Distant təhsilin tarixi
Son zamanlar Azərbaycan təhsil məkanında təhsilin yeni formasının - distant təhsilin tətbiqi imkanının mətbuatın gündəmindən düşməyən mövzulardan birinə çevrilməsinə yəqin ki, hər biriniz diqqət yetirmisiniz. Lakin universitetə qəbula hazırlaşan abituriyentdən tutmuş ali təhsil müəssisəsində çalışan hər kəsi bir sual düşündürür - distant təhsil nədir və təhsilin bu forması Azərbaycan təhsil məkanına necə tətbiq olunacaq? Bu suala cavab tapmamışdan öncə hər birimizin dünya tarixində distant təhsilin yeri və inkişaf tarixi haqqında məlumatlı olmasında fayda var. Distant təhsillə bağlı İnternet üzərindən apardığımız araşdırmalar 3 istiqaməti əhatə edib: Dünya təhsil məkanında distant təhsil; Azərbaycanda distant təhsilin yaranması və inkişaf tarixi və Naxçıvan Muxtar Respublikasında distant təhsilin tətbiqi imkanları.
Dünya tarixində distant təhsil
Distant təhsil
kommunikasiyanın xüsusi bir növü olub iki subyekti birləşdirir-
tələbə və onu dəstəkləyən təhsil
müəssisəsini. Distant təhsil tarixən iki istiqamətdə
həyata keçirilib - məsafədən idarə olunmaqla
birtərəfli və ikitərəfli. Birtərəfli
təhsil öyrənənə təhsil verən tərəfindən
məsafəli şəkildə mövzu ilə bağlı
materialların çatdırılması yolu ilə həyata
keçirilib. İkitərəfli distant təhsil öyrədən
və öyrənənin məsafəli şəkildə
qarşılıqlı fikir mübadiləsi ilə həyata
keçirilən təhsil forması kimi qəbul edilib.
Distant təhsilin
araşdırıcıları bu təhsil formasının
ilkin rüşeymlərini pedaqogika elminin atası sayılan
Yan Amos Komenskinin 1633-1638-ci illərdə qələmə
aldığı "Böyük didaktika" əsərindəki
fikirlərində olduğunu qəbul edirlər. Bu əsərdə
təhsil verənlə təhsilalan arasındakı
qarşılıqlı mübadilə geniş şərh
olunsa da distant təhsil konsepsiyasının 1728-ci ildən
formalaşdığını qəbul edənlər də az
deyil. Demək olar ki, həmin
tarixdən bu günədək distant təhsil konsepsiyası
olduğu kimi qalsa da, dəyişən yalnız kommunikasiya
kanalları olub. Təxminən 300 il əvvəl
cənab Kaleb Filipsin distant təhsilin ilk təşkilatçısı
kimi "Boston" qəzetində şəhərətrafı
bölgələrdən tələbələrin sürətli
yazı və mühasibatlıq kursuna dəvət elanı
verməsi maraq doğurur. Onun tətbiq etdiyi metod vasitəsilə
tələbələrin məşğələ
mövzuları həftədə bir dəfə poçtla
yaşadıqları ünvana göndərilirdi. Distant təhsilin
ilk mərhələsində poçt xidmətindən istifadə
olunması onun təkamülü tarixində əvəzsiz rol
oynamışdır.
Tezliklə
bu üsulu öz fəaliyyətində tətbiq edən, Birləşmiş
Krallıqda yaşayıb fəaliyyət göstərən cənab
İsaak Pitman 1840-1890-cı illərdə arzu edənlərə
sürətli yazı metodikası dərslərini poçt
xidmətindən istifadə yolu ilə təmənnasız
göndərir və belə
hesab edirdi ki, cəmiyyətin inkişafı onun bütün təbəqələrinin
dini və siyasi görüşlərindən, cəmiyyətdə
tutduğu mövqedən asılı olmayaraq ali təhsilə
sərbəst çıxışındadır.
XIX əsrin 70-ci illərində
Amerikada da distant təhsilin ilk rüşeymləri
görünməyə başlayıb. Belə
ki, Anna Eliot Tiknor 1873-cü ildə qadınların poçt
xidməti yolu ilə təhsil almaları üçün
mexanizm hazırlayır və onu "Tiknor Cəmiyyəti"
adlandırır. 1874-cü ildə bu üsul İllinoys
ştatında fəaliyyət göstərən universitet tərəfindən
tələbələrə təklif edilir.
1892-ci
ildə Amerikada "Poçt xidməti vasitəsi ilə təhsil"in
atası hesab edilən Vilyam Reyni Harper Çikaqo Universitetində
ilk dəfə olaraq distant təhsil mərkəzi
açır. 1906-cı ildə bu təcrübəni
Amerikanın Viskonsin Universiteti (University of Wisconsin) də tətbiq
edir.
Bəs nə üçün
bütün insanlara açıq olan distant təhsil hamı
üçün təhsil vermək imkanı əldə edə
bilmirdi? Bu suala XIX əsrin 90 -cı illərində
ICS (International Correspondence Schools) kompaniyası
özünün keçirdiyi böyük sosial eksperimentdən
sonra cavab tapa bilir. 1888-ci ildə Amerikada fəaliyyətə
başlayan Distant Təhsil Mərkəzi amerikalı
şaxtaçı-immiqrantların karyera həvəsini
reallaşdırmaq məqsədi daşıyırdı.
Reklamına və onu satanlara milyon dollarlarla pul xərclənən
distant təhsil kurslarına 18 il ərzində
ICS vasitəsi ilə bir milyon tələbə qeydiyyata
alınır. Nəzərə alsaq ki, həmin
dövrdə ABŞ-da 75 milyon əhali yaşayırdı,
lakin nəticələr ürəkaçan deyildi.
Qeydiyyata alınan tələbələrin 83,4
faizi üçüncü kursun məzunu ola bilmir, məzunlar
isə cəmi 2,6 faiz təşkil edirdi. ICS-in menecerlərindən
biri öz kitabında bu haqda yazırdı: "Tələbələr
proqramın çətinliyindən, aşağı motivasiya
və praktik vərdişlərin olmamasından şikayətlənirdi".
Beləliklə, 100 il əvvəl aydın
idi ki, "distant təhsil yalnız yüksək
motivasiyalı və mədəniyyətli insanların ala biləcəyi
təhsil metodudur. Əgər motivasiya və
yüksək mədəniyyət yoxdursa, pulsuz təhsil
almağın da nəticəsi olmayacaqdır".
Qısa zaman kəsiyində distant təhsil
imkanları Avstraliyaya qədər gedib çıxır. 1911-ci ildə Kvidlend Universitetində distant təhsil
kursları fəaliyyətə başlayır. 1914-cü ildə məktəblərdən uzaqda
yaşayan uşaqlar üçün distant şəkildə
ibtidai təhsil kursları verilir. Məktəblilər
üçün nəzərdə tutulan bu proqram tezliklə
Kanada və Yeni Zelandiyada da tətbiq edilir.
1917- ci il inqilabından sonra Rusiyada
da distant təhsil forması yaranmağa başlayır. Sovet İttifaqında distant təhsilin yeni modeli
işlənib hazırlanır ki, bu da konsultativ təhsil və
ya qiyabi təhsil adlanır. Artıq XX əsrin
60-cı illərində SSRİ-də 11 qiyabi təhsil verən
universitet fəaliyyət göstərirdi. İkinci
Dünya müharibəsindən sonra bu metod Mərkəzi və
Şərqi Avropada da tətbiq olunmağa başlayır.
Radio və
televiziya vasitəsilə distant təhsil
XX əsrin əvvəllərində
radionun yaranması ilə distant təhsil də yeni forma və
məzmun alır. Tələbələr evdən
müəllimin mühazirələrini radio vasitəsilə
dinləməyə başlasalar da, sənədləşmə
işləri yenə də poçt vasitəsi ilə həyata
keçirilir. Radio vasitəsi ilə ilk
distant təhsil verən Pensilvaniya Universiteti 1922-ci ildən
öz yayımına başlayır. 1934-cü
ildən isə Ayova Universiteti dünyada ilk dəfə təhsil
kanalı açmaqla öz ətrafına geniş dinləyici
toplaya bilir. Qeyd edək ki, həmin radio
kanalı indi də fəaliyyətini davam etdirir.
1938-ci ildə Kanadada "Poçt xidməti
vasitəsi ilə təhsil" metoduna həsr olunmuş
birinci beynəlxalq qurultay (International Council for Correspondence
Education) keçirilir.
Qurultay qarşıya qoyulmuş məqsədlərə
nail olmaq üçün bir çox dövlətlər
qarşısında məsələ qaldırır. Fransa dövləti də təhsilin bu formasına
biganə yanaşmır. 1939-cu ildə
Fransada distant təhsil mərkəzi (Centre National dTEnseignement
a Distance, CNED) yaradılır. Hazırda bu
mərkəzin dünyanın 120 ölkəsində filialı
fəaliyyət göstərir. 2 mindən yuxarı təhsil
kursu, 500 min istifadəçisi, 6 mindən çox
professor-müəllim heyətini birləşdirən bu mərkəz
Avropanın prestijli təhsil mərkəzlərindən
sayılır. Bu mərkəz peyk
televiziyası, video və audio kasetlər, elektron poçt və
İnternet, eləcə də ənənəvi ədəbiyyatlarla
zəngin imkanlara malikdir. 1946-cı ildə
Cənubi Afrika Universiteti də distant təhsil həyata
keçirən universitetlər sırasına daxil olur.
XX əsrin 60-cı illərinin
ortalarında ABŞ-da yaradılan Eksperimental Kolleclər və
Universitetlər Birliyi (UECU) təhsilə yeni yanaşmalar və
metodlar hazırlayır. Bu birlik tezliklə
çoxlu sponsorlar tapmaqla tanınmış universitetləri
öz ətrafına toplaya bilir. Nəticədə
1970-ci ildə Divarsız Universitet konsepsiyası (University Without Walls- UWW) hazırlanır ki, orada əks
olunan müddəalar bugünkü günümüzdə də
öz aktuallığını qoruyub saxlayıb. Beləliklə, UWW konkret bir universitet deyil, peşəkar
təhsil proqramları hazırlayan bir mərkəz kimi fəaliyyət
göstərir. Lakin eksperimentlərin nəticələri
yenə də ürəkaçan olmur. 12
illik fəaliyyəti dövründə UWW-nin distant
proqramları nəticəsində cəmi 1000 bakalavr məzun
olur. Buna baxmayaraq, yaranan rəqabət nəticəsində
digər universitetlər 30 yaşdan yuxarı insanları da tələbə
kimi qəbul etməyə başlayır. Rəqabət
isə insanların təhsil almaq imkanlarını
artırır.
Distant təhsilin
inkişafında yeni era
XX əsrin 60-cı illərinin
sonlarında Böyük Britaniyada distant təhsilin
imkanları dövləti maraqlandırmağa başlayır və
bu layihənin reallaşması üçün konkret
addımlar atılır. Yeni tədris planları, tədris-metodiki
vəsaitlər və texnologiyalar hazırlanır. Açıq Universitet (Open University) layihəsini
kraliça təsis etsə də, onun icrasına nəzarət
baş nazir Harold Uilsona tapşırılır. Universitetin rektoru cəmiyyət palatasının spikeri
təyin edilir.
Açıq Universitet fəaliyyətinin ilk illərində
Böyük Britaniya vətəndaşı olan və oxumaq istəyən hər
kəsi tələbə kimi qəbul edir. Hətta
bakalavr proqramına orta məktəbi bitirmək haqqında rəsmi
sənədi olmayanlar da qəbul edilir. Dövlət
universiteti olduğuna görə bura müraciət edənlərin
sayı ilbəil artır. Dərslər
distant şəkildə təşkil edilir, sənədləşmə
işləri isə poçt vasitəsi ilə
aparılırdı. Baş nazir Harold Uilson dərslərin
televiziya və radio vasitəsi ilə ötürülməsini
nəzərə alıb universitetin "Efir universiteti"
adlandırılmasını təklif etsə də
"Açıq Universitet" adlandırılması onun
konturlarını daha geniş çəkməyə imkan
verir. Fəaliyyətinin ilk illərində
yalnız öz vətəndaşlarını qəbul edən
universitet sonrakı illərdə xarici vətəndaşların
qəbulunu da həyata keçirməyə başlayır.
Açıq Universitet bir çox ölkələrdə
təhsili qeyri-ənənəvi yolla həyata keçirən
layihələr reallaşdırmağa təkan verir. Tələbə əldə etmək uğrunda
aparılan mübarizə universitetlərin də bu sahədə
inkişafına səbəb olur. Əbəs
deyil ki, Harold Uilson sonralar yazırdı ki, Açıq
Universitetin yaradılması "siyasi akt" idi. Hazırda bu universitet distant təhsil həyata
keçirən universitetlər arasında liderliyini davam
etdirir. Hər il bu universitetin qəbul planı 200 min tələbəni
keçir.
Hazırda Avropada tanınmış distant
təhsil mərkəzlərindən sayılan İspaniya Milli
Distant Təhsil Universiteti də (UNED) ölkə daxilində
60, ölkə xaricində 9 filialı birləşdirir.
1979-cu ildə Çində ilk dəfə
olaraq distant təhsil verən Milli Televiziya və Radio Şəbəkəsi
yaradılır. Bu hadisə distant təhsilin dünyanın
bütün qitələrində fərqli dövlətlərin
fərqli yanaşması kimi qəbul edilsə də, məqsəd
bir idi- açıq təhsil imkanlarını genişləndirmək
və bunu əhalinin bütün təbəqələri
üçün əlçatan etmək. Beləliklə,
XX əsrin ortalarında distant təhsilin imkanları televiziya,
radio, poçt vasitəsilə həyata keçirilən audio
və video materialları əhatə edir.
1989-cu ildə ABŞ-da ətrafında
1500 kollec və telekompaniyanı birləşdirən ictimai
televiziya yaradılır (PBS TV). Bu
telekanal tədris proqramlarını birləşdirən təhsil
kanalı kimi fəaliyyət göstərir. Belə verilişlər içərisində elmin
müxtəlif sahələri, biznes və idarəetmə
üzrə maraqları əhatə edən (Adalt Learning
Service) proqramlar mühüm yer tutur.
Distant təhsil sahəsində
tanınmış universitetlər içərisində
Pensilvaniya Univetsitetini də misal göstərmək olar. Bu universitetin təcrübəsi YUNESKO tərəfindən
qəbul edilərək digər universitetlərə tövsiyə
edilir. Distant təhsil formasının tətbiq
edildiyi və bu sahədə böyük təcrübə
toplamış ölkələrdən biri də Türkiyə
Cümhuriyyətidir. Türkiyənin
Anadolu Universitetində 1982-ci ildən məsafəli təhsil
sistemi tətbiq olunur. Anadolu Universiteti hazırda 1,5 milyon tələbəyə distant təhsil
verən dünyanın 3-cü meqauniversiteti hesab edilir.
XX əsrin sonlarında internetin təhsil
sahəsində tətbiqi distant təhsilin inkişafına və
yeni üfüqlərin açılmasına rəvac verir. 1997-ci ildə
yaradılan Kaliforniya Virtual Universiteti (California Virtual
University), daha sonra 1999-cu ildə ABŞ-da fəaliyyətə
başlayan ilk dövlət akkreditasiyalı distant təhsil
universiteti- Jones Beynəlxalq Universitetinin (Jones İnternational
University) saytında 700 onlayn kursun kataloqu yerləşdirilir.
Beləliklə, XX əsrin 80-ci illərində
kompüter texnologiyalarının cəmiyyət həyatına
daxil olması ilə distant təhsil yeni forma və məzmun əldə
etməyə başlayır. Daha
sonra İnternetin dünyanın bütün ölkələrini
simsiz rabitə ilə birləşdirməsi distant təhsilin
imkanlarını genişləndirməklə yanaşı, həm
də onu asanlaşdırır. 1989-cu ildə
Tim Berners Lee beynəlxalq hörümçək toru adlanan
qlobal şəbəkənin (world wide web-www) layihəsini təqdim
edir. 1995-ci ildə Amerikanın Penn Dövlət
Universitetində Jerrold Maddoxun İnternet üzərindən
"İncəsənət haqqında şərh"
adlı dərsi ilk dəfə olaraq online yayımlanır.
Bu haqda biz daha sonrakı
araşdırmalarımızda məlumat verəcəyik.
Eyni zamanda informasiya-kommunikasiya imkanlarının
yaratdığı şəraitdən bəhrələnən
ölkəmizdə distant təhsilin yaranması və
inkişaf meyilləri də araşdırmamızın əsas
istiqamətini əhatə edəcəkdir.
Qloballaşma prosesləri və iqtisadi rəqabət
ölkələr arasında texnoloji və elmi cəhətdən
rəqabətə, eyni zamanda kvalifikasiyalı işçi
qüvvəsinə tələbatın artmasına gətirib
çıxarıb. Unutmayaq ki, təhsil sahəsi dövlət
və özəl strukturların investisiya prioritetləri
içərisində əsas yerlərdən birini tutur. Təcrübə göstərir ki, müasir
dövrdə təhsil həm siyasi, həm də iqtisadi
xarakter almaqla aparıcı dövlətlərin önəm
verdiyi sahələrdəndir. Və biz qloballaşan
dünyanın bir parçası kimi milli mənəvi və bəşəri dəyərlərə,
zəngin təcrübəyə əsaslanan təhsil
strategiyasını millətin və dövlətin gələcəyinə,
dünyadakı yerinin müəyyənləşməsinə
hesablanmış şəkildə həyata keçirməliyik.
(Ardı
var)
Seyid
SURƏ,
Naxçıvan
Dövlət Universitetinin tədris işləri üzrə
prorektoru,
filologiya
üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan
müəllimi.- 2013.- 13 dekabr.- S.7.