 13 dekabr.- S.5.