Ən yaxşı müəllimin "açıq dərs"i

 

Milli Konservatoriyanın  tərkibində  İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi Leyla Əsgərovanın "Uşaq Hüquqları Konvensiyası nə deməkdir" mövzusuna həsr olunan "açıq dərs"ində ilk diqqətimizi cəlb edən  plakatdakı sözlər  oldu: "Uşaqlar bizim gələcəyimiz və sabahımızdır, gəlin uşaqları qoruyaq, uşaq zorakılığına "yox" deyək, onların hüquqlarının tapdanmasına yol verməyək". İlk öncə uşaqların məktəbdən yayınması, valideyn himayəsindən məhrum olan küçə uşaqlarının zorakılığa məruz qalması, xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatından görüntülər slaydlarla nümayiş olundu.

Sonra L.Əsgərova Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, BMT 1989-cu ildə "Uşaq hüquqları haqqında" konvensiyanı qəbul edib. Hazırda 190 dövlət həmin konvensiyaya qoşulub. Bu uşaq hüquqlarının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tanınması və qorunması deməkdir. Həmin sənəd uşaq hüquqlarının müdafiəsi, onların sağlamlığı, qida ilə təminatında dövlətlərin bir-birinə qarşılıqlı yardım göstərməsinə imkan verir. Eyni zamanda, konvensiyaya  uşaqların münaqişələrdə iştirakına imkan verməmək, onların hüquqlarını müdafiə etmək barədə maddə daxil edilib. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində deyilir:  "Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi  prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq təlim-tərbiyə müəssisələrində aparılır". 

Leyla Əsgərova daha sonra  Heydər Əliyev Fondunun  prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan söz açdı. Slaydlarda Mehriban xanım Əliyevanın gördüyü işlərdən konkret rəqəmlərlə bəhs olundu.

Dərsdə əqli hücum, müqayisə, diskussiya üsullarından istifadə olunaraq ilkin mərhələdə motivasiyanın yaradılmasına üstünlük verildi.  Leyla müəllim dərsdə iştirak edən şagirdləri  "Günəş", "Ulduz", "Göy qurşağı" qruplarına böldü və onlara "Öz hüquqlarınız haqqında nə bilirsiniz, "Uşaq hüquqları kim tərəfindən qorunur", "Uşaqlıq dövrü neçə yaşa qədər  müddəti əhatə edir"  test tapşırıqlarına və digər suallara cavab verməyi tapşırdı. Qruplar arasında yarış başlandı. "Günəş" qrupunun üzvləri test tapşırıqlarında "irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər kəs azaddır" dedilər, öz ana dilində danışmağı, milli adət-ənənələrimizi, milli dəyərlərimizi qoruyub saxlamağı üstün saydıqlarını bildirdilər. "Göy qurşağı" qrupunun uşaqları şəkillər əsasında danışdılar. Səhnəcik nümayiş etdirdilər. Kim səhv edir, valideyn, yoxsa uşaq? Dördüncülər  bu suallara cavab tapmağa  çalışdılar. "Ulduz" qrupu isə Azərbaycan filmlərində hüququ tapdanan uşaqların həyatını əks etdirən epizodlardan soz açdılar.

"Buratino" uşaq cizgi filmindən fraqmentlər nümayiş olundu və filmə aid suallar cavablandırıldı. Lövhədə uşaq hüquqlarının  pozulmasına aid müxtəlif fikirlər qeyd olundu.

Dərsin sonunda Leyla müəllim verilən tapşırıqların öhdəsindən bacarıqla gələn  dördüncülərin cavablarını meyar cədvəlinə əsasən qiymətləndirdi. Bilik yarışmasında  müəllim Nuray Quliyevanın, Cəlal Əliyevin və Seyid Hüseynlinin fərqləndiyini qeyd etdi.

Dərsi dinləyən məktəbin direktoru Mahizər Şabanbəyova Leyla Əsgərovanın keçdiyi  "açıq dərs"i  yüksək qiymətləndirərək müəllimin dərsin gedişində  BİBÖ, söz assosiasiyası, rollu oyunlardan, yeni təlim üsullarından məharətlə istifadə etdiyini qeyd etdi və "açıq dərs"dən razı qaldığını söylədi. Vurğulandı ki, uşaqlar sabahın savadlı kadrları, ölkəmizi düşməndən qoruyan əsgərləri, bayrağımızı xarici ölkələrdə dalğalandıran idmançıları, ən əsası sağlam gələcəyimizdir. Buna görə də onları qorumaq  və müdafiəsinə qoşulmaq hamımızın borcudur.

 

Sifai SƏFƏROVA,

"Azərbaycan müəllimi"

 

Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.6.