ABŞ-ın 68 universitetində kitabı tədris

vəsaiti kimi istifadə olunan azərbaycanlı alim

 

Xaricdə işləyən müəllim həmvətənlərimiz

 

Elimxan Nadir oğlu Mahmudov 1965-ci ildə Gürcüstan Respublikasının Qarayazı (indiki Qardabani) rayonunun Kosalı kənd orta məktəbini qızıl medalla bitirib. Elə həmin  il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunub.  Ortaali məktəblərdə çalışqanlığı ilə hər zaman müəllimlərinin diqqətini cəlb edib. Hələ kiçik yaşlarından zəhmət və qabiliyyəti sayəsində gələcəkdə çox şeyə qadir ola biləcəyinə özündə sonsuz bir inam yaranıb. Elə o vaxtdan mütaliə etməyi, rəsm çəkməyi, tar çalmağı çox sevən Elimxan heç zaman çətinliklərdən qorxmayıb, tutduğu elm yolunda qarşısına çıxan hər bir maneəni aşmağa çalışıb. Elimxan həm də bir rəssam olaraq dostlarının diqqətini cəlb etmiş  tanışları onu gələcəyin yaxşı bir sənət ustası olmasını istəmişdilər. Ancaq Elimxan çox zaman incə bir zarafatla - insanlar böyük bir şair, musiqiçi, rəssam olaraq doğula bilərlər və burada zəhmət arxa planda qalır - deyirdi. Onun fikrincə, müasir elmin inkişaf səviyyəsində çalışqanlıq, zəhmətsevərlik daha yaxşı müəyyənedici rol oynayır. Beləliklə Elimxan artıq kiçik yaşlarından gecə-gündüz çalışmağı, boş vaxtlarında tar-saz çalmağı, mütaliə etməyi, qara qələm,  sulu və yağlı boyalarla rəsm çəkməyi həyatının başlıca qayəsi olaraq görürdü. 

 

Böyük elmə gedən yol...

 

E.Mahmudov universiteti bitirib 2 illik əsgərlik həyatından sonra 1973-1977-ci illər arasında Azərbaycan EA-nın Kibernetika İnstitutunda aspiranturaya qəbul olub. Ukrayna EA-nın V.Qluskov adına Kibernetika İnstitutunda aspiranturada elmi tədqiqatlara başlayıb. Elimxan Mahmudovun elmi rəhbəri optimallaşdırma, təqribi hesablama üsulları, oyunlar nəzəriyyəsi problemləri üzrə Ukrayna Elmlər Akademiyasının dünya şöhrətli akademiki, professor B.N.Pşeniçnıy olub. O, fizika-riyaziyyat elmləri üzrə "Polihedral diferensial daxiletmələr üçün bəzi ekstremal problemlər"adlı namizədlik dissertasiyasını 1980-ci ildə Ukraynanın Kibernetika İnstitutunda müdafiə edib.

Fizika-riyaziyyat elmləri namizədi E.Mahmudov diskretdiferensial daxiletmələrin optimallaşdırılmasına aid yüksək səviyyəli elmi işlərini uğurla davam etdirmiş, qoşma inkaslar və onların hesabı, adixüsusi törəməli diferensial daxiletmələrlə ifadə olunan optimallıq nəzəriyyəsindən əldə edilən başlıca nəticələri ilə bağlı dəvət olunduğu Banax adına Ümumdünya Riyaziyyat Mərkəzində, Fransada, İtaliyada, Polşada, Almaniyada, İngiltərədə, İsveçrədə, Türkiyədə,  keçmiş Sovetlər İttifaqında təşkil olunan beynəlxalq konfranslarda, simpoziumlarda məruzə etmişdir.  Bu konfransların birində  (15 th IFIP Conference on system modeling and Optimization, Zurich, Switzerland, 1991) Rusiya Elmlər Akademiyasının  prezidenti, akademik Yuri  Osipov E.Mahmudovun məruzəsinin optimal idarəetmə nəzəriyyəsində yeni bir elmi  istiqamət, büsbütün bir doktorluq dissertasiyası olduğunu söyləmişdir. Doğrudan da çox keçmədən 1992-ci ildə E.Mahmudov Taras Şevçenko adına Kiyev Dövlət Universitetində fizika-riyaziyyat elmləri doktorluq elmi dərəcəsini almaq üçün "Çoxparametrli diskretdiferensial daxiletmələrin optimallaşdırması və ikililik" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Müdafiədə Rusiya EA-nın tanınmış elm ocaqlarından gələn müsbət rəylərlə yanaşı, Elmi Şuranın  sədri,  akademik Yuri Osipovun direktor olduğu Sverdlovsk Mexanika-Riyaziyyat İnstitutundan professor Arkadiy Kryajimskinin E.Mahmudovun dissertasiyasının fizika-riyaziyyat elmləri doktoru dərəcəsini ala bilməsi üçün layiqli bir dissertasiya olduğu haqqında rəyi oxunmuşdur. Elmi Şura üzvləri bütün bunları diqqətə alaraq yekdilliklə E.Mahmudovun fizika-riyaziyyat elmləri doktoru dərəcəsinə layiq olduğuna səs vermişlər. Elə həmin il fizika-riyaziyyat elmləri doktoru E.Mahmudov yüksək səviyyəli elmi əsərlərinə görə 1992-ci ildə Vaşinqtonda "GRANT" mükafatını almış, 1993-cü ildə Riyazi  KibernetikaRiyaziyyat Elmləri üzrə Doktorluq Elmi Şurasının üzvü olmuşdur. 

 

İstanbulda elmi-pedaqoji fəaliyyəti...

 

E.Mahmudov elmi-pedaqoji fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsində başlamışdır. 1995-ci ildən etibarən isə  E.Mahmudov elmi-pedaqoji fəaliyyətini əvvəlcə İstanbul, daha sonra isə İstanbul Texnik Universitetində professor olaraq davam etdirmişdir. Fərqli illərdə beynəlxalq nəşrlərdə çap olunmuş məqalələrlə Türkiyə elminin səviyyəsinin yüksəldilməsinə xidmət etdiyinə görə "Başarılı Araştırıcı Belgesi" sertifikatlarını qazanmışdır. Professor Elimxan Mahmudov 2007-ci ildən etibarən İstanbul Texniki Universitetinin (İTU) İşlətmə Fakültəsinin Endüstri Mühəndisliyi Bölümündə çalışmaqdadır. Çalışdığı 6 il ərzində  özünü layiqli, bacarıqlı maarifçi, tədqiqatçı bir alim olaraq tanıtmışdır. Hazırda çalışdığı İTU menecment fakültəsinin professor-müəllim heyəti oxunan mühazirələr içində daha əvvəllər bu fakültədə tətbiqi-riyaziyyatın və kompüter elmlərinin əsasını qoyan həmyerlimiz, dünya şöhrətli alim Lütfi-Zadənin qeyri-səlis çoxluqlar və məntiq nəzəriyyəsi haqqında çıxışlarını və E.Mahmudovun çox dəyərli, inkiaslara verilən diskretdiferensial daxiletmələrin optimallaşdırılmasını qədirbilənliklə unutmurlar.

E.Mahmudov hazırda İTU-da optimallaşdırma, mühəndislər üçün riyaziyyat, təqribi hesablama üsulları, əməliyyatlar tədqiqi, qeyri-xətti proqnozlaşdırma-nəzəriyyə və alqoritmlər kimi, master, bakalavr dərsləri verir. İstanbul Texniki Universitetində çalışdığı illər ərzində onun rəhbərliyi ilə 4 aspirant doktorluq işini müdafiə etmişdir. 

Qeyd etmək lazımdır ki, Elimxan  müəllim mühazirələri türkingilis dillərində oxuyur.

 

Həyatını həsr etdiyi kitablar...

 

Professor Elimxan Mahmudov pedaqoji fəaliyyətlə yanaşı dünyanın tanınmış nəşriyyatlarında çap olunan yüksək səviyyəli elmi əsərlərin müəllifi kimi də tanınır.

Qürbətdə yaşadığı illər ərzində  E.Mahmudovun çap olunmuş "Matematik analiz və uyğulamaları" kitabı İTU ilə bərabər demək olar ki, Türkiyənin digər universitetlərində də müəllim-tələbə heyəti tərəfindən sevilə-sevilə öyrənilir.

Daha sonra E.Mahmudovun 2011-ci ildə məşhur "Elsevier" nəşriyyatında optimallaşdırmanın riyazi əsaslarına aid "Approximation and Optimization of  Discrete and Differential Inclusions" (Approksimasiya ve diskretdifferensial daxiletmələrin optimallaşdırılması) adlı monoqrafiyası çap olunub. İftixar hissi ilə  demək olar ki, E.Mahmudov Azərbaycan riyazi-kibernetika elmini dünyaya tanıtdıran çox dəyərli bir monoqrafiya ortaya qoyub. Bu kitab ABŞ-ın ən qabaqcıl 68 universitetində tədris vəsaiti kimi istifadə olunur. Dərin riyazi elmə əsaslanan bu kitab müxtəlif optimallaşdırma problemlərini əhatə edərək adixüsusi törəməli diferensial daxiletmələr nəzəriyyəsinə həsr olunmuş nadir kitablardandır. Qeyd edək ki, kitab türk dünyasının  faciələrindən  biri olan  Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsinə həsr olunmuşdur ki, bu da   E.Mahmudovun vətəninə son dərəcə bağlı bir azərbaycanlı ziyalı olduğundan xəbər verir. O, qələmindən istifadə edərək bir daha dünya universitetlərinin müəllim və tələbələrinə, dünya ictimaiyyətinə Azərbaycanın başına gələn haqsızlıqları xatırlatmaq istəmişdir.

E.Mahmudov yaradıcılığının yeni əsərlərindən biri, dünya universitetlərində funksional analiz, diferensialinteqral hesabın  daha dərindən anlaşılması üçün çox dəyərli "Single Variable Differential and Integral Calculus" (Təkdəyişənli diferensialinteqral hesabı) kitabı 2013-cü ildə Parisdə "Springer" nəşriyyatında çapdan çıxıb. Müasir dünya universitetləri üçün nəzərdə tutulmuş bu kitab məzmun və tərzinə görə ənənəvi kitablardan fərqli olub müstəsna dərs kitabı statusuna malikdir. Kitabda atom enerjisikritik kütlədən, atom reaktorlarının işləmə prinsiplərindən bəhs edilmişdir. Nəhayət, 1986-cı ildə keçmiş Sovetler İttifaqında Çernobıl Atom Elektrik Stansiyasında meydana gələn və demək olar ki, bütün dünyanı sarsıdan qəzanın başlıca səbəbləri geniş oxucu kütlələri üçün izah edilib.

Bu günlərdə isə daha bir yeni elmi əsər, "Optimization of Ordinary Differential Inclusions" (Adi diferensial daxiletmələrin optimizasiyası) adlı kitabı "Academic Press, Germany" nəşriyyatında işıq üzü görüb.

E.Mahmudov qabarıq analiz, təqribi hesablama üsulları, riyazi iqtisadiyyat, optimal kontrol nəzəriyyəsi, ikililik s. məsələlərə aid çoxsaylı məqalə, elmi əsərlər çap edib. Ümumiyyətlə, bu məqəlalər ABŞ, Avropa keçmiş sovet dövlətinin "Optimization", "Mathematical Analysis and Applications", "Journal of Global Optimization", "Nonlinear Analysis & Theory Methods and Applications", "Optimization Letters", "Journal of Dynamical and Control Systems", "Advances in Difference Equations", "Nonlinear Differential Equations and Applications", "Automat. Remote Control", "Cybernetics", "Dokl. Akad. Nauk SSSR", "Siberian Mathematical Journal", "Differential Equations" kimi yüksək səviyyəli jurnallarda çap edilib.

Professor E.Mahmudov eyni zamanda dünyada çap  olunan bir çox mötəbər jurnal dərgilərin redaksiya heyətinin üzvüdür. Bunlardan Almaniyada dərc edilən "Advances in Pure Mathematics (APM)", Amerika Birləşmiş Ştatlarında işıq üzü görən "İnternational Journal of advanced Mathematical Sciences" , Türkiyədə nəşr olunan "European Journal of  Pure and Applied Mathematics" jurnallarını s. göstərmək olar. Bundan başqa bir çox jurnallarda çap olunan məqalələrin rəyçisi kimi çıxış edib. O, Amerika Riyaziyyat Cəmiyyətinin üzvüdür.

Qeyd etmək lazımdır ki, professor Elimxan Mahmudov dərc etdirdiyi bütün elmi əsərlərində İstanbul Texnik Universitetilə yanaşı, böyük qürur hissi ilə elmi fəaliyyətə başladığı bu günə qədər ictimai əsaslarla böyük elmi işçi vəzifəsində çalışdığı Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun da adını qeyd edir.

Boş vaxtlarında saz-tar çalmağı sevən E.Mahmudov bir rəssam olaraq da tanınır. O, yaxın gələcəkdə qara qələmlə, sulu yağlı boya ilə çəkdiyi rəsm əsərlərindən ibarət sərgi təşkil etmək niyyətindədir.

Qürbətdə daxilən azərbaycançılıq ideyaları, hissləri ilə yaşayan, yaradıcılıq işlərini durmadan davam etdirən, yüksək insani keyfiyyətlərə malik olan E.Mahmudovun "Approximation and Optimization of Discrete and Differential Inclusions" kitabının ön sözündən göründüyü kimi, əslində o, heç bir zaman Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutundan ayrılmamış, hansı səmtə, hansı yana getmişsə AMEA-nın riyazi kibernetika elmi üçün çalışmış, müəllimlərini, dostlarını, yaxınlarını, Azərbaycanını bir an belə unutmamışdır.

 

Almaz HƏSRƏT,

Azərbaycan Respublikasının əməkdar müəllimi

 

Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.9.